Nigeriyada məsciddə partlayış: 11 nəfər öldü

Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub. Sozcu.az xəbər verir ki, partlayış Gezava bölgəsində sübh namazı vaxtı baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, 17-si isə yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir, ölənlərin sayının artacağı istisna edilmir. Hadisənin başvermə səbəbi araşdırılır.

“Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - ŞİKAYƏT

“Qızım Yeganə Çələbiyeva anadangəlmə hidrosefaliya xəstəsidir. Doğulandan 2-3 ay sonra səhhətindəki fəsad artıq xarici görünüşünə də yansıyırdı. Həkimə müraciət etdik. Onlar da diaqnoz qoydular ki, uşaqda yüksək kəllədaxili təzyiq var. O illərdən başladıq müalicələrə. Təbrizə də, Rusiyaya da aparmışıq, amma bizə müsbət bir cavab verən olmayıb. Doğulduğum Ağdaş rayonu Qaradağlı kəndində Kəmalə adlı bir həkim var. O qızımın xəstəliyini qismən də olsa müalicə etdi. O zaman heç işləmirdim. Möcüzə nəticəsində qızım göydə Allahın, yerdə onun sayəsində sağ qaldı və yaşamına davam etdi” Bunu Moderator.az-a açıqlamasında Ağdaş rayonu Qaradağlı kənd sakini Ceyhun Çələbiyev deyib. O daha sonra bildirib ki, dövlət fiziki-qüsurlu övladına pensiya təyin edib. “O vaxt heç əlillik qrupları yox idi. Azyaşlı kimi ona pensiya ayırdılar. 10 ildən çox uşağa pensiya verildi. 2020-ci ildə, pandemiya ərəfəsində komissiya vaxtı idi. Yaxınlaşıb rayon komissiyasından keçdik, Bakıya müraciət etdik amma imtina gəldi ki, əlavə müayinə və müalicəyə ehtiyac var. Bundan sonra Uşaq Nevroloji xəstəxanasına getdik. Bu xəstəxanada qızıma əqli zəiflik diaqnozu da qoydular. Biz yenidən rayona qayıtdıq. Rayonumuzdakı psixoloq bizə bildirdi ki, psixiatrik xəstəxananın cavabını almalısınız. Buna görə də xəstəxanada yatmalıdır. Mingəçevir yaxın olduğuna görə ora yaxınlaşdıq. Qızımın bədən quruluşu assimmetrikdir. Birtərəfi o biri tərəfindən fərqlidir. Rafael həkim xəstəyə baxanda ilk sözü bu oldu ki, uşağın pensiyasını niyə saxlayıblar?! Sağ olsun, o bizi müayinə etdi. Yenidən Bakıya müraciət etdik, amma bu dəfə də imtina gəldi. Yaxınlaşdıq Mingəçevirə. Bir daha ətraflı müayinə, müalicə etdilər və qızımı xəstəxanada yatızdırdılar. Yenidən kağız verdilər, yenə də Bakıya müraciət edəndə pensiya üçün müraciətimizə imtina cavabı gəldi. Rayon psixoloqu mənə dedi ki, siz gərək Maştağa Psixiatriya xəstəxanasının kağızını alasız. Maddi sıxıntım ucbatından Maştağaya gedə bilmədim. 1 dəfə gedib qayıtmaq məsələsi olsaydı bunu bacarardım. Amma 10-15 gün gedib-gəlmək lazım idi. Bunun üçün maddi vəsaitim yox idi. İşsiz idim, öz avtomobilimlə gündəlik taksi kimi çalışıb, çörək pulumu qazanırdım. Sonra sıxıntılarım oldu, əlimdəki maşınımı da satıb gəldim Bakıya işləməyə. Burada olduğum müddətdə imkanlaşdırıb qızımı Maştağa Psixiatriya xəstəxanasına apara bildim. Qızımı bir müddət orada yatdı. Bu dəfə qızım üçün pensiya müəyyənləşdi. Ona 3-cü qrup ömürlük pensiya təyin olundu. 2023-cü ilin oktyabr ayının sonlarından pensiya bərpa olunub. Mən bir valideyn olaraq bacardığım qədər uşağımın 3 il ala bilmədiyi halal pensiya pulunu almağa çalışıram. Bu müddətə qədər aradan 3 il vaxt keçib. Gözlədim ki, yəqin almadığımız pensiyanı yenidən bizə verərlər. Gördüm ki, 250 manat puldur. Rayon pensiya idarəsinə yaxınlaşdım. Dedilər ki, yəqin sizə düşmür. Dedim axı necə ola bilər? Biz dəfələrlə müraciət etmişik, onlar imtina ediblər. Biz də axı boş oturmamışıq, onu müalicə-müayinə etmişik. Bu artıq onların səhvidir. Gəlib yerində müayinə-müalicə edərdilər, baxardılar ki, uşaq həqiqətən də xəstədir. Xəstə ilə maraqlanmadıqları bir yana, üstəlik pensiyanı ödəmirlər! Həkimlər deyir ki, 6 ay müddətində pensiya bərpa olunsaydı siz həmin məbləği ala bilərdiniz. Məntiqsiz bir ifadədir! Uşaq əgər fiziki qüsurludursa, 3 ildən sonra uşağa pensiya təyin olunubsa, 6 aydan sonra necə əlilliyi olmaya bilər?! Onlar nə dediklərini özləri də bilmir! Mən o müddətdə övladımı müalicə etdirə bilməmişəm. 250 manat pensiya verilir, o pulla da 3 il ərzində yığdığım borcları qaytarıram, övladımı müalicə etdirə bilmirəm. Səhiyyə Nazirinə, Dövlət Sosial Müdafiə Fondunun sədrinə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə məktubla müraciət etmişəm. Onlardan da müsbət bir cavab gəlməyib. Ən son çıxış yolum onları məhkəməyə verməkdir. Bilirəm ki, sona qədər haqlıyam. Mənim tələbim və istəyim budur ki, bərpa olunmuş bu pensiya dayandırıldığı vaxtdan yenidən bərpa olunsun. Anadangəlmə fiziki-qüsurlu olan qızımın 3 il pensiyasını kəsiblər. Mən vaxtında müraciət etmişəm, siz imtina etmisiz. Gedib uşağa da baxa bilərlər. Bakıya da gətizdirə bilərəm. Mən Bakıda kirayədə qalıb icarəyə götürdüyüm maşınla taksi kimi fəaliyyət göstərirəm. Ailəm isə məndən uzaqda Ağdaşda, Qaradağlı kəndində qalır” deyə şikayətçi bildirib.

Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT

Elimizin toy kimi adəti var. Təəssüf ki, illər keçdikcə bu ənənə öz milliliyini və keyfiyyətini itirməyə doğru gedir. Toya dəvət olunan insanlar, hətta məhşur simalar da bu məclislərdən narazıdır. Buna səbəb məclislərin təşkil olunma qaydası, ən əsası isə süfrəyə qoyulan təamlardır. Masanın üstündə bolluq olsa da, yeməklərin dadı və keyfiyyəti insanların toydan razı qalmasına əngəl olur. Bəs, şadlıq saraylarında bu məsələlərə niyə riayət olunmur? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə "Yeni Sabah"a açıqlama verib. Bildirib ki, bu sahədə tələb təklifin önünə keçir: "İctimai rəy ən yaxşı ekspertizadır. Bəli, bu rəy var və doğrudur. Hazırda bir adam üçün 400-500 manat nəzərdə tutulan restoranlar da var. Burada əsas məbləğ qidaya xərclənmir. Daha çox pul məkana gələn müğənnilər, servis və digər xidmətlər üçün sərf olunur. Bunun da nə gəlinə, nə də bəyə faydası, xeyiri var. Ümumiyyətlə, toy edən insan düşünür ki, bu yer bahalıdırsa, mənim toyum yaxşı keçəcək, normal servis var. Lakin bilmir ki, səs rejimi, temperatur və digər hər şərait insanların tez rədd olub getməsi üçün təşkil edilib. Sifarişçi istədiyini restorandan tələb edə bilmir. Bunun da səbəbi odur ki, tələb, təklifi üstələyir. Nə qədər ki, azərbaycanlı baba, nənələr nəvələrinin başını sığallayıb onlara universitetə daxil olmağı arzulamaq yerinə, deyirlər ki, sənin toyunu görəydim, bu belə də davam edəcək. Yaşlı və cavan nəslin şüurunda belə fikirlər olduğu müddətcə həmin biznes inkişaf edəcək". E.Hüseynov, həmçinin, qeyd edib ki, şadlıq saraylarında çox sayda qanun pozuntuları var: "Əlbəttə, şadlıq evlərində təhlükəli yeməklər verilir. Bəzi salatların saxlama müddəti 4 saatdan çox olmadığı halda, bu qidaları saatlarla süfrədə saxlayırlar. Yeməklərin keyfiyyətinə isə demək olar ki, fəal nəzarət yoxdur. Qida Təhlükəsizliyi Agentliyi gəlib baxır, onları reyestra daxil edir, vəssalam. İnsanların cibinə girməklə yanaşı, restoran sahibləri həmçinin, vergidən də yayınırlar. Külli miqdarda pul ödənilməyinə baxmayaraq, kassa çeki təqdim edilmir. İnsanlar bu sahədə çoxlu problemlər yaşayırlar. Toy məclisini əhatə edən bir neçə saat ərzində çox sayda istehlakçı hüquqlarının pozulması halı baş ver verir. Ona görə də, şadlıq saraylarındakı bu kimi halların qarşısını almaq üçün qaydalar təyin edilməlidir".

XƏBƏRDARLIQ! Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ

Bank kartlarından oğurluqlar davam edir. Sozcu.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar diqqətli olmadıqca aldanacaqlar. O qeyd edib ki, xarici ölkələrdən gələn zənglər, mesajlar, oyun-uduş kuponlarının alqı-satqısı, kəşbek tələləri onlarla şəxsin pullarının talanmasına səbəb olub: "Mayın 14-15 tarixlərində ayrı-ayrı vətəndaşların diqqətsizliyi nəticəsində 600, 3900, 2450, 500, 410, 1050, 560, 35, 400, 438, 1700, 60, 6000, 100, 50, 4044, 2700, 1684, 1400, 2198, 1000 manat və 332 ABŞ dolları xarici bank hesablarına, xaricdə alış-veriş dükanlarında nağdlaşdırılaraq çıxarılıb. Talamalar vətəndaşların bank kart məlumatlarını naməlum şəxslərə təqdim etməsi, əlavə qazanc məqsədilə saxta linklərə daxil olması ilə əlaqədar olub. Etməyin, zənglər üzrə nömrələrin hansı ölkədən olmasına baxın, onlayn kəşbek linklərinə daxil olmayın, "bank kartınıza müdaxilə var", "əlavə qazanc, yüksək faiz" deyənlərə inanmayın". E.Hacıyev bildirib ki, bəzi vətəndaşlar bununla bağlı məlumatlı olsalar da, aldanırlar: "Talamaya məruz qalan vətəndaşlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan təbliğatdan xəbərdar olublar. Bunu zərərçəkmişlərdən soruşuruq, "Məlumatım var idi, bilmədim ki, mənim də başıma gələ bilər", - deyirlər".

Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 148 min 793 nəfərə yaşa görə müavinət təyin olunub. Sozcu.az xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 min 153 nəfər və ya 12,2% artıb. Son 7 ildə isə yaşa görə müavinət alanların sayı 4,1 dəfə artıb. Qeyd edək ki, son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği aşağıdakı kimi olub: 1 aprel 2018-ci il – 36 min 167 nəfər (aylıq müavinət 73 manat) 1 aprel 2019-cu il – 60 min 485 nəfər (73 manat) 1 aprel 2020-ci il – 94 min 18 nəfər (130 manat) 1 aprel 2021-ci il – 103 min 20 nəfər (130 manat) 1 aprel 2022-ci il – 119 min 247 nəfər (180 manat) 1 aprel 2023-cü il – 132 min 640 nəfər (220 manat) 1 aprel 2024-cü il – 148 min 793 nəfər (220 manat) Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 63 yaş 6 aydır. Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin 490,7 manat təşkil etdiyi göstərilir. Bu isə o deməkdir ki, pensiya yaşına çatan, lakin pensiya ala bilməyən şəxslərə verilən müavinətin məbləği orta pensiya məbləğindən 2,2 dəfə azdır. Xatırladaq ki, hazırda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 7 il əvvəl 2018-ci ilin aprel ayında bu vəzifəyə təyin olunub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Sahil Babayev nazir vəzifəsinə təyin olunduqdan sonra Azərbaycanda pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərin sayı sürətlə artmağa başlayıb.yeniavaz)

Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

28 may Respublika Günü münasibətilə Azərbaycanda 3 gün ardıcıl iş olmayacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, mayın 28-i həftənin 2-ci gününə təsadüf edir. Adətən, belə situasiyalarda iş günləri ilə istirahət günlərinin yeri dəyişdirilir.  Əmək Məcəlləsinə əsasən, həftəarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı və ya əvvəlki iş gününə keçirilir. Bu isə o deməkdir ki, 25 may şənbə günü ilə 27 may birinci günün yeri dəyişdirilə bilər. Beləliklə, gələn həftə Azərbaycanda 3 gün - 26, 27 və 28 may tarixlərində qeyri-iş günü ola bilər. Yenisabah.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bununla bağlı hökumətin müvafiq qərarı olacağı təqdirdə, ictimaiyyətə məlumat veriləcək. 

25 min məcburi köçkünün “çörəkpulu” kəsildi

Bir qrup məcburi köçkünə verilən aylıq sosial müavinət dayandırılıb.  Bu barədə Yenisabah.az-a Füzuli rayonunun Horadiz qəsəbəsində yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, el arasında “çörəkpulu” deyilən sosial müavinətin verilməsi may ayından etibarən dayandırılıb. Bununla bağlı sakinlərə rəsmi qaydada xəbərdarlıq edilib.  “Yeni Sabah” müvafiq dövlət qurumları ilə əlaqə saxlayaraq, məsələnin təfərrüatlarını öyrənib. Məlum olub ki, bu qərar Füzuli rayonunun işğal altında olmayan ərazilərinin sakinlərinə şamil edilib.  Sosial müavinəti kəsilən keçmiş məcburi köçkünlərin sayının 25 min nəfər olduğu bildirilib. Onlar hazırda Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində yaşayırlar. Bu qərarın şəhid ailələri və müharibə əlillərinə şamil edilib-edilməyəcəyi ilə bağlı hər hansı məlumat verilməyib. 

Sənədsiz evlərin qeydiyyatına başlandı, portal yaradılır – RƏSMİ

“Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək”. Sozcu.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır: “Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək. Daşınmaz əmlakın elektronlaşması vətəndaşları bir çox qayğılardan azad edəcək. Artıq onlar kağız sənədlərdən istifadə etməyəcəklər. Vətəndaşın əmlakı Dövlət Reyestrində qeydiyyatda olacaq. Bu da mənzil sahiblərini sənədin itməsi, korlanması və oğurlanması qayğılarından azad edəcək. Buna qədərsə vətəndaşlar bu və digər hallarla rastlaşanda qəzetdə elan verməli, DİN-ə müraciət etməli olurdular. Bu da əlavə vaxt və pul itkisi deməkdir. Artıq bundan sonra bu sənədlər elektron hökumət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq. Yeni layihə sosialyönümlüdür. Bu da o deməkdir ki, heç bir ailə öz evindən çıxarılmayacaq. Ancaq iki dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil. Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək”. Qurumdan bildirilib ki, bu, ölkə başçısının müvafiq fərmanının icrası məqsədi ilə edilib: “Bu sistem qeydiyyat və kadastr sahəsində məzmunca və mahiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Bu günə qədər vətəndaşlar və şirkətlər hansısa dövlət orqanlarından sənədlər alırdılar. Sonra da həmin sənədin kağız versiyasını hansısa qeydiyyat orqanına təqdim edirdilər və öz mülkiyyət hüquqlarının tanınmasını xahiş edirdilər. Bundan sonra isə qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra sənədlərini əldə edirdilər. Artıq bu proseslər aradan qalxacaq. Bundan sonra bütün dövlət orqanlarının verdiyi sənədlər birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya ediləcək. Bu da vətəndaşları əlavə qayğılardan azad edəcək. Ən əsası – vətəndaş bundan sonra hansısa qurumun aldanışına tuş gəlməyəcək. Aldığı ev və yaxud mənzil birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq. Həmçinin, vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Buradakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək”. Əmlak Məsələləri Dövlət Xidmətindən o da bildirilib ki, yeni sistem işə düşəndən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq. “Eləcə də mənzilin ümumi sahəsinin düzgün hesablanmamasına son qoyulacaq. Bundan başqa, Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özkəninkiləşdirilməsi prosesi də sadələşdiriləcək. Məlum olduğu kimi, hazırda bəzi mənzil-tikinti kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən onun ilkin sahibindən külli miqdarda pul alırlar. Amma yeni sistem işə düşdükdən sonra bu problem də aradan qalxacaq. Belə ki, tikintisinə icazə alındığı andan çoxmənzilli yaşayış binasının portalda xüsusi imitasiyası yaradılacaq və bütün binalardakı satış və digər əməliyyatlar portal üzərindən reallaşdırılacaq”, – qurumdan “bizim.media” saytına verilən məlumatda bildirilir.

İki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və Azərsu ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.

Vardanyanla bağlı məhkəməyə müraciət edildi

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. Sozcu.az xəbər verir ki, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur. Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.

Krıma zərbə: S-400 və iki MiQ-31 məhv edildi

Mayın 14-dən 15-nə keçən gecə Krıma endirilən raket zərbələri nəticəsində Rusiyanın S-400 “Triumf” zenit-raket kompleksi, 2 ədəd MiQ-31 təyyarəsi və yanacaq-sürtkü materialları anbarı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 2 rus hərbçisi ölüb, 13 nəfər isə yaralanıb.

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsənov Bəxtiyar Rafiq oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb və fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqla Bəxtiyar Həsənovun Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. B.Həsənovun xidməti otağında aparılmış axtarışla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Toplanmış sübutlarla Bəxtiyar Həsənova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

10 gündür öz sərhədçilərimiz keşik çəkir - Paşinyan

Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, bu  alqoritmlə davam etdirməyə meyllidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll edilməlidir: “Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”, - deyə baş nazir fikrini yekunlaşdırıb.

SON DƏQİQƏ! “Trendyol” qiymətləri bir neçə dəfə artırdı

Türkiyənin onlayn alış-veriş platforması olan “Trendyol”un  Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı yeni məlumatlar yayılıb.  Sozcu.az xəbər verir ki, “Trendyol” daşıma qiymətlərini bir neçə dəfə artırıb.  Belə ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur.  Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir.  Qeyd edək ki, desi dedikdə bir bağlamanın ümumilikdə ölçüsü (eni, uzunluğu) nəzərdə tutulur.yensabah)

Gürcüstanda keçirilən aksiyaya Avropalı diplomatlar da qoşuldu

Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir. Sozcu.az Publika.az-a istinadən  xəbər verir ki, əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər. Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar. Latviya, Estoniya, İslandiya və Litvanın xarici işlər nazirləri də etiraz aksiyasına qoşulublar. Avropalı siyasətçilərin Rustaveli prospektində görünməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Lukaşenko Azərbaycana gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib. Sozcu.az  xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar. Məlumata görə, dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri nəzərdən keçirəcəklər. Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olacaq. Prezidentlər qlobal və regional məsələlər ətrafında müzakirə aparacaqlar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanacaq. Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.

Göyçay rayonunun Çaxırlı kənd sakinləri iş adamından şikayətçidir - VİDEO

Göyçay rayonu, Çaxırlı kənd sakini Əsgərov Samir Zahid oğlu Sozcu.az saytına müraciət edərək bildirir ki, iş adamının yaratdığı süni göl kəndə cidid şəkildə su prpblemi yaradır. Şikayətçi bildirir ki, iş adamı həmçinin onlarla ağacları kəsərək kologiyaya ciddi ziyan vurur. Əsgərov Samir Zahid oğlunun şikayətini olduğu kimi təqdim edirik:  "Bir nəfər iş adamı vəzifəli şəxslərlə əlbir olub bir kəndin torpaqlarını məhv edir. Göyçay rayonu Çaxırlı kənd sakini iş adamı Əsgərov Vidadi Faxrət oğlu Çaxırlı kəndində 20 hektardan çox örüş yerini qanunsuz qazaraq yaratdığı sünü gölün kənarında olan çoxlu sayda yurğun və söyüd ağaclarını yandıraraq məhv etmişdir. Həmin yurğun və söyüd ağaclarının yandırılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliynə etdiyimiz şikayətdən sonra əraziyə baxış keçirilib. Həmin vaxt Vidadi Əsgərovun bu qanunsuz işi görməsi təsdiq edilsədə indiyə qədər heç bir tədbir görülməyib.Buda onu deməyə əsas verir ki, Vidadi Əsgərov bütün qanunsuz işlərini pulla həll etdiyi kimi bu əməlinində üstünü ört-basdır etməyə nail ola bilmişdir.  Vidadi Əsgərovun qanunsuz əməllərinin üstünü öz marağına görə ört-basdır edən vəzifəli şəxslər özləri cəzalanmalıdırlar. Çünki Vidadi Əsgərovun qanunsuz yaratdığı sünü göl 3 km-dən çox ərazinin torpaqlarını şoranlaşdırıb məhv edir məhsuldarlığı aşağı salır. Həmçinin çoxlusayda yurğun və söyüd ağaclarını yandırmaqla təbiətə və ekologiyaya ciddi ziyanlar vurub. Vidadi Əsgərovun yurğun və söyüd ağaclarını yandırıb məhv etməsi cinayət əməli hesab olunur.       Azərbaycan Respublikasının 260.2-ci maddəsinə əsasən yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna aid olmayan ağac və ya kol əkililəri məhv etmə və ya korlama— iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vidadi Əsgərov qəsdən meşə fonduna aid olmayan ağac və kolları yandıraraq məhv etmişdir.  Həmçinin Vidadi Əsgərov kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələbləri pozulmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni göl yaradıb. Həmin göldən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edir.Nəticədə həmin gölün ərazisinə aid torpaq sahəsinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır. Şəxsən bizim 5, 27 hektar torpaq sahəmizdə saldığımız bağın 2108 ədəd ağacı bu gölə görə quruyub məhv olmuşdur.   Bütün bunlar göz qarşısında baş vermiş qanunsuz əməllər olsada pul hesabına üstü ört-basdır edilir.Azərbaycan bu il COP-29-a ev sahibliyi edəcək.Buna görə Azərbaycana dünyanın bütün ölkələrindən nümayəndələr gələcək.Həmçinin Prezident cənab İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixdə sərəncam imzalayıb.   Vəzifəsindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları təbiəti bir yerdə qorumalıyıq.Öz şəxsi maraqlarına görə ekologiyaya, təbiətə küllü miqdarda ziyanlar vuran Vidadi Əsgərov və onu himayə edən vəzifəli şəxslərə qarşı birgə mübarizə aparıb onları qanunlara tabe etməliyik.      Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən xahiş edirəm Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı mərkəzi orqanlar tərəfindən komissiya yaradlıb ərazidə təcili yoxlama aparılsın yurğun və söyüd ağaclarını yandırıb məhv etdiyinə və 20 hektardan çox örüş torpağnda qanunsuz süni göl yaradıb təbiətə, ekologiyaya, dövlətə, kənd təsərrüfatına və sakinlərə küllü miqdarda ziyanlar vurduğu üçün Əsgərov Vidadi Faxrət oğlunun və onun cinayət əməllərinin üstünü ört-basdır edən vəzifəli şəxslərin barəsində təcili və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz. 

13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu

Ötən ilin aprelində Tovuz sakini olan 13 yaşlı Mədinə Ağayevanı (şərti) qaçıran Xaçmaz rayon Xudat şəhər sakini, 1979-cu il təvəllüdlü Səfər Kavazova hökm oxunub. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Kavazov Cinayət Məcəlləsinin 144.3 və 149.3.3-cü (Adam oğurluğu və zorlama) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləyən 45 yaşlı Səfər Kavazov yeniyetmə qızla “snapchat” sosial şəbəkəsində tanış olub. O, M.Ağayeva ilə evlənəcəyini deyərək azyaşlını inandırıb və Tovuzdakı evlərindən qaçaraq Xaçmaza gəlməsini istəyib. Bundan sonra 45 yaşlı kişi 13 yaşlı qızı Xudatda yaşayış olmayan evə apararaq bir neçə gün gizli saxlayıb və bu müddət ərzində cinsi təcavüzə məruz qoyub. Səfər Kavazov ifadəsində bildirib ki, Mədinə ona 18 yaşının olduğunu deyib və fiziki cəhətdən yetkinlik yaşına çatması görüntüsü yaradıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Kavazova 16 il həbs cəzası verilib.

Fəvvarələr meydanında dava - İki yaralı var

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb. Sozcu.az APA-ya istinadən bildirir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb. Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar restoranda ofsiant işləyir. Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Qanunsuz tikililərdən narazı qalan vətəndaşlar nə etməlidir? - AÇIQLAMA

Son illər Bakı və ətraf ərazilərdə qanunsuz tikililərin sayı artıb. Xüsusilə zirzəmilər obyektə çevrilir... Aidiyyəti qurumlar isə “qanunsuzdur” deməklə kifayətlənirlər. Verilən vədlər sözdədir, əməl isə göz qabağındadır. Abşeron, Yasamal, Nəsimi rayonu kimi ərazilərdə icra hakimiyyətləri öz bildiklərini “oxuyurlar”. Bir sözlə, sahibkar öz işini görür, danışmaq, yazmaq isə vətəndaşa qalır. Problemin ən acınacaqlı tərəfi də məhz pərakəndə tikilən obyekt və binalar səbəbindən kanalizasiya sistemlərinin yağış yağan zaman yaratdığı mənzərədir...  Hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında problemin mənbəyindən danışıb:  “Problemin kökü bu sahədə şəffaflığın olmamasındadır. Nəticə olaraq, ictimai nəzarət də yoxdur. Normal sistemi olan ölkələrdə şəffaflıq var. Yəni daşınmaz əmlakın dövlət reyestri şəffafdır, kimin nəyi varsa - torpağı, əmlakı, yaxud nə tikirsə, nəyə icazə alıbsa, hamısı sistemdə görünür. Hər kəs internet vasitəsilə girərək, bu məlumatları əldə edib, özü məsələni qaldıra, tədbir görə bilər. Vətəndaş harada bir tikinti işi gedibsə, heç kimə müraciət etmədən sistemə daxil olur, görür ki, bunun nə icazəsi var, nə də heç nəyi... Bizdə isə bu yoxdur. Heç aşağı mərtəbədə yaşayan bina sakini üstündəki qonşunun kim olduğunu bilmir. Həmin mənzil kimə məxsusdur? Gizlidir. Bizdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda bu məlumatlar qapalıdır. Bu qapalıdırsa, başqa şeylər də qapalıdır. Yəni heç nə görmürük, məlumatlar qapalıdır. Buna görə də problemlər həllini tapa bilmir. Çünki bu sahədə işləyən məmurlar bunda maraqlı deyillər. Sadəcə, maraqlıdırlar ki, korrupsiya olsun. Təbii ki, belə bir şəraitdə korrupsiya da var. Kiminsə əməlinə göz yumulur. Buna görə problemin həlli yolu yalnız və yalnız şəffaf sistem qurulmasındadır”, - o bildirib. 

Rusiya 24 saatda Ukraynada 1510 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1510 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 486 940 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 48 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 

Azərbaycanda daha bir tələbə vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü tədris ilinin tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə ADPU-nun Cəlilabad filialının məlumatında bildirilib. Ölümün səbəbi açıqlanmayıb.  Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi adından mərhum tələbənin ailəsinə  başsağlığı verilib.  Allah rəhmət eləsin! 

PSJ-dən Kvaratsxeliya üçün 80 milyon avro

PSJ “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya ilə maraqlanır. Sozcu.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.  Qeyd olunur ki, Fransa klubu gürcüstanlı futbolçu üçün 80 milyon avro və hücumçusu Randal Kolo Muanini "Napoli"yə icarəyə verməyə hazırdır. İtaliya mətbuatı isə “Napoli”nin Xviçanı 120-130 milyon avro dəyərləndirdiyini yazır.  Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən "Napoli"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. Bu mövsüm 23 yaşlı Kvaratsxeliya neapolların bütün turnirlərdə keçirdiyi 43 matçda iştirak edərək 10 qol və 9 qolun ötürməsini edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Səməd Qurbanovun dəyişməkliyi

Rəşad Ergün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda futbol camiəsini yaxından maraqlandıran bir məsələyə nəhayət, aydınlıq gəlib. Şükür, axır ki, AFFA-da da idman prinsiplərinin qorunmasının vacibliyini anladılar və Premyer Liqada sonuncu yeri tutan “Qəbələ”yə güzəşt edilməməsi qərara alındı. Qaydalara, reqlamentə hörmət edilməlidir və doğrusu bu idi. Bu arada, AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanovun bir açıqlaması diqqətimi çəkdi. Keçmiş futbolçu İcraiyyə Komitəsinin qərarlarını şərh edərkən bildirib ki, “idman prinsipləri önəmlidir”. And içə bilərəm ki, AFFA rəhbərliyi fərqli qərar qəbul etsəydi, komanda sayının artırılmasına, “Qəbələ”nin Premyer Liqada qalmasına “yaşıl işıq” yandırmış olsaydı, hörmətli Səməd müəllim bu dəfə “bölgələrdə futbol olmalıdır, “Qəbələ” kimi infrastruktura, akademiyaya malik klub elitadan kənarda qalmalı deyil” kimi açıqlama verərdi. Necə deyərlər, “Pir mənimdir, kəramətinə bələdəm”. Bir də… İcraiyyə Komitəsinin iclasında hesab ediblər ki, Premyer Liqada komanda sayının artırılması mərhələli şəkildə həyata keçirilməlidir. Yəni, qarşıdakı mövsümdə olmadısa da, növbəti illərdə bu məsələ aktuallaşacaq. Maraqlıdır ki, idman mediasında da Premyer Liqada komanda sayının artırılmasını dəstəkləyənlərin sayı az deyil. Niyə, hörmətli həmkarlar? “Filan klubda futbolçular aylardır maaşlarını ala bilmirlər” kimi xəbərləri tirajlamaq xoşunuza gəlir? Kəmiyyətə üstünlük verməkdənsə, keyfiyyəti qaldırmaq haqda düşünməyin vaxtı çatmayıb? Yoxsa, “Qarabağ”, “Sabah” kimi bir neçə klubu çıxmaq şərtiylə, komanda sayı artırılmalıdır və hamısı da ağızlarını, ciblərini açıb dövlət büdcəsindən gələcək pulları gözləməlidir? Əslində, bu sxem, bu gedişat özü də biabırçılıqdır və futbolun Azərbaycansayağı versiyasıdır. AFFA 2025/2026-cı illər mövsümündə legioner limitinin 8+3 olacağına da qərar verib. Şəxsən mən legioner limitinin tamamilə ləğvinin tərəfdarıyam. Futbolda “kim güclüdürsə, o oynamalıdır” prinsipinə əməl olunmalıdır. Azərbaycanlı futbolçunun potensialı və səviyyəsi aşağıdırsa, hansısa limit ona niyə layiq olmadığı imkanı tanımalıdır? Amma… Bəzi azərbaycanlı “menecerlər”in Avropada hansısa barda, pabda pivə içərkən, Afrikada hansısa ölkədə banan toplarkən yağlı vədlərlə Azərbaycana gətirdiyi “legionerlər” yox. Legioner limiti məsələsində də kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməlidir. Özünə hörmət edən hansısa əcnəbi futbolçu Azərbaycana gəlmək istəmir? Bax, bu, artıq mənim, hətta sənin də problemin deyil, əziz oxucu.(Komanda.az)