İsveç XİN Rusiya səfirini çağırdı

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın İsveçdəki səfirini XİN-ə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb iyunun 14-də Rusiya təyyarəsinin İsveç hava məkanını pozmasıdır.

NATO-nun yeni Baş katibi o olacaq

Niderland Krallığının Baş naziri Mark Rutte NATO-nun yeni Baş katibi olacaq. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ermənistana ordu göndərilməsi üçün Makrona müraciət edildi

Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar. Sozcu.az APA-ya istinadən xəbər verir ki, yüzə yaxın tanınmış şəxs Emmanuel Makrona müraciət edərək Fransa Silahlı Qüvvələrini Ermənistana göndərməyə çağırıblar. Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər. Müraciəti ünvanlayanlar "bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə - Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi" Makrondan xahiş ediblər. Onlar Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.

Fransa Ermənistana, görün, hansı haubitsaları verir

Fransa Ermənistana CAESAR haubitsalarını verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X hesabında bildirib. "CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib. Qeyd edək ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olundu

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıtmaqda şübhəli bilinən Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. O, tanıdığı şəxslərə məxsus qəbir daşlarını bilərəkdən dağıdaraq yararsız hala salıb.

Cənubi Koreyadan sərt addım: İşə çıxmayan həkimlər...

Cənubi Koreya hökuməti tibb fakültələrinə qəbulun artmasına etiraz olaraq aksiya başladıb, tətilə çıxan həkimlərə işə qayıtması əmrini verib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, professorların da qoşulduğu aksiyanın aylardır davam etməsi hökuməti bu addımı atmağa məcbur edib. Qanuna əsasən, işə qayıtma əmrini pozan həkimlər lisenziyalarının dayandırılması və ya digər hüquqi nəticələrlə üzləşə bilərlər. Cənubi Koreya Prezidenti Yun Sok Yol isə həkimlərin tətilini “məyusedici” olaraq dəyərləndirib: “Hökumətin xəstələrə laqeyd yanaşan qeyri-qanuni hərəkətlərlə sərt şəkildə mübarizə aparmaqdan başqa çarəsi yoxdur”. Qeyd edək ki, Cənubi Koreya hökuməti kənd yerlərində təcrübəli həkim çatışmazlığını, eləcə də əhalisinin sürətlə qocalmasının səbəb olduğu xidmətlərə olan tələbatı aradan qaldırmaq üçün 2025-ci ildən tibb fakültəsinə qəbul olunan tələbələrin sayını artırmaqla bağlı qərar qəbul edib. Plana etiraz olaraq bir çox həkim fevralın 20-dən tətil edir. Həkimlər 2025-ci ildən etibarən ildə 2000 əlavə tələbənin işə götürülməsinin xidmətlərin keyfiyyətinə xələl gətirəcəyini iddia edirlər.

39 dərəcə - Ölkədə FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında 37, Naxçıvanda 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. İyunun 18-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Ruslar Xarkovda "ilişib", itki verirlər - Voloşin

Rus hərbçiləri Xarkov vilayətində “ilişib” qalıb və böyük itki verirlər. Sozcu.az xəbər verir, bunu Ukraynanın “Xortitsa” qoşunların əməliyyat-strateji qrupunun nümayəndəsi Nazar Voloşin deyib. O qeyd edib ki, Xarkov vilayətinin şimalında rus hərbçilər uğursuz addımlar atıb, irəli getməyə, özləri üçün bir növ “təhlükəsizlik kəmər”i və bufer zonası yaratmağa çalışırlar: "Lakin müdafiə qüvvələri onları orada saxlayıb və vəziyyət nəzarətə götürülüb. Müdafiə qüvvələrimiz Rusiya işğalçısına qarşı əks-hücum və hücum əməliyyatları həyata keçirir".

Ukrayna neft bazasını vurdu

Ukrayna ordusu gecə saatlarında Rusiyanın Rostov vilayətinin Azov şəhərində neft bazasına PUA hücumu edib. Nəticədə yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yanğın 3200 kv.metr sahəni əhatə edib. Hazırda ərazidə xeyli sayda yanğınsöndürmə briqası çalışır.

Rusiyada dustaqlar iki əməkdaşı girov götürdü

Rusiyanın Rostov vilayətində istintaq təcridxanasında saxlanılanlar iki əməkdaşı girov götürüblər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib. “Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər penitensiar sistemin iki əməkdaşını girov götürüb. Hadisə yerində Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri, həmçinin hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri yollanıblar”, - məlumatda qeyd olunub. TASS-ın məlumatına görə, istintaq təcridxanasında girov götürən məhbusların arasında İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunanlar da var.

Ucuz evlərin sirri açıldı - Buna görə satılmır…

“Qiymətlərin bahalaşmasına səbəb tikinti şirkətləri olub. Əgər mənzil tikintisi əvvəlki qaydada qalsa, qiymətlər qalxacaq. “Böyük Qayıdış” prosesi daşınmaz əmlak bazarına ciddi təsir etməyəcək”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov söyləyib. O, “Böyük Qayıdış”la bağlı verilən proqnozlardan söz açıb: “Əslində bu kimi fikirlər səsləndirilir. Dövlət ehtiyacları üçün inşa olunan mənzillərin bir qisminin bazara çıxarılması səbəbindən daşınmaz əmlak qiymətlərinin aşağı düşməsi barədə proqnozlar var. Lakin bunlar əsassızdır. İlk olaraq, belə layihələr şəhərin əlverişsiz yerində, dövlət əhəmiyyətli sifariş olduğu üçün ucqar yerlərdə inşa olunub və onlara tələbat çox azdır. İkinci məsələ isə bundan ibarətdir ki, dövlət sifarişli olduğu üçün tenderlərə daxil olan şirkətlər bu mənzillərin təmirin həyata keçirir. Bu təmir oxşar tikinti şirkətlərinin, yəni kommersiya layihələrinin gördüyü işlərlə bir deyil, zəifdir. Qiymətləndirmə isə müstəqil ekspertlər tərəfindən aparılıb və burada bazarın orta qiyməti əsas götürülərək təyin olunub”. SEO Xidməti Ekspert onu da əlavə edib ki, bu siyahıya daxil olan əmlaklar kütləvi coğrafi mövqedə yerləşir: “Ticarət və yol infranstrukturu çox zəifdir. Məktəb, bağça, iaşə obyektləri sözügedən evlərin yerləşdiyi ərazidən olduqca uzaq məsafədədir. Faktiki olaraq, onların qiyməti də yüksəkdir. Bu kimi səbəblər həmin mənzillərə olan tələbi azaldır. Bir coğrafi nöqtədə yerləşməsi yalnız bu tip əmlakların satışına qismən təsir edə bilər. Amma ümumilikdə bu prosesin mənzil bazarına heç bir təsiri yoxdur və ola da bilməz”.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 844-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 526 310 hərbçi, 7 956 ədəd tank, 15 269 ədəd zirehli döyüş maşını, 13 913 ədəd artilleriya sistemi, 1 104 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 853 hava hücumundan müdafiə sistemi, 359 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 18 967 ədəd avtomobil texnikası, 11 159 ədəd PUA, 2 296 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 325 xüsusi avadanlıq itirib.

Ordumuzun mövqeləri atəşə tutuldu

İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. "Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.

Bakıda 34 dərəcə isti var – Faktiki hava

İyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Elə dövrə gəlmişik hamı əxlaqdan danışır

Elə dövrə gəlmişik hamı əxlaqdan danışır, Qeyrəti tapdaq altda olan papaqdan danışır. Həcilər saxladığı müğənnilər hoqqa verir, Sonra da gedir həccə hicab,duvaqdan danışır. Öz halal arvadına neçə vaxtdır toxunmayıb, Yüz əza altda qalanlarla uşaqdan danışır. Millət acından ölür,gəl halına biganədir, Məmur eyş-işrətdədir,kefi-damaqdan danışır. Neftin pulunu yeyir millət haqda düşünmədən, Başlandı müharibə milli maraqdan danışır. Balası məmurun kefdədi,kasıb şəhid oldu, Şəhid övladına verdiyi bir otaqdan danışır. Verirlər fətvanı çox "başbilənlər" bu gənclərə, Övladları xaricdə, özü də qıraqdan danışır. Çox düşmənin qulağın kəsib, döndərdik küçüyə, Bütün dünya kəsilən həmin qulaqdan danışır. Müharibə göstərdi ermənidən fərqimizi, Biz şücaətdən, onlar köhnə çanağdan danışır. Özü yağ-bal içində yaşayanlar mən Elçinə Deyir çətinlik Tanrıdandır sınaqdan danışır. Elçin Rəhimzadə

Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb. "Report"un Qərb bürosu xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətində suvarma işləri aparan zaman su nasosında yaranan elektrik sızması nəticəsində cərəyan onu vuraraq öldürüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan

Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. "Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı olardı", - deyə Paşinyan Zəngəzur bölgəsində partiyadaşları ilə görüşündə bildirib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 13 və 14 iyunda Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəs rejimini pozub.

Azərbaycanda bədbəxt hadisə: metal qarmaq ürəyinə batdı

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Kürdə dəhşət: qayıq külə döndü, çox sayda yaralı var

23:12 Mingəçevirdə Kür çayında qayıqda yanğın olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın baş verib. Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. *** Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar. Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıb. Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

Biləsuvarda minik avtomobili yandı

Biləsuvar rayonunda “Kia" markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycanda DƏHŞƏT: sevgilisinin dodağını siqaretlə yandırdı, sonra küçədə...

Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib. Hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb. Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqdan onun dodağını yandırdığını bildirib. Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib. Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib. ("Qafqazinfo")

Qurban ruhun təntənəsi, nəfsin tərbiyəsidir...

Hər fərdin və ya hər xalqın həyatında müəyyən əlamətdar günlər, bayramlar var. Ancaq müsəlmanlar üçün dinimizin buyruğu olan iki gözəl bayram - Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət və məna daşıyır. Yəni, bu iki bayram özlüyündə həm təfəkkür mövzusu, həm də bir mükafat mövzusudur. Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplaşmağın ifadəsi olduğu kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha (c.c.) şükür etməyin ifadəsidir. Qurban vermək əslində hər bir insanın xarakterini formalaşdıran dəyərlər arasında ən mühüm xüsusiyyətdir. İbadətlərin mahiyyətini tam olaraq ancaq Allah (c.c.) bilir, amma bizə də bildirdiyi bəzi mühüm məqamlar var. Qurban ibadətinin mahiyyətini qısa şəkildə belə ifadə edə bilərik: Allahın əmri hər cür dünya nemətindən, zövqündən üstündür. Qurban kəsilən heyvan əl əməyinin, alın tərinin nəticəsidir. İnsan çalışaraq əldə etdiyi dünya nemətini Allah yolunda qurban kəsir və ehtiyacı olanlara paylayır və bununla da sübut edir ki, hər şeyin sahibi olan Allah üçün hər cür dünya nemətini fəda etmək olar. Beş növ heyvan qurban kəsmək olar: qoyun, keçi, inək, camış və dəvə. Bir qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər. Qurban kəsilən qoyun və ya keçi bir yaşından az olmamalıdır. Əgər bir yaşını tamamlamayıbsa, ən azı bir yaşındakı kimi görünməlidir. Qurban kəsiləcək inək və ya camış iki yaşından yuxarı olmalıdır. Dəvə isə ən azı beş yaşına gəlməlidir. Bir inəyə, bir camışa və ya bir dəvəyə yeddiyə qədər adam ortaq ola bilər. Ancaq bir adam istəsə, təkbaşına bir inəyi, bir camışı, bir dəvəni qurban kəsə bilər. Əsas odur ki, Allah sənin niyyətindən, sənin əməlindən razı olsun. Qurban kəsiləcək heyvanlar xəstə, qoca və şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətlərini kifayət qədər sadalamaq olar, ancaq bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir. Quşlardan, həmçinin ov heyvanlarından qurban kəsmək olmaz. Qurban kəsmək varlı müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır. Qurban ətini 3 yerə bölmək, bir hissəsini yoxsullara, bir hissəsini qohumlara və qonşulara, bir hissəsini də evə ayırmaq daha doğrudur. Qurban ətindən müsəlman olmayanlara da vermək olar. Qurbanı incitmədən kəsmək, kəsərkən də “Bismillah, Allahu Əkbər” və ya “Bismillah” demək lazımdır. Yaxşı olar ki, qurbanı özünüz kəsəsiniz, əgər kəsə bilmirsinizsə, heç olmasa heyvanın yanında dayanın, kəsənlə birlikdə “Bismillah” deyin. Allah bu gözəl bayramla yurdumuza xeyir-bərəkət, insanlarımıza könül xoşluğu nəsib etsin! Qurban bayramınız mübarək olsun! (yeniavaz) Murad Məmmədov

“Sədərək” ticarət mərkəzində YANĞIN

“Sədərək” ticarət mərkəzində yanğın olub. Bu barədə Sozcu.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb. Anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Çimərliklərdə qiymətlər yenə qalxdı: Giriş 30 manat...

Bu gündən Azərbaycanda çimərlik mövsümünə start verildi. Artıq əksər restoran və iaşə obyektləri tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri isə yekunlaşıb.  “Cebhe.info" dənizkənarı obyektlərdə qiymətləri araşdırıb. SEO Xidməti Bilgəh, Novxanı, Buzovna və Şixov ərazisində olan akvaparklara giriş ara günləri 25 manat, həftəsonu isə 30 manatdır.  Məşhur "Dalga Beach" akvaparkına girişin qiyməti isə həftəiçi 30 manat, həftəsonu isə 40 manat təşkil edir.  Akvaparklara bəzi əlavə qidaları gətirməyə icazə verilsə də, böyük əksəriyyəti isə ümumiyyətlə qida ilə girişə qadağa tətbiq edir.