Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib. Qeyd edilib ki, seçkilərin yekunlaşması və nəticələrin elan edilməsi prosesi ən geci sentyabrın 22-də başa çatdırılacaq.

Azərbaycanda bu kənddən sakinlərin təxliyəsinə başlanıldı

İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb. Bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur. Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi çadırlar verilməsinə baxmayaraq, artıq bu gündən FHN-in əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər. Onların bir hissəsinin qohum evlərinə, bir hissəsinin isə kirayə mənzillərə köçürülməsi nəzərdə tutulur. Hazırda kənddə təxliyə işləri davam edir.

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb. Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub. Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Qaracəmirli parkı niyə qurudulur ? - Ceyhun Nəbi

Şəmkirin Qaracəmirli kəndində ağacları sırayla düzülmüş, çinar və şam ağaclarından ibarət bir park var. Parkda biraz restavrasiya işləri aparılsa kənd sakinlərinin istirahəti üçün ən önəmli yerə çevrilə bilər. Amma bu parkda ağaclar baxımsızlıqdanmı, diqqətsizlikdənmi, məsuliyyətsizlikdənmi sıradan çıxdığı, quruduğu və ya bilərəkdən qurudulduğu müşahidə olunur(park Bələdiyyə və İcra nümayəndəliyinin bir addımlığında yerləşir). Parkın üst hissəsində artezian mövcud olsada ağaclar çox təəssüf ki, sulanmır, onlara qulluq göstərilmir. Xüsusilə şam ağaclarının bir neçəsi quruyub və qurumaqdadır. Bildiyimiz kimi ucaboy çinarların, şam ağaclarının boyatması böyük zaman alır. Ona görə uzun zamana ucalmış bu ağaclara qulluq göstərilməlidir ki, qurumasın. Ceyhun Nəbi

Urmu həbsxanasında 4 məhkumun barmaqları kəsiləcək

İnsan haqları təşkilatları Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında saxlanılan 4 məhkumun barmaqlarının kəsliməsi barədə xəbərdarlıq ediblər. Bildirilib ki, Mehdi Şərifian, Kəsra Kərəmi, Hadi Rüstəmi və Mehdi Şahivəndin barmaqlarının kəsilməsi barədə məhkəmə qərarı hər an icra edilə bilər. Oğurluqda günahlandırılan adı çəkilən şəxslər ötən ilin dekabr ayında Tehran həbsxanasına köçürülsələr də, naməlum səbəblərə görə yenidən Urmu həbsxanasına qaytarılıblar. "Son günlər Qərbi Azərbaycanın baş hakimi və Urmu prokuroru onlarla görüşərək, hökmlərinin icra olunacağını və istənilən apellyasiya tələbinin rədd ediləcəyini bildirdilər",- insn haqları təşkilatları məhkumların ailələrinə istnadən xəbər verib. Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Mülki və Siyasi Hüquqlar Bəyannaməsinin 7-ci maddəsini imzalamasına baxmayaraq öhdəliyinə əməl etmir. Bəyannamədə məhkumlara qarşı işgəncə, qeyri-insani davranış, bədən əzalarının kəsilməsi və təhqir qadağan edilib. 

Yük avtomobilinin üzərindəki texnika yola düşdü

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

Marketlərdə satılan “xəstəlik”: Onlara pul xərcləməyin

İnsanlarda xəstəliklərin yaranmasının ilkin səbəblərindən biri də düzgün qidalanmama, orqanizm üçün təhlükəli və zərərli qida məhsullarının müntəzəm istifadəsidir. Bir sıra belə qida məhsulları və içkilər var ki, kiçik ərzaq mağazalarından tutmuş iri marketlərə kimi hər addımbaşı onlara rast gəlirik. Bu məhsulları istehsal edənlərin "peşəkar"lığı isə ondan ibarətdir ki, həmin məhsullar zərərli olduğu qədər də insana dadlı və ləzzətli gəlir. Nəticədə isə pulumuzu verib əvəzində xəstəlik alırıq. Sağlamlıq üçün zərərli olan qida məhsulları hansılardır? Kolbasa və sosislər. Danılmaz faktdır ki, əksər insanlar tənbəlliyi ucbatından və əlavə əziyyətdən can qurtarmaq üçün günortalar ayaqüstü kolbasa və sosislərlə qidalanmağa üstünlük verirlər. Unutmaq lazım deyil ki, bu cür ət məhsullarının tərkibinə qatılmış əlavələr, iç piyləri, müxtəlif aromatizatorlar, dadverici komponentlər, hətta donuz dərisi insan sağlamlığı üçün yaxşı heç nə vəd etmir. "Bəh-bəh" reklamlara uyub bu qida məhsullarına aludə olmayın. Qazlı və şirin içkilər. Sözsüz ki, kolbasa və sosisləri yedikdən sonra üstündən qazlı, şirin içkilərin içilməsinin də nə qədər "ləzzətli" olduğu hamımıza yaxşı məlumdur. Tərkibi bir toplum kimyəvi maddələrlə, şəkər və şəkər əvəzedicilərlə, rənglərlə zəngin olan bu cür içkilərin özü opqanizm üçün təhlükəli olmaqla yanaşı, o, həm də əvvəlcə qəbul olunmuş qida məhsullarındakı zərərli maddələrin orqanizmə rahat yayılmasına şərait yaradır. Bu içkilərin göz oxşayan rənglərinə, "gəl-gəl" deyən görünüşünə aldanmayın. Mayonez və ketçup. Mayonez və ketçubun damağımıza xüsusi dad verdiyini hamımız yaxşı bilirik. Amma bu dadın arxasında dayanan təhlükə və zərərlərdən çoxumuz xəbərsizik. Onların tərkibində olan kimyəvi rəngləyicilər, müxtəlif əlavələr bir çox xəstəliklərin inkişafında fəal iştirak edir. Odur ki, damağınızın dadını başqa faydalı qida məhsulları ilə əvəzləsəniz xoşagəlməz problemlərdən uzaq olarsınız. Çipsi. İnsanlar üçün çipsilər qida məhsulundan daha çox sevimli məşğuliyyətə çevrilib. Xüsusilə, televizor qarşısında saatlarla əyləşməyi sevənlər çoxsaylı çeşiddə satılan çipsilərlə asudə vaxtlarını daha "dadlı" keçirirlər. Ancaq bu vərdişdən əl çəkmək istəməyənlər onu bilməlidirlər ki, sevimli çipsiləri damarların kirəcləşməsindən, maddələr mübadiləsinin pozulmasından savayı onların mədəsində də ciddi xəstəliklərin yaranmasına səbəb olacaq. Konservləşdirilmiş qida məhsulları. Konservləşdirilmiş qida məhsullarından istifadə etmək rahat olsa da onlar çox qısa bir zamanda daxili orqanları narahat edir. İstənilən qida məhsulunun konservləşdirilməsində müxtəlif kimyəvi maddələr iştirak edir. Bu isə ən ciddi xəstəliklərin yaranmasının başlanğıcı ola bilər. Şokolad batonları. Şokolad batonları orqanizm üçün ən zərərli qida məhsullarından biridir. Belə şokoladlar orqanizmi yüksək kalori ilə yükləməkdən savayı, tərkibindəki kimyəvi maddələrlə sağlamlığımız üçün təhlükə yaradır. Özü şirin olsa da yeyildikdə nəticəsi acı olur. Tez hazırlanan qida məhsulları. Tez hazırlanan qida məhsullarının siyahısında orqanizm üçün faydalı nə isə tapmaq mümkün deyil. Fastfudlar, dönər, hanburqer, kartof frisi və bu kimi ayaqüstü yeməklər sağlamlığa zərbə vuran qida məhsulları arasında birincilər sırasındadır. Yuxarıda adları sadalanan qida məhsullarının orqanizm üçün zərərini nəzərə alaraq onlardan vaxtında imtina etməyi bacarın. Pulunuzu faydalı qida məhsullarına xərcləyin./Medianews.az

Hava ilə bağlı əhaliyə müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın bir sıra ərazilərində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, leysan xarakterli yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bu barədə Sozcu.az -a FHN-dən bildirilib. Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. "Bundan əlavə, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir", - müraciətdə vurğulanıb.

Yeznə ilə qayın arasında dava qanlı bitdi

Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb. Qeyd edək ki, mübahisə şəxsi zəmində baş verib və tərəflər yeznə - qayındır. Bıçaqlanan şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın elit desant briqadası darmadağın edildi

Ukrayna ordusu ehtimal ki, Xarkov vilayətinin Volçansk şəhərində Rusiyanın 83-cü elit Hava Desant Briqadasını darmadağın edib. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. “Rusiyanın Qələbə Günü hücumu rus qoşunları üçün qan gölünə çevrilib. Bu hücum ağır artilleriyanı Xarkova yaxınlaşdırmaq və ya hətta şəhərin özünə doğru irəliləmək üçün geniş ərazi tutmaq məqsədi daşıyırdı. Amma nə o, nə də bu baş verdi. 9 May hücumundan bir neçə həftə sonra, təxminən 30 min rus əsgəri sərhəddən bir neçə mil cənubda, Volçansk şəhərində sıxışıb qaldı”, - nəşr bildirib. Məlumata görə, Rusiyanın 83-cü elit Hava Desant Briqadası çoxlu sayda itki və döyüşməkdən imtina edənlər səbəbindən döyüş effektivliyini itirib və onu bərpa etmək üçün Volçanskdan geri çəkilib: “Əgər məlumat təsdiqlənərsə, bu, təxminən yeddi alay və briqadadan ibarət Rusiyanın yeni Şimal qoşun qrupu üçün ciddi itki olacaq”. Qeyd edək ki, 83-cü Hava Desant Briqadası Rusiyanın ən elit döyüş bölmələrindən biri hesab olunur. Yaz aylarında briqada Çasov Yar istiqamətində də döyüşmüşdü.

Hacıqabulda evləri su basdı: insanlar təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu səbəbdən bəzi ərazilərin subasmaya məruz qalıb. FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.   Qeyd edilib ki, mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

"Rayonlara ciddi ziyan dəyib, bahalaşma ola bilər" - Vahid Əhmədov

"Son günlər baş verən təbii fəlakətlər nəticəsində bölgələrə ciddi ziyan dəyib. Xüsusən də Quba-Xaçmaz regionunda dövlət və xüsusi əmlak zərər görüb". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O qeyd edib ki, təbii fəlakət zamanı bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsilib: “Bir çox təsərrüfatlar məhv olub. Fermerlər ciddi sınaqla üzləşib. Bu da sözsüz ki, kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola bilər. Bununla bağlı sığorta məsələsi həll olunmalıdır”. Deputat bildirib ki, təbii fəlakətlərin qarşısını almaq və bundan zərər görən təsərrüfatlarla bağlı zəruri qərarların verilməsi vacibdir.

Alsudan bakılı ərinin 2,5 milyardlıq təklifinə REAKSİYA

Rusiyalı müğənni Alsu bakılı əri, iş adamı Yan Abramovun ona 2,5 milyardlıq təklif etməsi barədə yayılan xəbərləri təkzib edib. Sozcu.az xəbər verir ki, o, Abramovun təklifinin reallığa uyğun olmadığını və 2,5 milyard haqqında xəbərin həyat yoldaşının piar komandası tərəfindən ortaya atıldığını söyləyib. "Bu, zədələnmiş reputasiyanı xilas etmək cəhdidir" - Alsu bildirib. Xatırladaq ki, Alsu və Bakıda anadan olmuş Yan Abramov 18 illik evlilikdən sonra boşanırlar. Məlumatlara görə, Alsu Abramovun rusiyalı model, həmçinin reper Timatinin keçmiş sevgilisi olan Anastasiya Reşetova ona xəyanət etdiyini təsdiqləyib.

Putinin Sovet imperiyası ərazilərini bərpa etmək niyyəti təsdiqləndi...-TELEDEBAT+VİDEO

 Trampın sözlərinə görə, o, Putinin müharibəni dayandırmaq üçün qoyduğu şərtləri dəstəkləmir... Donald Tramp yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl ABŞ prezidenti seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibəni dayandıracağını bir daha bəyan edib. Sozcu.az xəbər verir ki, "Ukrinform"un  yazdığına görə, Tramp bunu iyunun 27-də yerli vaxtla saat 21:00-da "CNN"-də başlamış hazırkı prezident Co Baydenlə 90 dəqiqəlik teledebat zamanı deyib. Eks-prezident Ağ Evin hazırkı rəhbərini Ukraynaya külli miqdarda vəsait ayırmaqda ittiham edib. Onun sözlərinə görə, bunu etmək lazım deyildi və o, prezident olsaydı, Putin müharibəyə başlamazdı. Eyni zamanda aparıcıların Putinin müharibənin dayandırılması şərtləri ilə bağlı dediklərini dəstəkləyib-dəstəkləmədiyi haqdakı sualına Tramp “Xeyr” cavabını verib. Öz növbəsində Bayden Putini hərbi cinayətkar adlandırıb. "O, Sovet imperiyasının bir hissəsi olan əraziləri işğal yoluyla bərpa etmək istəyir" deyə Amerika lideri vurğulayıb.

İlham Əliyev Blinkenin köməkçisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Yetirmişlidən zəlzələ açıqlaması: Nağıllara inanmayın!

Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə - Lerikdə də 5 bala qədər hiss olunub: "Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur". Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir: "Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın". Qeyd edək ki, iyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib, – məlumatda qeyd olunub.

Zəlzələ ilə bağlı son dəqiqə açıqlaması: TƏKRARLANACAQ?

"Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdu".  Sozcu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzinin əhaliyə müraciətində bildirilib.  Qeyd olunub ki, ərazimiz seysmik bölgədir.  "Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadı. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur və bu seysmik zonalara xarakterik haldır. Maqnitudası 5 və 5 -dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması ola bilir. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız rəsmi məlumatları izləsinlər", - deyə açıqlamada əlavə olunub. 

Azərbaycanda güclü zəlzələ oldu - 6 rayonda...

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.  Sozcu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.  "Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub. Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı qeyd olunub. 

Qiymət daha da qalxacaq, gizli taksilərin sayı artacaq

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Ancaq hələlik taksi fəaliyyəti ilə məşğul olan 45-50 min taksi sürücüdən cəmi 7 mini icazə vərəqəsi alıb. Bəs, bu vəziyyət qiymət artımına və taksi çatışmazlığına səbəb ola bilərmi? Bakupost.az -ın sualını cavablandıran iqtisadçı Əli Əlirzayev nəzəri cəhətdən qiyməti artımının qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, mövcud şərtlər daxilində fəaliyyətinə icazə verilməyən taksilər sıradan çıxacaq və nəticədə ümumi taksi sayı azalacaq: "Belə olan halda qiymət artımı baş verməlidir. Həmçinin taksidən istifadə edənlərin sayı azalacaq, narazılıqlar olacaq. Təbii ki, keçid dövründə müəyyən problemlərin olması normaldır. Ona görə də düşünürəm ki, birdən-birə bunun qarşısını almaq mümkün olmayacaq”. İqtisadçının sözlərinə görə, gizli taksilərin də sayı artacaq: “Müvafiq icazəsi olmayan taksi sürücüləri gizli fəaliyyət göstərəcəklər. Bu da gizli taksilərin sayını artıracaq. Buna görə köhnə maşınların qiymətində də ucuzlaşma müşahidə olunacaq”.

Bu müəllimlər sertifikasiyadan ömürlük azad olunacaq

Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir: "Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç il ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılır". E.Əmrullayev vurğulayıb ki, bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunub: "Təbii ki, növbəti illərdə yeni standarlar da hazırlanacaq. Fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq. Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir".

Köhnə avtomobillərin utilizasiyası prosesinə başlanılıb

Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. Bunu Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, iqlim dəyişikliyi əhalinin həyat şəraitinə ciddi təsir göstərir: “Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri də ekoloji sağlamlıq üçün yeni imkanlar yaradır”.//Report

Əliyevə deyəcəm, bu xətt Azərbaycandan keçməlidir

ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin. Sozcu.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib. Diplomat qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır: “Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən (Orta dəhliz, Zəngəzur yolu nəzərdə tutulur - red.) keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”. Obrayen əlavə edib ki, Bakıya səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini deyəcək. Qeyd edək ki, Obrayenin bu gün Azərbaycana gələcəyi gözlənilir.

Bu çaylardan sel keçir

İyunun 27-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm-dək (aylıq normanın 90%-i), Lənkəran-Astara zonasında 45-83% (aylıq normanın 102-182%-i), Dağlıq Şirvan bölgəsində 10-47 mm (aylıq normanın 80-104%-i), Balakən-Şəki bölgəsində 17-45 mm (aylıq normanın 40-72%-i), Qazax-Gəncə bölgəsində 10-31 mm (aylıq normanın 25%-i), Mərkəzi aran rayonlarında 34 mm-dək (aylıq normanın 78-131%-i), Quba-Qusar bölgəsində 31 mm-dək (aylıq normanın 62%-i), Qarabağ və Şərqi Zəngəzur bölgəsində 12 mm, Naxçıvan MR-da isə 10 mm-dək olub. Yağan intensiv yağışlar nəticəsində iyunun 27-də gecə saatlarında Astara rayonu ərazisindən axan Təngərüdçaydan, səhər saatlarında isə Şabran rayonu ərazisindən axan Gilgilçaydan, Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir. Ölkə ərazisində iyunun 26-da müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib. İyunun 27-gündüz və 28-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Üç kəndlə əlaqə kəsildi: sakinlər köməksiz qalıb

İsmayıllının Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib. Sozcu.az xəbər verir ki, bunu Oxu.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib. O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil: "Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimançayın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur. Hazırda yağışlı hava şəraiti davam etməkdədir".