Razim Əmiraslanlı: “Monopoliya aradan qalxmasa, köç prosesi onillərlə uzanacaq”

Müsavat Partiyası başqanının müavini işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinin ləng getdiyini deyir. 

Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı işğaldan azad edilmiş ərazilərə əhalinin köçürülməsi prosesinin gözləniləndən daha yavaş getdiyini bildirib.

O, qeyd edib ki, bir müddət əvvəl bu ərazilərə 15 minə yaxın əhalinin köçürüldüyünü açıqlamışdı, lakin bəzi şəxslər bu məlumatı təkzib edərək artıq 50 mindən çox insanın qayıtdığını iddia edirdilər.

“Bir məqamı qeyd etməliyəm: orada çalışanlar və müvəqqəti ezam olunanlar başqa, daimi məskunlaşan köçkünlər isə tamamilə başqa kateqoriyadır. Bu günlərdə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin açılışında çıxışı zamanı bildirdi ki, bu günə qədər 20 minə yaxın məcburi köçkün azad edilmiş ərazilərdə məskunlaşıb. Son 2 ayda bir neçə yüz ailə Ağdərə, Xocalı, Xocavənd və Kəlbəcərə köçürülüb,” – Razim Əmiraslanlı deyib.

Onun sözlərinə görə, azad olunmuş rayonlarda infrastruktur layihələri davam etsə də, beş il ərzində cəmi 20 min nəfərin köçürülməsi çox az göstəricidir:

 “Mən özüm də bu ərazilərə bir neçə dəfə səfər etmişəm. Yollar, körpülər, tunellər salınır, kommunikasiya və infrastruktur layihələri həyata keçirilir, şəhər və kəndlər bərpa olunur, torpaqlar minadan təmizlənir. Amma etiraf etməliyik ki, bu göstərici ümumi mənzərəni ürəkaçan etmir.”

Bəzi layihələr bir ildən çox gecikir”

Müsavat funksioneri bildirib ki, “Böyük Qayıdış”ın I Dövlət Proqramına əsasən Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli qəsəbələri 2024-cü ilin ikinci yarısında tam istifadəyə verilməli idi, lakin işlər bir ildən çox gecikib:

“Hazırda Şükürbəyli kəndində tikinti hələ də davam edir. Cəbrayıl şəhərində ümumilikdə 15 min nəfərin məskunlaşması nəzərdə tutulur, amma bu günə qədər yalnız 2 min nəfər yerləşdirilib. Qalan 13 min nəfərin 2040-cı ilədək mərhələli şəkildə köçürülməsi planlaşdırılır.”

Maliyyə çatışmazlığı bərpa işlərini ləngidir”

Razim Əmiraslanlının sözlərinə görə, layihələrin gecikməsinin əsas səbəblərindən biri vəsait çatışmazlığıdır:

 “Ölkədə maliyyə vəziyyəti getdikcə ağırlaşır. Dövlət büdcəsinin müzakirələri zamanı da bu açıq şəkildə hiss olunur. Büdcəyə daxilolmalar azalır, xüsusilə də neftin ucuzlaşması və digər iqtisadi problemlər dövlət gəlirlərinə ciddi təsir göstərir. Bu da, təbii ki, azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərinin tempini zəiflədir.”

Monopoliya aradan qaldırılmalıdır”

Müsavat Partiyası sədrinin müavini hesab edir ki, bu sahədə ən ciddi problemlərdən biri monopoliyadır.

 “Dövlət vəsaiti bir neçə iri şirkətin əlində cəmlənib. Bütün tikinti şirkətlərinə bərabər imkanlar yaradılmalıdır. Dövlət vəsaiti daha geniş dairəyə yönəldilməli, vətəndaşlara da evlərinin bərpası üçün maliyyə dəstəyi göstərilməlidir. Layihələr dövlət nəzarəti altında təqdim olunmalı, vətəndaşların öz hesablarına ev tikmələrinə şərait yaradılmalıdır. Özəl sektorun və vətəndaş təşəbbüslərinin bu prosesə qoşulması işlərin sürətlənməsinə səbəb ola bilər.”

Bu templə köç prosesi on illərlə çəkəcək”

Razim Əmiraslanlı xəbərdarlıq edib ki, indiki temp davam edərsə, məcburi köçkünlərin tam məskunlaşması on illərlə uzana bilər:

 “Beş ildən bir 20 min nəfərin köçürülməsi tempi ilə getsək, 800 minə yaxın məcburi köçkünün tam məskunlaşması on illərlə çəkəcək. O vaxta qədər isə bu insanların hamısının öz doğma torpaqlarına qayıda bilib-bilməyəcəyini, ancaq Allah bilər.”

Share on Facebook