Beyləqanda ağır qəza: ölənlər və yaralananlar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Hyundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər həyatın itirib, beş nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb. Həyatını itirən şəxslər, 1958-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynov Nizami İsa oğlu və 1965-ci il təvəllüdlü, Beyləqan rayon sakini, Məmmədova Sabirə Sümbət qızıdır. Yaralılar isə 1978-ci il təvəllüdlü, Beyləqan rayon sakini Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü, Beynələqan rayon sakini Bəndəliyev İmaməddin Murtuza oğlu, 2017-ci il təvəllüdlü, Bakı şəhər Sabunçu rayon sakini, Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur. Faktla bağlı cinayət araşdırma aparılır.

“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar

Xəbər verdiyimiz kimi, iyunun 13-də Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb, nəticədə bir ailənin üzvləri xəsarət alıb. Onlardan 2-si uşaq, 4-ü qadın, 2 nəfəri isə kişidir. Dəhşətli qəzadan 1 gün sonra unikal.az-a danışan “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundov hadisə ilə bağlı fikirlərini açıqlayıb. O, dəhşətli qəzada zərərçəkənləri ittiham edib. Onun dediklərindən sitat: “Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”. Həmin gün dəhşətli qəzada xəsarət alan Nofəl Nağıyev Musavat.com-a deyib ki, Şərurlu İsfəndiyar yalan danışır, onlar ailəlikcə 4 nəfərlik deyil, sərnişin tutumu daha çox olan liftə miniblər: “Yalandan deyir guya biz ailəlikcə 4 nəfərlik liftə 8 nəfər minmişik və qəza da guya bu səbəbdən baş verib. Gözünün içinə qədər yalan danışır. Qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Biz Şərurlu İsfəndiyarın cinayətə bərabər səhlənkarlığının ailəlikcə qurbanı olmuşuq. İndi də bu cür danışmaqla məsuliyyətdən yayınmağa çalışır. Mən iki vəkil tutmuşam, araşdırmışam ki, lift tam nasaz olub. Bu gün də o binadakı liftlərin texniki durumu olduqca acınacaqlı vəziyyətdədir. Ümumiyyətlə, Şərurlu İsfəndiyarın MTK-sının hər hansı bir lift şirkəti ilə müqaviləsi filanı da yoxdur. Liftlərin yoxlamadan keçməsi haqda hər hansı bir akt da yoxdur. Hər ay həmin binaların sakinlərindən 50-70 min manat pul yığılır, amma liftlərin təmirinə sırf “xalturşik” lift ustaları tapıb cəlb edirlər. Liftləri isə bu şəkildə, cinayətə bərabər səhlənkarcasına istismar ediblər. Cinayətkarcasına səhlənkarlığa görə cavab verməlidirlər. Əgər Şərurlu İsfəndiyarın dediyi kimi olsaydı, biz 4 nəfərlik liftə 8 nəfər minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Bunu Şərurlu İsfəndiyar da çox gözəl bilir, amma yalan danışmaqdan da qalmır, düşünür ki, mən ondan əl çəkəcəyəm”. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gediblər: “Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. 2 azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətlə aşağı meylləndi və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından mənim, kürəkənimin, nəvələrimin, həyat yoldaşımın və digər iki yaxın qohumumun ayaqlarımız sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik”. Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur: “Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı lift terroru araşdırılsın və günahkarların cəzaya çatdırılması təmin olunsun”.

Səlim Müslümova ağır itki

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ağır itki üz verib. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, keçmiş nazirin həyat yoldaşı Nəzakət Müslümova bu gün uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumun dəfn mərasimi Ağsuda baş tutacaq.

Mirzoyan Gürcüstana gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Gürcüstana rəsmi səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. O, gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.

Türkiyə NK toplandı: Nələr müzakirə olunacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodoğan rəhbərliyi ilə Beştəpə Sarayında Nazirlər Kabinetini iclası keçirilir. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu iqtisadi məsələlərlə bağlı olacaq.

Magistratura imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib. DİM-dən Sozcu.az-a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olunanların siyahısı sabah günün birinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur. Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Ötən ay Bakıda 27 nəfəri gün vurub

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb. Bu barədə Medicina.az -a Tibbi Yardım Mərkəzindən məlumat verilib. Bildirilib ki, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub, 20-nə yerində yardım göstərilib, 2-si isə hospitalizasiyadan imtina edib: "Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında şəxslərdir". Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub, 7 nəfərə isə yerində yardım göstərilib.

3 ildən bir iş yerini dəyişmək - Azərbaycanda bunu tətbiq etmək olar?

Xarici ölkələrin təcrübəsinə baxan zaman görürük ki, insanlar üç ildən bir iş yerinin dəyişmənin tərəfdarıdırlar. Üç ildən bir iş yerlərini dəyişməyəndə, karyera inkişafı olmayacağı qənaətinə gəlirlər. Maddi cəhətdən də belə fikir formalaşır ki, iş yerini dəyişməyən zaman maaş artımı daha az olur. Bəs Azərbaycanda neçə ildən bir iş yerimizi dəyişməliyik? Azərbaycanda 3 ildən bir iş yerini dəyişməyə şərait varmı? Bu barədə Moderator.az-a danışan İnsan resursları meneceri, şəxsi inkişaf kouçu Aytən Şıxaliyeva deyir ki, iş yerində uzun müddət qalmaq insanın öz bacarıqlarını tam inkişaf etdirməsinə mane ola bilər: “Yeni iş yerləri yeni məsuliyyətlər və fərqli bacarıqlar tələb edir ki, bu da karyera inkişafına təkan verir. Həmçinin, işçilərin iş yerlərini dəyişməsi zamanı maaşlarının artırılması daha asan olur. İş yerləri dəyişən zaman yeni iş yerləri daha yüksək əmək haqqı təklif edə bilər. Eyni zamanda fərqli iş yerlərində çalışmaq daha geniş və zəngin professional şəbəkələr yaratmağa da kömək edir”. A.Şıxaliyeva bildirdi ki, Azərbaycanda iş yerini dəyişməklə bağlı vəziyyət xarici ölkələrə nisbətdə müəyyən dərəcədə fərqlənir: “Azərbaycan iqtisadiyyatı son illərdə müxtəlif sahələrdə inkişaf edir. Xüsusilə, informasiya texnologiyaları, maliyyə və mühəndislik, rəqəmsal xidmətlər sahələrində iş yerlərini dəyişmək daha asandır. Bu sahələrdə ixtisaslı işçilər üçün tələbat yüksəkdir və iş yerlərini dəyişmək üçün kifayət qədər imkanlar da olur. Belə halda üç ildən bir iş yerini dəyişmək karyera inkişafı üçün müsbət ola bilər. Amma bəzi sektorlarda iş yerlərinin sabit olmaması və məhdud imkanlar insanların tez-tez iş yerlərini dəyişməsini çətinləşdirir. İş bazarı, iqtisadi şərtlər və karyera perspektivləri bu təcrübənin ölkədə nə dərəcədə uyğun olduğunu müəyyən edir”.   Menecerin sözlərinə görə, Azərbaycanda iş yerinə bağlılıq və sabitlik də çox vaxt üstünlük hesab edilir: “İnsanlar uzun müddət eyni iş yerində işləməyi təhlükəsizlik və etibarlılıq kimi qəbul edirlər. Azərbaycanda 3 ildən bir iş yerini dəyişmək tam olaraq mümkün olmasa da, bu təcrübənin bəzi aspektləri karyera inkişafına və maddi rifaha töhfə verə bilər. İşçilər öz sahələrində və ya oxşar sahələrdə yeni imkanları dəyərləndirməli və davamlı olaraq öz bacarıqlarını inkişaf etdirməlidirlər. Bu yolla, həm karyera inkişafı, həm də maddi rifah səviyyəsini artırmaq mümkündür”.

Hazırda nişanlı olan qohumların nikahına icazə veriləcək?

Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyi qadağan edilməsi müzakirələrə səbəb olub. Əsas suallardan biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilib-verilməyəcəyi ilə bağlıdır. Sozcu.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında qaydaların bir ildən sonra qüvvəyə minəcəyini bildirib. “Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, prezident qanunu imzalayandan sonra qüvvəyə minir”, - o deyib.

"TikTok"da tanış oldu, qısqandığı üçün ayrıldı: Küçədə 14 bıçaq vuraraq öldürdü

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 17 il 6 ya müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Zaqatala rayonu Qımır kənd sakini, 1991-ci il təvəllüdlü Əli Səfərov 2022-ci ildə "TikTok"da zərərçəkmiş Aygün Həşimova ilə tanış olub, rəsmi qaydada evlənib. Onlar birgə yaşadığı müddət ərzində qadın onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərinin olmasını deyib. Sonra Əli Aygünün ona xəyanət etdiyini və edəcəyini mütəmadi olaraq güman edib və onların arasında mübahisə yaranıb. Daha sonra cütlüklər boşanıb. Amma buna baxmayaraq, bir müddət sonra yenidən ər-arvad kimi birlikdə yaşamağa davam ediblər. Lakin Əli yenidən Aygünün ona xəyanət etməsini güman edərək mübahisələr yaratmağa başlayıb. 2023-cü ildə qadın ondan ayrılaraq Zaqatala rayonuna qayıdıb. Sonra Əli Aygünün ondan ayrılmaqda məqsədinin başqa şəxslə münasibətinin olması kimi qəbul edib, onu öldürmək qərarına gəlib. 2023-cü il noyabrın 24-də Əli Bakı şəhərindən Zaqatala şəhərinə gəlib, üzərində mətbəx bıçağı ilə Aygünün işə gəlməsini gözləyib. O, qadına yaxınlaşaraq barışmağı təklif etsə də, Aygün razılaşmayıb. Bu zaman Əli ümumilikdə Aygünə 14 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Əli Səfərov məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. /Pravda.az/

“Onlar işsiz-gücsüz, qadın alveri edən adamlardır” - Açıqlama

Türkiyənin Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoymasından sonra xalq suriyalıları döyüb ölkədən qovur. Ötən gecə Türkiyənin Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup şəxs suriyalılara hücum edib. Onlar Türkiyədə məskunlaşan suriyalıların dərhal ölkədən çıxarılmasını tələb edirlər. Mövzu ilə bağlı Bakupost.az -a danışan politoloq Qabil Hüseynli suriyalı qaçqınların geriyə qaytarılmasının çoxdan lazım olduğunu bildirib. O qeyd edib ki, suriyalılar Türkiyədə yaşadıqları müddətdə vətəndaşlıq alıb seçkilərdə iştirak ediblər: "Hazırda baş verən hadisələr zənnimcə, nəticələri çox pis olacaq istiqamətə apara bilər. Hesab edirəm ki, Türkiyə hökuməti onları yavaş-yavaş öz ölkələrinə göndərməli idi. O adamların böyük əksəriyyəti qadınlardır. Onlar Türkiyədə yaşaya bilməzlər, çünki işsiz-gücsüz, qadın alveri edən adamlardırlar. Suriyalı qaçqınlar ölkələrinə qayıdıb təsərrüfatlarıyla məşğul olmalıdır”.

Kərkük-Ceyhan kəmərinə terror cəhdi…

İraqda meşələri yandırmaqda şübhəli bilinən PKK-çılar saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin sözçüsü Miqdad Musəvi məlumat yayıb. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin İraq Kürd Regionu ilə birlikdə keçirdiyi əməliyyat nəticəsində ikisi Kərkükdə, biri isə Diyalə əyalətində olmaqla, 3 nəfər ələ keçib. Musəvi bildirib ki, saxlanılar ifadələrində meşə yanğınlarından sonra Kərkük-Ceyhan neft kəmərində partlayışlar, Bağdadın Şorca və Sədr bölgələrində yanğınlar törətməyi planlaşdırdıqlarını deyiblər. İraq Kürd Muxtariyyətinin rəsmisi Hemin Mirani saxlanılanların PKK terror təşkilatının üzvləri olduqlarını bildirib.

Bakıda qadın özünü 12-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsindəki binalardan birində qeydə alınıb. 1994-cü il təvəllüdlü Zenfira Həmidova 12-ci mərtəbədən özünü ataraq öldürüb. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

COP29-la bağlı məktəblər noyabrda 1 aylıq tətil edəcək? - AÇIQLAMA

“COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə Azərbaycan üçün yox, dünyada ekoloji tarazlıqla bağlı ən vacib tədbirlər sırasında ilk yerlərdədir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun siyasi gücünün nəticəsidir. Bu gün Azərbaycan dünyada təhsilə ən çox önəm verən ölkələr sırasındadır. 4 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərimizin 326-sı, şagirdlərimizin 470 minə qədəri paytaxt Bakının payına düşür. Təbii ki, COP29 tədbirləri əsasən Bakıda keçiriləcək. Lakin bu heç də bütün orta ümumtəhsil məktəblərində dərslərin 1 ay müddətinə bağlanmasına gətirib çıxarmayacaq”.  Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar məktəblərin 1 ay müddətinə bağlanacağı barədə məlumatlara münasibət bildirərkən deyib.  Ekspert qeyd edib ki, daha çox Bakı şəhərində, tədbirin keçirildiyi yalnız lokal ərazilərdə məktəblərin müəyyən müddət onlayn rejimdə keçirilməsi qaçılmazdır: “Nəzərə alsaq ki, həm də Azərbaycanda koronavirus pandemiyası davam edir. Biz mütəmadi olaraq yoluxmanın müşahidə edildiyi, yaxud hansısa yoluxucu xəstəliyin olduğu məktəblərdə dərslərin onlayn rejimdə keçməsinin mövcud qanunvericiliyə uyğun olduğunu bilirik. Hətta məktəblər 1 ay müddətində bağlansa belə, bu nə müəllimlərin əməkhaqlarına təsir göstərəcək, nə də şagirdlərin normal dərs əldə etməsinə. Çünki Elm və Təhsil Nazirliyi bütün onlayn resursları yaradıb. Onlayn qiymətləndirmələr, dərsliklər, vəsaitlər, müvafiq portallar var. COP29-la bağlı qapanmada təkcə orta məktəblərdən yox, həm də ali məktəblərdən söhbət gedir. Tədbirin keçirildiyi ərazilərdə yerləşən orta, ali təhsil və peşə məktəblərində də noyabr ayında dərslər müəyyən müddət onlayn rejimdə davam edə bilər. Lakin bu o demək deyil ki, məktəblər tətilə bağlanacaq”.  K.Əsədov bildirib ki, COP29 zamanı bütün təhsil müəssisələrinin 1 ay müddətinə bağlanması təhlükəlidir: “Biz 2020-ci ilin martından 2022-ci ilə qədər, yəni iki ildən çox müddət ərzində orta məktəblərdə tədrisi onlayn rejimdə apara bildik. Hesab edirəm, artıq Azərbaycanda məsafədən tədrisin təşkili ilə bağlı həm bütün resuruslarımız var, həm də müəllimlərimiz onlayn dərs keçə bilmək üçün avadanlıqlara malikdirlər. Təbii ki, təhsil sisteminin müasir çağırışlara uyğun olması onlayn tədrisin təşkilini qaçılmaz edir. Azərbaycanda ən vacib məqamlardan biri şagirdlərin təhlükəsiz şəraitdə, rahatlıqla məktəblərə getmələri ilə bağlıdır”. 

MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, test imtahanları iyulun 2-10-da ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub. Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən Fərman Dəmirovun cinayət işi üzrə istintaq başa çatıb. Modern.az-ın xəbərinə görə, cinayət işi baxılmaq üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hafiz Əliyevin icratına verilib. İş üzrə məhkəmənin ilkin baxış iclası iyulun 31-nə təyin edilib. İttihama görə, Xaçmaz şəhər sakini Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin araşdırmalarla onun qətlə yetirildiyi müəyyən olunub. İş üzrə şübhəli şəxs qismində başqa şəxs saxlanılsa da, hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb. Məlum olub ki, qətl hadisəsini mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyən Dəmirov Fərman Seyfulla oğlu törədib. O istintaqa təhvil verilib. 

Sənədsiz əmlakı olanlara VACİB XƏBƏR – Tezliklə bu evlər…

Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir. Bununla bağlı yeni elektron portal hazırlanır və sistemin 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.  İnsan sağlamlığına və fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.  Xezerxeber.az-ın məlumatına görə, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin təqribi sayı isə 450-500 min arasıdır. Bəzi tikili və ya torpaq sahələrinin sənədləşdirilməsi isə mümkün olmayacaq.  Ekspertin sözlərinə görə, bu proses bazarda ipoteka predmeti olan ucuz əmlakların sayını artıracaq. Bununla yanaşı həmin torpaq sahələri də sənədləşdiriləcək ki, vətəndaş onun üzərində qanuni tikinti apara bilsin.  Ekspert əlavə edib ki, aministiya təkcə fərdi yaşayış evləri və ya torpaq sahələrinə aid deyil. Həmçinin çoxmənzilli yaşayış binaları da var ki, hələ də çıxarışla təmin olunmayıb. Portal istifadəyə verildikdən sonra həmin mənzillərin də çıxarışla təmin olunması gözləniləndir. 

Orban gözlənilmədən Ukraynaya getdi

Macarıstan Baş naziri Viktor Orban Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Orbanın mətbuat katibi Bertalan Havaşi məlumat yayıb. “Macarıstan Baş naziri Viktor Orban səhər Kiyevə yollanıb. Burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq”, - Havaşi bildirib.

Mamontların nəsli niyə tükənib? - Araşdırma

Tədqiqatçıların apardığı araşdırma zamanı mamontların təxminən 4 min il əvvəl "qeyri-genetik" səbəblərdən nəsli kəsildiyi məlum olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, bir sıra alim latınca adı "mammuthus primigenius" olan mamontların nəslinin kəsilməsinin səbəblərini araşdırıb. Araşdırma zamanı məlum olub ki, təxminən 10 min il əvvəl Vrangel adasında qapalı qalan və 4 min il əvvəl nəsli kəsilən mamontların nəslinin kəsilməsinin səbəbi heç də hər kəsin düşündüyü kimi qohumluq əlaqələri olmayıb. 21 mamontun genlərini kompüter vasitəsilə araşdıran tədqiqatçılar mamontların "qohumluq yolu ilə çoxaldığını" müəyyən ediblər. Tədqiqatçılardan biri Love Dalen, "Biz indi onların genetik səbəblərə görə nəslinin kəsilməsi fikrini rədd edə bilərik", - deyə açıqlama verib. O həmçinin deyib ki, tapıntılar mamontların təsadüfi bir hadisə nəticəsində yox olduqlarını göstərir. Əgər bu hadisə baş verməsəydi, mamontlar hələ də yaşayacaqdılar. Bu hadisənin nə olduğu barədə isə alimlərin hələ ki, dəqiq bir fikri yoxdur.

Böyrək xəstəliklərinin az bilinən əlamətləri

"Hər hansı bir böyrək xəstəliyi zamanı tibbi yardım mütləqdir, əks halda həyati təhlükəsi olan nəticələr yarana bilər". Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı uroloq-androloq Stanislav Sosnovski xəbərdarlıq edib. Uroloqun sözlərinə görə, yuxusuzluq, daimi yorğunluq hissi, yaddaş problemləri, qaşınma və dərinin quruması da böyrəklə bağlı problemlərin olduğuna işarə edə bilər. "Əgər siz tez-tez tərləyirsinizsə, enerji çatışmazlığından əziyyət çəkirsinizsə və tez yorulursunuzsa, bu həmişə həkimə müraciət etmək üçün bir səbəbdir. Böyrək xəstəlikləri zamanı sadalanan əlamətlər ilk ortaya çıxanlar arasındadır", - deyə həkim bildirib. Böyrək xəstəliyi zamanı dəri problemləri bədəndəki mineralların və mikroelementlərin balansının pozulması səbəbindən başlayır. "Siz həmçinin qan hissi, metal dadı və ağız qoxusuna qarşı da diqqətli olmalısınız", - Sosnovski əlavə edib. Bundan əlavə, böyrək problemləri şişkinlik, nəfəs darlığı və qan təzyiqi problemlərinə, həmçinin bütün bədəndə narahatlıq və ağrıya səbəb ola bilər.

Məhbus fəallar məhkəməyə çağırıldı

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan bir neçə milli fəal məhkəməyə çaöırılıb. Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb. Mürtəza Pərvin Coda, Baqir Hacızadə, Ayaz Seyfxah və Kamal Nuri adlı milli fəallara göndərilən çağırış məktubunda onların iyulun 3-də Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində olmaları istənilib. Çağırış məktubunda bildirilib ki, bu onlara qarşı açılan məhkəmə işi ilə bağlı dinləmə iclasının keçirilməsi ilə bağlıdır. Bununla yanaşı başqa milli fəal Səid Minayi də, sosial mediada etdiyi paylaşımda çağırış məktubu aldığını və ondan iyulun 7-də İnqilab Məhkəməsinin 15-ci bölməsinə getməsinin tələb oldunduğunu yazıb. Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5,6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər. Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.GünazTV

Ehtiram Hüseynov xəstəliyindən danışdı

Əməkdar artist Ehtiram Hüseynov səhhətindən danışıb. Sozcu.az xəbər verir ki, "Xəzər axşamı" proqramına qonaq olan müğənni qolunda yaranan problemə görə məşqlər etdiyini deyib: "Həkimim tapşırıb ki, bekar qaldığımda əl hərəkətləri etmək lazımdır. Hər iki əlimin barmaqlarını qatlayıb, açmalıyam. Sol əlim sağa nisbətdə daha zəifdir". Qeyd edək ki, E.Hüseynov uzun müddətdir dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. 

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

İyulun 2-si saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Ordubad, Göygöldə 9 mm, Sədərəkdə 7 mm, Gəncə, Şərurda 6 mm, Tovuz, Şəmkir, Qax, Balakən, Zaqatala, İsmayıllı, Göyçay, Goranboy, Şəki, Xaltan, Kürdəmir, Lerik, Ceyrançöl, Naftalan, Şahbuz, Naxçıvan, Beyləqan, Mingəçevir, Yevlaxda 3 mm-dək olub. Öncədən xəbər verildiyi kimi, iyulun 1-də ölkənin bəzi bölgələrində sarı və narıncı xəbərdarlığa uyğun olaraq küləkli hava şəraiti müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq Culfada şərq küləyi əsib, arabir 23 m/s-dək güclənib. Sarı xəbərdarlığa uyğun olaraq isə küləyin sürəti Gəncə, Naxçıvanda 20 m/s, Naftalanda 18 m/s, Ağdam, Şəmkirdə 16 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33, Naxçıvan MR-da 31, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub. Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti iyulun 3-ü axşamadək davam edəcək.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 86,81, yüngül neft isə 83,52 dollara satılır.