Sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub:
"Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.
Məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik.
Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".
