Temperatur 22 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Ehtiyata buraxılan hərbçilərə formaları ilə bağlı QADAĞA

Ehtiyata və ya istefaya buraxılan şəxslərin hərbi formalarını hansı günlərdə daşıya biləcəklərinə dair qaydalar müəyyənləşir. Sozcu.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Təklif edilən dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər. Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Silahlı Qüvvələrdən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə yetirilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Silahlı Qüvvələr hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

8 martın əvəzində hansı gün iş olmayacaq? - Rəsmi QƏRAR

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Əmək Məcəlləsinə əsasən, Azərbaycanda 8 Mart tarixi həmişə qeyri-iş günü olub. Builki 8 Mart tarixi şənbəyə təsadüf etdiyindən 10 mart (bazar ertəsi) da istirahət günü elan olunmalıydı. Lakin Nazirlər Kabinetinin 8 mafrtla bağlı hər hansı qərarı verilmədi. Yəni 10 mart adi qaydada iş günü olacaq. Sozcu.az-ın məlumatına görə, əvəzində 10 mart tarixinin yerinə 27 mart qeyri-iş günü elan olunub. Belə ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir: “İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”. Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq. Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

Mask 111 milyard dollar itirdi

İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən indiyədək 110,8 milyard dollar azalaraq, 353,2 milyarda düşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bildirilib ki, azalmaya səbəb “Tesla” səhmlərinin ucuzlaşmasıdır. Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda “Tesla” səhmləri 15% ucuzlaşıb. Qeyd edək ki, Maskın şirkətinin ABŞ-ın tarifləri səbəbindən böyük itkilərə məruz qalacağı vurğulanır, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır, istehsalda isə Kanadadan hissələr idxal edilir.

Aİ-nin Ukraynaya yardımının artırılmasını Macarıstandan başqa bütün ölkələr təsdiqləyib

Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib. "Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib. Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.

ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalara tərəddüdsüz hazırıq

ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün zəruri olacağı təqdirdə tərəddüd etmədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olacaq. Sozcu.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent deyib. “Hazırkı administrasiya sanksiyaları saxladı və əgər bu, sülh danışıqlarına təsir göstərməyə kömək edərsə, heç bir şeydən çəkinməyəcək”, - o deyib. Nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal, maksimum effekt əldə etmək üçün sanksiyalardan açıq və aqressiv şəkildə istifadə olunacaq”. Bessentin sözlərinə görə, ABŞ bununla belə məhdudlaşdırıcı tədbirlərin nəzərdə tutulan məqsədlərinə çatmasını təmin etmək üçün tətbiq olunan məhdudiyyətləri diqqətlə izləyəcək.

Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb

Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanaya silahlı basqın edib. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00 radələrində baş verib. Qeyd edilir ki, silahlı şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis silahlı hücumu həyata keçirən şəxsin saxlanılması üçün geniş miqyaslı əməliyyata başlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Rusiyada hərbi və mülki avtobusların toqquşması nəticəsində 6 nəfər ölüb

Rusiyanın Belqorod vilayətində hərbi və mülki avtobusların toqquşması nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, ölənlər arasında hərbçilər yoxdu. Bildirilib ki, hadisə yerində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Zelenski Ukrayna və ABŞ nümayəndələrinin görüşəcəyini təsdiqləyib

Ukrayna və Amerika nümayəndə heyətləri gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib. Dövlət başçısı qeyd edib ki, o martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək, Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşəcək.

Çilidə 6,2 bal gücündə zəlzələ baş verib

Çilinin şimalındakı Antofaqasta bölgəsində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentri 309 min nəfər əhalisi olan Antofaqasta şəhərindən 140 km şimal-şərqdə yerləşib. Episentr 93 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha bir körpə doğuş zamanı öldü

Tovuzda doğuşda körpə ölümü baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerlədirilib. Körpə doğuşda ölüb. Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Terrorçuların silahı yerə qoyması qaçılmazdır - CHP-dən REAKSİYA

PKK terror təşkilatının silahı yerə qoyması qaçılmazdır. Bunu Modern.az-a açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Yankı Bağcıoğlu deyib. O söyləyib ki, poroses şəffaf aparılmalıdır. Sədr müavini qeyd edib ki, PKK terror təşkilatı Türkiyə Silahlı qüvvələri və təhlükəsizlik əməkdaşlarının uğurlu fəaliyyətləri ilə zərərsizləşdirilib və hərəkət edə bilməyəcəyi vəziyyətə salıb. "Silahın yerə qoyulması qaçılmazdır. Ancaq atəşkəs iki qanuni dövlət arasında baş tutur. Terror təşkilatı atəşkəs etməz, silahı yerə qoyar. Bu prosesin qəti olaraq şəffaf şəkildə Türkiyə Böyük Millət Məclisinin nəzarəti altında aparılmasını istəyir, tələb edirik. İctimai konsensus olmalıdır. Xüsusilə də, şəhid ailələri və qazilərimizin üzünə baaxa bilməyəcəyiizi heç bir prosesin içərisində olmayacağımızı elan edirik. Necə bir proses aparılacaqsa, şəhid və qazilərin həmin prosesin içərisində olmağını istəyirik", - Bağcıoğlu bildirib. Y.Bağcıoğlu vurğulayıb ki, Suriyada mövcud olan YPG/PYD-nin Türkiyəyə təhdid yaratmayacağı şəkildə zərərsizləşdirilməsi milli  təhlükəsizlik baxımınndan vacibdir: "YPG/PYD-yə yönəlik tədbirlərin alınmadıgı bir proses əvvəldən kadük halına gələcək. 102 ildir ki, cümhuriyyətin, dövlətin birliyi, ölkəsinin bütövlüyünün sığortası Cümhuriyyət Xalq Partiyasıdır. Konstitusiyanının dəyişilməsi təklif belə edilə bilməyən 4 maddədən əlavə digər kojnstitusiya maddələrinin dəyişməsinin əleyhinəyik".

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd olunacaq

2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq. Sozcu.az xəbər verir ki, həmin il Ramazan ayı iki dəfə – yanvar və dekabr aylarında qeyd olunacaq. Bunun əsas səbəbi hicri təqvimin günəş təqvimindən daha qısa olmasıdır. Ay təqviminə əsaslanan hicri ili günəş ili ilə müqayisədə təxminən 10-11 gün daha qısadır. Nəticədə, Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə yaşanır. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral, ikinci Ramazan isə 26 dekabr - 24 yanvar 2031 tarixlərinə təsadüf edəcək. Bu o deməkdir ki, müsəlmanlar həmin il iki dəfə oruc tutacaq . İslam tarixində bu hadisə nadir hallarda baş verir və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Din xadimləri bu vəziyyətin müsəlmanlar üçün sınaq və savab qazanmaq üçün böyük fürsət olduğunu bildirirlər. İki dəfə oruc tutmaqla bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar bunu çətin sınaq kimi görsə də, bir çoxları üçün bu, mənəvi cəhətdən daha çox ibadət etmək imkanı yaradır.

Britaniya Ukrayna ilə saziş bağladı - Kiyevə 2 milyard dollar veriləcək

Britaniya Ukrayna ilə yeni iqtisadi saziş imzalayıb. Bu müqaviləyə əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi tədarük üçün 2 milyard dollar alacaq. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer bildirib. Ayrılan məbləğ 5000-dən çox hava hücumundan müdafiə raketinin alınması üçün kifayət edəcək, deyə Baş nazir Starmer ətraflı şəkildə bildirib. Müqavilə Böyük Britaniyanın da xeyrinə olacaq. Xüsusilə İngiltərənin müdafiə sənayesi sektorunda bu raketlərin istehsalı üçün yeni iş yerləri açılacaq.

Avropa liderləri yenidən bir arada - Türkiyə də prosesə cəlb edilir

Bu gün Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları Brüsseldə xüsusi zirvə toplantısında bir araya gələcək. Sozcu.az xəbər verir ki, iclasın əsas müzakirə mövzularından biri Avropanın müdafiə siyasəti, digəri isə Ukraynaya dəstək məsələsidir. Aİ uzun müddətdir müdafiə sahəsində daha müstəqil və güclü olmağı hədəfləyir. Lakin indiyədək bu istiqamətdə ciddi addımlar atılmayıb. Zirvə çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen tərəfindən təqdim edilən 800 milyard avroluq "Avropanı Yenidən Silahlandırma" paketi geniş müzakirə olunacaq. Bu paketin bir hissəsi olaraq 150 milyard avro məbləğində ortaq borclanma təklif edilir. Məqsəd hava və raket hücumlarından müdafiə, artilleriya sistemləri, raketlər, sursat və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin maliyyə yükünü azaltmaq və üzv ölkələr arasında koordinasiyanı artırmaqdır. AO 2022-ci ildən bəri Ukraynaya ABŞ-la birlikdə hərbi və iqtisadi dəstək verirdi. Lakin ABŞ-ın bu siyasəti dəyişdirməsi, hərbi yardım və kəşfiyyat məlumatlarının paylaşımını dayandırması Avropa liderlərini çətin vəziyyətə salıb. Brüsseldəki toplantıda liderlər yeni reallıqları dəyərləndirəcək və Ukraynaya uzunmüddətli hərbi və siyasi dəstək vermək üçün strategiyalar müəyyən edəcəklər. Eyni zamanda, müharibənin gələcək ssenariləri də müzakirə olunacaq: - Sülh danışıqlarının mümkünlüyü - Danışıqlar başlasa, atəşkəsin əldə olunma ehtimalı - Atəşkəsdən sonra Avropanın rolu və mümkün təhlükəsizlik zəmanətləri - Potensial sülh sazişindən sonra yaranacaq geosiyasi vəziyyət Bu məsələlər hələ tam aydın olmasa da, mövcud şərait onların müzakirəsini qaçılmaz edir. Aİ Ukrayna və müdafiə məsələləri ilə bağlı yeni yanaşma çərçivəsində Türkiyə ilə münasibətlərində də fərqli mövqe sərgiləyir. Zirvə sonrası Aİ Şurasının Prezidenti Antonio Costa, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyə, Böyük Britaniya, İslandiya və Norveçi videokonfrans vasitəsilə məlumatlandıracaq. Həmçinin, bu ölkələrin mövqeyi də dinləniləcək.

Tusk Rusiya sərhədinə ordu yeridilməsini tələb edir

Polşanın Baş naziri Donald Tusk Rusiya ilə sərhəddə Avropa qoşunlarının mövcudluğunun artırılmasının nəzərdən keçirilməsini təklif edib. Sozcu.az xəbər verir ki, Tusk bu barədə AB-nin Brüsseldə keçirilən sammitindən əvvəl deyib. “Rusiya və Belarusla sərhədlərdə Avropa və NATO qoşunlarının mövcudluğunun artırılmasının zəruriliyindən də danışacağam”, - o bildirib.

Məktəb direktorları kütləvi “bülleten” açdırıb: Maraqlı SƏBƏB

Artıq 8 Mart – Beynəlxalq Qadınlar Gününə cəmi iki gün qalıb. Hər il olduğu kimi, bu il də məktəblərdə şagirdlərdən pul yığımı məsələsi geniş müzakirə olunur. Sosial şəbəkələrdə və valideynlər arasında bəzi təhsil ocaqlarında bayram münasibətilə məcburi pul yığılması ilə bağlı müxtəlif şikayətlər səslənir. Valideynlərdən bəziləri iddia edir ki, bununla bağlı məktəb rəhbərliyi tərəfindən təzyiqlə qarşılaşıblar. Elm və Təhsil Nazirliyi isə dəfələrlə belə halların yolverilməz olduğunu vurğulasa da, görünən odur ki, məsələnin tam qarşısını almaq hələ də mümkün olmayıb. Yenisabah.az xəbər verir ki, hazırda məktəblərdə başqa bir diqqətçəkən proses də gedir. Saytın etibarlı mənbədən əldə etdiyi məlumata görə, ölkə üzrə məktəb direktorlarının təxminən 70 faizi xəstəlik vərəqəsi (“bülleten”) açdıraraq işdən müvəqqəti uzaqlaşıb. Səbəb isə qarşıdakı yoxlamalardan yayınmaqdır. Mənbənin iddiasına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bəzi əməkdaşları yaxın münasibətləri olan məktəb direktorlarına bülletenə çıxmağı tövsiyə ediblər. Direktorların nəzərinə çatdırılıb ki, yaxın günlərdə ciddi yoxlamalar və kadr dəyişiklikləri gözlənilir, buna görə də bülletenə çıxmaq məsuliyyətdən yayınmaq üçün ən yaxşı üsuldur. Mənbə bildirir ki, artıq çox sayda məktəbdə bu hallar qeydə alınıb və prosesin daha geniş miqyasda davam etdiyi ehtimal edilir. Direktorların vəzifələrindən müvəqqəti uzaqlaşmalarına baxmayaraq, onlar məktəbləri onlayn idarə etməyə çalışırlar və əməkhaqqılarının kartlarına köçürülməsi davam edir. Bu vəziyyət isə məktəblərdə idarəçilik sistemində xaos yarada bilər. Məlumatda o da qeyd olunur ki, 8 martdan sonra Elm və Təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə məktəb direktorlarına qarşı “təmizləmə əməliyyatı” aparılacaq. Bunun nə formada həyata keçiriləcəyi və konkret hansı tədbirlərin görüləcəyi barədə ətraflı məlumat yoxdur. Lakin gözlənilən yoxlamaların məktəblərdə ciddi struktur dəyişikliklərinə və bəzi direktorların işdən uzaqlaşdırılmasına səbəb ola biləcəyi ehtimal edilir. Xatırladaq ki, bir neçə gün öncə Bakının Pirallahı rayonundakı 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərlə mübahisəsinin yer aldığı səs yazısı yayılıb. İddialara görə, direktor müəllimlərin ona ad günü üçün aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və pedaqoji heyəti təhqir edib. Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi araşdırma aparıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə onu vəzifəsindən azad edib. Agentlik təhsil müəssisələrində neqativ halların yolverilməz olduğunu bəyan edib. Son zamanlar məktəb rəhbərləri ilə bağlı narazılıqların artması fonunda bu hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Azərbaycanda ehtiyatda olan hərbçilər orduya çağrıldı

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir. Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

Ərdoğanın baş müşaviri Məhəmməd Əmin Rəsulzadədən danışdı

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucu lideri Məhəmməd Əmin Rəsulzadəni rəhmət, sayğı və minnətdarlıqla yad edirik. O, siyasətçi və dövlət xadimi, jurnalist, yazıçı, azadlıq mücahidi və mütəfəkkirdir, türk dünyasının böyük oğludur. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu deyib. Türkiyə rəsmisi Rəsulzadənin bu sözlərindən sitat gətirib: “Türkəm və bu baxımdan özümü xoşbəxt hiss edirəm”. Yalçın Topçu daha sonra AXC lideri ilə bağlı bildirib: “Artıq onun “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” və “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini yerinə yetirən can Azərbaycanın qəhrəman xalqı Qarabağı erməni işğalından azad edib. Böyük Atatürk 1918-ci il mayın 28-də ona göndərdiyi mesajında demişdi: “Mən səndən üç il əvvəl doğulmuşam. Ancaq türk dünyasında türk bayrağını sən qaldırdın və bu bayraq enməsin deyə, mən onu sənin əlindən alıb Türkiyə üzərində dalğalandırdım. “Bu bayraq enməz” demisən, enməyəcək”. Xatırladaq ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatından 70 il ötür.

“Kişilərin özlərini arvad kimi aparması xəstəlikdir”

Baku TV-nin "Qapqara" verilişinin buraxılışında tibb elmləri namizədi Rəşid Mahmudov maraqlı açıqlama verib. O, bildirib ki, kişilərin özlərini qadın kimi aparması xəstəlikdir: "Qadınlarda və kişilərdə estrogen və testosteron hormonları ifraz olunur. Bunlar həm qadınlarda, həm də kişilərdə mövcuddur. Qadınlarda estrogen çox, testosteron isə azdır. Lakin kişilərdə estrogen az, testosteron çoxdur. Kişilərin cinsi orqanında testosteronla yanaşı, estradiol da ifraz olunur. O, çoxalmağa başlayanda kişilər özlərini qadın kimi aparırlar. Bu isə xəstəlikdir. Ancaq həmin hormonun səviyyəsini aşağı salmaq mümkündür".

Gəncədə ana və körpəsi doğuş zamanı öldü

08:16 Gəncədə 41 yaşlı qadın və körpəsi doğuş zamanı ölüb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib. Faktla bağlı araşdırma aparılır. *** Gəncədə 41 yaşlı hamilə qadının ilkin ölüm səbəbi açıqlanıb. TƏBİB-dən bildirilib ki, bu gün səhər saat 05:00 radələrində 1984-cü il təvəllüdlü qadın ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub. Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Bakıda tıxac: işıqforlara “yaşıl dalğa” əmri verildi

38 küçə və prospekt üzrə işıqforlara “yaşıl dalğa” əmri verilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur. Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hansı tədbirlər görülüb? Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə işıqforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb. Nəqliyyat intensivliyini artırmaq məqsədilə bu küçə və prospektlərdə işıqforlara “yaşıl dalğa” əmri verilib: 1. S.Vurğun küçəsi; 2. A.Bakıxanov küçəsi; 3. M.Müşfiq küçəsi; 4. Mehdi Hüseyn küçəsi; 5. Ş.Bədəlbəyli küçəsi; 6. M.Füzuli küçəsi; 7. R.Behbudov küçəsi; 8. K.Rəhimov küçəsi; 9. 28 May küçəsi; 10. Ü.Hacıbəyli küçəsi; 11. Y.Səfərov küçəsi; 12. A.Cəlilov küçəsi; 13. Ak.Həsən Əliyev küçəsi; 14. Gülarə Qədirbəyova küçəsi; 15. İstiqlaliyyət küçəsi; 16. C.Hacıbəyli küçəsi; 17. Ə.Ağaoğlu küçəsi; 18. Vaqif küçəsi; 19. Ə.Dəmirçizadə küçəsi; 20. Nəsib bəy Yusifbəyli küçəsi; 21. Y.V.Çəmənzəminli küçəsi; 22. M.Araz küçəsi; 23. Nazim Hikmət küçəsi; 24. M.Mehdizadə küçəsi; 25. Nizami küçəsi; 26. Süleyman Rəhimov küçəsi; 27. Tbilisi prospekti; 28. 8 Noyabr prospekti;29. Q.Qarayev prospekti; 30. İnşaatçılar prospekti; 31. Neftçilər prospekti; 32. Z.Əliyeva prospekti; 33. Azadlıq prospekti; 34. Azərbaycan prospekti; 35. Xətai prospekti; 36. Atatürk prospekti; 37. Parlament prospekti; 38. F.Xoyski prospekti.

Rusiyada bazara BASQIN: miqrantlar komissarlığa aparıldı

Rusiya İstintaq Komitəsinin Çebarkul qarnizonu üzrə hərbi idarəsinin müstəntiqləri Çelyabinsk vilayətinin Çebarkul şəhərinin ticarət pavilyonlarında reyd keçirib. Sozcu.az yerli KİV-ə istinadla bildirir ki, tədbir zamanı bir müddət əvvəl Rusiya pasportu alsa da, hərbi qeydiyyatdan keçməyən miqrantlar müəyyən edilib. Beş nəfər hərbi komissarlığa aparılıb. Onlara müqavilə üzrə xidmət şərtləri barədə də məlumat verilib. Qeyd edək ki, ötən ilin dekabrında Sankt-Peterburqda ərzaq anbarına basqından sonra 24 nəfər hərbi komissarlığa aparılıb. Tədbirlər zamanı əcnəbilər də daxil olmaqla 350-dən çox vətəndaş yoxlanılıb. Bundan əvvəl Yekaterinburqda, Koltsovo hava limanında hərbi müstəntiqlər bir müddət əvvəl Rusiya vətəndaşlığını almış miqrantlara qarşı reyd keçiriblər. Hərbi komissarlıqda qeydiyyatdan keçməyən hər kəsə çağırış vərəqəsi verilib.lent)

Bu ərazilər susuz qalacaq

Naxçıvan şəhərinin bəzi kəndlərində içməli suyun verilişində fasilə yaranacaq. Sozcu.az bildirir ki, Naxçıvan şəhərinin Bulqan, Qaraçuq, Qaraxanbəyli kəndlərində təzyiqqırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsi dayandırılacaq. Bu gün saat 10:00-dan başlayacaq təmir-bərpa işlərinin saat 12:00-da yekunlaşacağı planlaşdırılır. Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.