Bakı İstintaq Təcridxanasında ÖLÜM

Bakıda məhbus təcrixanada ölüb. Hadisə Bakı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan, 52 yaşlı Əliyev Vüqar Cəlal oğlu dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda dəhşətli mənzərə – Minlərlə balıq məhv oldu

Son günlər ölkədə anomal hava şəraiti hökm sürür. Yağan güclü yağışlar bölgələrdə fəsadlar törədib. Bu ərazilərdən biri Oğuz rayonunun Mollalı kəndidir. Balıqçılıq təsərrüfatı ilə məşğul olan rayon sakinin təsərrüfatına ciddi ziyan dəyib, balıqları tələf olub. Buna səbəb təsərrüfat obyektinə lilli suyun dolmasıdır.

“Ağadadaş Ağayevin kim olduğunu hamı yaxşı bilir” - Qalmaqallı sözlər

“Ağadadaş Ağayevi uşaqdan-böyüyə kimi hər kəs tanıyır, onun kim olduğunu bilirlər. Ancaq son hərəkətini eşidəndən sonra şoka düşdüm. O, mühafizəçinin üzərinə getməməli idi”. Yenisabah.az xəbər verir ki, bu sözləri filologiya üzrə fəlsəfə doktoru Anar Vəziroğlu saytımıza açıqlamasında deyib. Ekspert Ağadadaş Ağayevin adının hallandığı insidentə münasibət bildirib:  “Məhkəmədə hər hansı bir hadisə səbəbindən müqəssirlərə cəza verilmədən öncə tərəflərə sual olunur ki, həmin vaxt ayıq olub, ya yox. Ağadadaş Ağayevlə yaxın olmasam da onu tanıyıram. Əvvəllər yaxşı içki içən idi. Ancaq indi həccə getdiyi deyilir. Hadisə zamanı ayıq olub-olmadığını dəqiq bilmirəm. Fəqət görüntülərdən də məlum olur ki, hər iki tərəfin ağlı başında olub. Münaqişə isə səhər saatlarında baş verib. Bütün bunları ekspertiza müəyyənləşdirəcək. Mən sadəcə bunu deyə bilərəm ki, hər bir ziyalı, cəmiyyət qarşısında olan insanın qorxusu olmalı, öz-özünü qorumağı bacarmalıdır.  Deyək ki, 10 nəfərin içidə 5-i məni tanıyır. Necə ola bilər ki, küçənin ortasında durub qışqırım, bağırım, kiməsə balta atım? Bütün bunlardan da sonra özümə haqq qazandırım. Dərd də gələndə batmanla gəlir. Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun «Qətl günü» romanı bu fraza ilə başlayır. Ziyalı insana da nə isə deyiləndə 3 qat daha çox olur. Ona görə ki, bu sözlər təkcə küçədən keçən insanlar üçün yox, eyni zamanda tanınmışlar üçün də keçərlidir”.  A.Vəziroğlu oxşar hadisələrin yaşanmaması üçün maraqlı təklif irəli sürüb: “Əsas məsələ budur ki, bu məsələ yox idisə, həngamə niyə baş verdi? Olubsa da, vaxtında açıq-aşkar demək lazımdır. Elə bilirsiniz ki, o mühafizəçi Ağadadaş Ağayevi tanımayıb? Çox gözəl tanıyıb. İnanmıram ki, tanımasın. Uşaqdan-böyüyə hər kəs onu tanıyır, kim olduğunu bilir. Ancaq onun son hərəkətini eşitdikdən sonra şoka düşdüm. Axı niyə mühafizəçinin üstünə getməli, onunla əlbəyaxa olmalı idi ki, qarşılığında da belə olsun.  Təklif edirəm ki, bütün belə hadisələrin qarşısının alınması üçün ədəb-ərkan polisi yaradılmalı, insanları elə işlərdən çəkindirib, maarifləndirməlidir. Cəmiyyətin içərisindən sayılıb seçilən adamlar dəvət olunmalı, vətəndaşları başa salmalıdır. Dövlət qayğısına qalsa, camaat da tənzimlənər və heç kəs tituluna arxayn olmaz. Bütün bunların kökündə savadsızlıq dayanır. İnsanlar oturub kiminsə bir söz deməyini gözləyirlər ki, görək filankəs nə deyəcək. Sonra da deyirik ki, ölümlər, cinayətlər çoxalıb”. 

“Azercell” rouminq xidmətini bahalaşdırdı: – bir meqabayt 6 manat oldu

“Azercell” daha bir neçə ölkə üzrə rouminq xidmətini bahalaşdırır. İqtisadiyyat.az xəbər verir ki, bu ölkələr Çili, Kosta-Rika, El Salvador, Qvatemala, Paraqvay, Uruqvay və Puerto Rikodur. Həmin ölkələrdə həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətindən istifadəyə görə rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq ediləcək. Belə ki, istiqamətindən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,5 manat, bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 3 manat, mobil internet xidmətinin hər bir meqabayta görə xidmət haqqı isə 6 manat müəyyənləşib. Yeni qərarın avqustun 26-dan tətbiq ediləcəyi bildirilib.

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,62% artaraq 2 414,7 ABŞ dollarına bərabər olub. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,23% azalaraq 27,91 ABŞ dollarına bərabər olub.

Bank kartlarından oğurluq edən 2 nəfər tutuldu

Bakı şəhər sakini olan qadın bank kartından 301 manatının oğurlanması ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Kərimov müəyyən olunaraq saxlanılıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə bir nəfərin bank kartından 310 manatını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Azərbaycanla sülh sazişinin vaxtıdır - ABŞ səfirliyi

Azərbaycanla sülh sazişi imzalamaq vaxtı çatıb. Sozcu.az xəbər verir ki, bu fikirlər ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlərdən birində səslənib. Amerikanın Ermənistandakı səfirliyindən bildiriblər ki, nümayəndələr Ermənistan və Azərbaycan arasında uzunmüddətli və ləyaqətli sülhün bərqərar olması ilə bağlı müzakirələr aparıb. Vurğulanıb ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını açacaq sülh sazişini imzalamağın vaxtı çatıb. Xatırladaq ki, Bono İrəvanda səfərdədir.

Azərbaycan qazının Türkiyəyə tədarükü dayandırılır

Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda ixrac qaz boru kəmərində aparılan texniki xidmət işləri ilə əlaqədar bir neçə gün müddətinə dayandırılacaq. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ məlumat yayıb. “Şahdəniz” qaz kəmərində planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə "Türkgözü" giriş nöqtəsindən beş gün ərzində - 31 iyul - 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində - 5-9 avqust tarixlərində təbii qazın verilməsi mümkün olmayacaq", - məlumatda bildirilib. Eyni zamanda, şirkət qeyd edir ki, planlaşdırılmış texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansını təmin etmək üçün tədbirlər görülüb. Xatırladaq ki, “Şahdəniz” yatağının işlənməsinin 1-ci mərhələsi və 2-ci mərhələsi çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir. "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq

İyulun 26-sı saat 00:00-dan 30 iyul saat 00:00-dək Bakı şəhərinin 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Sozcu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Həkim yeni doğulan körpəni oğurladı

Braziliyada uşaq nevroloqu yeni doğulmuş körpəni anası ilə yatdığı palatadan qaçırıb. Braziliyanın Qoyas əyalətində 42 yaşlı tibb işçisi uşağı qaçırdığı üçün həbs edilib. Məlumata görə, həkim Klaudiya Alves ana və uşağın yatdığı otağa daxil olaraq qızı bel çantasına qoyub və xəstəxanadan çıxarıb. Qızlarının itdiyini görən valideynlər polisə müraciət ediblər. Kamera görüntülərinə baxdıqdan sonra hüquq-mühafizə orqanları oğrunun yerini müəyyənləşdirib. Uşaq Alvesin evində tapılıb. Yeni doğulmuş körpə ailəsinə qaytarılıb, onu oğurlayan həkim həbs olunub və onu 8 ilə qədər həbs cəzası gözləyə bilər.

“Son söz seçicinindir...- Hər şey onun iradəsindən asılıdır...”

“Kamala Xarris  Amerika cəmiyyətinə bir o qədər tanış olmasa da, onun şansları daha yüksək görsənir. Ona görə ki, Trampı artıq bütün Amerika tanıyır. Hamı bilir ki, Tramp kimdir, o nə danışa bilər, o nə edə bilər və o nə edəcək...” “Co Bayden prezidentliyə namizədlikdən geri çəkildikdən sonra, təbii ki, ənənəyə görə, prezident iştirak etmirsə, əsas namizəd kimi onun müavini, yəni vitse-prezident seçki kampaniyasına qoşulur. Və 3 gün öncə də biz bunun elan olunmasının şahidi olduq. Düzdü, hələlik Kamala Xarrisin  namizədliyi rəsmi səviyyədə təsdiqlənməyib. Bunu təsdiqləyə biləcək partiya qurultayı hələ avqustun ikinci yarısında olacaq. Lakin  artıq bu bir neçə gün ərzində çox maraqlı tendensiyalar görünməyə başlayıb”. Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu  “Böyük ehtimalla artıq rəsmən ABŞ prezidentliyinə mümkün namizəd olacaq Kamala Harrisin bir siyasətçi kimi keyfiyyətlərini və Donald Tramp üzərində qələbə şanslarını necə dəyərləndirirsiz?” sualını cavablandırarkən söyləyib. “Onu xatırladaq ki, Baydenlə məlum debatdan sonra bütün sorğularda Tramp 2-3 faiz irəlidə idi.  Lakin Kamala Xarrisin öz namizədliyini irəli sürməsi faktiki olaraq situasiyanı dəyişdi. Hərçənd bu dəyişiklik müvəqqəti ola bilər. Bəs bu dəyişiklik nədən ibarətdir? Birincisi, Xarrisin seçki qərargahının fonduna 100 milyon dollardan artıq ianə daxil oldu. Burada söhbət yalnız böyük donorlardan yox, həm də sadə insanların verdiyi 5-10 dollar həcmindəki ianələrdən gedir. Müxtəlif xəbərlərə görə, bu ilkin kampaniyada 20 milyonadək insan iştirak edib.  Digər tərəfdən, son sorğular göstərdi ki, Xarris Trampı 2 faiz önləyib. Bu, nədən irəli gəlir? Bu, ondan irəli gəlir ki, əvvəl də Bayden-Tramp sorğusu aparılanda qeyd olunmuşdu ki, respondentlərin 20 faizi hələ  müəyyənləşmədiklərini bildirib.  Bu isə təxminən o deməkdir ki, onların böyük bir qismi hələ Baydenlə bağlı böyük bir tərəddüdlərə malikdirlər. Digər tərəfdən isə prinsip etibarilə Trampa səs vermək istəməyənlərdir. Çünki Trampa səs vermək istəsəydilər, onun namizədliyi artıq ortadadır, rəsmən təsdiqlənib. Amma gördüyümüz kimi, həmin 20 faiz hələ də tərəddüd edirdi.  Görünür, o 20 faizin müəyyən bir hissəsi artıq qərarını verib və nəticədə Kamala Xarris 2 faiz önə çıxıb. Lakin qeyd etdiyim kimi, bu hələ heç nə demək deyil. Xarris parlaq siyasətçi kimi tanınmır. Yəni onun bir siyasətçi kimi heç bir zaman parlaq bir siyasi fəaliyyəti nəzərə çarpmayıb. Kaloforniyanın baş prokuroru olub, həmin ştatdan senator olub. Senator fəaliyyəti zamanı da nəsə xüsusi fəaliiyyəti müşahidə olunmayıb. Ancaq görünən budur ki, Trampın stabil elektoratı, ən azı bugünkü vəziyyətə baxsaq, onun seçilməsi üçün kifayət etmir. Hətta o, özünə seçdiyi vitse-prezidentliyə namizədlə də öz vəziyyətini bir qədər də çətinləşdirdi. Çünki həmin  Devid Vensi deyilən senatorun özünün də yetərincə qüsurlu tərəfləri var. Onun ifrat mühafizəkarlığı, aqressivliyi və s. Amerika cəmiyyətinin böyük bir hissəsi tərəfindən məqbul sayılmayan keyfiyyətlərdir... Bundan başqa, biz gördük ki Respublikaçılar partiyasının daxilindıki nüfuzlu simalar belə, Trampa dəstək vermədilər, hətta onun əleyhinə çıxış edənlər də oldu. Məsələn, onun keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirdi ki, Trampın növbəti dəfə prezident seçilməsi Amerika üçün faciə olardı”, - deyə davamında analitik bildirib.  “Bax, belə bir vəziyyət müşahidə olunur. Və bu mənzərədə, əlbəttə, demokratların əli daha güclü görünür. Ona görə də bugünkü vəziyyətdən baxdıqda Xarrisin önə çıxmaq şansları daha yüksəkdir. Amma bu, onun şəxsi keyfiyyətlərinə görə deyil. Ola bilsin, bu, onun irqi mənsubiyyətinə, qadın olmasına, vitse-prezident olmasına görədir. Lakin ən başlıcası, demokratlar düşərgəsinin mümkün namizədi olmasına görədir... Beləliklə, deyərdim ki, ABŞ prezidentliyinə namizədlər hardasa, bərabər şanslara malikdir. Əlbəttə, Donald Tramp kifayət qədər məhdud baxışları olan siyasətçidir. Kamala Xarris isə Amerika cəmiyyətinə bir o qədər tanış olmasa da, dediyim kimi, onun şansları daha yüksək görsənir. Ona görə ki, Trampı artıq bütün Amerika tanıyır. Hamı bilir ki, Tramp kimdir, o nə danışa bilər, o nə edə bilər, o nə edəcək. Prinsip etibarilə bunlar hamısı bəllidir. Və bir də var, Amerika cəmiyyətinin siyasətə düşünülmüş yanaşan təbəqəsi, o, əlbəttə, hakimiyyətə dövlət adamlarının gəlməsində maraqlıdır və belələrinə səs verir. Tramp isə bir çoxları tərəfindən dövlət adamı kimi qəbul edilmir... Hələlik dediyim kimi, durum belədir. Kamala Xarris qalib gələcəkdisə, əlbəttə ki, o daha çox  Demokratlar partiyasının resursları hesabına qalib gələcək... Amma hər şey kampaniyanmın gedişatından asılı olacaq.  Və düşünürəm ki, namizədlərin reytinqlərdə bir-birini önləməsi hələ davam edəcəkdir. Son sözü isə təbii ki, seçici deyəcək. Demokratların informasiya resursları daha güclüdür, daha təsirlidir, onların əhatə dairəsi daha genişdir. Onların beynəlxalq nüfuzu daha böyükdür. Ola bilsin, bunların da Kamala Xarrisin seçkilərdə qalib gəlməsinə təsiri olsun. Ancaq yenə deyirəm ki, bu gün onun və yaxud Trampın qalib gələcəyini söyləmək qeyri-mümkündür. Yadınızdadırsa, 2016-cı il seçkilərində də bütün proqnozlar Hillari Klintonun qalib gələcəyini göstərsə də, nəticədə Tramp qalib gəldi. Deməli, hər şey seçicinin iradəsindən asılıdır”, - deyə ekspert vurğulayıb. 

Siqaretlərin qiyməti BU SƏBƏBDƏN QALXDI- Ekspert AÇIQLADI

Baş nazir Əli Əsədovun ötən gün imzaladığı qərarla “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.  Dəyişikliyə görə, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb. Bəs, sözügedən dəyişikliklərin sahibkarlar üçün təsiri nə dərəcədə olacaq? Artım siqaret alıcılarının sayında azalmaya ya artıma səbəb olacaq?  Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Moderator.az-a danışdı: “Aksiz vergisinin artması yeni baş verdi, yəni, qanun dünəndən qüvvəyə mindi. Amma bu məsələlər bir neçə ay öncədən müzakirə olunurdu. Aksiz vergisinin artmasının iqtisadiyyata xüsusi təsiri olmayacaq.  Aksi vergisinin artması bəzi siqaret növlərinin qiymətinə çox təsir etməsə də, bu artım  dəyişikliklərə də səbəb olacaq. 43-dən, 45,5-ə qalxması bütün siqaretlərin qiymətinin dərhal qalxması demək deyil. Sahibkar böyük ehtimalla öz mənfəəti hesabına konpensasiya edəcək. Məhsuluna təlabat çox yoxdursa, rəqabət yoxdursa cibindən ödəyəcək. Məhsul rəqabətlidirsə özünün də xərci 5 qəpik artıbsa, qiymətləri də daha çox artıra bilər. Yəni 1 qutuda 5 qəpik xərc artdığına görə, əminliklə qiymətlərin artacağına dair fikir söyləmək mümkün deyil, çünki hər bir siqaret satıcısının öz dəyər zənciri var, artan 5 qəpiyin də satıcı üçün hansı təsiri olduğu fərdi məsələdir. Mən böyük artım olmadığına görə son satış qiymətlərinin artacağına güman etmirəm. Amma təbii ki, siqaret alıcılarının xərci bu aksiz vergisi deyil, digər xərclər də arta-azala bilər və bu konteksdə də qərar qəbul edə bilərlər. Tutaq ki, alış qiyməti ilə bərabər, 5 qəpik aksiz artıbsa sahibkar bunu əsas gətirib əhəmiyyətli artım edə bilər.  Alıcı sayının azalmağı və ya çoxalmağına gəıdikdə isə, ümumiyyətlə qiymətin artması istifadəni azaldan təsirə malikdir. Bu bir mənaldır ki, biz istənilən şeyin qiyməti artdıqda onun istifadəsin azaltmağa çalışırıq. Amma siqaretdən bir asılılıq olduğu, istifadəçilər ata bilmədiyi üçün 5-10 qəpik və yaxud  1-2 manat qalxması ilə ciddi təsirin olacağını, alıcı sayının azalmasını gözləmirəm. Amma ümumiyyətlə siqaretin qiymətinin artılırması əsasən istifadəçi sayını azaltmaq üçün alınan qərardır. Kim imtina edə bilirsə edir. Ölkəmizdə bununla bağlı araşdırma da yoxdur ki, məsələn deyək 5% bahalaşma olduqda istifadəçi sayı 1% aşağı düşür vəs. Ümumiyyətlə siqaret çəkənlərin sayı barədə statistikada yoxdur. Amma bunu qeyd etmək mümkündür ki, qiymət artımı istifadəyə azaldıcı təsir göstərir”.

Xocalıda ağır qəza - Ölən var

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə saat 11 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocalı rayonu Sığnaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Təmkin Şahpələngəvon idarə etdiyi “Shacman” markalı yük maşını idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə Regional qrupunun rəhbəri Eşqin Qasımov faktı təsdiqləyib və araşdırma aparıldığını bildirib.

Rusiyanın itkiləri 571 mini ötdü

Ukrayna müharibənin 883-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 571 350 hərbçi, 8 313 ədəd tank, 16 039 ədəd zirehli döyüş maşını, 15 804 ədəd artilleriya sistemi, 1 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 904 hava hücumundan müdafiə sistemi, 363 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 21 358 ədəd avtomobil texnikası, 12 610 ədəd PUA, 2 402 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 661 xüsusi avadanlıq itirib.

İran əl çəkmir: Nizami Beynəlxalq Fondu yaratdı

Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması istiqamətindəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün fars dili və İran ədəbiyyatında müstəsna yeri olan Nizami Gəncəvi Fondunun yaradılması qərara alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirin imzası ilə yayılan bəyanatda bildirilib. Ali Mədəni İnqilab Şurasının təsdiq etdiyi qərarı İran Mədəniyyət və İrşad Nazirliyi də qəbul edib və onun icrası, bu istiqamətdə işlərin aparılması üçün bütün dövlət qurumlarına göndərilib. Qeyd edək ki, xüsusilə son illər İran Mədəniyyət və İrşad Nazirliyi, Fars Dili Akademiyası, Ali Mədəni İnqilab Şurası və başqa dövlət qurumları Nizaminin fars və İran şairi olduğu barədə təbliğatlarını artırıblar. Bunun üçün xüsusi büdcə və imtiyazlar ayrılıb, bir çox şəhərlərin məktəblərində “Nizmi həftəsi” keçirilir. 2022-2023-cü illərdə bu qəbildən olan tədbirlərin Şərqi və Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində keçirilməsi milli və mədəni fəalların etirazları ilə qarşılaşsa da, tədbirlər müxtəlif səviyyələrdə davam etdirilir.

Yağıntılar intensivləşib - Faktiki hava

İyulun 25-i saat 10:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11 mm-dək, Balakən-Şəki bölgəsində 62 mm, Lənkəran-Astara bölgəsində 55 mm, Mərkəzi Aran bölgəsində 39 mm, Quba-Qusar bölgəsində 33 mm, Qarabağ bölgəsində 30 mm, Dağlıq-Şirvan bölgəsində 26 mm, Naxçıvan MR-də 13 mm, Gəncə-Qazax bölgəsində isə 11 mm-dək təşkil edib. İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.

Sərhəddə insident: Ermənilər yenə təxribat törətdilər

Sərhədin demarkasiyasından sonra Qazaxla üzbəüz yerləşən Tavuş rayonunun Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında ilk insident yaşanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, hadisə Kirantsda yeni salınan yolun yaxınlığında qeydə alınıb. Belə ki, sərhədin demarkasiyası nəticəsində Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi olan Kirantsdakı körpü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb. Lakin ermənilər yeni yolu sərhəd pozuntusu ilə çəkməyə cəhd göstəriblər. Nəticədə insident yaşanıb. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan məlumatı təsdiqləyib. “Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir”, - o deyib. Ermənistan mediası və erməni deputat bununla da təxribatı etiraf etmiş olub. Azərbaycan tərəfindən olayla bağlı hələ ki rəsmi məlumat verilməyib. 

Sabirabadda dörd yaşlı uşaq kanalda boğuldu

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub.  Sozcu.az xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.  Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.  Faktla bağlı araşdırma aparılır. report

Faciəvi şəkildə ölən şəxs müəllimdir

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu rayonun Çayqovuşan kəndi ərazisində şəlalədən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə A. Ağayevin fotoları yayılıb. Onun İvanovka kənd orta məktəbində idman müəllimi işlədiyi bildirilir.

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala və Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda hərbi hissə komandiri həbs olundu

N saylı hərbi hissənin komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. Sozcu.az Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub. Belə ki, Samir Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sürücülük vəsiqəsi olmadan maşın sürmə: Cərimə 200 manat oldu

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb. Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb. Bundan başqa, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək.

Manatla bağlı BƏDBİN PROQNOZ – “Devalivasiya olacaq!”

Respublikaçıların namizədi Donald Trampın seçiləcəyi təqdirdə dolların dünya bazarındakı dəyərinin artacağı proqnozlarını verir. Bu, Azərbaycanın maliyyə bazarında ciddi narahatlığa səbəb olur. Digər tərəfdən, yaxın aylarda Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı xəbərlər yayılır. Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda manatın məzənnəsi birjalarla deyil, inzibati qaydada tənzimlənir: “Manatın dollara nisbəti dünyada baş verən proseslərdən az asılıdır. Yeganə asılılıq neft qiymətləridir. Çünki manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Bu, Nazirlər Kabineti və Mərkəzi Bankın birgə qərarı ilə ola bilər. Başqa cür mümkün deyil”.  İqtisadçının fikrincə, yaxın gələcəkdə manatın məzənnəsi dəyişəcək: “Onsuz da bir müddətdən sonra bu qaçılmazdır. Çünki uzun müddət sabit məzənnə rejimini saxlamaq çox çətindir, hətta mümkün deyil. Artıq 9-cu ildir ki, sabit məzənnə rejimində yaşayırıq. Bu il olmasa da, gələn il və ya gələn ilin sonuna yaxın manatın məzənnəsi ilə bağlı hansısa qərar veriləcək”.

Baltalı müğənni, qeyri-peşəkar mühafizəçi və tibbin şalvara batırması...

Sovet sistemi təkpartiyalı idi. Tanınmış insanlar, sənət adamları ya vətən xaini kimi cəzalanır, ya da xalq şairi-xalq artisti kimi komfort həyatla əhatə olunurdu. Hər şey birmənalı qiymətləndirilirdi. Ya yaxşı, ya pis. Ya qara, ya ağ. Başqa rəng, başqa seçim yox idi. Bu mərəz otuz ildir canımızdan çıxmır. Adamlara mütləq yarlıq yapışdırıb bir səngərə atırıq. Elə bil qeyri-səlis məntiqi yaradan fikir adamının həmyerliləri deyilik. Çağdaş milli qəhrəmanlıq dastanımızın "Ağadadaş Ağayevlə baltanın əhvalatı" boyunda da eyni performansı sərgiləyirik. Adamlar iki radikal qrupa bölünüb yarısı müğənnini, yarısı mühafizəçini müdafiə edir. Əlbəttə, bu əhvalat bir çox cəhətdən cəmiyyətimizin nə qədər çürük olduğunu göstərir: yalançı ad-san və şöhrət, manıs estetikasının xalqın ruhunu zədələməsi, qudurğanlıq, qeyri-peşəkarlıq, tibb sisteminin şalvarını batırmağa davam etməsi və sair və ilaxır. Lakin məsələnin hüquqi-mənəvi tərəfi çox sadədir: Ağadadaş Ağayev balta ilə hücum etməkdə səhvə və təbii, qanun pozuntusuna yol verib, mühafizəçi isə onu yerə yıxıb zərərsizləşdirəndən sonra təpikləməkdə. Nə o sənət adamı kimi davranıb, nə bu işini bilən peşəkar kimi. Hadisədə insanlıq amili axtarmaq isə bihudədir, çünki ortada qarşılıqlı zırramalıq faktından başqa heç nə yoxdur. Mansıların öz həmkarlarını müdafiə eləməsi də başadüşüləndir, lakin müdafiə çox biabırçı şəkildə ifadə olunur. Məsələn, paylaşımların birində hüquq-mühafizə orqanlarından iki şey xahiş edirlər: işə ədalətlə baxılmasını və Ağadadaş Ağayevin ulduz olduğunun nəzərə alınmasını... Xalqın inanılmaz həddə varlandırdığı bu kütbeyinlər demokratiya cəhənnəm, ədalətin də nə olduğunu bilmirlər. Amma yaxşı da edirlər! Bilənlər hara çıxıb guya? Bir şeyin ki izi-tozu yoxdur, onu bilmək dərd-azardan başqa heç nə gətirməz. Manıs olub yaşamalı ölkədir vallah! Şərif Ağayar, yazar