“Son söz seçicinindir...- Hər şey onun iradəsindən asılıdır...”

“Kamala Xarris  Amerika cəmiyyətinə bir o qədər tanış olmasa da, onun şansları daha yüksək görsənir. Ona görə ki, Trampı artıq bütün Amerika tanıyır. Hamı bilir ki, Tramp kimdir, o nə danışa bilər, o nə edə bilər və o nə edəcək...”

“Co Bayden prezidentliyə namizədlikdən geri çəkildikdən sonra, təbii ki, ənənəyə görə, prezident iştirak etmirsə, əsas namizəd kimi onun müavini, yəni vitse-prezident seçki kampaniyasına qoşulur. Və 3 gün öncə də biz bunun elan olunmasının şahidi olduq. Düzdü, hələlik Kamala Xarrisin  namizədliyi rəsmi səviyyədə təsdiqlənməyib. Bunu təsdiqləyə biləcək partiya qurultayı hələ avqustun ikinci yarısında olacaq. Lakin  artıq bu bir neçə gün ərzində çox maraqlı tendensiyalar görünməyə başlayıb”.

Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu  “Böyük ehtimalla artıq rəsmən ABŞ prezidentliyinə mümkün namizəd olacaq Kamala Harrisin bir siyasətçi kimi keyfiyyətlərini və Donald Tramp üzərində qələbə şanslarını necə dəyərləndirirsiz?” sualını cavablandırarkən söyləyib.

“Onu xatırladaq ki, Baydenlə məlum debatdan sonra bütün sorğularda Tramp 2-3 faiz irəlidə idi.  Lakin Kamala Xarrisin öz namizədliyini irəli sürməsi faktiki olaraq situasiyanı dəyişdi. Hərçənd bu dəyişiklik müvəqqəti ola bilər. Bəs bu dəyişiklik nədən ibarətdir? Birincisi, Xarrisin seçki qərargahının fonduna 100 milyon dollardan artıq ianə daxil oldu. Burada söhbət yalnız böyük donorlardan yox, həm də sadə insanların verdiyi 5-10 dollar həcmindəki ianələrdən gedir. Müxtəlif xəbərlərə görə, bu ilkin kampaniyada 20 milyonadək insan iştirak edib.  Digər tərəfdən, son sorğular göstərdi ki, Xarris Trampı 2 faiz önləyib. Bu, nədən irəli gəlir? Bu, ondan irəli gəlir ki, əvvəl də Bayden-Tramp sorğusu aparılanda qeyd olunmuşdu ki, respondentlərin 20 faizi hələ  müəyyənləşmədiklərini bildirib.  Bu isə təxminən o deməkdir ki, onların böyük bir qismi hələ Baydenlə bağlı böyük bir tərəddüdlərə malikdirlər. Digər tərəfdən isə prinsip etibarilə Trampa səs vermək istəməyənlərdir. Çünki Trampa səs vermək istəsəydilər, onun namizədliyi artıq ortadadır, rəsmən təsdiqlənib. Amma gördüyümüz kimi, həmin 20 faiz hələ də tərəddüd edirdi.  Görünür, o 20 faizin müəyyən bir hissəsi artıq qərarını verib və nəticədə Kamala Xarris 2 faiz önə çıxıb. Lakin qeyd etdiyim kimi, bu hələ heç nə demək deyil. Xarris parlaq siyasətçi kimi tanınmır. Yəni onun bir siyasətçi kimi heç bir zaman parlaq bir siyasi fəaliyyəti nəzərə çarpmayıb. Kaloforniyanın baş prokuroru olub, həmin ştatdan senator olub. Senator fəaliyyəti zamanı da nəsə xüsusi fəaliiyyəti müşahidə olunmayıb. Ancaq görünən budur ki, Trampın stabil elektoratı, ən azı bugünkü vəziyyətə baxsaq, onun seçilməsi üçün kifayət etmir. Hətta o, özünə seçdiyi vitse-prezidentliyə namizədlə də öz vəziyyətini bir qədər də çətinləşdirdi. Çünki həmin  Devid Vensi deyilən senatorun özünün də yetərincə qüsurlu tərəfləri var. Onun ifrat mühafizəkarlığı, aqressivliyi və s. Amerika cəmiyyətinin böyük bir hissəsi tərəfindən məqbul sayılmayan keyfiyyətlərdir... Bundan başqa, biz gördük ki Respublikaçılar partiyasının daxilindıki nüfuzlu simalar belə, Trampa dəstək vermədilər, hətta onun əleyhinə çıxış edənlər də oldu. Məsələn, onun keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirdi ki, Trampın növbəti dəfə prezident seçilməsi Amerika üçün faciə olardı”, - deyə davamında analitik bildirib. 

“Bax, belə bir vəziyyət müşahidə olunur. Və bu mənzərədə, əlbəttə, demokratların əli daha güclü görünür. Ona görə də bugünkü vəziyyətdən baxdıqda Xarrisin önə çıxmaq şansları daha yüksəkdir. Amma bu, onun şəxsi keyfiyyətlərinə görə deyil. Ola bilsin, bu, onun irqi mənsubiyyətinə, qadın olmasına, vitse-prezident olmasına görədir. Lakin ən başlıcası, demokratlar düşərgəsinin mümkün namizədi olmasına görədir...

Beləliklə, deyərdim ki, ABŞ prezidentliyinə namizədlər hardasa, bərabər şanslara malikdir. Əlbəttə, Donald Tramp kifayət qədər məhdud baxışları olan siyasətçidir. Kamala Xarris isə Amerika cəmiyyətinə bir o qədər tanış olmasa da, dediyim kimi, onun şansları daha yüksək görsənir. Ona görə ki, Trampı artıq bütün Amerika tanıyır. Hamı bilir ki, Tramp kimdir, o nə danışa bilər, o nə edə bilər, o nə edəcək. Prinsip etibarilə bunlar hamısı bəllidir. Və bir də var, Amerika cəmiyyətinin siyasətə düşünülmüş yanaşan təbəqəsi, o, əlbəttə, hakimiyyətə dövlət adamlarının gəlməsində maraqlıdır və belələrinə səs verir. Tramp isə bir çoxları tərəfindən dövlət adamı kimi qəbul edilmir...

Hələlik dediyim kimi, durum belədir. Kamala Xarris qalib gələcəkdisə, əlbəttə ki, o daha çox  Demokratlar partiyasının resursları hesabına qalib gələcək... Amma hər şey kampaniyanmın gedişatından asılı olacaq.  Və düşünürəm ki, namizədlərin reytinqlərdə bir-birini önləməsi hələ davam edəcəkdir. Son sözü isə təbii ki, seçici deyəcək. Demokratların informasiya resursları daha güclüdür, daha təsirlidir, onların əhatə dairəsi daha genişdir. Onların beynəlxalq nüfuzu daha böyükdür. Ola bilsin, bunların da Kamala Xarrisin seçkilərdə qalib gəlməsinə təsiri olsun. Ancaq yenə deyirəm ki, bu gün onun və yaxud Trampın qalib gələcəyini söyləmək qeyri-mümkündür. Yadınızdadırsa, 2016-cı il seçkilərində də bütün proqnozlar Hillari Klintonun qalib gələcəyini göstərsə də, nəticədə Tramp qalib gəldi. Deməli, hər şey seçicinin iradəsindən asılıdır”, - deyə ekspert vurğulayıb. 

Share on Facebook