Antalyada yanğın: təyyarə və helikopterlər müdaxilə edir

Türkiyənin Antalya bölgəsində meşə yanğını baş verib. Sozcu.az xəbər verir ki, meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir. Yanğının söndürülməsinə 3 təyyarə, 2 helikopter, 5 su tankeri, 2 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürən qüvvə cəlb olunub.

Fransa Almaniya ilə “sərbəst giriş”i dayandırır

Bu gündən Almaniya və Fransa arasında sərhəd nəzarəti tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi qərar verib. Bildirilir ki, sərhəd nəzarəti Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar tətbiq olunur. Qərar iyulun 20-dən sentyabrın sonuna qədər qüvvədə olacaq. Oxşar sərhəd nəzarəti hava limanı sərnişinlərinə də şamil olunacaq.

Bank kartlarından oğurluq edən dəstə TUTULDU

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar. Bu barədə Sozcu.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, araşdırmalarla müəyyən olunub ki, M.Əsədov vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə edib. Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb. Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər. Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb. Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Daşqına görə 30 nəfər itkin düşdü

Çinin Siçuan əyalətində şiddətli yağışların yaratdığı sel və daşqın 40-dan çox evi dağıdıb, 30-dan yuxarı sakin itkin düşüb. Sozcu.az xəbər verir ki, təbii fəlakət gecə saatlarında Hanyuan rayonunun Sinhua kəndində baş verib. Rayonun fövqəladə hallarla mübarizə qərargahından verilən məlumata görə, sel və daşqın avtomobil yollarına və kommunikasiya xətlərinə də böyük ziyan vurub. Hazırda itkin düşənlərin axtarışları əlverişsiz hava şəraitində davam edir.

Prezident: Seçkidən sonra ABŞ-da və Avropada Azərbaycana dair daha yaxşı rəy olacaq

Biz bəzən açıq ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Cənubi Qafqazda Azərbaycanın maraqları təmin edilməlidir, kimsə bizim maraqlarımızı görməməzliyə vurmağa çalışsa, əlbəttə ki, onlar yanılacaq və uğursuzluğa düçar olacaqlar. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında ifadə edib. “Mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin (ABŞ-da – red.) bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini istəyirdilər, onlar onu təmin etmək istəyirdilər. Zənnimcə, bu, mənim fikrimdir ki, bəlkə də məqsəd məhz bundan ibarət idi”, - söyləyən dövlətn başçısı seçkilərdən sonra Vaşinqtonda və Avropada Azərbaycan, bizim potensialımız, bizim rolumuz haqqında daha yaxşı anlayışın olacağına ümid etdiyini vurğulayıb.

Leysan xarakterli yağış, şimşək- Hava proqnozu

Saat 11:00-a olan məlumata görə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 2 mm, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 mm-dək olub. Lerik, Şahdağ, Qrızda duman müşahidə olub. Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

CHP sədri azərbaycanlı şəhid övladları ilə görüşdü - FOTO

Azərbaycan "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyi Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada olub. Sozcu.az xəbər verir ki, Qarabağda şəhid olan hərbçilərin övladlarına dəstək olmaq və onların təhsilinə töhfə vermək kimi vacibfəliyyətləri olan İctimai Birlik həm Kipr Sülh Hərəkatının ildönümü, həm də şəhid övladlarının iştirakı üçün hazırlanmış yaz düşərgəsi çərçivəsində Şimali Kipr Türk Respublikasında olub.  174 Kipr veteranı və Şimali Kipr Türk Cümhuriyyətində olan Cümhuriyyət Xalq Partiyasının (CHP) heyəti azərbaycanlı şəhid övladlarının qaldığı otelə gəlib, onlarla görüşüblər. CHP-nin sədri Özgür Özəl, sabiq sədrlər Murat Karayalçın, Hikmət Çətin ve eks-katib Önder Sav, eləcə də müdafiə siyasətindən məsul sədr köməkçisi təqaüddə olan kontr-admiral Yankı Bağcıoğlu və xarici siyasətdən məsul köməkçi İlhan Üzgelin də olduğu heyət Şimali Kipr Türk Cümhuriyyəti qaziləri və azərbaycanlı şəhid övladları ilə bir araya gəlib. Bu vacib görüşdə CHP sədrinin ardınca "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Sevinc Əlizadə çıxış edib. Görüş fərqli coğrafiyalarda oxşar əməllər uğrunda verilən mücadilələrin birgə yad edilməsini təmin etmək baxımından olduqca mənalı olub. CHP rəsmiləri bir daha həm Şimali Kipr türklərinin, Azərbaycan türklərinin  yanında olmağa davam edəcəklərini vurğulayıblar.modern)

"Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu"

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, sitat: "Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”. Cənab məmur, Sizin hədəfiniz taksi sayının azaldılması olmamalı idi, hökumətin məqsədi taksi xidmətinin keyfiyyətinin artması, müştəri məmnuniyyəti, bu xidmətin əmək məhsuldarlığının ölkədə artmasına tövhəsi olmalıdır. Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib. "Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu, qiymətlər 50%-ə yaxın artdı, keyfiyyət isə aşağı düşdü - əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir. Yaxşı, Sizin məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?! Sizin hədəflər bu olmamalı idi axı! Hə, cənab məmur, onu da deyim ki, bizim millət kreativdir, SSRİ belə paralel taksi xidmətini qadağan, bu sahəyə nəzarət edə bilmirdi. İndi isə internet çağıdır, müxtəlif messenger-lər var, Siz rəsmi fəaliyyəti qadağan edəcəksiz, vətəndaşlar da heç bir rəsmi icazə almadan qohum-qonşuya, dost-tanışa zənglə, mesajla xidmət göstərəcək, o zaman nə edəcəksiniz?! Maşında sürücüdən başqa kimsə olsa, onları bir-bir saxlayıb sorğu-suala tutacaqsız?! Hətta Vasif Talıbovun zamanında Naxçıvanda belə sərt qaydalardan yan keçirdilər, özəl taksi xidməti müştəri maşına əyləşəndə 2-3 dəqiqə özü, kəndi, nəsli haqqında məlumat verirdi ki, birdən yolda saxlayıb soruşsalar “qohum”, tanış olduğunu sübut etsinlər. Siz də bu metoda keçəcəksiniz?! Bakıda 1 milyon avtomobil var, hər gün onları yoxlayacaqsınız?! Cənab məmur, insanlar kefindən taksi sürmürdü, bu iş çox ağır işdir, gündə 15-16 saat işləyirdilər, yəni, başqa qazanc, iş yerləri olsaydı, taksi sürməzdilər, indi bu 30-35 min vətəndaş nə etsin?! Siz məcbur edirsiniz ki, insanlar qanundankənar fəaliyyətə keçsinlər, bəli, məhz Siz onları bu addıma məcbur edirsiniz, yaxşı, tənzimləmələri (oxu - qadağaları) davam etdirib nəyə nail olacaqsınız? Bunu da açıqlayın, camaat işini bilsin..." - o qeyd edib.

İcra başçısı ilə bağlı qalmaqal: Şəhid anasının problemini...

Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdan şikayətçidir. Şəhid anası Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayan qızı Həmayə Mustafayevanın yaşadığı ev təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşüb. Nabat Rzayevanın sözlərinə görə, qızının Birinci Qarabağ savaşının veteranı olan həyat yoldaşı dünyasını dəyişib. Bu baxımdan, onun maddi vəziyyəti çətinləşib. “Qızımın maddi vəziyyəti çətinləşdiyindən yararsız hala düşmüş evini təmir etmək imkanı yoxdur. Digər tərəfdən, təbii fəlakət nəticəsində evləri zərər çəkmiş vətəndaşlara dövlət yardım edir. Biz digər bölgələrdə bunun şahidi olmuşuq. Mən də düşündüm ki, yardım üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edim. Amma müraciətimə cavab gəldi ki, imkanımız yoxdur. Mən icra hakimiyyətindən qızıma dəbdəli imarət, villa tikməyi xahiş etmirəm axı. Bir evi sadəcə yaşamaq üçün normal hala gətirmək nə böyük işdir ki?”, – şəhid anası müraciətində yazıb. Şikayətçi hesab edir ki, Ağstafa Rayon İcra Hakimiyyəti sadəcə məsələyə biganə yanaşıb: “Düşünürəm ki, imkanın olmaması barədə deyilənlər sadəcə bəhanədir. Bir daha təkrar edirəm ki, mən yeni ev tikilməsini, qızıma villa verilməsini istəmirəm. Zədələnmiş evin təmirini istəyirəm ki, bu da o qədər böyük xərc aparmaz”. Nabat Rzayeva sonda qeyd edib ki, icra hakimiyyətinin məlum cavabından sonra yuxarı instansiyalara müraciət etməyi düşünür: “Mən şəhid anasıyam. Qızımın mərhum həyat yoldaşı isə Birinci Qarabağ savaşının iştirakçısı olub. Ümid edirəm ki, ölkə rəhbərliyi Ağstafanın icra başçısı Seymur Orucovdan fərqli olaraq müraciətimə biganə qalmaqacaq”. Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.

Bakıda oğuldan ŞOK əməl: Anasını...

İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Aybəniz Məhəmməd qızı Şükürzadənin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu - 1991-ci il təvəllüdlü Kamran Etibar oğlu Şükürzadə saxlanılıb. O, polisə könüllü gəlib.

Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ

Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır: "Bu günə qədər ümumilikdə 122 min uşaq I sinfə qəbul edilib. 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir". "Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - deyə məlumatda qeyd edilib.

700 bal toplayan Şəbnəmin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Sozcu.az-ın məlumatına görə, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb. Qeyd edək ki, o, ilk cəhddə 393.9 bal toplamışdı.

Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda 20 cilddən çox sənəd tədqiq edilib. Cinayət işləri isə ümumilikdə 128 cilddən ibarətdir. Sənədlərdən birində yazılıb ki, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə 4 milyon manatdan çox dövlət vəsaiti təyinatı üzrə xərclənməyib. Həmin vəsait maliyyə xidmət rəhbərlərinin əli ilə mənimsənilib. Bundan əlavə, digər hərbi hissələrdə vəzifə və xüsusi rütbələr üçün ayrılan pullar da tamah niyyəti ilə mənimsənilib. Hərbi qulluqçulara ayrılan vəsaitlərin mənimsənilməsi və digər bir neçə sənədə də baxış keçirilib. Sənədlərin hamısında külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən söhbət gedir. Prosesin davamında təqsirləndirilən polkovnik Cəlal Kazımovun vəkili müvəkkili ilə istintaq vaxtı üzləşdirilən şahidlərin dediklərinin sübut kimi qəbul edilməsini istəyib. Hakimlər həmin şahidlərin məhkəmədə dindirildiyini qeyd edərək vəsatəti müzakirəyə çıxarmayıblar. Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri əmək məzuniyyətinə getdiyinə görə proses 1 aylıq təxirə salınıb. Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. İş üzrə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. Nazirliyin birgə ittiham olunan Maliyyə və Büdcə idarəsinin rəisi olmuş general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin eks-maliyyə rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə rəisi işləmiş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəsinin eks-rəisi kapitan Vüsal Əlizadə 3 ilə yaxındır həbsdədirlər.

"Növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm" - Tahir Kərimli

"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürməyəcəyəm". Sozcu.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. "Yorulmuşam, bir qədər istirahət etmək istəyirəm", - deyə Kərimli qeyd edib.  Xatırladaq ki, Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası seçkilərdə iştirak edəcək.

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

55 yaşlı Xəlifə Hüseynov Həsən oğlu Kəlbəcər rayon Ağdaban kəndində minaya düşüb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Kürdə batan Səidin meyiti tapıldı - Video

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları davam etdirilir.  Bu barədə Sozcu.az-a FHN-dən bildirilib.  Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir. 

ABŞ-da azərbaycanlılar arasında qanlı dava: biri öldü

Amerikada azərbaycanlılar arasında qətllə bitən insident yaşanıb. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, əslən Naxçıvandan olan Xəlil Xəlilov Ənvər Quliyev adlı soydaşımıza və onun qayını Əhməd Əhmədova avtomobilindən götürdüyü bıçaqla hücum edib. Ənvər Quliyev ürəyindən aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Onun qaynı Əhməd Əhmədov isə hazırda xəstəxanadadır və müalicəsini davam etdirir. Onların Zaqataladan olduğu bildirilir. Amerika saytları hadisə ilə bağlı yazıb ki, iyulun 17-də saat 12 radələrində polis Viskonsin prospektinin 1800-cü məhəlləsindəki qarajın içərisində dava olması barədə xəbər alıb: "Daha sonra polislər xəstəxanaya çağırılıb və orada bıçaqlanmış iki nəfərin olduğu müəyyən edilib. Hadisə səbəbindən 36 yaşlı Ənvər Quliyev dünyasını dəyişib. Polis hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Xəlil Xəlilovu həbs edib". Məlumata görə, hadisəyə səbəb tərəflər arasında baş verən kiçik şəxsi mübahisə olub. Daha sonra bu kiçik söz davası qətllə nəticələnən hadisəyə çevrilib.

Xankəndi və Şuşaya marşrut açılır

Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb. Sozcu.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib: "Bakı-Laçın marşrutunu da müsabiqəyə çıxarmışıq və artıq fəaliyyətə başlayacaq. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur. Şuşa Ağdam marsrutlarından əlavə yeni marsrutlar da istifadəyə veriləcək".

Yük avtomobili sürücülərinə bəd xəbər

İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması üçün işləri aparılır. Sozcu.az Oxu.az-a istinadın xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. O bildirib ki, bu sahədə mövcud qanunvericiliyə dəyişiklik edilərək normativ aktlar müasir dövrün tələblərinə uyğunlaşdırılıb: "Belə ki, qanunvericiliyə edilən dəyişikliklər inzibati xəta hadisəsi elektron tərəzilər, foto və ya videoqeydiyyatçı funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarını ehtiva edir. Tətbiq edilən yeniliklər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin artırılmasını deyil, böyük vəsaitlər hesabına inşa edilən avtomobil yollarının qorunması ilə yanaşı, həmçinin vətəndaş-məmur münasibətləri zamanı mümkün sui-istifadə hallarının qarşısını almaq və bu münasibətləri elektron münasibətlərə çevirməkdir. Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad edilib. Hazırda ölkənin avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub".

MEDİA və Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb. Sozcu.az xəbər verir ki, açıqlamada deyilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk. Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta “müsahibə” dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".

Rayonlarda leysan yağıb - Faktiki hava

İyulun 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyulun 19-u saat 10:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, gündüz saatlarında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.  Bakıda və Abşeron yarımadasında da gündüz saatlarında qısamüddətli az yağış yağıb.  Düşən yağıntının miqdarı Şahdağda 16 mm, Qrızda 9 mm, Xınalıq, Qax, Zaqatalada 7 mm, Şəki, Balakən, Göygöl, İsmayıllı, Oğuz, Gəncə, Gədəbəy, Şəmkir, Ceyrançöl, Qəbələ, Altıağac, Xaçmaz, Quba, Qusar, Şabran, Xaltan, Bərdə, Mingəçevir, Göyçay, Sabirabad, Daşkəsən, Goranboyda 3 mm-dək olub.  İyulun 18-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.  Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub. 

Ermənistanda təyyarə qəzası: ölən var - Təcili

Ermənistanda An-2 təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb. Sozcu.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. Hadisə Kotayk vilayətində Yeqvard şəhəri ətrafında baş verib.

Urmiyada bu xəstələr xəstəxanaya qəbul edilmir

Urmiya şəhərinin bəzi xəstəxanaları danq qızdırmasına yoluxanları qəbul etməkdən imtina edir. Sozcu.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb. Bildirilib ki, xəstəliyə yoluxanların vəziyyətinin ağır olmasına baxmayaraq, onların qəbulu və müalicəsinə icazə verilmir. Bunun səbəbləri barədə məlumat verilməyib. Qeyd edək ki, son günlər İranda danq qızdırmasına yoluxma halları artıb. Yoluxma nəticəsində bir neçə nəfər həyatını itirib.

Vətəndaşları rüsvay etməklə hədələyən haker saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları vətəndaşların şəxsi məlumatlarını əldə edərək onları hədələməkdə şübhəli bilinən hakeri saxlayıblar. Bu barədə Sozcu.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Baş İdarəyə İnstaqram sosial şəbəkəsində müxtəlif adda hesablar açaraq özünü kompüter və şəbəkə təhlükəsizliyi üzrə “mütəxəssis-haker” kimi təqdim edən naməlum şəxsin ona müraciət edən vətəndaşlara dair məlumatları ələ keçirdiyi barədə çoxsaylı müraciətlər daxil olub. Araşdırmalarla həmin səhifələrin vətəndaşlardan yaxınlarının başqa şəxslərlə yazışmalarını ələ keçirməsi müqabilində müxtəlif məbləğlərdə ödəniş aldığı, habelə səhifəyə müraciət edənlərin mobil telefonlarına müdaxilə edərək özəl foto və video görüntülər əldə etdiyi müəyyən edilib. Həmin görüntülərin rüsvayedici formada sosial şəbəkələrdə yayılmaması müqabilində isə qeyd edilən səhifələrdə hədə-qorxu ilə vətəndaşlardan əlavə pullar tələb edilib. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində göstərilən səhifələrin əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Nurlan İsmayılov şübhəli bilinib və o, tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Nurlan İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.