"ABŞ artıq neytrallıq sərhədini keçib, o, sadəcə, Rusiyanın bu müharibədə qalib gəlməsini istəyir..."
ABŞ prezidenti hazırda Rusiyaya artıq açıq şəkildə dəstək verir və təcavüzkar dövlətin təcrid edilmə siyasətini pərdələməyə çalışmır.
Sozcu.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşrinin məqaləsində deyilir.
Məqalədə deyilir ki, ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları onun qan tökülməsinə biganəliyini nümayiş etdirir. Üstəlik, o, zorakılığı dayandırmamaqla yanaşı, onu daha da gücləndirməyə hazır olduğunu göstərir.
Bundan öncə Trampın müharibəyə yanaşması Rusiyaya dolayı dəstək verməkdən ibarət olub. O, guya zorakılığı qınayır və ABŞ-ın xarici münaqişələrə maliyyə ayırmasına qarşı çıxırdı. Lakin indi aydın olur ki, onun Ukraynanın müstəqilliyinə qarşı olması ABŞ resurslarının qənaət edilməsi ilə bağlı deyil, o, sadəcə Rusiyanın qalib gəlməsini istəyir.
Tramp yaxınlarda ABŞ-da olan ukraynalı qaçqınlara müvəqqəti müdafiə statusunun ləğvini nəzərdən keçirdiyini bildirib. Hətta Ukrayna təbii resurslar sahəsində güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdikdən sonra belə, Tramp bunun kifayət olmadığını açıq şəkildə ifadə edib.
NBC-nin məlumatına görə, o, Vladimir Zelenskini istefaya getməyə və seçkilər keçirməyə məcbur etməyə çalışır. Halbuki, hazırda Ukrayna prezidentinin dəstəyi 67 faiz təşkil edir və onun əsas rəqibləri hərbi vəziyyətdə seçkilərə qarşı çıxır.
"Mən Putinə inanıram"
Trampın ən açıq addımlarından biri Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq olub. Bu qərar ABŞ-a maliyyə baxımından heç bir qənaət gətirməyib, lakin Rusiyaya ciddi üstünlük qazandırıb. Nəticədə, Rusiya hücumları daha gözlənilməz olub və bu, ukraynalı mülki vətəndaşlar üçün ağır nəticələr doğurub.
Trampdan soruşanda ki, artan zorakılıq fonunda Putinə münasibəti dəyişibmi, o, belə cavab verib: "Mən ona inanıram... Məncə, bizim Rusiya ilə münasibətimiz çox yaxşıdır. Amma indi onlar Ukraynanı darmadağın edir və açığı, Ukrayna ilə işləmək mənim üçün getdikcə daha çətin olur. Onların isə heç bir üstünlüyü yoxdur". Lakin məhz Trampın qərarları Ukraynanı üstünlüklərdən məhrum edib və kritik kəşfiyyat məlumatlarsız qoyub.
Trampa sual verilib ki, Putinin bu qərardan faydalanıb-faydalanmadığını düşünürmü? O isə bunu açıq şəkildə etiraf edib: "Düşünürəm ki, o, başqa birinin edəcəyi şeyi edir... O, bu məsələni bitirmək istəyir. Ukrayna da bitirmək istəyir, amma mən görmürəm, bu, dəlilikdir, onlar dəhşətli itkilər verir. Mən bunu tam başa düşmürəm".
Ondan Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə niyə təmin edilmədiyini soruşanda Tramp belə cavab verib: "Çünki mən onların razılığa gəlmək istədiklərini bilməliyəm".
"Yaxşı" Rusiya, "pis" Ukrayna
Nəşr qeyd edir ki, Trampın ritorikası aydın şəkildə onun mövqeyinin necə dəyişdiyini göstərir: o, artıq sadəcə "sülh" istəmir, açıq şəkildə Rusiyanı "yaxşı", Ukraynanı isə "pis" adlandırır. Onun fikrincə, müharibənin bitməsi üçün "pis tərəfin" daha böyük itkilər verməsi lazımdır.
Trampın tərəfdarları da bu narrativə qoşulur. Məsələn, İlon Mask ukraynalı "oliqarxlara" qarşı sanksiyalar tətbiq olunmasına çağırmağa başlayıb və Rusiyanın təbliğ etdiyi "Ukraynanın korrupsioner elitalar tərəfindən idarə edildiyi" tezisini təkrarlayır. Halbuki, məhz Rusiyanın oliqarxik sistemi daha güclüdür. Tramp isə həm ABŞ-da, həm də xaricdə korrupsiyaya qarşı biganə münasibətini dəfələrlə nümayiş etdirib.
ABŞ senatoru Mark Kelli son vaxtlar sosial şəbəkələrdə belə bir paylaşım edib: "Hər hansı bir razılaşma Ukraynanın təhlükəsizliyini təmin etməli və Putinə güzəşt olmamalıdır". Buna cavab olaraq, Mask onu "xəyanətkar" adlandırıb və Ukraynanı ABŞ-ın düşməni kimi təqdim etməyə çalışıb.
Əgər Trampın tərəfdarları arasında bu yanaşma populyarlıq qazanırsa, bu, onun gələcək siyasətinin rəsmi xətti ola bilər. "The Atlantic" yazır: "Tramp Ukraynanın suverenliyini qorumağa çalışan bir ABŞ hökumətini miras alıb. O, dərhal Amerika siyasətini dəyişib.
ABŞ artıq neytrallıq sərhədini keçib. Yeni məqsəd sadəcə müharibəni bitirmək deyil, onu Putinin şərtləri ilə bitirməkdir. "Fox News Sunday nəşrinin aparıcısı ondan soruşanda ki, onun qərarları Ukraynanın sağ qalmasına təhlükə yaradırmı, Tramp laqeyd şəkildə belə cavab verib: "O, onsuz da sağ qalmaya bilər". Bu, sadəcə bir proqnoz deyil, bu, məqsəddir".moderator)