Ağsu rayonunda sahibsiz küçə itlərinin sakinlərə yaşatdığı ciddi problemlər haqda mətbuatda dəfələrlə yazılıb.
Belə ki, əgər əvvəllər itlərin səs-küyündən gecə yatmaq, küçəyə rahat çıxmaq olmurdusa artıq gündüz vaxtı belə itlərin bir-biri ilə, gəlib-gedən insanlara hürüşməsindən rahatçılıq yoxdur.
Ağsu rayonu bu baxımdan müəyyən mənada Hindistanın tipik şəhərini xatırladır.Yalnız bir fərqlə ki, burada toxunulmaz meymun və inəklər deyil küçə itləridir.
Küçə itləri burada binaların ətrafında, küçələrdə, zibil yeşiklərinin ətrafında uzun müddət məskən saldıqca artıq oranı özlərinə doğma məskən sayırlar. Sahibsiz itlər hərəkət edən maşınların, velosipedlərin dalınca aqressiv qaçaraq hürürlər.
Sahibsiz itlər özlərini Ağsuda özlərini o dərəcədə komfort hiss edirlər ki, həyətlərin “sahiblərinə” çevriliblər.
Sahibsuz itlər son zamanlar o qədər balalayib çoxalIblar ki, bu avtomobil sahiblərinə belə baş ağrısına çevriliblər.
Belə ki, sürücülərin onların qabağından keçən itləri bilmədən vurması halları çoxalıb.
Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Agsuda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, supermarketlərin, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində günün günorta cağı var-gəl edirlər, daimi məskən salıblar.
Buna görə də məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər də vəhşi heyvanlardan çəkinirlər.
İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Ağsuda az qala qəhrəmanlıq saymaq olar.
Şagirdlər deyirlər ki, onlardan qorunmaq üçün səhərlər məktəbə əllərində daşla gedirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar.
Əlbəttə itləri öldürmək də qeyri-insani bir hərəkətdir. Amma Ağsuda insan həyatı, əsasən də azyaşlılar üçün real təhlükə mənbəyinə çevrilən sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsi ilə tutulmalı, ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarlarda yerləşdirilməlidir. İcra Hakimiyyəti problemdən xəbərdardır, amma heç bir tədbir görmür, yalnız deyir “tədbir görüləcək”.
Necə ki, küçə itləri ilə bağlı tədbir görməyən məmurlar da sığortalanmayıblar ki, onlar özləri və yaxınları itlərin hücumuna məruz qalmayacaq.
Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır.
Ekspertlər vətəndaşlara küçə itlərinin olduğu yerlərdən mümkün qədər uzaq durmağı məsləhət görürlər. Amma bu da çıxış yolu deyil.
Sahibsiz itlərlə üzləşən hər bir adam soyuqqanlı davranmasa onların hücumuna məruz qala bilər. Sahibsiz itlərin məhəllələrin içinə gətirən səbəblər də var. Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında daima çoxsaylı itlərə rast gəlinir. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır.
İtlər 6 aydan bir 7-8 bala verir. Heç kim demir ki, sahibsiz itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır. Sahibsiz itlərin sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.
Quduzluğa qarşı iynə vurulur, axtalanır, qısırlaşdırılır. Daha sonra qulaqlarına birka bağlanır. Bakı şəhərindəki itlərin 50 faizi birkalanıb. Bir sözlə küçə itlərinin sayı tənzimlənməlidir, yoxsa bu surətlə şəhəri itlər tamamailə basacaq.
Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirilməlidir. Bunun üçün Türkiyənin, Avropa ölkələrinin təcrübəsindən istifadə etmək lazımdır.
Avropanın şəhərlərinin küçələrində sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi ilə bağlı məsələləri operativ şəkildə həll edirlər
Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.
Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa, insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.
Görünən odur ki, Ağsu rayon Təmizlik Departamenti, Ağsu şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi demək olar ki, heç bir ciddi tədbir görmür.
Sozcu.az