Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb

Bakıda həbs edilmiş şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, Penitensiar xidmətin, Müalicə müəssisəsinin əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kənd qəbiristanlığında qohumlarının qəbirlərinin yaxınlığında olan ağacın yanında torpağa basdıraraq gizlətdiyi 1 ədəd partlayıcısı ilə birlikdə “RQD-5” əl qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda alçanın fantastik qiyməti - Foto

Bakının böyük supermarketlərindən birində satılan alçanın qiyməti hər kəsi təəccübləndirib. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə alçanın kiloqramının 195 manat olduğu görünür. Bu qiymət isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. 

Britaniya şirkəti "Qaradağ"dakı mis ehtiyatının həcmini açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yerləşən Qaradağ yatağının mis ehtiyatının 300 min ton olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bunu "Anglo-Asian Mining"in vitse-prezidenti Stiven Vestxed deyib. O bildirib ki, şirkət Qaradağ yatağında kifayət qədər mis minerallaşması təmin etməklə hasilat profilini əhəmiyyətli dərəcədə artıracaq. Bu, "Anglo-Asian"ın artan mis aktivləri portfelinə mühüm əlavədir. "Bu, ilkin qiymətləndirmə olsa da, biz "Qaradağ"ın ildə 20-25 min ton mis istehsal edə biləcəyinə inanırıq",- deyə Stiven Vestxed əlavə edib. Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

Əvəz Zeynallı: "Elçin Sadıqov niyə azadlıqdadır?" - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Elan olunmuş ittiham üzrə Əvəz Zeynallı özünü təqsirli bilməyib. O deyib ki, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib. Əvəz Zeynallı vəkil Elçin Sadıqovun azadlıqda olmasından narazı olduğunu söyləyib: “Mənə ittiham verilib ki, Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma onun işi ayrıca icraata götürülüb və azadlıqdadır. Nəyə görə Elçin Sadıqov azadlıqdadır? Axı barəmdə ittiham onunla birlikdə verilib. Biz bir ittihamla saxlanılaraq həbs edilmişik”. Əvəz Zeyallı daha sonra məhkəmə prosesinin kiçik zalda keçirildiyindən narazı qaldığını vurğulayıb: “Xahiş edirəm ki, məhkəmə böyük zalda keçirilsin və prosesə daha çox insan buraxılsın”. Hakim qeyd edib ki, məsələ məhkəmə araşdırması zamanı müzakirəyə çıxarılacaq. Hazırda proses davam edir. *** 10:19 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayır. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək proses saat 11:50-də start götürəcək. İclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi və məhkəmənin baxışa verilməsi gözlənilir. İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır. Qeyd: “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

“Qarabağdan qovulmalıdır“ - Vardanyandan sərsəm çağırış

Bir müddət əvvəl Qarabağ separatçılarının “dövlət naziri” vəzifəsindən qovulan Ruben Vardanyan yenidən sərsəm çıxışları ilə gündəmə gəlib. Sozcu.az xəbər verir ki, sosial şəbəkə hesabında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya olunmasına qarşı çıxışlar səsləndirən rusiyalı emissar bu dəfə də analoji fikirlərini təkrarlayıb. Vardanyan videomüraciətində vurğulayıb ki, Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəs Qarabağdan qovulmalıdır. Onun sözlərinə görə, Araik Arutyunyan və komandası Qarabağın “müstəqilliyini” heç zaman müzakirə mövzusu etməməli və Qarabağdakı separatçı rejim əsla Azərbaycanın tərkibinə daxil olmamalıdır.

Biləsuvarda su üstündə dava: Ata və oğlu döyüldü

Biləsuvarda su üstündə dava düşüb.  Sozcu.az xəbər verir ki, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.  Biləsuvar rayonun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanışları şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-dan bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z.Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.  Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.  Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Kristina Məmmədova vəzifəsini tərk etdi

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Kristina Məmmədova vəzifəsini tərk edib. Sozcu.az xəbər verir ki, bu vəzifəni müvəqqəti olaraq Fərid Vəlizadə icra edəcək. Məlumata görə, F. Vəlizadə ASK prezidentinin baş məsləhətçisi olub.

“Bayraqdar TB3” ilk dəfə nümayiş olunacaq

Türkiyənin “Baykar” şirkətinin yeni istehsalı olan “Bayraqdar TB3” PUA-sı 27 aprel-1 may tarixlərində İstanbulun Atatürk hava limanında keçiriləcək Texnofest-2023 sərgisində ilk dəfə nümayiş olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Şirkət “Bayraqdar TB3”ün bu il uçuş testlərinə başlayacağını da bildirib.

Oqtay Əliyevin ölümü ilə bağlı ŞOK DETALLAR: sükan arxasında nə baş verib?

"Soy prodakşın"ın rəhbərlərindən olan Səyavuş Hüseynli bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən danışıb. "Səhər mərkəzi" verilişində qonaq olan S.Hüseynli onun ürək əməliyyatı olunması məlumatlarını yalanlayıb: "Dedilər ürəyindən əməliyyat olunub. Yox, yalandır. Sükan arxasında huşunu itirib, onunla da idarəetməni itirib. Onun nədən olduğu bilinmir. Bilinmir infarkt olub, yoxsa damar tıxanıqlığıdır. Hazırda analizlər aparılır". Verilişdə qonaq olan Xalq artisti Mübariz Tağıyevin "Deyirlər, yuxu aparıb" sözlərinə rejissor "Yuxu olsaydı, onu səsləyiblər, çağırıblar, oyanmayıb, oyanardı. Dilarə Əliyeva dedi ki, çağırdıq, amma huşu getmişdi. Düzgün cavabı həkimlər açıqlayacaqlar" cavabını verib. Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə hazırda xəstəxanada müalicə alır. /Axşam.az/

“Dünya nə deyir, desin - ərazimizdəki qeyri bir ölkənin hərbi birləşmələrini çıxarmalıyıq...”

“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı,  həm də zamanında atılmayan addımların nəticəsidir...” “Hazırda Ermənistan sürətlə silahlanır. Və onlara Rusiya ilə yanaşı, İran da, Hindistan da, hətta Avropa da dəstək verir. Maraqlı bir də orasıdır ki, Qarabağda erməni məsələsi bəlkə də Rusiya ilə İranın birgə projesidir. Amma buna rəğmən Rusiya və İranla düşmən olan Qərb ölkələri həmin projeni müdafiə edirlər. Bax, bu, çox qəribədir”.  Bu fikri Moderator.az-a açıqlamasında 1988-ci ildən başlanan milli azadlıq hərəkatının fəallarından biri, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa ifadə edib. “Hesab edirəm ki, mövcud durumda Azərbaycan əsas iki xətt üzrə işləməlidir. Birincisi, dünya ölkələrinin ictimaiyyəti ilə işləməliyik. Deyirik ki, ABŞ, yaxud Fransa Qarabağ məsələsinə niyə belə münasibət bəsləyir. Bunun qarşısını almaq üçün həmin ölkələrin ictimaiyyəti, vətəndaşları arasında güclü təbliğat aparmaq gərəkdi ki, onlar da öz dövlətlərinə təsir göstərə bilsinlər. Həmin məqsədlə Qarabağ haqda gerçəklər qısa şəkildə yazılmış bukletlər çap olunur və onlar məsələn, Fransa paytaxtı Paris küçələrində insanlara paylanır. Əgər hansısa Fransa vətəndaşı Gülüstan, Türkmənçay müqavilələrindən  üzü bəri  və bu gün Qarabağ ətrafında gerçəkdən nə baş verdiyini öyrənərsə, çox güman ki, onda bu məsələ barədə ədalətli rəy formalaşar. Özü də bu təbliğatı təkidli şəkildə aparmaq lazımdır. Xaricdən və Ermənistandan gələn ermənilərin hələ sovet dövründə Azərbaycan ərazisində, xüsusən də Qarabağdakı ermənilər arasında necə təbliğat aparması haqda faktlar məlumdur. Əhali dəfələrlə onları qovurmuş, buna rəğmən yenə geri dönüb sözlərini deyirmişlər... Bunlar həm də onu göstərir ki, Qarabağda baş verənlər əslində “millətlərin öz müqəddəratını təyin etməsi” məsələsi ilə bağlı deyil. Xaricdən Ermənistan vasitəsi ilə idarə olunan dirijor çubuğunun, həmin ölkənin ilhaqçılıq siyasətinin nəticəsidir. Bir çox siyasilər və politoloqlar nədənsə bu məsələni qabartmırlar. Birincisi, ermənilər öz müqəddəratını Ermənistanın qondarılmasıyla həll edib. Və ikincisi, Qarabağ məsələsi Ermənistandan uzadılan barmağın  fəaliyyətinin nəticəsidir və bunun adı “millətlərin öz müqəddəratını təyin etməsi” yox, işğaldır, ekspansiyadır”- deyə polkovnik açıqlamasının davamında bildirib.  “Azərbaycanın tutacağı ikinci xətt isə daha dişli, daha qətiyyətli hərbi-siyasi proseslərin aparılmasıdır. Bizim ərazimizdə qeyri bir ölkənin hərbi birləşmələri var.  Dünya nə deyir, desin, biz həmin işğalçı birləşmələrin ərazimizdən çıxarılmasına, yaxud zərərsizləşdirilməsinə nail olmalıyıq. Dəfələrlə sual qoymuşuq ki, əgər Azərbaycan ərazisində doğrudan  da Ermənistan ordusu yoxdursa, bəs Qarabağda ölən bir çox əsgərlər niyə aparılıb Ermənistanda dəfn olunur. Deməli, bunlar Ermənistanın Azərbaycan ərazisindən vuruşan əsgəridir. BMT-nin işğal faktının müəyyən olunması haqda qətnaməsi var. Əgər bir ölkənin ərazisində digər bir ölkənin hərbi mövcudluğu varsa, bunun adı işğal deyil, bəs nədir? Bu yandan da, erməni hərbi birləşmələrinə dəstəkçi kimi digər bir ölkənin – Rusiyanın hərbi kontingenti heç bir beynəlxalq mandatı-filanı olmadan “sülhməramlı” adı altında ərazimizə soxulub və həmin işğalçı erməni ordusuna maddi-texniki və ruhi-mənəvi dəstək verir. Onların gözü qarşısında emənilər canlı qüvvə və texnikalarının sayını artırır, təlimlər keçirlər, əlavə torpaq yollarla silah-sursat daşıyır, yeni yollar salmağa çalışırlar. Bu, nə deməkdir? Və indi artıq məsələ o yerə çatıb ki, Azərbaycan ordusu separatçı və işğalçı ermənilərin addımlarını nəzarətdə saxlamaq üçün hansısa bir yüksəklikdə mövqe tutur,  Rusiyanın “sülhməramlı” kontingenti isə ordumuza qarşı həmin yüksəkliyi tərk etmək haqda tələblər irəli sürür. Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı,  həm də zamanında atılmayan addımların nəticəsidir”- deyə Arif Paşa yekunlaşdırıb.

Bu serial da bitir

"Star TV"də yayımlanan "Toprak ile Fidan" serialı üçün final qərarı alınıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, gündəlik təqdim olunan ekran işi 100-cü bölümdə izləyicilərə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Hazal Adıyamanla Osman Aydın paylaşır.

XƏBƏRDARLIQ: Bu iki qida uşaqlar üçün çox zərərlidir

Şirin qazlı sular və toyuq filesi uşaqların və yeniyetmələrin sağlamlığına ciddi zərər verə bilər. Sozcu.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalında yayımlanan "О самом главном" verilişinin efirində deyib. Həkimin sözlərinə görə, şirin qazlı içkilərdə çoxlu şəkər var. Onun artıqlığı, aşağı fiziki fəaliyyətlə birlikdə, 15-16 yaşlarda tamamlanan sümük inkişafını 40 faiz azaldır. "Uşağı yeməyə alışdırmayın. Boşqabı doldurmayın, başa düşməlidir ki, konfet qadağandır", - həkim deyib. Myasnikov toyuq filesini də uşaqlar və yeniyetmələr üçün təhlükəli hesab edir. Onun sözlərinə görə, toyuq əti istehsal edən fabriklər onların yetişdirilmə dövründə qalxanabənzər vəzinə mənfi təsir edən antibiotiklər və hormonlardan istifadə edirlər. (publika.az)

Fateh Terim Türkiyədə klub alır

“Qalatasaray” klubunun keçmiş baş məşqçisi Fateh Terim futbol klubu alır. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuat məlumat yayıb. Məlumata görə, Terim Spor Toto 1-ci Liqada çıxış edən “Bodrumspor” klubunu almaq niyyətindədir. TGRT kanalında yayımlanan “Stüdyoda Futbol” verilişinin şərhçisi Tahir Kum mətbuatda yer alan iddiaları təsdiq edib: “Fateh Terim “Bodrumspor”u almaq üçün fəaliyyətə başlayıb”.

Xızıda qətl: Atasını taxta ilə vurub öldürdü

Xızıda 58 yaşlı kişi öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub. S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Prezident Mədət Quliyevə yeni müavin təyin etdi

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib. O, 1986-cı ildə Bakıda anadan olub, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, “Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib. V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub. Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.

Bakıdakı yeni tikilən yerüstü keçid sökülür - Foto

Bakının Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidi sökülür. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəklərdə görüntülər yayılıb. Qeyd edək ki, keçidin fəaliyyəti şəhər sakinlərin narazılığına səbəb olmuşdu. Sakinlər keçidin həm lazımsız yerdə inşa edildiyini, həm də üçmərtəbəli olduğu üçün çıxıb-düşməyin çətin olduğunu bildirirdilər.

İranda yüzlərlə etnik bəluc edam edildi

Son bir il ərzində İranda 628 sünni məzhəbli etnik bəluc edam edilib və hökumət məmurları tərəfindən öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc İnsan Haqları Təşkilatının son hesabatında məlumat verilib. Hesabatda İranın 23 şəhərində 182 bəlucun edam edildiyi, 446 bəlucun isə müxtəlif səbəblərdən, o cümlədən etiraz aksiyalarında iştirak etdiklərinə görə güllələnərək öldürüldüyü bildirilib.

Klaar yenidən Azərbaycana gəlir

Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 3-də Azərbaycana səfər etməyi planlaşdırır. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, T.Klaar Gənc Avropa Səfirləri və AB-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə açılmış Avro Klubun açılış mərasimində iştirak üçün Bakıya səfər edəcək. Xatırladaq ki, T.Klaar sonuncu dəfə Azərbaycana martın 5-də gəlib.

Netanyahu geri çəkildi: İslahatlar dayandırılır

İsrailin Baş naziri Benyamin Netanyahu fraksiya liderləri ilə görüşdən sonra məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl İsrail Prezidenti İshaq Hersoq ölkənin Baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb. Prezident mitinqlərə görə ölkənin təhlükəsizliyi və iqtisadiyyatının təhdid altına düşdüyünü deyib.

İsrail hava limanı bağlandı

İsrailin Ben Qurion hava limanı bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, buna səbəb məhkəmə islahatlarına qarşı etirazlardır. Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etiraz aksiyaları başlayıb.

Müharibə Rusiyaya keçir - Strelkov

Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov-Qirkin Tula yaxınlığındakı kiçik Kiriyevsk rayonunda baş verən PUA hücumunu şərh edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. O, müharibə zonasının durmadan genişləndiyinə eyham vurub: "Bütün görünüşlərə görə, "xüsusi əməliyyat" zonası sistematik şəkildə (və hətta vaxtından əvvəl) genişlənməyə davam edir",- o bildirib.

İsraildə etirazlar genişləndi - Canlı

İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olan müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra ölkədə etirazlar başlayıb. Sozcu.az xəbər verir ki, etirazçılar Təl-Əvivdə hökumət binalarına gedərək nəqliyyatın hərəkətini kəsiblər.

SEPAH yenə Azərbaycanı təhdid etdi - FOTO

SEPAH-a yaxınlığı ilə seçilən kanallar yenidən Azərbaycan əleyhinə təhdid və təhqir xarakterli paylaşım edib. Sozcu.az xəbər verir ki, onlar tərəfindən paylaşılan fotoda Azərbaycan bayrağını yarıb keçən “Şahid-132” PUA-sı əks olunub. Aşağıda isə Qurandan “İnnə min əl mucrimunə muntəqimu” ayəsi (tər. həqiqətən günahkarları intiqam gözləyir) qeyd olunub.

Ukrayna Moskva yaxınlığındakı rayonu vurdu

Rusiyanın Tula vilayətinin Kireyevsk rayonunda partlayış baş verib. Sozcu.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə ev zərər görüb, 3 nəfər xəsarət alıb. Partlayışın dəqiq səbəbi məlum olmasa da, ilkin ehtimala görə, operativ-taktiki kəşfiyyat uçuş aparatı əraziyə zərbə endirib. *** Məlumata görə, partlayışa səbəb Ukrayna Silahlı Qüvvələrinə məxsus "Tu-141 Strij" pilotsuz uçuş aparatı olub. Dron partlayıcı ilə təchiz edilib. Partlayış nəticəsində üç çoxmənzilli yaşayış binası və dörd yardımçı tikilidə dağıntılar qeydə alınıb. Rayonun paytaxt Moskvadan 200 km uzaqlıqda yerləşdiyi bildirilir.