Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, Milli Hərəkatçılar Birliyinin başqanı Arif Acaloğlu Bakıda yol qəzasında dünyasını dəyişib.
Sozcu.az xəbər verir ki, bu barədə siyasi şərhçi Oqtay Qasımov sosial şəbəkədə bildirib.
"Az əvvəl aldığım acı xəbərdən çox üzüldüm. Türk dünyasının dəyərli ziyalılarından türkoloq alim, İstanbul Mərmərə universtitetinin müəllimi Arif Acaloğlu Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi doğma Bakıda yol qəzasında həyatını itirib. Ağır itkidən dolayı yaxınlarına və dostlarına səbr diləyirəm. Ruhun şad olsun, Arif bəy", - deyə yazıb.
Qeyd edək ki, mərhum sabah Maştağada dəfn olunacaq.
A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.
O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.
Allah rəhmət eləsin!