Ukraynalı general Baxmuta gəldi

Ukraynanın Şərq Qüvvələr Qrupunun komandanı general-polkovnik Aleksandr Sırski bir həftə ərzində ikinci dəfə cəbhənin ən qaynar nöqtəsinə - Baxmut şəhərinə gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, general-polkovnik əlavə hərbi qüvvələrin cəmləşdiyi cəbhəyə gəlib: "O, Baxmutda vəziyyətlə bağlı məruzələri dinləyib, cəbhə xəttində bölmələrimizin müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı problemli məsələlərlə tanış olub”.

Akşener “Altılı masanı” tərk etdi — Vahid namizədin adı məlum oldu

Türkiyədə İYİ Partinin sədri Meral Akşener müxalifətin seçkilərdə vahid namizəd üçün yaratdıqları “Altılı masa”nı tərk etdiyini bəyan edib.  Akşener bununla bağlı bəyanat verib. O, namizədlərinin Ekrem İmamoğlu və Mansur Yavaş olduğunu bildirib. “Ötən il ölkənin gələcəyini düşünərək mühüm addım atdıq. Dünənki toplantıda Prezidentliyə vahid namizədin kim olacağını müzakirə etdik. 5 siyasi partiya CHP sədri Kılıcdaroğlunun namizədliyini bəyan etdilər. Biz Ərdoğana qarşı ola biləcək iki namizədin adını açıqladıq. Bunar Mansur Yavaş və Ekrem İmamoğludur. Təəssüf ki, bu təklifimiz rədd edildi. “Altılı masa” bu qənaətə gəldi. Təəssüf ki, olmadı”-deyə Meral Akşener bəyan edib.

Əkbər Rzayevə və Valeh Qasımova yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub. Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.

Ermənilərin Zəngəzur planı: İranlılar köçürülür?

Müharibədən sonra Zəngəzur beynəlxalq rəsmilərin və strukturların diqqət mərkəzindədir. İki ilə yaxındır ki, regiona müxtəlif səviyyəli rəsmilər, səfirlər, son vaxtlar BMT, UNİSEF, AB nümayəndələri səfər ediblər. Regionda fəlakət risklərinin idarə edilməsi proqramları həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Zəngəzur vilayətinin rəsmi mənbəsi bildirib ki, bu strukturlar və erməni QHT-lər bir-birini gözləmədən müxtəlif icmalarda fasiləsiz təlimlər keçirir. Əsasən əhalinin təxliyəsi, sığınacaqların salınması, mənzil fondunun nizamlanması planlarına aid müzakirələr təşkil edilir. Bu fəallıq sakinlər arasında qorxu, şübhə doğurub. Ehtimal olunur ki, Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçdikdən sonra orada yaşamaq istəməyənlər Zəngəzura köçürüləcək. Eyni zamanda, bu hazırlıqların Qarabağla deyil, İranla bağlı olduğu düşünülür. Hazırki geosiyasi gərginliyə görə Zəngəzur tezliklə iranlı qaçqınları öz damı altına ala bilər”, - məlumatda deyilir.

Uşaqlarına əsəbiləşən qadın özünü bıçaqladı

İsmayıllıda qadın özünü bıçaqlayıb. Sozcu.az xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1990-cı il təvəllüdlü A.İsayeva (şərti) atasına məxsus evdə özünü qarın nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş qadının vəziyyəti orta-ağırdır. İlkin araşdırma zamanı 33 yaşlı qadının evdə övladlarına əsəbləşməsi nəticəsində özünə xəsarətlər yetirməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Türkiyədə müxalifətin vahid namizədi bu tarixdə açıqlanacaq

Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasın gündəliyində əsas olaraq “altılı masa”nın ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. İclasdan sonra müxalifət liderlərinin sözügedən namizədlə bağlı ortaq razılığa gəldikləri məlum olub. Namizədin adının isə martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi bildirilib.  Qeyd edək ki, “altılı masa”ya  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxildir

“Deyirlər ki, Moşudur da, ona nə rol verək?” - “Sənət uçuruma gedir”

“Hal-hazırda Mingəçevir Dram Teatrında müqavilə ilə çalışıram. Sağ olsun, teatrın direktoru İntiqam Soltan məni dəvət edib. Burada mənimlə bərabər bizim hörmətli aktyorumuz Natiq Fərzəliyev də çalışır. Əli Əmirlinin “Varlı qadın” tamaşasını hazırlayıram. Tamaşanın rejissoru mənəm, özüm də oynayıram. Bu tamaşa bir çox teatrlarda səhnələşdirilib, bizim teatrda da olacaq. Yəqin ki, tamaşaçılarımızı bu tamaşa vasitəsilə teatra cəlb edə biləcəyik”.  Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.  “Uzun illərdir çalışdığım Sumqayıt Dövlət Dram Teatrından yaşa görə işdən azad olundum. 70 yaşım var. Təklif olundu ki, müqavilə ilə çalışaq, mən razı olmadım. Bu mənə çox toxundu. Bəzən sual verirlər ki, “Valeh müəllim, filmlərdə niyə çəkilmirsiniz?”. Çəkilmirsiniz sözü bir az böyük çıxır. Çəkən yoxdur axı. Çəkən olsa çəkilərəm. Bəlkə də düşünürlər ki, qiymətim bahadır. Amma elə də fövqəlada qiymətə çəkilmirəm. Teatra, filmə gənc aktyor da lazımdır, qoca da. Gənc aktyorun başına pudra töküb ağartmaqdansa, elə ağsaqqal aktyorunu çək də. Bu gün bizim sahədə yoldaşlıq, dostluq, qohumbazlıq daha böyük rol oynayır. Bu problemlər insanları sənətlə məşğul olmağa qoymur. Hər kəs öz dostunu, qohumu çəkir. Hətta zəif də olsa belə deyir ki, mənə qəbuldur. Belə olan halda da sənət uçuruma gedir. Bu sənət deyil, özfəaliyyətdir. Bəzən özüm haqda eşidirəm, rejissorlar deyir ki, “Nə qədər rol oynasa da, Moşudur da, ona nə rol verək?”. Bu düzgün yanaşma deyil, bu sözü yalnız aciz rejissorlar deyə bilər” deyə sənətkar bildirib.  Xalq artisti “Bəxt üzüyü-2” filmində əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədovun çəkilməməsinə bu cür aydınlıq gətirib.  “Gülşad xanımdan xəbərim yoxdur, amma Ayşada şəxsən özüm demişəm. Dedi ki, istəmirəm. İstəmirsən sağ ol da. Ramiz Əzizbəyli filmi tam başqa cür çəkmişdi, Tahir İmanov isə tam başqa cür. O tragikomediya idi, bu isə komediya. Şekspirin “Hamlet” əsərini dünyanın bütün teatrları səhnələşdirib, hər kəs də özünəməxsus şəkildə. Bəlkə sabah “Bəxt üzüyü” filmini bizdən yaxşı çəkəcəklər?! Heç kimi qınamaq olmaz” deyə sənətkar bildirib. Xalq artisti şəxsi həyatından da danışıb. “O vaxt aktyor olduğum üçün qızlarını mənə vermirdilər. Aktyorluğu hamı qəbul etmirdi. Heç mənim atam da sənətimi qəbul etmirdi. Qaynatama demişdilər ki, aktyor deyil, rejissordur. Demişdi ki, “bu lap pis, rejissor aktyorlara, aktrisalara qucaqlaşmağı, öpüşməyi öyrədir” (gülür). Bir neçə ay qapılarına gedib-gəldik. Sonunda nəhayət ki, evləndik. Həyat yoldaşım artıq həyatda yoxdur. İkinci dəfə evlənməyi özümə rəva bilmirəm. Teatrda rolu iki nəfərə verirlər, biri o birini əvəz edir. Buna teatr dilində dublyor deyirlər. Mən ikinci qadını dublyor hesab edirəm. O nə məni, nə də ki, övladlarımı sevə bilməz” deyə sənətkar bildirib. 

Ermənistanın müdafiə naziri istefaya göndərilir

Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad olunacaq. Sozcu.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, nazirin istefası məsələsi həll olunub. Bildirilib ki, baş nazir Nikol Paşinyan Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı müdafiə naziri təyin edə bilər. Qəzetin informasiyasına görə, A.Abazyan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan rəsmiləri ilə əsirlərin mübadiləsi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar aparıb, konstruktiv mühitin formalaşmasına kömək edib: “Bu isə Nikol Paşinyan üçün vacibdir”.

Əlillər üçün tikilən evlərin pulunu mənimsəyən şirkət rəhbərinə hökm oxunub

Külli miqdarda mənimsəmədə ittiham olunan “Tua-TT” MMC-nin rəhbəri Tural Alışanlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Hökmə əsasən, Tural Alışanlı 5 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror ona 12 il həbs cəzası istəmişdi. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə ƏƏSMN-dən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Qeyd edilən xüsusatlarla əlaqədar həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib. Aparılmış istintaqla həmçinin, T.Alışanlının ƏƏSMN ilə “TUA TT” MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə T.Alışanlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onu da qeyd edək ki, Tural Alışanlı əvvəllər Azərbaycan Kunq-fu Federasiyasının (AKF) vitse-prezidenti olub.

Madonna gənc boksçu ilə sevgilidir - FOTO

64 yaşlı dünyaca məşhur müğənni Madonna 29 yaşlı boksçu Coş Popperlə görüşməyə başlayıb. Sozcu.az olay-a istinadən xəbər verir ki, hətta idmançı İnstaqramında bir neçə foto yerləşdirib. Madonna isə həmin şəkilləri hekayələrdə də paylaşıb. "Daily Mail" müğənniyə yaxın mənbəyə istinadən xəbər verir ki, ulduzun dostluqdan çox idmançı ilə sevgi münasibəti var. Bildirilir ki, boksçu sənətçinin övladlarına da dərs keçir. Xatırladaq ki, bir müddət əvvəl Madonna özündən 41 yaş kiçik sevgilisindən ayrılıb. Müğənni 6 aylıq romantikadan sonra 23 yaşlı Endryu Darnellə münasibətini kəsib.

Korlar bu çip sayəsində görəcək - Mask

İlon Maskın "Nevralink" şirkəti neyroçiplərin insanlarda sınamaq təklifinə rədd cavabı alıb. Sozcu.az xəbər verir ki, milyarderin layihəsinə əsasən, çiplərin insan beyninə yerləşdirilməsi sayəsində ayaqları iflic olunmuş şəxslər gəzə, korlar isə görə biləcəklər. Bununla belə ABŞ-ın qida və dərmanların (FDA) keyfiyyətinə dair idarəsi onu həyata keçirməkdən imtina edib. Bu qərar layihənin onlarla problem yaratması ilə izah olunub. Məsələn, səlahiyyətlilər litium batareyası və kiçik tellərin beynin digər sahələrinə daxil ola biləcəyi ehtimalından qorxurlar. Rəhbərlik həm də çipləri beyin qabığına zərər vermədən çıxartmaq mümkün olub-olmaması barədə narahatdır. (publika)

Sürətli yerimək erkən ölüm riskini AZALDIR

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, gündə 11 dəqiqə sürətli yerimək vaxtından əvvəl ölüm riskini azaldır. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir və xərçəngdən təxminən iki dəfə çox ölümlə nətcələnir. Fiziki fəaliyyət bu vəziyyətlərin baş vermə ehtimalını azalda bilər. Ekspertlər fiziki fəaliyyət səviyyələri ilə ürək xəstəliyi, xərçəng və erkən ölüm riski arasındakı əlaqənin bu günə qədər ən böyük təhlilini təqdim etmək üçün 30 milyondan çox iştirakçının 196 araşdırmasını nəzərdən keçiriblər. Müəlliflər belə nəticəyə gəliblər ki, gündə 11 dəqiqə (həftədə 75 dəqiqə) sürətli gəzinti və ya velosiped sürmək kimi orta intensivlikli məşq ürək xəstəliyi, insult və bəzi xərçəng növləri vaxtından əvvəl ölüm riskini azaltmaq üçün kifayətdir.  Xüsusilə, ürək-damar xəstəliklərinin aşkarlanma şansı 17 faiz, xərçəng isə ümumilikdə 7 faiz azalıb. Bəzi xərçəng növləri üçün azalma daha da böyük olub: baş və boyun şişləri, miyeloid leykemiya, miyeloma və mədə kardiya xərçəngi 14-26 faiz daha az diaqnoz qoyulub. Ağciyər, qaraciyər, endometrium, kolon və döş xərçəngi üçün ehtimallar 3-11 faiz azalıb.

MİT İraqın şimalında PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yeni anti-terror əməliyyatı keçirib.  "Report" “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının “rəhbər şəxsi” Saad Ali Bedel məhv edilib.  Məlumata görə, o, qruplaşmanın Sincar bölgəsinin “hərbi rəhbəri” olub. 

Mirzoyan Hindistanda Lavrovla görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqramda yazıb. O bildirib ki, nazirlər Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdiriblər. Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.

Bakıda 33 yaşlı kişi dava zamanı bıçaqlanıb

Bakının Yasamal rayonunda dava zamanı 33 yaşlı kişi bıçaq xəsarəti alıb. 1990-cı il təvəllüdlü Bayramov Orxan Azad oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Zabrat qəsəbəsində avtomobil yolu keçən 2010-cu il təvəllüdlü İsmayılov Cavid Rövşən oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qızıl bahalaşıb

Qızılın qiymətində artım qeydə alınıb. “Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,22 % və ya 4.05 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1,844.55 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 21.087 ABŞ dolları təşkil edib. ABŞ dollarının ucuzlaşması qiymətli metala təsir göstərir. Belə ki, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,16 % düşərək 104,86 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

ABŞ Bakıya nümayəndəsini göndərir

ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Lyuis Bono bu vəzifədə ilk dəfə regiona səfər edəcək. Səfər gələn həftə baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Prays bildirib ki, Vaşinqton böyük məsləhətçinin Cənubi Qafqaz ölkələrinə səfərlərinin müntəzəm olacağına ümid edir: “Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi ifadə etmək üçün ölkələrin liderləri ilə görüşməyi planlaşdırır. O, Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək. Bono əvvəlcə Bakıya, sonra İrəvana və Tiflisə gedəcək. Regiona səfər Bonoya ABŞ Dövlət katibi, Ermənistan və Azərbaycan liderləri arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan dialoqu davam etdirməyə imkan verəcək”.

Qəhrəmanmaraşda güclü zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Onikişubat rayonunda 5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 6,95 kilometr dərinliyində qeydə alınıb.

Güneydə qızlar məktəbində daha bir zəhərlənmə

Martın 2-də Ərdəbil əyalətinin Aslanduz şəhərinin "Zeynəb" qızlar məktəbində şagirdlər zəhərləniblər. Sozcu.az xəbər verir ki, zəhərlənən 48 şagird xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, martın 1-də də Ərdəbil şəhərinin 9 məktəbində 400 şagird zəhərlənmişdi.

Rusiyanın təyyarə və helikopteri məhv edildi

Ukrayna hərbçiləri Rusiyaya məxsus Su-25 təyyarəsi və Mi-24 hücum helikopterini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Ukrayna hərbçiləri ruslara məxsus 7 PUA-nı da vurub.

Ceyhun Bayramov İsrailə gedir

Xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Martın 29-da baş tutacaq səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.

Messinin ailəsinə məxsus supermarketə silahlı hücum oldu

Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər hücum edib. Sozcu.az xəbər verir ki, Messi və həyat yoldaşının ailəsinin də yaşadığı bölgənin Rosario şəhərində bir qrup narkotik alverçisi ailəyə məxsus "Unico supermarket" şəbəkəsinə hücum edib. Saat 03.20-də supermarketin qapısına atəş açan silahlılar Messiyə təhdid mesajı buraxıblar.   "Messi, səni gözləyirik", - deyə mesajda qeyd olunub.  Hadisə ilə bağlı ətraflı açıqlama verməyən polislər hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı bildirilib.

Talıbovların “qara kassası” danışa bilər

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes obyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Hər halda, bu barədə yerli mediada gedən məlumatlar təkzib olunmayıb. 2 gün əvvəl isə Bəhruz Bayramov muxtar respublikanın kənd təsərrüfatı naziri, Nicat Mahmudov isə Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıblar. Sozcu.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub. Yerli media xatırladır ki, bir neçə il öncə intim videoları ilə gündəmə gəlmiş Nicat Mahmudov Vasif Talıbovun oğlu Seymur Talıbovun "komandasının" ən aktiv üzvlərindən - "qara kassa"larından biri idi. Seymur Talıbov Nicat Mahmudovun əli ilə Sədərək gömrüyünü şəxsi obyekti kimi işlədirdi. Məhz bu gömrük vasitəsilə Naxçıvana və əks istiqamətə hər il dəyəri on milyonlarla dollarla ölçülən qaçaqmal əməliyyatları keçirilirdi. Bu səbəbdən Nicat Mahmudovun məsuliyyətə cəlb olunacağı da istisna deyil.  Maraqlıdır ki, Naxçıvan Ali Məclisinin keçmiş sədri, Milli Məclisin deputatı Vasif Talıbov istefa verdikdən sonra da parlamentin iclaslarına qatılmır. Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Azərbaycan Milli Məclisində təmsil edən deputat mandatı ilə vidalaşmayıb. Konstitusiyanın 89-cu maddəsi  əsasında, Vasif Talıbovun deputatlıq mandatından imtina etmək hüququ var, amma  o, bu hüququndan da hələ istifadə etməyib.   Qüvvədə olan qanunvericiliyə görə, onun məsələsinə intizam komitəsində baxılmalı və bu, ümumi yığıncağın müzakirəsinə verilməlidir. Vasif Talıbovun illərdir Milli Məclisin binasında görünməməsinə rəğmən, onun barəsində hər hansı bir qərarın qəbul edilməməsi çoxsaylı suallar doğurur. "Parlament Talıbovun məsələsini niyə müzakirə etmir" sualına  Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov cavab verib. O, bildirib ki, hələ ki bu barədə məlumat yoxdur: "Bununla bağlı hələ ki, bir xəbər yoxdur, ola da bilməz. Əsasnamə ilə ona hələ heç bir söz deyilməyib. İndiyə qədər 2 iclas olub. Onun mandatının ləğv olunub-olunmayacağı gələcəkdə müəyyənləşəcək. Gözləmək və dözmək lazımdır".  Belə ehtimal etmək olar ki, Talıbov hələ hadisələrin axarını gözləyir və deputat mandatını da hələ formal olsa da, toxunulmazlığını saxlamaq üçün təhvil verməyə tələsmir. “Yeni Sabah” bildirir ki, tədqiqatçı-jurnalist Tural Səfərov musavat.com-a deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov öz postundan istefa versə də, hələ də həm Milli Məclisin, həm də Naxçıvan Ali Məclisinin deputatı kimi qalır: "Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda çoxsaylı qanun pozuntuları, dövlət əmlakını və vəsaitini mənimsəmə, korrupsiya cinayətləri baş verib. Bütün bunlara görə, Vasif Talıbov və övladları məsuliyyətə cəlb edilməlidir. Təəssüf ki, həm Vasif Talıbovun, həm də oğlu Seymur Talıbovun deputat mandatı buna mane olur. Vasif Talıbov 1 saylı Sədərək-Şərur seçki dairəsindən Milli Məclisə deputat seçilib. Seymur Talıbov isə Naxçıvan şəhərindən Ali Məclisin deputatı seçilib. Yəni onların hər ikisinin deputat toxunulmazlığı vardır.  Vasif Talıbov deputat kimi Milli Məclisin iclaslarında iştirak etmir. O, 1995-ci ildən Milli Məclisin deputatıdır. Amma bu 27 ildə Milli Məclisin heç 27 iclasında iştirak etməyib. Milli Məclisin Daxili Nizamnaməsinə görə, Vasif Talıbova deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq olunmalıdır. Milli Məclisin Daxili Nizamnaməsinin 1-ci maddəsində göstərilir ki, deputatların Milli Məclisin iclaslarında iştirakı məcburidir. Daxili Nizamnamənin 45-ci maddəsi "Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları" adlanır. Həmin maddədə Milli Məclisin deputatının hansı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunduğu qeyd edilib. Maddənin 3-cü hissəsində yazılıb: "Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə". Daxili Nizamnamənin 47-ci maddəsi isə "Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası" adlanır. 47-ci maddədə yazılıb: "Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən Milli Məclisin deputatı barəsində Milli Məclisin Sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir. Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzürsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam Komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir". Milli Məclisə sonuncu seçkilər 2020-ci ilin fevral ayında keçirilib. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 2020-ci ildə 43, 2021-ci ildə 38, 2022-ci ildə isə 37 plenar iclası olub. Vasif Talıbov bu dövrdə cəmi bir iclasda iştirak edib. Yəni, ona indiyədək deputat səlahiyyətlərinin itirilməsi intizam tədbiri tətbiq edilməli idi. Təəssüf ki, Milli Məclisin rəhbərliyi buna əhəmiyyət verməyib, beləliklə, parlamentin Daxili Nizamnaməsinin qaydaları pozulub. Nizamnamənin tələbləri pozulduğundan Milli Məclisin növbəti iclaslarında Vasif Talıbovun deputat səlahiyyətlərinin itirilməsi məsələsinə baxılmalıdır. Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki, bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Vasif Talıbov digər parlamentlərarası işçi qruplarında təmsil olunmur. Millət vəkillərinin əksəriyyəti bir neçə parlamentlərarası işçi qrupunun üzvüdür. Vasif Talıbovun isə hər yerdə olduğu kimi, burada da xüsusi imtiyazları olub. Deputat Vasif Talıbov bu 27 il ərzində parlamentdə bir dəfə də olsun çıxış etməyib. Əgər o, Milli Məclisin iclaslarına qatılmayıbsa, deməli, qəbul olunan qanunlara da səs verməyib. Yəni Vasif Talıbov deputat kimi heç bir iş görməyib. Milli Məclisə açıq hörmətsizlik nümayiş etdirərək parlamentin iclaslarına gəlməyən, qanunların qəbulunda heç bir əməyi olmayan, ümumiyyətlə, parlamentin işində yaxından iştirak etməyən birinin deputat olmağa mənəvi haqqı çatmır. Bütün bunlar nəzərə alınaraq, Vasif Talıbovun mandatı əlindən alınmalıdır. Bu məsələ qaldırılanda parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov gülünc bir arqumentlə açıqlama vermişdi. Deputat demişdi ki, Vasif Talıbovun vaxtı olmadığı üçün o, Milli Məclisin iclaslarına qatılmayıb. Əlbəttə ki, bu, çox gülünc və absurd yanaşmadır. Deyək ki, Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə vaxtı yox idi. O zaman bəs indi niyə Milli Məclisin iclaslarına gəlmir?  Bu məsələ təcili şəkildə Milli Məclisdə qaldırılmalı, Vasif talıbovun deputat səlahiyyətlərinə xitam verilməlidir. Maraqlıdır ki, bu ata-bala heç Ali Məclisin də sessiyalarına qatılmırlar. O zaman niyə deputat olmalıdırlar? Deputat mandatı onlara sadəcə qalxan rolunu oynayır. Onların deputat mandatının ləğv edilməsi bütün Naxçıvan əhalisinin istəyi və tələbidir".