Alimlər müəyyən ediblər ki, dünyanın bir çox region və ölkələrində nəqliyyatda və ictimai yerlərdə siqaret çəkməyə qanuni qadağaların tətbiqi ürək-damar xəstəliklərinə yoluxma hallarının təxminən 10 faiz, həmçinin ağ ciyər xəstəlikləri hallarının da 17 faiz azalmasına səbəb olub.
Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatçıların nəticələri "JAMA Network Open" jurnalındakı məqalədə dərc olunub.
"Biz ilk dəfə olaraq siqaret qadağalarının qlobal ictimai sağlamlığa təsirini sistematik şəkildə öyrəndik. Təhlillərimiz göstərdi ki, siqaret çəkmə qadağasının tətbiqi bütün növ ürək və damar xəstəliklərinə tutulma hallarını 10 faiz, ağ ciyər xəstəliklərini isə 17 faiz azaldıb. Həmçinin bu xəstəliklərlə insanların xəstəxanaya yerləşdirilmə nisbəti 9 faiz aşağı düşüb", - tədqiqatçılar yazır.
Bundan əlavə, siqaret çəkmə qadağaları vaxtından əvvəl doğuşların 6 faiz azalmasına, həmçinin siqaret çəkməyənlərdə ölü doğum və digər hamiləlik fəsadlarının ehtimalının da aşağı düşməsinə gətirib çıxarıb.
2005-ci ildə qüvvəyə minmiş Tütünlə Mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının əsas bəndlərindən biri ölkələrin hakimiyyət orqanlarına "nəqliyyatda, ictimai yerlərdə və qapalı məkanlarda əhalini tütün tüstüsünün təsirindən qorumaq üçün bütün lazımi tədbirləri görməyi" tövsiyə edir.