Baqdasaryandan II Qareginə: Kilsədən rədd ol!

Bu adamda ən iyrənc şey bilirsinizmi nədir? Xalqın ona necə nifrət etdiyini bilə-bilə 25 ildir ki, Rusiya FTX-nin göstərişi ilə katolikos rolunu oynamağa davam edir. Sozcu.az xəbər verir ki, bunu tanınmış erməni bloger Roman Baqdasaryan Feysbuk səhifəsində erməni katolikosu II Qareginin şəklini paylaşaraq yazıb. “Bu bir canavardır, katolikos deyil! Söhbət Paşinyanın bu cinayətkar haqqında söylədiyi sözlərdən getmir! Söhbət onun özündən gedir! Qoy hər kəs özünə sual versin: “Bütün xalq sizə nifrət edirsə, “bütün ermənilərin” katolikosu olmağa davam edəcəksiniz?” Varlığınızla ölkədə gərginlik yaradıb, cinsi qalmaqallarla xalqınızı rüsvay edəcəksiniz? Siz cavabı bilirsiniz və indi nəticəyə gələ bilərsiniz, qarşımızda katolikos qiyafəsində şeytan var. Kilsədən rədd ol!”, - o bildirib.

Bakıda gənc qız zəhərlənərək vəfat etdi

Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib. Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib. D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib. Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır.

İyulun 1-də bu şəxslər əsgərliyə aparılacaq - SİYAHI

İyulun 1-dən Azərbaycanda hərbi xidmətə yeni çağırış başlayır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikliyə əsasən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilib. Qanun bu ilin yanvar ayının 1-dən qüvvədədir. Sozcu.az-ın məlumatına görə, bu səbəbdən iyul ayının çağırışında 30 yaşdan yuxarı müddətli həqiqi xidmətdə olmayan şəxslər əsgərliyə cəlb olunmayacaq. Prezident İlham Əliyevin ötən ay imzaladığı sərəncam əsasən aşağıdakı şəxslər  iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar: - 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan şəxslər -1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları.

Azərbaycanda qızılcaya neçə nəfər yoluxub? - Rəsmi cavab

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir. Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.

Ermənistan baş nazirinə qarşı impiçment prosesi uğursuzluğa düçar olacaq...”

“Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının Ermənistan baş nazirinə başlatdığı impiçment prosesi böyük ehtimalla uğursuzluğa düçar olacaq”.  Sozcu.az xəbər verir ki, bunu  səhər saatlarında “Hraparak” nəşri yazıb. “Xatırladaq ki, Ermənistan Respublika Partiyasının təklifi ilə “Şərəf duyuram” fraksiyası Masis şəhərinin meri Davit Hambartsumyanın baş nazirliyə namizəd kimi irəli sürülməsinə qərar verib və fraksiya yekdilliklə bu qərarı dəstəkləmək qərarına gəlib, digər müxalifət deputatlarını da onların təşəbbüslərinə qoşulmağa çağırıb”, - deyə davamında erməni saytı yazır. Məlumata görə, “Hayastan” fraksiyasının rəhbəri, Xocalı canisi Seyran Ohanyan dünən məsələyə belə münasibət bildirib:  “Hayastan” fraksiyası bundan əvvəl verdiyi bəyanata sadiq qalaraq, Milli Məclisdə impiçment prosesinə başlamaq üçün ağlabatan müddət ərzində çatışmayan 28 deputatın imzalarını təmin etməyə hazır olduğunu təsdiqləyir. Bu o deməkdir ki, “Şərəf duyuram” fraksiyasının 6 üzvünə 2  “Vətəndaş sazişi” deputatı qoşulmayana qədər proses davam edə bilməz. Təbii ki, “VS”-dən xaric edilən Akop Aslanyan və Ovik Ağazaryanın da qoşulma ehtimalı daha yüksək idi, lakin hər ikisi imza atmayacaqlarını açıqlayıblar. Sualımıza cavab olaraq Ağazaryan dünən bir daha xatırladıb ki, onlar artıq impiçment təşəbbüsü ilə çıxış ediblər və Edmon Marukyanın namizədliyini irəli sürüblər və onların mövqeyini dəyişib başqa namizədi dəstəkləyəcək yeni hallar yaranmayıb. Aydınlaşdırıcı sualımıza: Küçə mübarizəsi başlasa, fors-major vəziyyət yaranarsa, bunu yeni hal kimi qiymətləndirəcəklərmi, Ağazaryan cavab vermək istəmədi”, - davamında nəşr bildirir.

Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi Cavad İsgəndərlinin ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən sürücülər hakim qarşısına çıxarılıb. Hadisə Binəqədi rayonunda, Şövkət Məmmədova küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində baş verib. “Prius”la “Tufan M50” markalı moped toqquşub. Qəza zamanı mopeddə olan sərnişin Cavad İsgəndərli dünyasını dəyişib. Cavadın olduğu mopedi tələbə yoldaşı idarə edirmiş. “Prius”un sürücüsü isə A.Şıxcanov olub. Qəzaya səbəb Şıxcanovun işıqforun qırmızı işığında yola davam etməsi olub. Qəza zamanı dünyasını dəyişən Cavadın anası sürücülərin heç birindən şikayətçi olmayıb. Lakin hər iki şəxsin onlara və ailəsinə qarşı diqqətindən gileylənib: “Baş daşı üçün bizə 5 min manat yardım edilib. Heç biri qəzadan sonra mənəvi olaraq da yanımızda olmadı. Bir il keçib, amma heç bir dəstəklərini görmədik. Buna baxmayaraq onları bağışlayıram”. Məhkəmə “Prius” sürücüsü Şıxcanov barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Moped sürücüsü isə Cinayət Məcəlləsinin 267.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə bəraət alıb. Məhkəmə araşdırması zamanı moped sürücüsünün heç bir təqsirinin olmadığı, “Prius” sürücüsünün qırmızı işıqda keçəsi nəticəsində qəza baş verdiyi sübuta yetirilib.(Musavat.com)

Ədalətsiz cəmiyyət ağrılı-acılı olur... Hər bir insan demokratik düşüncəli olmalıdı!

Tarixdən məlumdur ki, hansısa Xalq uzun illər çətin, ağır, dözülməz, məşəqqətli sosial durumdadırsa, səfalət içindədirsə, dilənçi günündə yaşayırsa, deməli o XALQ düzgün düşünə bilmir, düşüncələri yanlışdır.  Yəni öz hüquqlarını qoruya bilməyən XALQlar səfalətdə, kasıblıq içərisində, yoxsulluq məngənəsində yaşamağa məhkum olur.   Çünki o XALQlar və o cəmiyyətlər doğru düşünməyi bacarmır. Həqiqəti dərk edə bilməyən Xalqın, cəmiyyətin düşüncələri təbii ki, düzgünlükdən uzaq olur. Bu, birmənalı olaraq belədir. Şair-jurnalist kimi düşünürəm ki, düşüncənin insan həyatında doğrudan da çox-çox böyük rolu var.  Yəni cəmiyyətin düşüncəsi doğru olarsa, o cəmiyyət demokratiyanın nə olduğunu çox gözəl və çox düzgün anlaya bilər.  Əlbəttə, o halda cəmiyyət ədalətli olar və XALQ da qanunların işlədiyi cəmiyyətdə yaşayar.  Doğru düşüncələr ədalətsiz cəmiyyətdə yaşayan vətəndaşların taleyini bir anın içində dəyişə bilər. Xalq, cəmiyyət doğru-düzgün düşünməyi bacarmasa, o XALQın taleyi əzab-əziyyətə, çətinliklərə haqsızlığa, ən başlıcası isə ədalətsizliyə uğrayır. Qanunların hökm etdiyi cəmiyyətdə XALQlar xoşbəxt olur... Dünyada qəbul edilmiş belə bir fikir var: Qanun ŞAHdı,  ŞAH, qanun deyil. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Xatirə Əziz Rəhimli – Qəlbin və Qələmin Səsi

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülən Xatirə Əziz Rəhimli – Azərbaycan ədəbiyyatının və jurnalistikasının parlaq simalarından biri, şairə, publisist və vicdanlı söz adamı olaraq tanınır. Bu mükafat onun illərlə göstərdiyi məhsuldar yaradıcılıq fəaliyyətinin, peşəkar əzminin və vətəndaş mövqeyinin ali qiymətidir. Onun fəaliyyəti təkcə bir sahə ilə məhdudlaşmır – o, həm yazır, həm maarifləndirir, həm də xalqın dərdini, arzusunu qələmə alır. Qələminin gücü ilə insanlara yol göstərən, düşündürən və duyğulandıran Xatirə Rəhimli bu gün cəmiyyətimiz üçün dəyərli simalardan biridir. Sözə könül verən şairə Xatirə Rəhimli poeziya aləmində özünəməxsus dəsti-xətti olan, duyğuların ən incə qatlarına toxunan bir şairədir. Onun şeirlərində vətənə məhəbbət, insanlara sevgi, qadın təbiətinin zərifliyi və həyati müşahidələrin dərinliyi əks olunur. Xatirə xanımın qələmindən çıxan misralar oxucunu düşündürür, saf duyğulara aparır, ruhunu dinləndirir. Onun poetik dünyası həm klassik köklərə söykənir, həm də müasir dövrün ritmini içində daşıyır. Peşəkar jurnalist və ictimai xadim Jurnalistika sahəsində də Xatirə Rəhimli əvəzsiz işlər görüb. O, təkcə hadisələri işıqlandırmır – onları hiss edir, analiz edir, cəmiyyətin mövqeyini qurmağa yardımçı olur. Onun publisistik yazıları təkcə faktlarla dolu deyil, həm də dərin təhlil və yüksək bədii dəyərlə seçilir. Jurnalist kimi Xatirə xanım həm də sosial ədaləti qoruyan, xalqın içindən çıxan problemlərə səs verən bir missiyanı öz üzərinə götürüb. Onun yazılarında cəmiyyətin aynası olan hadisələr, insan taleləri, qəhrəmanlıq nümunələri öz əksini tapır. İnsanlıq simvolu Xatirə Rəhimli təkcə peşəkar deyil, həm də insan olaraq həssas, qayğıkeş və səmimi bir insandır. Onun ətrafında olanlar onu mehribanlığı, ədəb-ərkanı, yardımsevərliyi ilə tanıyır. Xalqın sözünə və düşüncəsinə dəyər verən bu xanım, eyni zamanda ailəsinə, dostlarına və doğmalarına bağlı bir Azərbaycan qadınıdır. Zəngin təcrübə, nurlu yol Uzun illər ərzində qazandığı zəngin təcrübə onu həm ədəbi mühitin, həm də media dünyasının nüfuzlu simalarından birinə çevirib. Gənc nəsil jurnalistlər və yazarlar üçün o, örnək, ruhlandırıcı bir şəxsiyyətdir. Onun yaradıcılığı həm klassik irsə, həm də çağdaş tələblərə uyğun şəkildə inkişaf edir. Nəticə Xatirə Rəhimli – sadəcə bir şairə və ya jurnalist deyil, bir məktəbdir. Onun qələmi həqiqətin, sevgilərin, vətənpərvərliyin, ədalətin carçısıdır. 2024-cü ildə aldığı Prezident mükafatı onun ədəbi və ictimai fəaliyyətinin rəsmi təsdiqi, xalq tərəfindən isə mənəvi təltifidir. Azərbaycan ədəbiyyatı və jurnalistikası onun kimi sözün və əqidənin təmiz daşıyıcılarına hər zaman ehtiyac duyur. Şair-jurnalist Xatirə Əziz Rəhimlinin yaradıcılığı yaşamaqla qalmır – yaşadır. Onun adı daim hörmətlə çəkilir və çəkiləcək. Müəllif: Müşfiq Niftalı oğlu Şəmmədov

Hərbçinin ölümü ilə bağlı vəzifəli şəxslərə cinayət işi AÇILDI

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Hərbçimiz Biləsuvarda dəfn olundu

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn olunub. Sozcu.az-ın məlumatına görə, 19 yaşlı hərbçi doğulduğu Biləsuvar rayonunun Xırmandalı kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Rasim Həsənli bu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Rus qırıcıları məhv edildi

İyunun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukrayna Müdafiə Qüvvələrinin digər hissələri ilə birlikdə Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən Savasleyka aerodromuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, hücum nəticəsində Rusiya qırıcıları, o cümlədən MiQ-31 və Su-30/34 Ukrayna müdafiə qüvvələri tərəfindən vurulub.

Kəlbəcərə düşən güclü dolu selə səbəb oldu

Bu gün Kəlbəcər rayonuna şiddətli dolu yağıb, nəticədə sel hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, təbiət hadisəsi əsasən rayonun mərkəzi və bir neçə kəndində qeydə alınıb. Güclü dolu təxminən 20 dəqiqədən artıq davam edib. Kənd sakinləri bildiriblər ki, rayon işğaldan azad olunduqdan sonra bu cür şiddətli dolu və sel ilk dəfədir müşahidə olunur. Yağıntının təsiri ilə bir sıra küçə və yolları palçıq və su basıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, lakin bir neçə fərdi təsərrüfata ağır yağış nəticəsində ziyan dəydiyi bildirilir.

Kaliforniya qubernatoru Trampı məhkəməyə verir

Kaliforniya ştatı ABŞ Prezidenti Donald Trampı Los-Ancelesdəki etirazları yatırmaq üçün 2000 Milli Qvardiya əsgəri göndərmək qərarına görə məhkəməyə verəcək. Sozcu.az  xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom bildirib. "Donald Tramp məhz bunu istəyirdi. O, yanğınlar törədib və Milli Qvardiyanı federallaşdırmaq üçün qeyri-qanuni hərəkətlər edib. Onun imzaladığı sərəncam təkcə Kaliforniyaya şamil edilmir. Bu, ona hər ştata dair eyni hərəkəti etməyə imkan verəcək. Biz onu məhkəməyə veririk", - qubernator "X"də yazıb. Kaliforniya qubernatoru ABŞ prezidentini iğtişaşlarla bağlı vəziyyəti daha da pisləşdirməkdə ittiham edib.

Türkiyədə cərəyan vuran bələdiyyə sədri vəfat etdi

Türkiyədə elektrik cərəyanı vuran Manisa bələdiyyə sədri Ferdi Zeyrek vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu "X"də paylaşım edib. "Hadisədən sonra xəstəxanaya aparılan və bir müddətdir reanimasiyada müalicəsi davam edən Manisa böyükşəhər bələdiyyə başçımız Ferdi Zeyrek bütün müdaxilələrə baxmayaraq, xilas ola bilməyib. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün sevənlərinə səbir diləyirəm", - nazir yazıb.

Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Azərbaycanla sərhədlərin açılması halında gömrük prosedurlarının hazır olduğunu bildirib. Sozcu.az Musavat.coma-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın əsas ərazisindən Naxçıvana yüklərin tranziti zamanı gömrük nəzarəti digər ölkələrlə olduğu kimi həyata keçiriləcək. Hazırda Ermənistanın Gürcüstan və İranla sərhədlərində sadələşdirilmiş tranzit rejimi tətbiq olunur. Bu da müəyyən hallarda malların daha sürətli və az bürokratik əngəllərlə daşınmasına şərait yaradır. Lakin Akopyan Naxçıvana yönələcək yüklər üçün konkret olaraq hansı sadələşdirilmiş prosedurların nəzərdə tutulduğunu açıqlamayıb. Məsələ ilə bağlı danışıqların davam etdiyi və dəqiq mexanizmlərin razılaşdırılma mərhələsində olduğu ehtimal edilir.

Avropa güclü olmalıdır, çünki ruslar yalnız güc dilini anlayır – Orban

Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilməyəcək. Bunun səbəbi Rusiyanın kifayət qədər zəif olmasıdır. Sozcu.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. “Ruslar bunun üçün çox zəifdirlər. Onlar heç Ukraynanı məğlub edə bilmirlər, ona görə də NATO-ya qarşı ciddi hücum etmək gücündə deyillər”, – Orban bildirib. Orban əlavə edib ki, Avropa güclü olmalıdır, çünki ruslar yalnız güc dilini anlayır.

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

II Qaregin könüllü olaraq subaylıq andını pozub və övladı var. Bu faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edəcəm. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol paşinyan sosial şəbəkə hesabında erməni katolikos II Qaregin haqda qeyd edib. “Buna əsasən, Erməni Apostol Kilsəsinin Kanon Qanununa görə II Qaregin yepiskop, arxiyepiskop ola bilməz, seçilə bilməz, katolikos ola bilməz. Ktriç Nersisyan patriarxlığı boşaltmalıdır. Erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir yadigarı, hər bir surətinə və daşına hörmətlə yanaşan şəxs kimi qeyd edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır, onun yaxşı davranışı katolikosluq seçkilərinə qədər yoxlanılaraq təsdiqlənəcək. Mən Erməni Apostol Müqəddəs Kilsəsinin sadiq davamçılarını patriarxlığın məhəbbətlə və xristian tərzdə azad edilməsi və bütün erməni katolikosu olaraq həqiqətən müqəddəs bir ruhanini seçmək gündəmi ətrafında birləşməyə çağırıram”, - Paşinyan bildirib. Qeyd edək ki, erməni mediası bu postu “Paşinyan kilsəyə qarşı müharibəyə çağırdı” başlığı ilə yayıb. Bundan öncə Paşinyan kilsə xadiminin “subaylıq andını” pozduğunu bildirsə də, onun kimliyini açıqlamamışdı.

Tramp etirazçılarla bağlı göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki iğtişaşçıların həbsinə göstəriş verib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, qanunsuz mühacirlərin kortəbii etirazları şəhərin hər yerini bürüyüb: "İnsanlar avtomobilləri yandıraraq polisə müqavimət göstəriblər. İğtişaşları yatırmaq üçün Milli Qvardiya və 500 dəniz piyadası cəlb edilib, hətta kütləni izləmək üçün "MQ-9 Reaper" pilotsuz təyyarələri və "Black Hawk" helikopterləri də gətirilib".

Əfqanıstan susuz qala bilər

Əfqanıstanın paytaxtı Kabil şəhəri 2030-cu ilə qədər susuz qala bilər. Sozcu.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb. "Son on ildə Əfqanıstan paytaxtının sulu təbəqələrində suyun səviyyəsi 30 metr aşağı düşüb və şəhərdəki quyuların təxminən 50 faizi quruyub", - məlumatda deyilib.

Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanıldı

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır. Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya aparılacağı bildirilib. Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.

Bu hücum Rusiyanın zəifliyini göstərdi - Qaleotti

İyunun 6-na keçən gecə Ukraynaya edilən kütləvi hücum Kiyevin “Hörümçək toru" xüsusi əməliyyatına cavab idi. Bununla belə, o, Rusiya lideri Vladimir Putinin gücünü nümayiş etdirmək əvəzinə, yalnız zəifliyini vurğuladı. Sozcu.az xəbər verir ki, bunu britaniyalı politoloq Mark Qaleotti deyib. "Hörümçək toru” əməliyyatı zamanı 40-dan çox Rusiya təyyarəsinin məhv edilməsindən sonra rusiyalı təbliğatçılar Ukraynaya qarşı “cavab zərbəsi” tələb etməyə başladı. Putin Rusiya aerodromlarına edilən hücuma məhəl qoymaya bilərdi, lakin cavab vermək qərarına gəldi. Ukraynanın uğurlu xüsusi əməliyyatı ilə müqayisədə Rusiyanın hücumu yalnız Kreml rəhbərinin məhdudiyyətlərini göstərdi", - o bildirib.

Kaliforniya qubernatoru Trampa qarşı çıxdı

Kaliforniya qubernatoru Qevin Nyusom Trampın ştatda Milli Qvardiya qoşunlarını yerləşdirmək qərarını “məqsədyönlü şəkildə təxribatçı” adlandırıb. Onun sözlərinə görə, yerli hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir, federal hakimiyyət isə sadəcə tamaşa yaradır. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Ağ ev qoşunların yerləşdirilməsini “qanunsuzluğun qarşısını almaq və qeyri-qanuni cinayətkarların müdaxiləsini dayandırmaq” zərurəti ilə əsaslandırır. Ağ evin mətbuat katibi Karolayn Livitt bildirib ki, Kaliforniyanın demokratları “vətəndaşları qorumaq vəzifəsini tamamilə nəzərə almayıblar”. Bununla belə, Los-Anceles polisinin məlumatına görə, şənbə günü etirazlar dinc xarakter daşıyıb. Paramaunt şəhərətrafı ərazisində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs-işıq qumbaraları tətbiq edilib. Dörd nəfər həbs olunub. Etirazlar immiqrasiya xidmətinin reydləri zamanı 44 miqrantın saxlanılmasından sonra baş qaldırıb. Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr Milli Qvardiyanın yerləşdirilməsini əks-təsir göstərə biləcək həddini aşmış tədbir adlandırırlar. Bu, 1992-ci ildən bəri ştat hakimiyyətinin sorğusu olmadan Los-Ancelesə qoşunların məcburi göndərilməsinin ilk halıdır. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp etiraz aksiyaları zamanı maska taxmağa qadağa qoyub.

Ağstafada ailə faciəsi...

Ağstafada uşaq ölümü faktı qeydə alınıb. Sozcu.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib. Kənd sakini 2024-cü il təvəllüdlü N.İsmayılova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, ötən ilin avqustunda İsmayılovların böyük övladları 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub. Xatırladaq ki, bu ailədə baba və nənənin də faciəvi ölümü diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.

Kolumbiyada zəlzələ

Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” olaraq qiymətləndirilir. ABŞ-nin Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.