Baydendən Novruzla bağlı gözəl sözlər

Novruz minilliklər boyu formalaşan bayramdır və bu gün dünyada milyonlarla insan tərəfindən qeyd olunur. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Tvitter hesabında yazıb. “Ən qaranlıq anlarda belə qarşımızda duran ümidi xatırladan yeni ilin başlanğıcıdır”, - Bayden qeyd edib.

Kılıçdaroğlunun namizədliyi rəsmən irəli sürüldü

Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyası müxalifətin formalaşdırdığı "Altılı masa"nın namizədi Kemal Kılıçdaroğlunun namizədliyini rəsmi olaraq irəli sürüb. Sozcu.az xəbər verir ki, fraksiyanın iclasında deputatlarla yanaşı Kılıçdaroğlunun özü də iştirak edib. İclasda keçirilən səsvermədə deputatlar Kılıçdaroğlunun prezidentliyə namizəd olmasına səs veriblər. Bildirilir ki, Kılıçdaroğlu çərşənbə günü namizədlik ərizəsini Ali Seçki Komissiyasına (YSK) təqdim edəcək.

"Gecə olan kimi maşın sürməyə “eşşəklər” çıxır" - Aparıcı sürücüləri təhqir etdi

Aparıcı Hüsniyə Məhərrəmli bəzi sürücüləri təhqir edib. Sozcu.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video yayıb. Aparıcı Bakı-Sumqayıt yolunda rastlaşdığı sürücülərdən şikayət edib: “Deməli, gecə olan kimi Bakı küçələrinə, əsas da Bakı-Sumqayıt, Bakı-Xırdalan yoluna maşın sürməyə “eşşəklər” çıxır. Adam onlara eşşək də demək istəmir. Onlar eşşəkdirsə, onda eşşəklər də adamdırlar. Deyiləsi deyil… Çoxdankı ideyam var. Onun biznes-planını yazacağam. Yadınızdadırsa, siqnallar var idi, “Lambada” səsi verirdi, sifariş də edə bilirdiniz. Elə bir siqnal sifariş edirsiniz ki, ürək sözlərinizi səsləndirsin və yanınızdan növbəti dəfə biri keçəndə əziyyət çəkmirsiniz, səs tellərinizə yazığınız gəlir. Bütün o bədahətən gələn emosiyaları özünüzdə saxlayırsınız. Siqnalı basırsınız, o, sizin yerinizə ürək sözlərinizi həmin adama çatdırır. Hələ bir-biri ilə yarışan yük maşınlarını demirəm. Gecə vaxtı məni əsəbiləşdirdilər”.

Buna görə Azərbaycana ürəkdən minnətdarıq - Ukrayna səfiri

Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Feysbuk hesabında bildirib. "Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - Kanevski qeyd edib.

Putinin həbsi ilə bağlı order ömürlükdür - Kərim Xan

Rusiya prezidenti Vladimir Putinin həbsi üçün Haaqada verilən order ömürlükdür. Sozcu.az xəbər verir ki, bunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan bildirib. "İnsanlar harada olurlarsa olsunlar, qanunun olduğunu başa düşməlidirlər. Müharibə cinayətləri üçün heç bir məhdudiyyət müddəti yoxdur", - o deyib. Xanın sözlərinə görə, həbs qərarı yalnız Putinin məhkəməyə gətiriləcəyi və hakimlərin işi dayandıracağı halda geri götürülə bilər. Qeyd edək ki, Haaqa məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verib.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz Bayramı münasibətiilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər! Novruz bayramı münasibətiilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bahar Bayramı xalqımızın ən qədim və ən sevimli bayramlardan biridir. Baharın gəlişi, təbiətin oyanması ilə bağlı olan bu bayram, həm də qədim ənənələrimizin qorunub saxlanması, nəsildən nəsilə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Xalqımızın kimliyini unutdurmaq, assimilyasiya etmək istəyənlər zaman-zaman tariximizi təhrif etmiş, başqa adət-ənənələrimiz kimi bu bayramımızı da unutdurmağa, mahiyyətini dəyişdirməyə çalışıblar. Xüsusilə sovet dövründə qadağan edilmiş Bahar Bayramımız Azərbaycanda gizli şəkildə qeyd edilirdi. Soydaşlarımız bir- birilərini gizli təbrik edir, bayram nemətlərini gizli hazırlayır, bayram şənliklərini gizli keçirirdilər. Müstəqilliyimiz əldə olunandan sonra isə Novruz rəsmi dövlət bayramları arasında öz layiqli yerini tutdu. İndi təntənə ilə qeyd edilir və xalqın ən sevimli bayramlardan biridir. Təəssüf ki, zəngin sərvətlərə sahib olan bir ölkənin vətəndaşları digər bayramlar kimi Novruzu da ürəkləri istədiyi kimi qeyd edə bilmirlər. Sosial- iqtisadi durumun pisləşməsi, qiymətlərin ardıcıl olaraq böyük sürətlə artması nəticəsində sadə Azərbaycan ailəsi ucuz bir bayram süfrəsi də aça bilmir. Belə ailələrsə ölkə əhalisinin böyük bir hissəsini təşkil edi Artıq üçüncü ildir ki, İşğaldan azad edilmiş torpaqlarımızda bayram tonqalları yanır. Bu əziz gündə, bu qələbəni bizə yaşadan, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sayğı ilə anır və onlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, Bahar Bayramını işğaldan azad edilmiş ərazilərdə yenidən qurulmuş şəhər və kəndlərimizdə qeyd edəcəyimiz gün də çox uzaqda deyil. Əziz həmvətənlər! Sizi bir daha Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçdi

Türkiyədə fevralın 6-da Qəhrəmanmaraşda baş verən şiddətli zəlzələ nəticəsində ölənlərin sayı 50 min 95 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, məlumatı AFAD yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində 107 min 204 nəfər isə yaralanıb.

Rəsmi Bakıdan Ermənistana xəbərdarlıq

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, 20 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutması nəticəsində 1 nəfər hərbi qulluqçumuz yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik. Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır. Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir. Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".

İranlı narkotacirin Bakıdakı kuryer dəstəsinin üzvləri ələ keçdilər - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıb. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Rusiyanın Baxmutu ələ keçirmək planları iflasa uğramaqdadır..."

"Rusiya Baxmutda strateji hücum əməliyyatı apara bilmir, ətalətlə hücumlar edir..." Rusiyanın Baxmut şəhərini zəbt etmək planları uğursuzluqlara düçar olub, rusiyalılar ətalətlə hücumlar edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak "Telegram-kanal"ında məlumat verib. "Müdafiə qüvvələri düşmənə şərqdə müqavimət göstərməkdə davam edir, hazırda onların Baxmutu işğal etmək planları iflasa uğramaqdadır", - Yermak yazıb. Öz tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qruplaşmasının mətbuat katibi Sergey Çerevatı deyib ki, Rusiya qüvvələri Baxmutun zəbt edilməsi əməliyyatını başa çatdıra bilmir və "ətalətlə" hücumları davam etdirir. "Hazırda onlar mahiyyətcə taktiki olaraq Baxmut rayon mərkəzinin zəbt edilməsi üzrə əməliyyatı başa çatdıra bilmir. Bəli, orada çox aktiv döyüşlər gedir, onlar hələ də ətalətlə onlarla hücumlar edir, lakin böyük itkilərə məruz qalır. Sutka ərzində şəhərdə 16 döyüş toqquşması baş verib. Bu zaman işğalçılar yaşayış məntəqəsini və ətraf əraziləri 55 dəfə atəşlərə məruz qoyub. O, vurğulayıb ki, rusiyalıların indiki hərəkətləri strateji hücum əməliyyatına bənzəmir. Bu arada Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) ekspertləri bəyan edib ki, Rusiya mətbuatının Rusiya Silahlı Qüvvələrinin Baxmutun çox hissəsinə nəzarət etməsi barədə bəyanatları həqiqətə uyğun deyil. "ISW Priqojinin "vaqnerçilər"in, guya, Baxmut inzibati mərkəzinin və Baxmutka çayının qərb sahilinin 600-700 metrliyində olması barədə bəyanatının vizual sübutlarını görmür. Həmçinin Rusiyanın şəhərin, guya, 70 faizini işğal etməsi də həqiqətə uyğun deyil. ISW-nin dəyərləndirməsinə görə, martın 8-nə Rusiya Baxmutun 50 faizinə nəzarət edib, o zamandan rusiyalılar əhəmiyyətli irəliləyişə nail olmayıb", - amerikalı mütəxəssislər vurğulayıb.

“Müharibə vaxtı qaçıb xaricdə gizlənmişdilər, indi milyonlar qazanırlar”

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.  Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.  Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur vətənpərvərliyin içdən gələn duyğu olduğunu və hər kəsdə olmadığını bildirib:  “Biri var, vətənpərvərlik, biri də var vətən oğruları. Vətənpərvər insanlar ailədə bu cür yetişir, belə tərbiyə olunur və vətəni, dövləti, xalqı, milləti sevirlər. Onlar bu vətən uğrunda canlarından keçən insanlardır.  Mən şəhid olan oğlum Rövşəndən misal gətirəcəyəm, o, “İstanbul” restoranını işlədirdi, iki övladı, cavan xanımı var idi, amma müharibə vaxtı bir kəlmə dedi ki, vətən məni çağırır, getməliyəm. O komissara dedi ki, cavan, 18-19 yaşlı uşaqlar düşmənlə bacara bilməz, ora təcrübəli, mənim kimi zabitlər lazımdır. Özü və onunla bərabər 5 zabit dostu döyüşə getdi. Füzulidə, Cəbrayılda, Qubadlıda vuruşdu, Şuşa uğrunda döyüşdə yaralandı, yaralananda ona morfin vuruldu və hayqırdı ki, qələbəni birimiz canımız, birimiz qanımızla almalıyıq! Amma həmin dövrdə Azərbaycanın bütün məmur, nazir və millət vəkilinin balaları hamısı  qaçıb Dubaya, Londona, Avropaya, Amrikaya getdilər. Mən bu haqda prezidentə də müraciət etmişdim. Onlar müharibədən sonra, qələbə qazanandan sonra Bakıya qayıtdılar, atalarının aldığı bahalı maşınlara minib bayraqları çıxarıb şou yaratdılar.  Amma əslində həmin adamlar hamısı fərari idilər. Onlar vətənin, dövlətçiliyin düşməni idilər, lakin görün necə şou yaratdılar. Onların hamısını, ataları ilə bir yerdə içəri basmaq lazım idi”.  Sənətçi İkinci Qarabağ Müharibəsi dövründə ölkədən qaçan məmur övladlarını sərt şəkildə tənqid edib:  “İkinci Qarabağ müharibəsində 3 min şəhid verdik. O şəhidlərin hamısı kasıb balaları idi. O qaçanlara isə Azərbaycanın pulu lazımdır. Onlara məhz pul lazımdır ki, gedib xaricdə villa alsınlar, otel tikdirsinlər, şirkət qursunlar, kef çəksinlər. Bunlarda milli hiss yoxdur. Milli hiss genlə gəlir, nəsildə olur, evdə aldığı tərbiyədən gəlir. Bir yəhudi misalı var: deyir ki, bir insan 3 nəfər siyasətçi ilə oturub-dursa, 4-cü siyasətçi olacaq, vətənpərvərlə oturub-dursa özü də elə olacaq və narkomanla oturub-dursa, 4-cü narkoman elə özü olacaq. Bunlarda vətənpərvərlik, dövlətə xidmət hissi yoxdur! Onlar gözüyumulu yaşayırlar, çünki hamısının genində qarışıqlıq var, onlarda ya erməni, ya da rus qanı var. Müharibə vaxtı ölkədən qaçan bu adamlar indi milyonlar qazanırlar”. 

Prezident icra başçısını işdən çıxardı

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"

"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, inflyasiyada qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır: "Təəssüf ki, bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir”. V.Əhmədov vurğulayıb ki, bir ildən artıq vaxt keçməsinə baxmayaraq həmin məcəllə hələ də parlamentə daxil olmayıb: “Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və məcəllə Milli Məclisə daxil olsun. Çünki hesabatdan da göründüyü kimi bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri-mümkündür”. V.Əhmədov bildirib ki, hələ də dərmanların qiymətlərinin yüksək olması ilə bağlı şikayətlər var: “Görünür problem aradan qaldırılmayıb və bundan sonra da davam edəcək. Bu məsələyə süni qiymət artımı da təsir edir. Bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir”. Deputat həmçinin bank faizlərinin yüksək olması məsələsinə də toxunub: "Kredit faizlərin yüksək olması sahibkarlar üçün problem yaradır. İkinci məsələ, bağlanmış banklarda əhalinin kifayət qədər əmanətləri var və əmanətlərin qaytarılmasında ciddi problemlər var. Üçüncü, vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Mərkəzi Banka bu problemin həll edilməsini tövsiyə edirəm.

Bakı metrosunun keçidində kişi öldü

Bakı metrosunun “Neftçilər” stansiyasının keçidində sərnişin vəfat edib. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, pilləkənlərlə düşərkən özünü pis hiss edən şəxsə ətrafdakılar ilkin tibbi yardım göstərib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Kürün su problemi bitdi, yoxsa daha ağır günlər gəlir?

“Salyanda suyun səviyyəsinin artması insanlarda elə fikir yaratmasın ki, iyun-avqust aylarında da belə olacaq. Təxminən iyun ayının ortalarından sonra Azərbaycanda su ilə bağlı daha ciddi çətinliklər yaranacaq”. Bunu “Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov bu günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsinin qalxmasına münasibət bildirərkən deyib. O, bunu son iki gündə dağ rayonlarında intensiv yağan yağışlarla əlaqələndirib: “Türkiyənin, Gürcüstanın əksər bölgələrində də intensiv yağışlar yağıb. Yağış yağanda nə baş verir? Mən əvvəlki müsahibələrimdə demişdim ki, qarşıdan yaz gəlir, intensiv yağışlar yağacaq. Yağışlar çaylarda su bolluğu yaradacaq və müvəqqəti olaraq suya olan ehtiyac ödəniləcək. Amma iyul-avqust aylarında biz daha ciddi problemlə üzləşəcəyik”.  Vahid Məhərrəmov qeyd edib ki, intensiv yağan yağışlardan sonra suyu anbarlarda yığmaq lazımdır: “Su anbarları lillə dolub, onlar təmizlənməlidir. Xüsusən də böyük anbarlar. Mingəçevir Su Anbarı dolub, indi əvvəlki həcmdə su saxlamır. Hazırda anbarda daha az su yığılır. Buna görə də mövcud olan su anbarları lildən təmizlənməlidir”.

İran səfirliyi qarşısında AKSİYA - Fəridi azad edin!

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib. Sozcu.az xəbər verir ki, İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı rəsmi Tehrandan informasiya tələb olunub. Yaxınlarının iştirak etdiyi piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" və s. şüarlar səsləndiriblər. Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Buraxılış imtahanında riyaziyyatdan suala "belə bir paralelepiped yoxdur" yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək

Buraxılış imtahanında riyaziyyat fənnindən paralelepipedlə bağlı salınmış sualı həll edib və "belə bir paralelepiped yoxdur" yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, həmçinin, sualın hansı formada həll edildiyinə də baxılacaq: "Buna uyğun 1 bal, 2 bal, yoxsa yarım bal veriləcəyi müəyyənləşdiriləcək. Açıq sualların necə yoxlandığına dair meyarlar öncədən verilib".

Təbrizdə milli məzmunlu banner asıldı

Martın 16-dan 17-ə keçən gecə Təbrizin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən Güney Azərbaycan müstəqilliyi ilə bağlı banner asılıb. Sozcu.az xəbər verir ki, bannerdə “Güney Azərbaycanın müstəqilliyi yalnız “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə gerçəkləşəcək” yazılıb. “Azadlıq, Ədalət, Milli Hökumət” son aylar Güney Azərbaycanda ən çox bəyənilən şüara çevrilib və bu artıq İranda yaşayan başqa qeyri-fars xalqlar tərəfindən də səsləndirilir.

Laçına ilk köç: 296 ailə məskunlaşdırılacaq

Bu ilin sonunadək Laçına ilk köç baş tutacaq, 296 ailə məskunlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır: "Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirilib. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir".

Nadir Qafarzadə yeni avtomobil aldı

Müğənni Nadir Qafarzadə yeni avtomobil alıb. Sozcu.az xəbər verir ki, bu barədə o, “Şou xəbər”ə müsahibəsində deyib. İfaçı yeni maşınını veriliş üçün hazırlanan süjetdə nümayiş etdirib: “Özümə hədiyyə etmişəm. Kim mənə hədiyyə etsin? Dünən yuduzdurmuşdum. Saxladım məhlədə. Evdən çıxanda gördüm ki, çirklənib”.

Məleykə Abbaszadə abituriyentləri hədələdi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib.  Sozcu.az-ın xəbərinə görə, o, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın.  “Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb. 

Vəzifəli şəxs İcra Hakimiyyətinin qarşısında bıçaqlandı

Sumqayıtda vəzifəli şəxs işlədiyi yerin qarşısında bıçaqlanıb.  Sozcu.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə dünən saat 15 radələrində şəhərin İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin qarşısında baş verib. İnzibati binanın qarşısında RİH-in Memarlıq və Tikinti şöbəsinin aparıcı-məsləhətçisi vəzifəsində çalışan 1989-cu il təvəllüdlü Cavidan Mirzəyev döş qəfəsi nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan məmur xəstəxanaya aparılıb.  İlkin araşdırmalar zamanı hadisənin Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rafiz Nəcəfov tərəfindən törədilməsi müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.  Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.  R.Nəcəfovun məmuru hansı səbəbdən bıçaqlaması hələlik məlum deyil. 

Tağı Əhmədov əlil arabasına möhtac qalıb

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun sağlıq durumu getdikcə pisləşir. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.  Yenisabah.az xatırladır ki, T Əhmədov 5 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir. Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir.  Məlumatlara görə, 2 ildən çoxdur ki, T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb. Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir. Bakıdakı bahalı klinikaların birinin daimi pasiyenti olan keçmiş Metropoliten rəisi müayinə prosesini də ailə üzvlərinin müşayiəti altında həyata keçirir.  Qohumlarından biri saytımıza deyib ki, hərəkət imkanlarını itirəndən sonra o, yaxın ətrafı ilə əlaqəni kəsib. T.Əhmədov dostları və keçmiş iş yoldaşları ilə ancaq telefon vasitəsilə əlaqə saxlayır.  Səhhətindəki problemlərə rəğmən, onun bədii yaradıcılıqla məşğul olduğu bildirilir. Həmişə dahi Hüseyn Cavidlə olan qohumluğu ilə fəxr edən T.Əhmədovun yeni povest üzərində işlədiyi söylənilir. 

"Biz varlıları soymuruq, kasıbların futbola çıxışına kömək edirik" - İnfantino

FİFA prezidenti Canni İnfantino qurumun və onun ünvanına səslənən mənfi fikirlərə münasibət bildirib. Sozcu.az "RMC Sport"a istinadən xəbər verir ki, qurumun rəhbəri FİFA-nı "Robin Qud" adlandıranlara da cavab verib: “Məni və FİFA-nı niyə tənqid etdiyinizi başa düşmürəm. Bəzi jurnalistlərin niyə belə qəzəbləndiyini anlamıram. Bəlkə də jurnalistlərlə kifayət qədər ünsiyyət qura bilmirəm. Kimsə demişdi ki, FİFA futbolun Robin Qududur. Amma biz varlıları soymuruq, əksinə, kasıbların futbola çıxışına kömək edirik. Mənə şəxsi hücumlar da var. Bilin ki, FİFA-ya, onun prezidentinə hücum edirsiniz... Bu hücumlar niyə baş verir? Məni sevmək məcburiyyətində deyilsiniz, amma mənə hörmətlə yanaşmalısınız".   İnfantio FİFA haqqındakı korrupsiya iddiaları ilə bağlı da danışıb: "Bu, çox ciddi iddialardır. Bu gün bu haqda danışmağa məcbur oldum. Mən komandamla çox işləyirəm. Namizədliyimi dəstəkləyən 200-dən çox məktub aldıqdan sonra yenidən seçildim”.