Ahmet Özay: “Sürgün edilən və öldürülən Krım tatarlarının sayı 500-600 min civarındadır”

“Sürgün edilən və öldürülən Krım tatarlarının sayı 500-600 min civarındadır. Krımdan, əsasən, əli silah tutmayan, İkinci Dünya müharibəsinə getməmiş yaşlılar, qadınlar və uşaqlar sürgün edilib. Onların sayı 450-500 min civarında idi. Əgər bu sayı əsas götürsək, deməli, sovet ordusu tərkibində 100-150 min civarında Krım tatarı vardı. Biz onların heç birinin savaşdan geri qayıtmasına şahid olmadıq. Onlar Şərq və Qərbdən olan güclər tərəfindən cəbhədə öldürüldü”.

Bunu “Report”a müsahibəsində Krım Tatar Milli Məclisinin Almaniya təmsilçisi Ahmet Özay deyib. O, sovet dövründə Krım tatarlarının Sovet İttifaqına xəyanət etməsi ilə bağlı iddialardan da söz açıb və bunun fakta söykənmədiyini vurğulayıb:

“İkinci Dünya müharibəsinə nəzər saldıqda “Krım tatarları sovet dövlətinə xəyanət etdi” kimi stalinist bir iddia qarşımıza çıxır. Mən Almaniyada yaşayan və bu məsələni araşdıran bir insan olaraq deyə bilərəm ki, Krım tatarlarının faşist ordusundakı sayı iki min nəfəri keçməyib. 150 min Krım tatarı sovet ordusunda döyüşərkən, alman ordusunda bu say 2500 civarında olub. Ancaq Sovet İttifaqı zamanı belə əsassız iddialar səsləndirilib və 500 min civarında Krım tatarı Türküstan coğrafiyasına, bugünkü Özbəkistan, Qazaxıstan, Tacikistana sürgün edilib. Onların geri qayıtmaları 1969-cu ildən etibarən gündəmə gəlib. Krım tatarları digər millətlərə qarşı sovetlərin “yumşalma” siyasətindən faydalanmaq istəsələr də, ötən əsrin 80-ci illərinə qədər bu, mümkün olmadı”.

Həmsöhbətimiz qeyd edib ki, SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçovun 1991-ci ildə yaratdığı imkanla Krım tatarları kütləvi şəkildə geri qayıtmağa müvəffəq oldular:

“Bu istiqamətdə xüsusilə bir hadisəyə diqqət çəkmək lazımdır. 1989-cu ildə Ağməsciddə Türkiyə ilə SSRİ arasında idman yarışı Krım tatarlarının ölkəyə qayıtmasına ciddi təsir göstərib. Çünki həmin vaxt bir çox insan avtobuslarla yarış izləmək bəhanəsi ilə bəlkə də, ilk dəfə Krıma gedib, qohumları ilə görüşüblər. Bu gün Krım tatarlarının 80-90 faizi Krımda yaşayır və ümumi əhalinin 13-15 faizini təşkil edirlər”.

Share on Facebook