Martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarından sonra cəmiyyət iki yerə bölünüb. Hazırda test üsulunun ləğv edilməsini tələb edənlərlə yanaşı, bunun ciddi fəsadlara səbəb olacağını düşünənlər arasında mübarizə gedir. Birincilər hesab edirlər ki, testin tətbiqi əzbərçiliyə gətirib çıxarır və nəticədə şagirdlər fundamental biliklərə yiyələnə bilmirlər.
İkincilər isə test üsulunun ləğv edilməsinin təhsildə rüşvətxorluğun yayılmasına səbəb olacağından narahatdırlar.
Vəziyyətdən çıxış yolu nədir? Ənənəvi qaydada davam edək, yoxsa sovet dövründəki proseduru tətbiq edək?
Yenisabah.az-a açıqlamasında tanınmış rejissor, “SOY Production”ın rəhbəri Oqtay Əliyev deyib ki, bu gün nə sovet dövrünü tətbiq etmək, nə də hazırkı test üsulunda qalmaq lazımdır:
“Çünki test üsulunda daha çox əzbərçilik var. Onlar bir müddət nə var əzbərliyirlər, ikinci-üçüncü kursdan sonra isə 80-85% tələbə hamısını unudur. Abituriyentlər sadəcə olaraq sualın cavabını bilir, lakin məsələnin mahiyyətinə enmir. Onlar sadəcə qısa-qısa ensiklopedik savad əldə edirlər”.
Onun sözlərinə görə, uşaqların belə ensiklopedik savadla da çox şeydən xəbərləri olmur:
“Təbii ki, savadlı uşaqlarımız var, amma bu gün biz savavsızlığa doğru gedirik.
O ki qaldı sovet dövründəki partiya və katib uşaqlarının istədiyi ixtisasa qəbul olmasına, nəzərinizə çatdırım ki, sovet dövründə hüquq fakültəsinə vəzifəli şəxslərin uşaqlarının qəbul olması qəti qadağan idi. Yaxud Xalq Təsərrüfatı İnstitutuna da, həmçinin... Sadəcə olaraq, bu ixtisaslara fəhlə, kəndli və kolxozçuların uşaqlarıı qəbul oluna bilərdi. Katib uşaqları tarix fakültəsinə girəndən sonra tarixdən çıxıb milisdə işləyirdilər. Amma hüquq fakültəsi və xalq təsərrüfatına qəti qadağa qoyulmuşdu”.
Onun fikrincə, sovet dövrünün də mənfi cəhətləri var idi:
“Orada da rüşvət və tapşırıqlar mövcud idi. Anarın bir əsəri var: “Şəhərin yay günləri”. Orada görürük ki, o-bu gəlir qapısına, rüşvət verir ki, uşağı qəbul olsun.
Bunun ortaq bir çıxış yolunu tapmaq lazımdır. Məsələn, bu gün Asan Xidməti görürük. İmtahan sistemində də Asan Xidmət kimi bir strategiya olmalıdır. İndi Asan Xidmətdəki pəncərələrin hamısı vaxtilə bir rüşvət yuvası və pəncərəsi idi. Adicə şəxsiyyət vəsiqəsi, pasport, çıxarış alanda da pul istəyirdilər. İndi bunların biri də yoxdur. Deməli, təhsildə də alternativ nələr isə etmək olar”.
“O ki qaldı imtahanların suallarına, tanış-biliş deyir ki, elə suallar qoyublar ki, hələ uşaqlar onu keçməyib. Mart ayında mayda uşağa keçirilməsi planlaşdırılan hansısa bir fənnin sualını qoymaq o deməkdir ki, bu uşaq sualın cavabını bilməsin və kəsilsin. Məsələn, aprel ayında Mirzə Fətəli Axundovu keçirlər. Bu uşağa isə qəbulda o haqda sual düşüb, hansı ki, bu adam onu oxumayıb və keçməyib”, - əlavə edib.
“Ona görə də belə nüansları aradan qaldırmaq lazımdır. Məndən olsa, institutların qapısını taybatay açmaq lazımdır ki, hamı oxusun. Sadəcə təhsili elə etmək lazımdır ki, yanvar semestrində artıq orada sadəcə savadlılar qalsın, bacarmayanlar da getsin.
Heyfim ona gəlir ki, 680-700 bal yığan uşaqlar universitetə girəndən sonra hamısını unudur. Özləri də özlərinə heyfslənir ki, mən bu boyda əziyyəti axı nəyə çəkdim? Biz universitetlərdəki təhsildən başlamalıyıq. Onsuz da universitetlərdə keçirilən təhsilin səviyyəsini də bilirik. Bunları dəyişməliyik”, - yekunlaşdırıb.