Ağsulu sahibkarlar etiraza qalxdı: ETSN onları niyə məhkəməyə verib? –VİDEO

Bu gün bir qrup Ağsu rayon sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşaraq, nazir Muxtar Babayevlə görüşmək istəyiblər. JAMAZ.İNFO xəbər verir ki, nazirin qəbul günü olsa da, onlara bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər. Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək. Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya Nazirliyi onlarla müqavilə bağlamır. Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.

Paşinyana "qaz" verən səbəb nədir?

Elşən Əlisoy  Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda olan seperatçılara "hörmətli Qarabağ vətəndaşları" deyərək müraciət edib.  Fevralın 18-də Münxendə keçirilən tədbirdən dönən kimi sosial şəbəkə hesabından Ağrı dağından bəhs edən şeir paylaşıb.  Bəzi hakimiyyət yönümlü politoloqların: "Qarabağ məsələsində beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycan qarşı qərəzli mövqey sərgiləyirlər" fikrinin əksinə olaraq artıq hər kəsə bəllidir ki, Paşinyanın əlini gücləndirən əsas məsələ Azərbaycanda demokratik dəyərlərin sıradan çıxarılması, siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq təşkilatların tələblərinin yerinə yetirilməməsidir.  Münxəndə keçirilən tədbirdə Paşinyanın ən əsas silahının da məhs demokratiya olduğunu hər kəs gördü. Azərbaycan telekanallarında Paşinyanın demokratiya ilə bağlı çıxışının yarımçıq kəsilməsi güclü bir həmlənin qarşısından qaçmaq və üz qarası məsələsini cəmiyyətdən gizlətmək cəhdi idi.  Paşinyan Azərbaycanın zəif yerini tapıb və bundan məharətlə istifadə edir. Cəmiyyət anlamalıdır ki, Paşinyana "qaz" verən və onu haqlı vəziyyətə gətirən ən əsas səbəb, demokratik dəyərlərə münasibətdə Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətidir.   Demokratik seçki keçirən, korrupsiyanın olmadığı, mətbuat və fikir azadlığı olan bir ölkə ilə, həbsxanasında siyasi məhbusun ölüm aclığından olduğu bir ölkə arasında ciddi fərqin olması və Qarabağ məsələsində dünyanın münasibətində özünü bunun özünü göstərməsi qaçılmazdır.  Məsələləri anlamaq üçün politoloq olmağa ehtiyac yoxdur, bir balaca araşdırma qabiliyyətin olsa, kiçik bir araşdırma aparsan görəcəksən ki, Paşinyanın "dəyirmanına su tökən" konkret qüvvə Azərbaycan hakimiyyətidir.  Günahı orda-burda axtarmaq lazım deyil.