Dostlar mütəmadi olaraq bu sualı verirlər və hər zaman bir neçə "açar" sözdən ibarət eyni cavab alırlar, bir müddətdən sonra İranın hərbi müdaxiləsilə bağlı suallar yenidən səslənir. Görünənən odur ki, cavab qane etmir və bu səbəbdən daha ətraflı izahata ehtiyac var.
Dünya böyük mexanizmdir, bir detalın sıradan çıxması mexanizmin ümumi işinə zərər verəcək, bu baxımdan Rusiya və ABŞ-ın prinsipial fərqi ondan ibarətdir ki, Rusiya təsir dairəsində olan ölkələri dondurulmuş münaqişələr, təhdidlər vasitəsilə idarə edir, ABŞ öz təsir dairəsində olan ölkələri isə dayanaqlı sülh, sabitlik, sosial rifah, ədalətli idarəetmə, demokratiya ilə yönləndirir(məhz yönləndirir, idarə etmir).
Dünyanın strateji təhlükəsizlik doktrinası mövcuddur. Bu doktrinada ölkələr arası, regionlar arası, hərbi-siyasi ittifaqlar arası münasibətlər tənzimlənir: hərbi-iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik qarantiyaları, nüvə təhlükəsizliyi, terror təşkilatlarla mübarizə və s.
Başqa sözələrlə strateji təhlükəsizlik doktrinası dünyada sabitliyi təmin edən faktordur.
*Qeyd.
Rusiya Ukraynaya hücum etməmişdən qabaq ABŞ-a verdiyi "təhlükəsizlik təminatı" adlı ultimatum yadınızdadırmı? Həmin sənəddə Rusiya tələb edirdi ki, ABŞ və NATO post-sovet məkanından çəkilsin. Məhz bu sənəd qlobal strateji təhlükəsizlik doktrinasının dəyişdirilməsi cəhdi idi. ABŞ və NATO-nun Rusiyanın cəhdinə cavabı bu gün hər kəsin gözü qabağındadır.
Cənubi Qafqaz geosiyasi xəritədə Qərbin təsir dairəsində olacaq regiondur, Azərbaycan da, Ermənistan da, Gürcüstan da. Deyəcəksiniz ki, bəs bu illər ərzinə bu region Rusiyanın təsir dairəsində idi. Bəli, unutmayaq ki, ABŞ regionla əməkdaşlığa başlayanda bu region məhv Rusiyanın təsir dairəsində idi(1991-ci ildə bəri) və ABŞ "long game"(uzunmüddətli) strategiyasına uyğun "realpolitik" çərçivəsində davranaraq gündən-günə təsir gücünü artırırdı.
Bugünkü geosiyasi "zəlzələ"(yəni yaxın gələcəkdə Rusiyanın öz sərhədlərinə çəkilməsi) təsir dairələrin yeni sərhədlərini cızacaq və bizim region məhz Qərbin(başqa seçim də yoxdur, Çinin təsir dairəsində olan deyil ki) təsir dairəsində olacaq. Bu proses 2022-ci il 24 fevralda kəskin sürətlənib.
Azərbaycan öz növbəsində enerji təhlükəsizlik sahəsilə yanaşı bir neçə sahədə Qərbin müttəfiqi sayılır. 3 ən yaxın strateji müttəfiqimiz (İsrail, Böyük Britaniya, Türkiyə) ABŞ-ın da strateji müttəfiqləridir. Təbii ki, Azərbaycanın Qərb qarşısında öhdəlikləri olduğu kimi, Qərbin də Azərbaycanın qarşısında strateji öhdəlikləri var. Azərbaycana İran və ya Rusiya tərəfindən təhdidlər strateji təhlükəsizlik doktrinasına ziddir, bu baxımdan Qərbin(məhz ABŞ-ın) Azərbaycan qarşısında ən vacib öhdəliyi təhlükəsizlik qarantiyalarıdır, ABŞ, Rusiya və İrandan gələn təhdidlərə qarşı bu qarantiyaları verir. Təbii ki, Türkiyə, İsrail və Böyük Britaniya, ABŞ tərəfindən Azərbaycana verilən təhlükəsizlik qarantiyalardan kənarda deyillər, AMMA VƏ LAKİN bir məsələnin altını xüsusilə cızmaq istəyirəm, dünya tərəfindən "terroru maliyyələşdirən" kimi tanınan 5 ölkə var(İran, Rusiya, Suriya, Ş. Koreya, Kuba), Azərbaycan 2-silə həmsərhəddir, belə coğrafiyada olan ölkəyə ABŞ-dan başqa HEÇ BİR ölkə təhlükəsizlik qarantiyaları vermək iqtidarında deyil.
Azərbaycanın da öhdəlikləri var. Misal üçün ABŞ Maliyyə nazirliyinin dərc etdiyi heç bir hesabatda Rusiyaya sanksiyalardan yayınmaqda dəstək verən ölkələr siyahısında bizim adımız yoxdur. Başqa misal gətirim, bir neçə gün qabaq ilk dəfə olaraq Qazaxıstan Azərbaycan vasitəsilə Avropaya neft tədarükünə start verib("Xoşbəxt Yusifzadə" tankeri, ilk partiya 7 min ton neftdən ibarət idi).
Bunlar, Azərbaycanın Rusiyaya qarşı demarşı deyil, bunlar Azərbaycanın strateji təhlükəsizlik doktrinasına görə öhdəliklərin yerinə yetirilməsidir. Və təbii ki, geosiyasi "trendə" uyğun olaraq davranışdır.
Yaxın gələcəkdə ABŞ Azərbaycanın götürdüyü başqa öhdəlikləri də yerinə yetirməsini gözləyəcək: Ermənistanla sülh müqaviləsi və demokratik açılım istiqamətində ilk addımlar. Demokratik açılım daxili məsələ deyil, regionun strateji təhlükəsizlik məsələsidir.
Kamran Cəfərov, politoloq
Sozcu.az