Bakı metrosunda dəhşətli anlar...

Bakı metropoliteninin “Əcəmi” stansiyasında bir şəxs özünü qatarın altına atıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, maşinist dərhal qatarı saxlayıb. Hadisə zamanı xəsarət alan şəxs qatarın altından çıxarılıb.

"Ukrayna olmayacaqsa, Avropada heç kim təhlükəsiz olmayacaq” - Litva

NATO-nun Vilnüs sammitində Litvanın məqsədi Ukraynanı Alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırmaq olacaq. Sozcu.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis deyib. “Mən Ukraynanın üzv olmadığı Avropanın təhlükəsizlik arxitekturasını görmürəm. Bu o deməkdir ki, Ukrayna olmayacaqsa, Avropada heç kim təhlükəsiz olmayacaq”, - nazir bildirib. Qeyd edək ki, NATO-nin Vilnüsdəki sammiti 11-12 iyul tarixlərində keçiriləcək.

Bayden: “Rusiya ilə Çinin yaxınlaşması çox şişirdilib”

Rusiya və Çin arasında yaxınlaşma çox şişirdilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kanadaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları ittifaq yaratmaqda maraqlıdır “Mən Çini elə də zəif qəbul etmirəm. Rusiya məsələsində isə düşünürəm ki, biz çox şişirdirik”, - deyə Bayden bildirib. O, Qərbdə koalisiyaların yaradılmasına missal olaraq QUAD, AUKUS, Yaponiya, ABŞ və Cənubi Koreya alyansını göstərib. Amerika lideri gələcəkdə Rusiya ilə Çin arasında münasibətlərə yenidən baxmağa çağırış edib. Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Si Cinpinin Moskvaya səfərinin parlaq keçdiyinə və iki ölkə arasında münasibətlərin yeni səviyyəsini nümayiş etdirdiyinə əminliyini ifadə edib. ABC telekanalı Rusiya prezidenti Vladimir Putinlə Si Tszinpinin Moskvada görüşünün Qərb ölkələrinin üstünlüyünə əsaslanan “dünya nizamının sonu”nu nümayiş etdirdiyini bildirib.

Bayden: “ABŞ və Kanada aerokosmik müdafiə sistemini modernləşdirəcək”

ABŞ Prezidenti Cozef Bayden Kanada parlamentindəki çıxışı zamanı bu ölkə ilə birgə aerokosmik müdafiə sisteminin modernləşdirilməsini elan edib (Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı - NORAD). Sozcu.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Bayden qeyd edib ki, NORAD tezliklə erkən xəbərdarlıq imkanlarını genişləndirməyə kömək edəcək yeni radarlar alacaq. 2023-cü ildə iki ölkənin aerokosmik müdafiə sisteminin bir hissəsi kimi müşahidə infrastrukturu da təkmilləşdiriləcək. NORAD-ın əsas vəzifəsi Şimali Amerikanın hava və Yerə yaxın fəzasına nəzarəti təmin etmək və aerokosmik hücum barədə erkən xəbərdarlıq etməkdir.report

Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

Ukrayna hökumətinin Rusiyanın minlərlə uşağı qaçıraraq ölkəyə gətirməsi ilə bağlı iddialarından sonra Avropa İttifaqı (Aİ) hərəkətə keçib. Sozcu.az-ın xəbərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ Liderlər Sammitində bildirib ki, Avropa İttifaqı Rusiyaya qanunsuz aparılan ukraynalı uşaqların geri qaytarılması ilə bağlı konfrans keçirəcək. "Uşaqları ölkədən çıxarmaq üçün orada baş verənlər tariximizin ən qaranlıq vaxtlarının dəhşətli xatirəsidir. Bu, müharibə cinayətidir" - Von der Leyen bildirib. O, uşaqların geri qaytarılmasını təmin etmək üçün Polşanın Baş naziri Mateuş Moravyeçki ilə birlikdə çalışacaqlarını bildirib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların ölkəyə qeyri-qanuni deportasiyasındakı roluna və hərbi cinayətlər törətdiyinə görə həbs olunmasına order verib. Ukrayna hökumətinin açıqladığı məlumatlara əsasən, 2022-ci il fevralın 24-də müharibə başlayandan bəri 16 200 ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb. Bildirilib ki, bu uşaqlardan yalnız 308-i Ukraynaya qayıdıb.Musavat.com

İrana ŞOK ZƏRBƏ - İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri VURULDU

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən yerli vaxtla saat 13.30 radələrində İrana məxsus bir kamikadze təyyarəsinin Hasəkədə terror təşkilatı İŞİD-ə qarşı beynəlxalq antiterror koalisiyasına aid obyektə hücum etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin açıqlamasına görə, İrana məxsus pilotsuz uçan aparatla hücuma cavab olaraq ABŞ Suriyanın şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirib. "Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun qruplaşmalarının istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək səlahiyyəti verdim. Hava zərbələri hücuma, eləcə də İİKK-ya bağlı qrupların Suriyadakı koalisiya qüvvələrinə qarşı son hücumlarına cavab olaraq həyata keçirilib” - Ostin bildirib. ABŞ-ın hücumunun amerikalı personalı qorumaq üçün edildiyini vurğulayan nazir ölkəsinin eskalasiya riskini azaltmaq və itkiləri minimuma endirmək üçün mütənasib addımlar atdığını bildirib. "Prezident Baydenin dediyi kimi, biz xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik, həmçinin öz seçdiyimiz yerdə və zamanda cavab verəcəyik" - ABŞ-ın müdafiə naziri qeyd edib.

Biləcəri stansiyası

Rəşad Ergün Milli komandanın uduzmasının, uğursuzluğunun səbəbi bir və ya bir neçə fərd deyil. Heç baş məşqçi də deyil. Nə oldu, bütün baş məşqçilər pis oldu? Hansı ki, onların arasında Qurban Qurbanov da olub. Kiçik, əhəmiyyətsiz qələbələr olacaq, hətta bəzən şans üzümüzə güləcək, “şikəst” dövrünü keçirən komandalarla oynayıb, mini uğurlu seriya da yaxalayacağıq. Amma bunlar hamısı Azərbaycanda futbolun normal olduğu, normal səviyyədə olduğu anlamına gəlməz. “Qarabağ” əcnəbi futbolçularla bir yerə qədər gedib dayandığı kimi, Azərbaycan millisinin də gedə bildiyi yer var – Biləcəri stansiyası. Vəssalam. Mənə görə, heç bütün günahlar AFFA rəhbərliyində də deyil. Necə deyərlər, toplum, cəmiyyət olaraq günahlardan arınmalıyıq…(komanda.az)

Azərbaycan millisi AÇ-2024-ə biabırçı məğlubiyyətlə başladı

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində ilk oyununa çıxıb. Sozcu.az xəbər verir ki, yığmamız Avstriyanın qonağı olub. Linzdəki “Raiffeisen Arena”da keçirilən meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər matçında İsveç Belçikanı qəbul edib. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Romelu Lukaku het-trik edib.  Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində 2-ci oyununu martın 27-i İsveçə qarşı keçirəcək. Xatırladaq ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda bundan əvvəlki 5 qarşılaşmada qalib gəlmişdi. 24 mart 23:45. Avstriya - Azərbaycan - 4:1 Qollar: Marsel Sabitzer, 28 (1:0), Mixael Qriqoriç, 30 (2:0), Marsel Sabitzer, 50 (3:0), Emin Mahmudov, 64 (3:1), Kristof Baumqartner, 69 (4:1) Hakimlər: Bartoş Frankovski,Marçin Boniek, Yakub Vinkler, Damian Kos (hamısı Polşa) Linz, “Raiffeisen Arena” 23:45. İsveç - Belçika - 0:3 Qollar: Romelu Lukaku, 35, 49, 83 "Friends Arena")

Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

Güneydə, Qərbi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru məlumat yayıb. Xəsarət alanlardan 139-u evə buraxılıb. 26 vətəndaşın isə hələ də tibbi yardıma ehtiyacı var. Qeyd edək ki, dünən İranın Xoy şəhərində 5.7 maqnitudalı zəlzələ baş vermişdi.

Ermənilər silah daşıyır - Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar

Bakının bütün xəbərdarlığına rəğmən, ermənilər Qarabağa silah-sursat daşıyır, canlı qüvvə cəlb edir, hətta daşımaları daha rahat həyata keçirmək üçün yeni yol çəkirlər. Rusiya sülhməramlıları da faktiki onların mühafizəçisi rolunda çıxış edir. Sozcu.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib. “Xəbərdarlıqlar praktiki addımla da edilməlidir, əks təqdirdə, nə ermənilər əməllərindən əl çəkəcək, nə də ruslar. Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar”, - o bildirib.

"Müdafiə qüvvələrinin səyləri sayəsində vəziyyət sabitləşir” - Zalujnı

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ilə Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Zalujnının Feysbuk səhifəsində məlumat yayılıb. “Mən həmkarıma bütün cəbhə boyu əməliyyat vəziyyəti barədə məlumat verdim. Baxmut istiqamətində ən çətin vəziyyətdir. Müdafiə qüvvələrinin səyləri sayəsində vəziyyət sabitləşir”, - Zalujnı bildirib.

Ərdoğan HÜDA PAR-ın şərtlərini qəbul edib? - TƏHLİL

Türkiyə "Hizbullah"ı kimi tanınan Hüda (Xuda) Par (Partiya) seçkilərə AKP-nin siyahılarından qatılacaq. Mən sadəcə, kənardan dəstək verəcəklərini düşünürdüm, amma görünür, prezident Ərdoğanın və AKP-nin hər səsə həyati ehtiyacı var. "Hüda Par" Türkiyənin bəzi cənub-şərq vilayətlərində aktiv olan və radikal islamçı kürdləri ətrafında birləşdirən siyasi partiyadır. Əsasən Batman və Diyarbəkirdə müəyyən elektoral gücə malikdir və AKP-yə təxminən 200 - 250 min əlavə səs qazandıra bilər. "Hüda Par" kürd məsələsində HDP-dən daha sərt mövqe tutur. Kürdlərə muxtariyyət verilməsi və Türkiyənin federallaşması kimi variantların müzakirəyə çıxarılmasının tərəfdarıdır. "Hüda Par"ın proqramında kürd xalqının qurucu element qismində türklərlə bərabər Konstitusiyada təsbit edilməsi, kürd dilinə 2-ci rəsmi dil statusu verilməsi, dövlətin Şeyx Səidin ailəsindən rəsmən üzr istəməsi və sair tələblər də var. Belə bir partiya ilə ittifaqa girən AKP və Cumhur İttifaqının bundan sonra müxalifəti HDP ilə əməkdaşlıqda ittiham etməyə haqqı qalmır. (Zatən haqqı yox idi.) Hələ üstəlik, nəzərə alsaq ki, HDP seçkilərə Millət İttifaqı ilə bərabər, onun siyahılarında deyil, öz ittifaqı ilə ayrılıqda qatılır.  Qənaət yarana bilər ki, bu cür proqrama sahib olan partiyanı öz siyahılarına aldı deyə AKP-nin və Ərdoğanın səsləri daha da azalacaq. Amma belə deyil. (Bəlkə bəzi MHP-lilər bu səbəbdən Ərdoğana səs verməz, onu deyə bilmərəm.) Dəfələrlə vurğuladığım bir fikri bir daha təkrarlamaq istərdim ki, azərbaycanlılar (sosial mediada gördüyümüz insanlar) kürd məsələsində Türkiyə vətəndaşlarından daha radikal mövqe tutur və "papadan artıq katoliklik" - türkiyəlilərdən daha artıq türkiyəçilik edirlər. Hətta bir çoxları heç bir haqqı olmadığı halda, Türkiyənin tamhüquqlu vətəndaşları olan kürdlər haqqında hökm çıxarır, onları terrorçu adlandırır və sair. ("Yersiz gəldi, yerli, qaç" məsələsi...)  Bizim bəzi insanlara elə gəlir ki, Türkiyədə kimsə kürd partiyası isə əməkdaşlıq edirsə, onlara salam verirsə, həmin siyasətçi və ya siyasi partiya dəhşətli əmələ yol vermiş olur və onun siyasi karyerası bitməlidir. Halbuki yaxın keçmişdə "çözüm sürəci"ndə AKP hökuməti bilavasitə PKK ilə ayrı-ayrı yerlərdə 3 masa quraraq danışıqlar aparırdı: İmralıda Abdulla Öcalan, Osloda PKK-nın Avropa qanadının liderləri Sabri Ok, Zübeyir Aydar, Mustafa Karasu, İraqda  - Kandil dağında terrorçuların lideri Murat Karayılan və digərləri ilə... Bu danışıqların sonunda İstanbulda, baş nazir Ərdoğanın Dolmabahçe ofisində Türkiyə hökuməti ilə HDP arasında rəsmi Bəyannamə də imzalandı. Eyni zamanda, "çözüm sürəci" dövründə PKK-nın İraqdan Türkiyəyə külli miqdarda silah, partlayıcı maddə keçirməsinə göz yumuldu, çünki Ankaradan hökumət jandarma və polisə göstəriş vermişdi ki, onsuz da məsələni həll edirik, siz onların qarşısını kəsib prosesi pozmayın. Hətta guya silahı yerə qoyub Türkiyəyə qayıdan bəzi PKK-lılar üçün Habur sərhəd qapısında səyyar məhkəmə də təşkil olundu və onların sərbəst buraxılması barədə qərarlar çıxarıldı. Abdulla Öcalanın məktubları Türkiyə TV-lərində canlı yayınlarda oxundu, təhlil olundu, bəyənildi, hökumət tərəfindən dəstəkləndi və s...  Bu qədər həngamədən sonra yəqin ki, bizim insanların məntiqinə görə, Ərdoğan və AKP Türkiyə siyasətindən silinməli idi. Amma silinmədi. "Hüda Par" ilə ittifaq səbəbi ilə də silinməyəcək. Çünki Türkiyə əhalisi (azı yarısı) fərqli məntiqə sahibdir. Bəli, Türkiyə əhalisinin çoxluğu PKK-ya yaxınlığı səbəbi ilə HDP-yə neqativ münasibətdədir, PKK-ya uzaq, amma kürd məsələsində onunla paralel düşüncələrə sahib "Hüda Par"a da o cümlədən. Amma eyni zamanda bu çoxluğun çox hissəsi anlayır ki, HDP (yaxud o cizgidəki hər hansı kürd partiyası) Türkiyənin reallığıdır və PKK-nın siyasi tələblərini haqlı sayan narazı kürdlərin leqal, legitim təmsilçisidir. 6-7 milyon Türkiyə vətəndaşı HDP-yə (qarşıdakı seçkilərə Yeşil Sol Parti adı ilə qatılacaq) səs verir, bu gerçəyi gözardı etmək mümkün deyil. Bu səbəbdən, həmin partiya yerli hakimiyyət orqanlarında, parlamentdə təmsil olunur, TBMM iclaslarını idarə edir və Türkiyənin dövlət büdcəsindən maliyyələşir. (Bu il HDP-yə büdcədən 0,5 milyard TL-dən çox pul ayrılıb.)  Uzun sözün qısası, Türkiyəni səthi yanaşmalarla qiymətləndirmək doğru deyil və yanlış qənaətlərə aparıb çıxarır. Şahin Cəfərli, politoloq

Aprel şəhidi Pəncəli Teymurovun doğum günüdür

Bu gün aprel Şəhidimiz gizir Pəncəli Nurməmməd oğlu Teymurovun doğum günüdür. Şəhid gizirimiz 1981-ci il martın 24-də Astara rayon Əzərüd kəndinə doğulub. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan Xüsusi Təyinatlı dəstəmizin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayon Əzərüd kəndində böyük izdihamla dəfn edilib. Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Ermənilər təxribata əl atdı - Mövqelərimiz atəşə tutuldu

Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Pilotlar Netanyahunu Londona aparmadı

İsrailin baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya səfəri pilotların onunla birlikdə təyyarədə uçmaqdan imtina etməsi səbəbindən təxirə salınıb. Bu barədə “Deyli Teleqraf” (The Daily Telegraph) Britaniya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Pilotlar Netanyahunun ölkənin məhkəmə sistemində planlaşdırdığı islahatla razılaşmaması nəticəsində yaranan kütləvi etirazlara görə bu addımı atıb. Qeyd edək ki, Netanyahu 23 martda Londona getməli idi. Onun bu gün səfəri reallaşdıra biləcəyi güman olunur.

Dünyanın gözü orada: QƏLƏBƏ anonsu verildi

Ukrayna prezidenti Vladimir Zelenski qələbə anonsu verib. O bildirib ki, əgər Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və ya durğunluq olmasa, birgə səylər Ukraynanın qələbəsinə yönələrsə, zəfər bu il olacaq. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ukraynanın qələbə qazanması bəzi amillərdən asılıdır. Politoloq vurğulayıb ki, birinci mərhələdə Rusiya ordusunun hücumları dayandırılmalıdır: “İkinci mərhələdə Zelenskinin dediyi kimi, Avropa və Amerika vəd etdiyi hərbi texnikanı zamanında Ukraynaya çatdırmalıdır. Proses artıq başlayıb. Üçüncü mərhələdə isə yəqin ki, Ukrayna ordusu yay aylarına yaxın əks-həmlələr həyata keçirəcək. Necə ki, ötən ilin dekabrında Xersonun böyük hissəsi azad edildi. Ukraynanın ilin sonuna qədər ərazi bütövlüyünü təmin edəcəyini demək çətindir. Ancaq qeyd etdiyim amillər həyata keçirilsə, ilin sonuna qədər Ukrayna itirdiyi ərazilərin böyük hissəsini geri qaytara bilər”. Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Baxmutda ilişib qalıb: “Baxmut kiçik bir şəhərcikdir. Ukrayna ordusu sona qədər savaşır, bu şəhəri əldən vermir. Rusiyanın Baxmutda itkiləri artır. Lakin Ukrayna ordusunun Baxmutu azad edə biləcəyi barədə konkret danışmaq çətindir. Mariupol uğrunda da oxşar döyüşlər gedirdi, amma Rusiya oranı işğal etdi. Əsas odur ki, Ukrayna hər kiçik qəsəbə, şəhərcik uğrunda savaşır və Rusiyanın itkiləri artır. Əgər Ukraynaya kifayət qədər silah-sursat çatdırılsa, (Ukraynaya ən azı 700-800 tank lazımdır) Baxmut və digər şəhərləri geri qaytara bilər”. “Çin müharibəyə qoşula bilərmi?” sualına politoloq belə cavab verib: “Çin Rusiyanın strateji tərəfdaşına çevrilib. Ona görə yox ki, Rusiya ilə Çinin maraqları üst-üstə düşür, sadəcə anti-Qərb siyasətinə görə bu ölkələr yaxınlaşıb. Ukrayna müharibəsi əslində Çinin maraqlarına cavab vermir, çünki əlavə problemlərlə üzləşir, iqtisadi çətinliklər yaşayır. Dəmir yolları ilə Rusiya üzərindən Avropaya yük daşıyırdı. Bu, indi mümkünsüzdür. Ona görə də Çin müharibənin dayandırılmasını istəyir, təkliflər verir. Amma məsələ orasındadır ki, Çinin təklifində Rusiya qoşunlarının Ukraynanı tərk etməsi ilə bağlı bənd yoxdur. Yaxud da Çin lideri Si Cinpin 2 gün Moskvada oldu, Kiyevə isə getmədi. Bu cür vasitəçini nə Ukrayna, nə də Qərb ölkələri qəbul edər. Çinin vasitəçi olmaq imkanı sıfıra bərabərdir. Çinin müharibəyə qoşulması riskə getmək olar. Çünki Qərblə daha çox üz-üzə qalacaq. Çin müharibənin bitməsini istəyir, amma Rusiyanı qınamır”.(müsavat.com)

Lukaşenkonun təyyarəsi "qara siyahı"ya salındı

ABŞ Belarusa və onun lideri Aleksandr Lukaşenkoya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiyalar bir sıra şirkət rəhbərinə, dövlət rəsmilərinə təsir edib. ABŞ Belarus Mərkəzi Komitəsinə, Belarus Avtomobil Zavoduna və Minsk Avtomobil Zavoduna qarşı sanksiyalar tətbiq edib. Belarus hökumətinə aid olan və Aleksandr Lukaşenkonun prezident təyyarəsi kimi istifadə edilən "Boeing 737" təyyarəsi məhdudiyyətlərə məruz qalıb.

Zelenski: Ukrayna indi öz müstəqilliyi uğrunda mübarizənin həlledici mərhələsindədir

Ukrayna indi öz müstəqilliyi və suverenliyi uğrunda mübarizənin həlledici mərhələsindədir. Ölkəmiz isə şübhəsiz ki, uzunmüddətli təhlükəsizliyə, azadlığa, sülhə nail olacaq. Bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın Kiyev İnstitutunda zabitlər üçün buraxılış mərasimində çıxışı zamanı söyləyib. Zelenski qeyd edib ki, Milli Qvardiya dövlətimizin ümumi müdafiə sisteminin əsas elementlərindən birinə çevrilib. Bu da düşmənə Ukraynanı məğlub etməyə imkan vermir. “Biz indi müstəqilliyimiz, suverenliyimiz, xalqımızın müxtəlif nəsillərinin həyatının məzmununa çevrilən əsrlər boyu davam edən Ukrayna uğrunda mübarizənin həlledici mərhələsindəyik”, - deyə Prezident bildirib. Dövlət başçısı Ukrayna xalqının uzunmüddətli təhlükəsizlik şəraitində azadlıq və sülh qazanacağına şübhə etmir. "Biz bu nəticəni və qələbəmizi sürətləndirmək üçün hər şeyi etməliyik. İnanıram ki, sizin hərəkətləriniz bizim ümumi Ukrayna məqsədimizi yaxınlaşdıracaq. Qoy sizin xarakteriniz işğalçıya qarşı mübarizədə öz möhkəmliyini göstərsin", - deyə Zelenski vurğulayıb.

Bakı Rusiyanın variantını rədd etdi - Mirzoyan

Qarabağ məsələsinin həllinin rus variantı Azərbaycan tərəfindən rədd edildi. Sozcu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında müzakirələr zamanı deyib. “Rusiyanın nizamlanma variantında Qarabağın statusu məsələsinin sonraya saxlanılması, Qərb isə Qarabağı Azərbaycanın tərkibində saxlamağı təklif edir – bu bəyanatlar reallığı tam əks etdirmir. Vəziyyət belədir: status məsələsinin həllinin ləngiməsini nəzərdə tutan rus variantı müzakirə olunsa da, Azərbaycan tərəfindən rədd edilib. İndi tərəflər Qarabağın (erməni) əhalisinin hüquq və təhlükəsizliyi probleminin həlli üçün beynəlxalq mexanizmlərin yaradılmasını nəzərdə tutan variant üzərində danışıqlar aparır”, - Mirzoyan bildirib. Onun iddiasına görə, bu mexanizmlər “Xankəndi” (Qarabağın erməni icması nəzərdə tutulur – red.) və Bakı arasında birbaşa dialoq yolu ilə həyata keçirilməlidir. Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri İrəvan və Bakının xırda məsələlər üzrə qarşılıqlı məqbul düsturlar tapdığını, lakin gələcək sülh müqaviləsinin əsas müddəaları üzrə mövqeləri hələ də yaxınlaşdırmaq mümkün olmadığını bildirib.

Ermənistan da Putini həbs etmək hüququna sahib oldu

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bildirilib. Qeyd edilib ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyıb. Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən təşkil olunub və 123 ölkə tərəfindən imzalanıb. Avropa İttifaqının 27 üzvünün hamısı nizamnaməni imzalayıb. Məhkəmənin yurisdiksiyası Rusiya, eləcə də ABŞ və Çin tərəfindən tanınmır. Roma Statutunun 63-cü maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Oderlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini hələ də ratifikasiya etməyib. Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. 

“Məni rus casusları zəhərləyib“ - Saakaşvili

Mixail Saakaşvili zəhərlənməsində Gürcüstan xüsusi xidmət orqanlarına sızan rus casuslarını ittiham edib. Sozcu.az "Politico"ya istinadla xəbər verir ki, Saakaşvilinin vasitəçisi  amerikalı vəkil Massimo Di Angelo olub. “Zəhərin vurulduğu günü aydın xatırlayıram, az qala öləcəkdim. O vaxtdan səhhətim pisləşib.... Olduğum müəssisədə müalicə ilə bağlı əsas qərarları həkimlər deyil, təhlükəsizlik orqanları verir, bütün həkimləri təyin edirlər”, - deyə Saakaşvili yazıb. Vəkil iddia edir ki, zəhərin kiçik hissələri Saakaşvilinin yeməyi və suyu ilə qarışdırıla bilərdi.

MN: Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkir - Video

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycanlı hərbçi həlak oldu

Rusiya ordusuna qarşı Ukraynanın azadlığı uğurunda döyüşən daha bir qəhrəman Azərbaycanlı soydaşımız, Ukrayna ordusunun hərbi qulluqçusu, polkovnik-leytenant Ziya Hüseyn oğlu Abdullayev həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

MN: "Azərbaycanın Laçın yolunun son nöqtəsində sərhəd-keçid məntəqəsi qurması zəruridir"

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zərurətə çevirib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir", - nazirlikdən qeyd olunub. Xatırladaq ki, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.