Zelenski Polşaya getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Polşaya səfərə gedib. Sozcu.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb. "Zelenski artıq Polşa ərazisindədir", - məlumatda qeyd edilib.

Qüdsdə toqquşma: 100-ə yaxın fələstinli yaralandı

Qüdsdəki Əl-Əqsa məscidində İsrail polisi və fələstinlilər arasında toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Məlumata görə, toqquşma nəticəsində 100-ə yaxın fələstinli yaralanıb. Polisin apardığı reyd nəticəsində isə 400-dən çox şəxs saxlanılıb. Qeyd edək ki, İsrail qüvvələri axşam saatlarında gözyaşardıcı qazdan, həmçinin rezin güllələr və dəyənəklərdən istifadə edərək məscidin ərazisinə daxil olublar.

Bakıda evdən 110 min dollar oğurlandı

Bakıda evdən külli miqdarda pul oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Xankəndiyə gedən azərbaycanlı həkim: Öz dilimizdə danışırdıq

Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi. Sozcu.az xəbər verir ki, bunu Report-a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib. Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib: “Daha sonra onları bizim nəzarətimiz altında Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq”. Azərbaycanlı həkim Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyib: “Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.

İrandan 16 kq narkotik keçirilməsinin qarşısı alındı

Aprel ayının 4-də saat 21:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İlham Əliyev Tacikistana getdi

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Kohir Rəsulzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycanda zəlzələ oldu

Mingəçevir su hövzəsində zəlzələ olub. Bu barədə Sozcu.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib. Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Türkiyə ordusu 3 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Sülh çeşməsi” əməliyyat bölgələrinə hücum edərkən məhv edilib.

Təcili yardım maşınımız Xankəndiyə daxil oldu

Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən vəziyyət yaşanıb. Sozcu.az xəbər verir ki, saat 18:15 radələrində Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən səhhəti pis olan üç mülki şəxsə tibbi yardımın gərəkdiyi məlum olub. Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb. Çox simvolikdir ki, Xankəndiyə ilk olaraq əsgərlərimiz yox, həkimlər daxil olub. İnteqrasiya öz yolundadır.

Təhsil nazirliyinin fırıldaqlıq etdiyi ölkədə təhsildən nə umasan?

Təhsil nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan etdi. Rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etmədi. Beləcə bu ölkəni və TOP universitetləri hədəfləyən gənclərin çoxu yüksək təhsil xərclərinə görə bu universitetlərin müraciət prosesində iştirak etmək istəmədi.  Bundan  beş ay  keçdi, təhsil nazirliyi mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya balaca bir əlavə etdi. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Iowa Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyasına daxil edildi. Bu bəs eləmədi, bir də daha əvvəlki siyahıdan fərqli olaraq əksəriyyəti ABŞ-da yerləşən TOP 10 universitetlər də sakitcə siyahıya əlavə olundu. Hansı ki, bu universitetlərin müraciət tarixi çoxdan, təhsil nazirliyinin "xırda düzəlişindən" üç ay əvvəl başa çatmışdı.  Sual yaranır. Kimin üçün? Hansı dərəcəli yaxınlar üçün? Təhsil nazirliyinin himayə etdiyi hansı özəl təhsil şirkətləri üçün?  Təhsil nazirliyi bu universitetlərdə təhsil almağa layiq olan gənclərin əksəriyyətini beş ay əvvəl öz məqsədlərindən daşındırır, son anda isə bəziləri üçün belə çirkin saxtakarlıqla təqaüd imkanı yaradır. Bu işi ədəb-ərkanla görməyin yolu odur ki, əvvəl təqaüd şərtlərini elan edirsən, sonra bu şərtlərə uyğun olanlar müraciət edir. Amma bizim təhsil nazirliyi deyəsən əvvəl namizədləri seçir, sonra təqaüd şərtlərini həmin namizədlərə uyğunlaşdırır.  Əziz təhsil nazirliyi, təqaüd proqramına xərclədiyiniz vəsait dədə malınız deyil. Bu xalqın vergiləriylə formalaşan dövlət büdcəsinindir. Xalqın vəsaitini xalq üçün xərcləyin. Öz yaxınlarınız, maddi və mənəvi formada durmadan himayə etdiyiniz özəl təhsil şirkətləri üçün xərcləməyin. İdeoloji şəbəkələşmənizi netvorkinq oyunu kimi sırımağa çalışsanız da, kimləri hansı maraqlarla dəstəklədiyinizi çox yaxşı başa düşürük. Sizi indiyə qədər ciddiyə alıb bəzən lehdə, bəzən əleyhdə müzakirə etməkdə çox səhv etmişik. Ən çox layiq olduğunuz münasibət elə lağlağıya qoyulmaq imiş. Təhsil eksperti, Kamran Əsədov

Bir milləti öldürmək istəyirlərsə, o prosesə kənddən başlayırlar

Kəndlərdə qapısı bağlı evlər görəndə kədərlənirəm. İnsanlar şəhərə axışır. Kəndlər yavaş-yavaş boşalır. Hal-hazırda isə su qıtlığı çox ciddi bir problemə çevrilib. Belə getsə, qalan adamlar da yavaş-yavaş kənddən çıxacaq. Bir tərəfdən də ən koloritli adamlar yaşa dolub dünyasını dəyişir. Yerini yaddaşsız, tiktokun yaratdığı gənclik tutur. O gənclik isə nə Azərbaycan dilini bilir, nə də milli ruh daşıyıcısıdır. Millətin ruhu kəndlərdədir. Adam şəhərdə xəsis olur, amma kənddə pul xərcləmək istəyir. Bu insanda özünü göstərmək instikidir. Bəs niyə məhz kənddə özünü göstərmək istəyir? Çünki kənd bizim ruhumuzu qoyub gəldiyimiz yerdir. Bir milləti öldürmək istəyirlərsə, o prosesə kənddən başlayırlar. Arvadların danışıqlarına baxıram, kişilərin bir-birləri ilə zarafatlarına baxıram. Nə qədər doğmadır. Onlar zahirən savadsız görünə bilərlər. Ancaq sağlam ruhları var. Bilmirlər, amma fəhmləri var, hiss eləyirlər, duyurlar. Kəramət Böyükçöl 

NATO-ya üzvlüyümüz kiməsə qarşı deyil - Niinistö

Finlandiyanın NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Tvitterdə bildirib. “Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən edəcək”, - o, bildirib.

Trampla bağlı növbəti məhkəmə prosesi gələn il keçiriləcək

ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı növbəti məhkəmə iclası dekabrın 4-də keçiriləcək. Sozcu.az-ın CNN-ə istinadla xəbərinə görə, işə 2024-cü ilin yanvarında baxıla bilər.

Rusiya ilə cəbhə xəttinin uzunluğu 1200 km-dan artıqdır

Hazırda Ukraynada aktiv hərbi əməliyyatlar xətti 1200 kilometrdən artıqdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. "Bu, Vaşinqtondan Çikaqoya kimi bir məsafədir. Milyonlarla insan bizim ya Rusiya bayrağını götürdüyümüz, ya da bayraqdan azad etməyə hazırlaşdığımız şəhər və kəndlərdə yaşayır. Bu rəqəmi düşünün: ölkəmizdə 1900-ə yaxın şəhər və kənd bərpa edilməlidir. Məktəblər və kilsələr, yaşayış binaları və müəssisələr, nəqliyyat və elektrik stansiyaları... Dağıdıcı tornadodan sonra yaşayış şəraitini bərpa etməyin nə demək olduğunu hamınız yaxşı bilirsiniz", - Zelenski qeyd edib.

Zelenski NATO sammitinə çağırıldı

Ukrayna Prezidenti Vladimir Zelenski iyulda keçiriləcək NATO sammitinə dəvət olunub. Sozcu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq məlumat verib. "Güclü müstəqil Ukrayna Avro-Atlantik regionun sabitliyi üçün həyati əhəmiyyət kəsb edir və biz iyulda Vilnüsdə keçiriləcək sammitimizdə prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik", - Stoltenberq bildirib. Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-də Vilnüsdə keçiriləcək.

Donald Trampın həbs qərarı ləğv olunub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs qərarı ləğv edilib. Bu barədə CNN məlumat yayıb. Qeyd edilir ki, Tramp ittiham olunduğu məhkəmə binasını tərk edib. Daha əvvəl Trampın qiyabi həbs olunduğu xəbər verilib. Bildirilirdi ki, həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.

İcra başçısı Rəsulzadənin adını küçədən götüzdürdü

Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb. Sozcu.az-ın məlumatına görə, bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.  İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.  İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.  Şəhər sakinləri bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb: "İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M. Ə. Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik". Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib./Demokrat.az

Putinin mühafizəçisi Rusiyadan qaçdı və onu “müharibə cinayətkarı” adlandırdı... - FOTO

2022-ci il oktyabrın ortalarına qədər Rusiya prezidenti Vladimir Putinin məxfi rabitəsini təmin edən şöbədə mühəndis işləyən Federal Mühafizə Xidmətinin (FSO) kapitanı Qleb Karakulov xaricə qaçıb. “Dosye” araşdırma mərkəzi Karakulovla müsahibə dərc edib. Karakulov Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkədən qaçaraq müharibəni pisləyən ən yüksək rütbəli kəşfiyyat rəsmisi sayılır. Rusiyada ona qarşı fərarilik maddəsi ilə cinayət işi açılıb. Kapitan Karakulov müsahibəsində qaçmasının əsas səbəbinin Ukraynaya genişmiqyaslı müdaxilə olduğunu söyləyib. FMX-nin keçmiş əməkdaşı Putini “müharibə cinayətkarı” adlandırıb. Karakulov qaçışının təfərrüatları barədə də danışıb. Dediyinə görə, ötən ilin oktyabr ayında o, Qazaxıstana ezamiyyətə göndərilib. Həmin vaxt o, xanımı və uşağını da Qazaxıstana gətirməyi bacarıb. Oradan ezamiyyətinin son günündə ailəsi ilə birlikdə xidməti pasportla İstanbula uçub. Karakulov FMX-nin necə işlədiyi barədə bir sıra təfərrüatlar verib və onu “olduqca müstəqil təşkilat” adlandırıb. Onun bildirdiyinə əsasən, Vladimir Putin nə mobil telefondan, nə də internetdən istifadə edir. “Onun aldığı bütün məlumatlar yalnız birbaşa yaxın adamlardan gəlir. O, bir növ informasiya vakuumunda yaşayır”, - deyə xüsusi rabitə zabiti danışıb. Karakulovun sözlərinə görə, prezidentin ağır xəstə olması faktı ona məlum deyil. Karakulov Putinin Gəlincikdəki iqamətgahına getmədiyini, tez-tez ora səfər edən və əlaqəni yoxlayan həmkarlarından birinə istinad etdiyini bildirib. Keçmiş zabit Putinin xüsusi qatardan istifadə etdiyini təsdiqləyib. “Prezidentin hər bir xarici səfərində istifadə etdiyimiz danışıq kabineti var. Bu, təxminən 2,5 m hündürlüyündə bir kubdur. Burada təhlükəsiz şəkildə bütün orqanlarla əlaqə saxlamaq olur”, - deyə Karakulov bildirib. FMX zabitinin dediyinə görə, Putinin Sankt-Peterburq, Soçi və Novo-Oqaryovodakı ofisləri interyer baxımından tamamilə eynidir. FMX kapitanı 2009-cu ildəki Putinlə indiki Putini “iki fərqli insan” kimi təsvir edib. “İndi o, çox təcrid olunub. Onun reallığı dərk etmə qavrayışı da dəyişib”, - deyə Karakulov vurğulayıb.Musavat.com

Tramp həbs edildi - Təcili

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Prezidentdən İnam Kərimovla bağlı - Sərəncam

İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Hamınız türk bayraqlarısınız - Alparslan Türkeş

4 aprel türk dünyasının müdrik lideri, türk milliyətçiliyinin və Milliyətçi Hərəkat Partiyasının qurucusu, başbuğ Alparslan Türkeşin anım günüdür. Sozcu.az onun haqqında bir sıra məlumatları təqdim edir: Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Əli Arslan olaraq dünyaya gəlmişdir. Ailəsinin sürgünə göndərildiyi Lefkoşada dünyaya göz açmışdır. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşada almışdır. Türklük və türkçülük şüuru ilə bilənmiş müəllimi Osman Zəki bəy elə o dövrlərdə “Adın Alparslan olsun” deyərək Əli Arslanın adını dəyişir və onun Sultan Alparslana bərabər igid türk olmasını arzulayır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Rəfik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin iki evlilikdən yeddi uşağı olmuşdur. 1944-cü ildə baş leytenant Türkeş Nihal Adsız və Nejdət Səncərlə birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur. 1945-ci ildə həbsdən azad olunur və 1947-ci ildə bəraət alır. 1959-cu ildə də Almaniyanın Atom və Nüvə Tədris Mərkəzinə göndərilir. Buradakı təhsilinin ardınca polkovnik rütbəsi alaraq, Türkiyə Quru Qoşunlarının NATO şöbəsinin müdiri təyin olunur. 1963–1980-ci illər arasında dörd çağırış Ankara və Adanadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milli cəbhə hökumətləri dövründə baş nazirin müavini vəzifələrində çalışmışdır. 1965-ci ildə Cümhuriyyətçi Kəndli Millət Partiyasının, 1969-cu ildə isə Milliyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verib. Onun Azərbaycan milli azadlıq hərəkatının lideri və daha sonra prezident olan Əbülfəz Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənc 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşda qəhrəmanlıqlar göstəriblər. “Hamınız türk bayraqlarısınız. Bayrağı ləkələməyin, çirkləndirməyin, yerə atmayın” deyən Alparslan Türkeş 4 aprel 1997-ci ildə Ankarada vəfat etmişdir.kult

"Necə olur ki, İran tərəfindən narkotik rahat keçir, amma bizimkilər tutur?! Bu, bir az şübhəlidir"

“Demək olar ki, hər gün İrandan ölkəmizə keçirilməyə çalışan narkotiklər tutulur, bu haqda məlumat verilir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O, son günlər İranla gərginləşən vəziyyətdən, habelə bu ölkədən Azərbaycana keçirilən narkotiklərlə qarşı mübarizədən söz açıb: Xatırladaq ki, Xalq artistini müsahib seçməyimiz təsadüfi deyil. 2011-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən "Tərsinə çevrilən dünya" Azərbaycan-İran birgə filmində o, DİN-in yüksək rütbəli zabiti rolunda çəkilib. Həmin filmdə generalı canlandıran R. Balayevin rəhbərlik etdiyi idarə İrandan Azərbaycan ərazisinə narkotik qaçaqmalçılığı, yerli və xarici mafiozlarla mübarizə aparır.  Xalq artisti narkotraffik və narkomaniya əleyhinə mübarizə mövzuda danışarkən qeyd edib: “Dəqiq deyə bilmərəm, amma yəqin ki, bu da gənclərimizi pozmaq, onları narkotikə qurşandırmaq üçün bir siyasətdir. Necə olur ki, İran tərəfindən narkotik rahat keçir, amma bizimkilər tutur?! Bu, bir az şübhəlidir. Xəbərlərdə görürəm ki, hər gün 40-50 kilo narkotik keçirmək istəyirlər. Gənclik bizim gələcəyimizdir axı. Onlar bu üsulla gəncliyimizi məhv etmək istəyirlər". R. Balayev əlavə edib: "Bu gün İranla vəziyyətimiz gərgindir. Ona görə də bu gün narkotiklərə qarşı birgə mübarizədən danışmaq olmaz. Amma müəyyən bir zamandan sonra bunu bərabər həyata keçirmək olar. Bu gün onlar bizə qarşı təbliğat aparır deyə, hazırda birgə işdən danışmaq çox tezdir. Gələcəkdə isə bunu düşünmək olar”. 

Erməni özlərinin basdırdığı minaya düşdü

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Sozcu.az xəbər verir ki, Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib

Ali Məhkəməyə yeni hakim təyin edilib. Sozcu.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.