Sosioloq məktəblərdə baş verən zorakılıqların səbəbini açdı

“Bu gün məktəblərdə yaşanan xoşagəlməz hadisələrin əsas səbəbi ilk növbədə cəmiyyətin özündə baş verən gərginləşmədir”.

Bu sözləri Globalinfo.az-a sosioloq Əhməd Qəşəmoğlu məktəblərdə şagirdlər arasında baş verən zorakılıqlarla bağlı danişarkən deyib.

Onun sözlərinə görə, cəmiyyət çox mürəkkəb və həssas olub:

“Cəmiyyətdə olan həmin o gərginlik məktəbə daşınır. Əvvəl belə məsələlərin qarşısını təhsil ocaqlarında direktorlar, müəllimlər, sinif rəhbərləri alardı, bu cür prosesləri onlar tənzimləyərdi, amma indi cəmiyyətdən məktəbə daşınan mürəkkəblik o qədər dərinləşib ki, artıq onu əvvəlki şəkildə idarə etmək mümkün deyil”.

Sosioloq deyib ki, mütləq məktəblərdə “Sosial iş xidməti” yaradılmalıdır:

“Bununla bağlı artıq 3 ildir ki, Elm və Təhsil Nazirliyinə layihələr təqdim edirəm. Hələ də bir məlumat yoxdur. “Sosial iş xidməti” ondan ötrüdür ki, məktəblərdə olan mühitə, şagirdlərin davranışına nəzərət olunsun, onların təlim-tərbiyə, təbliğat işlərinə kömək edilsin, məktəblə valideynlər arasında əlaqə gücləndirilsin. “Sosial iş xidməti” olsa, problemlər öz həllini tapar. Təssüf ki, bu xidməti yaratmaq istəmirlər. Deyəndə də “Məktəblinin dostu” və psixoloqları nümunə göstərirlər. Axı onların işi tam deyil. “Sosial iş xidməti” tamamilə fundamental olaraq sistemli şəkildə baş verən hadisələrlə məğul olur. Nə qədər ki, bu xidmət yoxdur, problemlər öz həllini tapmayacaq. Uşaqlar da bir-birlərinə qarşı xoşagəlməz hadisələr törədəcəklər”.

Qeyd edək ki, 6 saylı məktəbdə 2-ci sinif şagirdinin 7-ci sinfin şagirdləri tərəfindən seksual hərəkətlərə təhrik edildiyi iddia olunur.

Bundan başqa isə yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Share on Facebook