“Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz...”
“Son günlər yenə də bəzi “SEPAH” generalları bizə qarşı hədə dolu çıxışlar etməyə başlayıb... Əgər İran Azərbaycana hücum etməyə qərar versə, deməli, ən ağılsız, ən axmaq dövlətdir. Bu halda o, bir dövlət kimi məhv olub getməlidir. Çünki öncə bunu nəzərə almaq lazımdır ki, bu dövlətin tutduğu ərazidəki əhalinin bəlkə də yarıdan çoxu Azərbaycan türkləridir”.
Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev söyləyib.
“İkincisi, Azərbaycan ordusu sayca İran ordusundan az olsa da, artıq 90-cı illərin ordusu deyil. Dövlətimiz ordumuzu son 20-25 ildə dünyanın ən müasir və güclü texnologiyalarına, silah və texnikalarına yiyələndirdi və sonda da 44 günlük savaşda özünü göstərdi. İran ordusu isə təsəvvür və təbliğ edilən qədər güclü deyil və elə 40-50-ci illərin texnologiyası və taktikası ilə hərəkət edən Rusiya ordusundan çox da fərqlənmir. Və əgər İran elə bilirsə ki, Azərbaycan əvvəlki Azərbaycandır, çox ciddi şəkildə yanılır...
Üçüncüsü, bizim arxamızda qardaş Türkiyə kimi NATO-nun ən güclü ordularından birinə malik olan dövlət, Pakistan kimi müsəlman ölkəsi var. Bizimlə müttəfiq olan İsrail kimi bir əjdaha İrandan çox da uzaqda deyil. İranın arxasında kimdir? Dünyanın guya ikinci ən güclü dövləti sayılan, amma əslində dağılıb-tökülən nəhəng arabaya bənzər Rusiya imperiyası?..
Dördüncüsü, bəlkə də ən əsası isə hazırda İran yarım ilə yaxındır ki, öz daxilində stabilliyi bərpa edə bilmir. Daxilində sabitlik olmayan dövlət heç vaxt müharibədə qalib gələ bilməz. Odur ki, İran müharibəyə başlasa, tez bir zamanda elə öz daxilindən dağılacaq”, – general əlavə edib.
“Bütün bunlarla belə, əlbəttə, Azərbaycan da bütün qonşularla sülh şəraitində yaşamaq istəyir və dövlətimiz çalışır ki, İranla da bütün ziddiyyətləri diplomatik yollarla həll etsin. Amma o da var ki, bizə qonşu olan bu iki böyük dövlətin – istər İranın, istərsə də Rusiyanın heç bir sözünə, vədinə, imzasına inanmaq olmaz”- deyə keçmiş nazir sonda qeyd edib.