Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı

Xətai rayonu 3 nömrəli Uşaq evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.  Sozcu.az xəbər verir ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.  Görüşdə bildirilib ki, müəssisənin rəhbərliyində dəyişiklik edilib və bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.  Son vaxtlar uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.  Qeyd edək ki, bu yaxınlarda 3 nömrəli Uşaq evində lentə alınan görüntülər ciddi rezonans doğurmuşdu. 

Paşinyan Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazır olduqlarını açıqlayıb

“Avropa İttifaqının 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağın vacibliyinə dair bəyanatını əhəmiyyətli hesab edirik”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Ermənistanın baş naziri, həmçinin əlavə edib ki, ölkəsi Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazırdır. Eyni zamanda, Paşinyan bəyan edib ki, Ermənistan regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa, o cümlədən Praqa və Soçidə əldə olunmuş razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırdır. Mənbə: Aysor.am

Mirzoyan: “Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəzlənməsi yeni eskalasiya ehtimalını azaldacaq”

“Azərbaycanla sərhəddə hərbçilərin sərhədçilərlə əvəz edilməsi məsələnin tam şəkildə həllinə imkan verəcək və yeni eskalasiya ehtimalını azaldacaq”. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyadan olan həmkarı ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda bəzi ərazilərdə artıq sərhədçilər xidmət edirlər. “Və təcrübə göstərir ki, ordu hissələrinin yerləşdiyi bölmələrlə müqayisədə bu ərazilərdə toqquşmaların baş vermə ehtimalı daha azdır”, - deyə o vurğulayıb. Mənbə: “Sputnik” Ermənistan “Telegram”

İrəvan Azərbaycan və Ermənistan ekspertlərinin Ankarada görüşmək təklifini qəbul etməyib

"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yarandığı ilk gündən etibarən Ermənistanla Azərbaycan arasında sülhün təşviq olunması üçün qətiyyətli nümayiş etdirib. Hələ 44 günlük müharibədən əvvəl BMTM müxtəlif kanallar vasitəsilə erməni həmkarlarına sülh mesajını çatdırmağa çalışıb, onları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işləməyə dəvət edib". Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib. Qeyd olunub ki,Azərbaycan hökumətinin illərlə apardığı təşəbbüslərə bənzər və paralel şəkildə BMTM göstərdiyi səylər Ermənistan tərəfinin "Track 1.5" diplomatiyasında iştirakdan imtina etməsi səbəbindən uğursuzluqla nəticələnib. Diplomatik səylərin uğursuz olmasından sonra Azərbaycan hökuməti işğal olunmuş əraziləri hərbi yollarla azad etməli olub və 44 günlük müharibədə mühüm qələbə qazanıb. BMTM sülh gündəliyinə sadiqdir və münaqişənin həlli nəticəsində yaranmış imkanları yüksək qiymətləndirir. Mərkəz Ermənistan və Azərbaycan arasında sülh səylərinə töhfə vermək məqsədi ilə Ermənistanın "Orbeli" Mərkəzi kimi həmkar təşkilatlarla təmaslar qurmaq və "Track 1.5" diplomatiyasının mümkün alətlərindən və potensialından istifadə etmək cəhdlərini davam etdirib. Bu məqsədlə, BMTM ortaq beynəlxalq tərəfdaşlardan gələn vasitəçilik təkliflərini yüksək qiymətləndirir və bundan yararlanmağa çalışır. "Lakin təəssüf ki, erməni həmkarlar dəfələrlə beynəlxalq tərəfdaşların təklif etdiyi görüş imkanlarından imtina ediblər. Məsələn, 2022-ci ilin avqust və noyabr aylarında Cenevrədə və həmin il noyabrın ortalarında Moskvada erməni tərəfi görüş üçün əvvəlcədən razılaşdırılmış tarixə bir neçə gün qalmış iştirakdan imtina edib. Erməni tərəfi bu ilin aprelində Ankarada görüşmək üçün edilən son cəhdi də tədbirdən bir neçə gün əvvəl rədd edib. Bu cür məsuliyyətsiz münasibətlə Ermənistan hökuməti və beyin mərkəzləri ortaq beynəlxalq tərəfdaşlarımızın bütün səylərini və resurslarını heçə sayıb və iki ölkə arasında dialoqa ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan hökuməti davamlı sülhün əldə olunması prosesini ləngitmək və paralel istiqamətlərdəki səyləri pozmaq məqsədilə ermənilərin qurbana çevrilməsi iddiaları, təhlükəsizlik təhdidləri və ya "blokada" kimi müxtəlif mövzulardan istifadə edir. BMTM erməni həmkarlarının bu yanaşmasını sülh səyləri üçün çox zərərli hesab edir və təəssüflə bildirir ki, Ermənistan tərəfi ardıcıl və substantiv təmaslardan yayınır, bu tərəflər arasında gərginliyi artırır və ümumilikdə iki cəmiyyət arasında sülh və barışığa mane olur", - mərkəzdən bildirilib.

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - deyə hərbi qurumdan bildirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Rusların başkəsmə videosu... - Çexiya

Ukraynalı əsgərin başının kəsilməsini əks etdirən vəhşi videonun həqiqiliyi təsdiq olunarsa, rus əsgərləri İŞİD-lə eyni sırada olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel Çexiya Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra mediaya açıqlamasında deyib.

AFFA Byazi barədə qərar qəbul etdi

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub. İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb. İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. Toplantıda İK üzvü Mahir Məmmədov iştirak etməyib. O, işləri ilə əlaqədar Gürcüstanın paytaxtı Tiflisdən Bakıya gələ bilməyib. Qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov qeyd edib ki, yekun qərara əsasən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi postunda qalacaq: "İtaliyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub". Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

İranda kütləvi aksiyaya çağırış edildi

İran Tələbə Birlikləri vətəndaşlara rejimin orta çağdan qalma qanunlarına qarşı çıxmaları üçün aprelin 15-nə təyin edilən aksiyalara qoşulmaları ilə bağlı çağırış edib. Sozcu.az xəbər verir ki, bəyanatda Tehran rejimində repressiyaların davam etdiyi və buna etiraz edilməsi gərəkdiyi bildirilib. Qeyd edilir ki, etiraz aksiyalarının səngiməsindən sonra rejimin qadınlara qarşı məhdudiyyətləri artırılıb. Onlar hicab bəhanəsi ilə universitetlərə, ictimai nəqliyyata və iaşə obyektlərinə buraxılmır. İranda həbsxanalarda saxlanılan bir neçə tanınmış siyasi fəal və hüquq müdafiəçisi də çağırışlara qoşulub və əhalini etiraz aksiyalarına səsləyib. Xatırladaq ki, çağırışa İran rəsmilərinin və polis qüvvələri komandiri Əhmədrza Radanın məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər barədə xəbərdarlığı səbəb olub.

Bakıda qətl: arvadını gözəllik salonunda öldürdü

Bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məluat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub. Araşdırma aparılır.

Prezident Bosniya və Herseqovina lideri ilə görüşdü

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, əvvəlcə rəsmi foto çəkdirilib.

Xüsusi əməliyyat: Yəməni ələ keçirildi

ABŞ silahlı qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularına qarşı əməliyyatı nəticəsində İŞİD-in rəhbər şəxslərindən hesab edilən Xuzeyfə Yəməni və onun iki müavini ələ keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir. Yəməninin bir sıra hücumların hazırlanmasında iştirak etdiyi bildirilir.

Zelenski ABŞ Senatının nümayəndə heyətini qəbul edib

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Senatının Demokrat və Respublikaçı partiyaların təmsilçilərinin iştirak etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ukrayna liderinin özü məlumat verib. Onun sözlərinə görə, görüş iştirakçıları Amerika yardımının gələcək istiqamətlərini və bu prosesdə Konqresin rolunu ətraflı müzakirə ediblər. “Biz ümumi dəyərlər - azadlıq və demokratiya uğrunda mübarizə aparırıq. Qələbəmiz Avropada və bütün dünyada vəziyyətin inkişafı üçün həlledici olacaqdır. Ukraynaya səfər etdiyiniz üçün təşəkkür edirik. Bu, dövlətimizə və bütün Ukrayna xalqına dəstəyin vacib siqnalıdır”, - deyə Zelenski bildirib.

Kiyevdə həqiqətən ABŞ hərbçiləri var, ancaq...

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada amerikalı hərbçilərin fəaliyyət göstərməsi barədə iddialara münasibət bildirib. Sozcu.az xəbər verir ki, o, Kiyevdəki ABŞ səfirliyində az sayda amerikalı hərbçinin olduğunu açıqlayıb. "Fox" kanalına müsahibəsində Kirbi deyib ki, bu hərbçilər Ukraynaya gətirilən və buradan aparılan avadanlıqları izləməyə kömək edirlər. ABŞ rəsmisi hərbçilərin döyüşdə iştirak etmədiyini vurğulayıb. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin internetə sızan gizli sənədlərində Ukraynada 14 amerikalı hərbçinin olması barədə məlumatlar yer alıb.

Bu ölkə Rusiyanın müharibə maşınına güc verir - ABŞ

ABŞ Macarıstan hakimiyyətinin Rusiya ilə daha yaxın münasibətlər qurmaq istəyindən narahatdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Macarıstandakı səfiri Devid Pressman deyib. "Biz narahatıq ki, Macarıstan liderləri onların qəddar təcavüzünə baxmayaraq, Rusiya ilə daha da sıx əlaqələrə can atırlar. Rusiya ilə sıx iqtisadi əməkdaşlıq onların müharibə maşınına güc verir və transatlantik alyansın təhlükəsizliyini təhdid edir", - diplomat vurğulayıb.

ABŞ Rusiyanın bu şirkətlərini də siyahıya saldı

ABŞ-ın Rusiyanın bəzi şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib. Qara siyahıya Rusiya baş nazirinin müavini Marat Xusnullin, “Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatı, “Meqafon”, şirkəti də daxil edilib. “Metalloinvest” və “Patriot” özəl hərbi şirkətinə qarşı da sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına həmçinin Rusiyanın nüvə sənayesinin bir neçə müəssisəsi, o cümlədən “Start” İstehsalat Birliyi, Kovrov Mexanika Zavodu, “Toçmaş” İstehsalat Birliyi, “NİKİMT-Atomstroy” ASC də düşüb.

Mingəçevirin yarısı işıqsız qaldı

Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Şəhər sakinləri bildirib ki, artıq bir saatdan çoxdur ki, elektrik enerjisinin verilməsi dayandırılıb. Qeyd olunub ki, həmin ərazilərə elektrik enerjisi ötürən xətdə qəza baş verib. Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

Bu ölkə Putini həbs etməyə hazır olduğunu açıqladı

Vyana Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etməyə və Rusiya lideri Vladimir Putin Avstriyaya səfər edəcəyi halda onu həbs etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Avstriyanın Avropa Birliyi və Konstitusiya üzrə naziri Karolina Edtstadler BCM-in Putin haqda orderini şərh edərkən deyib. “Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərinə əməl edəcək. Mən bir vaxtlar cinayət işləri üzrə hakim olmuşam və BCM tərəfindən bu beynəlxalq orderin verilməsi o deməkdir ki, o (Vladimir Putin) Avstriya torpağına qədəm qoyarsa, həbs olunmalıdır”, - o bildirib. Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Rusların PUA-sı, sursat anbarı vuruldu

Ukrayna qoşunları gün ərzində rusların şəxsi heyəti və hərbi texnikası olan ərazilərə altı hava zərbəsi endiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. "Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində 6 zərbə endirib. Həmçinin düşmənin "Orlan-10" tipli PUA-sı da vurulub", - məlumatda deyilir. Həmçinin qeyd edilir ki, raket və artilleriya bölmələri canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, düşmənin sursat anbarını, həmçinin bir RLS-ni vurub.

Səbuhinin atası: "Bu gün övladıma şəhid toyu edirəm"

Şəhid Səbuhi Tağıyev doğulduğu Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn edilib. Şəhidin atası Gündüz Tağıyev oğlundan danışıb. O bildirib ki, Səbuhinin arzusu elə şəhid olmaq olub: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olun. Dünən günorta saatlarında danışdıq sonuncu dəfə. Sonra da şəhid olub. Arzusu idi şəhid olmaq. Bu gün mən onu öldü bilmirəm, millət yığılıb bura. Mən də şəhid toyu edirəm". Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Allah rəhmət eləsin!/Metbuat.az

Mirzoyanla Bayramov görüşəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla yaxın zamanlarda görüşəcək. Sozcu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni nazir bu barədə parlamentdə çıxışı zamanı deyib. Nazir Ermənistan və Azərbaycanın birbaşa və üçüncü ölkələr vasitəsilə kontaktda olduqlarını da vurğulayıb.

ŞOK: Direktor qaldı, videonu çəkən qadın işdən çıxarıldı

Xətai rayonunda yerləşən 3 saylı uşaq evi haqqında qalmaqal səngimək bilmir. Azxeber.com xəbər verir ki, uşaq evində tərbiyəçi köməkçisi çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva işdən azad olunub. Bu haqda onun özü məlumat verib. Gülcan Nağıyeva dünən işdən çıxarıldığını bildirib:  “Mən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışırdım. Uşaqların haqqını tələb etdiyim üçün işdən azad etdilər. Mən özüm də uşaq evində böyümüşəm, ona görə də daim uşaqların haqqını tələb etmişəm. İndi mən 3 uşaq anası və ən əsası əsgər anası olaraq işsiz qalmışam”.  O işdən azad olmağıma səbəb kimi oradan yaydığı videoları göstərib:  “Tam əminliklə deyə bilərəm ki, işdən azad olunmağıma səbəb uşaq evindən çəkib paylaşdığım videolardır. Həmin videolarda uşaqlara olan qulluq, onların necə qidalandığı haqda məlumat vermişəm. Hazırda orada olan uşaqların haqqını tələb etdiyim üçün işdən azad olunmuşam. Dünən uşaq evinin direktoru 73 yaşlı Məhbubə xanım məni çağırıb əmək kitabçamı təqdim etdi. Əmək Müqaviləsinin 70ç yarımbəndinə əsaslanaraq işimə xitam verildi. Dünən əmək kitabçam mənə verilərkən irəli sürülən ittihamların sübut olunmasını istədim. Uşaq evinin hər tərəfi kamera olduğu üçün etdiyim “yanlışlığın” sübut olunması çox asan idi. Ancaq mənə heç bir şey deyilmədi, sadəcə belə qərara gəlindiyi bildirildi. Bu, çox ədalətsizlikdir. Necə olur 73 yaşlı qadın bu gün işləyir, ancaq uşaqların hüququnu tələb edən 41 yaşlı tərbiyəçi haqqı tələb etdiyi üçün işdən azad olunur. Mən ölənə qədər uşaqların haqqının tapdalanmasına razı olmayacağam”. Gülcan xanım bundan öncə də işdən azad olunduğunu bildirib: “Məhbubə xanım bundan öncə də uşaqlara şiddət tətbiq etdiyimi bildirərək məni işdən azad etmişdi. Ancaq şikayətimdən 6 ay sonra yenidən işimə bərpa olunmuşdum. İndi də sonuna qədər haqqımı tələb edəcəyəm”. 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova Gülcan Nağıyevanın işdən azad olunmasında onun çəkdiyi videolarla heç bir əlaqənin olmadığını bildirib: “Kollektiv ondan narazı idi. Uşaq evinə Ombudsman Aparatından yoxlama gəlib. Bütün tərbiyəçiləri tək-tək yoxlayıblar. Aparılan söhbətlərdə uşaqlar ondan şikayət edib, döydüyünü bildiriblər. Onun çəkdiyi videolar boş şeydir. Biz onu saya da almırıq. İndi bütün dünya o işlə məşğuldur”. M.Hüseynova Gülcan Nağıyevaya başqa iş də təklif etdiyini bildirib: “Mən Gülcanı çağırıb onu başqa işlə təmin etməyi təklif etdim. Mühasiblik kursunu bitirib işə başlamağını təklif etdim. Ancaq o, əvvəlcə fikirləşəcəyini desə də, sonradan razılaşmadı”. Gülcan xanımın yenidən uşaq evinə qayıda bilməyəcəyini deyən M.Hüseynova bu qərarın yekun olduğunu bildirib: “O yenidən uşaq evindəki işinə qayıda bilməz. Həmkarlar İttifaqı tərəfindən çağırılan iclasda o, tutduğu vəzifədən azad olunub. Gülcan Nağıyeva işdən Həmkarlar İttifaqının yekun qərarına və 45 nəfərin rəyinə əsasən işdən azad olunub”. Qeyd edək ki, bir müddət əvvəl, sosial şəbəkələrdə 3 saylı uşaq evində qalan yeniyetmə həmin uşaq evi ilə bağlı şikayətini bildirmişdi. Qeyd etmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər.

Ermənistan ordusu səngər yox, özünə gor qazır

Dünən Ermənistanın müdafiə naziri Suren Papikyan NATO-nun Avropadakı ali komandanlığının mənzil-qərargaşında olub. O, NATO-nun Avropa komandandığının mənsubları ilə danışıqlar aparıb. Danışıqların mövzusu və məzmunu açıqlanmayıb. Lakin Ermənistan-Azərbaycan şərti dövlət sərhədindəki atışmalar və döyüş səbəbindən Papikyan səfərini yarımçıq qoyaraq təcili şəkildə İrəvana qayıdıb. Rəsmi İrəvanın bəyanatlarına, açıqlamalarına və ümumiyyətlə son vaxtlardakı davranışına nəzər saldıqda dünənki silahlı təxribatın əsla təsadüfi hadisə olmadığını deyə bilərik. Daha konkret olsaq, Ermənistan aylardır ki, Azərbaycana qarşı belə aksiyalara hazırlaşırdı. Avropa İttifaqının (Aİ) Ermənistana EUMM adlı "müşahidə-monitorinq" missiyası yollaması, İranın ermənilərə "tam dəstək" verməyə başlaması, Fransanın Ermənistana ünvanladığı birmənalı "hamilik" messicləri, habelə Hindistanın regional proseslərə aktiv müdaxilə cəhdlərinə başlaması, Rusiya ilə münasibətlərin bilərəkdən gərginləşdirilməsi - bütün bunlar və digər amillər Ermənistanın baş naziri Nikol Paşinyanı xeyli cürətləndirib. Aİ missiyası Azərbaycanla danışıqlarda mövqeyinin təhlükəsizlik təminatçısı hesab edən Paşinyan administrasiyası hələ də naməlum və məntiqə sığmayan səbəblərdən aqressiv ritorikanı seçdi. Ermənistan ilk əvvəl Azərbaycanla şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasına yönəlmiş danışıqlar prosesində tam radikal, ultimativ mövqe tutaraq prosesi dalana yönəltməyə başladı. Daha sonra İrəvan sərhəddən keçən yollarda, xüsusilə Gorus-Laçın marşurutunda iki tərəfdən də nəzarət-buraxılış məntəqələrinin (NBM) yaradılması təklifinə qarşı çıxdı. Dünənsə Nikol Paşinyan administrasiyası daha da irəli gedərək şərti dövlət sərhədində Azərbaycan Ordusunun postları arasında "əlahiddə post"un yaradılmasına göstəriş verdi. Ermənilər situasiyanı aydınlaşdırmağa çalışan hərbçilərimizə atəş açdılar, sonra mövqelərimizi iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan, haubitsalardan atəşə tutmağa başladılar. Dığ (Tex) kəndi yaxınlığında yaşananlar bir sıra nüanslara aydınlıq gətirdi. "Zəngəzur qırmızı cizgimizdir" deyən Tehran rejiminin Ermənistana verdiyi siyasi və hərbi-texniki dəstəkdən ruhlanan ermənilər Rusiya Federasiyasının mövqeyini də susqunluq kimi anladılar. Rəsmi Moskva hazırda hadisələrə aktiv müdaxilə istəyi ilə gözləmə mövqeyi arasında barraj vurur. Belə ki, Zəngəzur dəhlizi layihəsinin mümkün qədər tez reallaşmasını istəyən Rusiya Federasiyası bunun üçün real sayıla biləcək heç bir addım atmır. Tam əksinə, bu layihənin gerçəkləşməsini arzulayan Rusiya eyni zamanda Gorus-Xankəndi yolunu da kontrolunda saxlamağa can atır. Belə bir vəziyyətdə Ermənistanın hakimiyyət dairələrinin sürəkli təxribatları və konyuktura uyğunlaşdırılmış siyasəti məntiqi sonluqla bitdi. Həmin sonluq Laçın rayonunda hərbçilərimizin və mövqelərimizin atəşə tutulması oldu. Baş vermiş hadisə ilə bağlı İrvanın rəsmi açıqlamaları dezinformasiya olmaqla yanaşı, primitivliyin izharıdır. Əvvəla, Ermənistanın Müdafiə Nazirliyi intensiv atışmadan 3 (!) saat sonra bəyanat yayaraq özünə haqq qazandırmağa çalışdı, lakin alınmadı. İrəvanın versiyasına görə, Dığ (Tex) kəndi yaxınlığında "mühəndis-istehkam işləri aparan erməni hərbçilər"ə azərbaycanlı hərbçilər "qəflətən", "naməlum səbəblərdən" atəş açıblar. 3 azərbaycanlı hərbçinin şəhid olduğunu nəzərə alsaq, döyüşdə "silahsız erməni istehkamçılar"ın olması ilə bağlı ermənilərin bəyanatları marazm təsiri bağışlayır. Üstəlik, Ermənistan tərəfdən yaralananlar arasında Əlahiddə Ordu Korpusunun komandiri Armen Gözəlyanın olması sübut edir ki, ermənilərin silahlı təxribatı bilavasitə Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə reallaşdırılıb. Nazir Suren Papikyansa göstərişi baş nazir Nikol Paşinyandan alıb. Atışmanın, daha doğrusu, Azərbaycan Ordusunun mövqelərinin məhz Aİ-nin EUMM missiyasının "müşahidəçilər"inin olduğu zonada baş verməsi də çoxsaylı suallar doğurur. Gərginliyin qəsdən artırılması və eskalasiya niyyəti kollektiv Qərblə Rusiya arasında bu dəfə Ermənisan ərazisində qarşıdumanın təzahürüdür. Hər iki tərəf problemin həllində aparıcı rol oynayaraq vasitəçilik və moderasiya səlahiyyətlərini inhisara almaq fikrindədir. Nikol Paşinyana gəldikdə o, problemləri ağırlaşdırmaqla Qərb və Rusiyadan əlavə imtiyazlar əldə etmək niyyətindədir. Amma o, unudur ki, kollektiv Qərbə ümid edərək ekstremal siyasi qərarlar qəbul edən dövlət və hökumət başçıları istisnasız olaraq həmişə, uğursuzluğa düçar olublar. Ən yaxşı halda, onları devirərək hakimiyyətdən kənarlaşdırıblar. Ermənistan hakimiyyəti onu da unutmamalıdır ki, regionda situasiyanın gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya birmənalı olaraq, qəti şəkildə Ermənistanın əleyhinə mövqe tutacaq. Təbii, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, Vaşinqtonla Moskva "narahatlıq" izhar edəcək, "qayğılandıqlarını" bildirəcəklər. Amma İrəvandakı komprador rejimə real heç bir yardım edilməyəcək. Vaşinqtonla sürəkli olaraq kuluar sövdələşmələri Moskvanı, Moskvadan asılılıqdan qurtulmaq istəklərinin dilə gətirilməsinə rəğmən Kremllə gizli danışıqlar Vaşinqtonu qıcıqlandırır. Bu səbəbdən gərginlik artarsa Ermənistan tək qalacaq. Azərbaycanla şərti dövlət sərhədində, ordumuzun mövqelərinin yaxınlığında səngərlər qazmağa çalışan erməni hərbçilərsə faktiki olaraq özlərinə gor qazırlar. /Trend/

“Məsələ bu şəkildə davam edərsə, Azərbaycan dövlətinə qarşı təhdidlər arta bilər” - Xəbərdarlıq

“Hətta Ermənistanın havadarları belə, Qarabağın işğaldan azad olunmamış və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əhalinin Azərbaycana reinteqrasiya prosesinin aparılması siyasətinə qarşı çıxmırlar. Bu, bütün normalara uyğundur”. Politoloq Qafar Çaxmaqlı bunu Musavat.com-a açıqlamasında söyləyib. Ekspert bildirib ki, Xankəndi və digər yerlərdə yaşayan əhali Azərbaycan vətəndaşıdır və onların digər Azərbaycan vətəndaşı kimi bütün haqları qorunacaq: “Azərbaycan müharibənin bitdiyi gündən bəri bunu elan edir və onu səmimiyyətsizlikdə ittiham edənlər də Azərbaycanın ənənəvi düşmənləridir. Burada yaşayan əhalinin müəyyən qrupları da bu prosesi dəstəkləyir, amma separatçı rejim və rəsmi Ermənistan bundan narahatdır, odur ki, danışıqları pozmaq üçün hər addımda hiylələrə əl atır”. Qarabağ separatçılarının Azərbaycan təmsilçiləri ilə görüş üçün Rusiya hərbi kontingentinin yardımına ehtiyac duymalarına gəldikdə, Q.Çaxmaqlı xatırlatdı ki, bundan əvvəl bir kimsənin vasitəçiliyi olmadan gerçəkləşən görüşlərdə elə bir problem ortaya çıxmayıb ki, ermənilər indi Rusiya lıların vasitəçiliyini istəsinlər: “Demək, bu prosesə məqsədli şəkildə Rusiyanı daxil etmək istəyi var. Separatçılar gələcəkdə də Rusiyanı bu prosesə daxil etmək istəyirlər. Hiylə elə buradadır. Erməni separatçılar bir müddət bu formatda müzakirələri aparandan sonra tələb edəcəklər ki, bu işə beynəlxalq güclər də müdaxilə etsin. Ermənistana göndərilən Avropa İttifaqı müşahidəçi missiyasını buraya da gətirmək planı var və diaspora erməniçiliyi də bu məqsədin üzərində dayanır, həmçinin “əhalinin təhlükəsizliyi” məsələsinin beynəlmiləlləşməsini planlaşdırır. Dolayısı ilə Xankəndidəki rejim ermənilərinin tələblərini Qərb sahəsinə keçirmək istəyir”. Politoloq qeyd etdi ki, görüşün Bakıda keçirilməsindən imtina edilməsi və Ermənistanla sərhəddəki son təxribatlar da bu hiyləyə hesablanıb: “Onlar Azərbaycanın “ermənilərin təhlükəsizliyini təmin edə bilməyəcəyi” qənaətini yaratmaq istəyirlər”. Bütün bunlara baxmayaraq, ekspert hesab edir ki, Azərbaycan ermənilərlə birbaşa təmasların daha effektiv yol olduğunu və reinteqrasiyanın qarşılıqlı güvənə dayanacağını təsdiq edən fəaliyyət mexanizmini təklif etməlidir: “Ermənilərin buna getməyəcəyi təqdirdə qanunlar işə düşməlidir. Azərabaycanın bu ərazidə öz suverenliyini bərpa etməkdən başqa çarəsi yoxdur. Çünki məsələ bu şəkildə davam edərsə, Azərbaycan dövlətinə qarşı təhdidlər arta bilər”.

Çavuşoğlu Bayramova zəng etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, Çavuşoğlu Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurmada Azərbaycan Ordusunun 3 əsgərinin şəhid olması ilə bağlı başsağlığını bildirib. Nazir, həmçinin Türkiyə və türk xalqının Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.