Azərbaycanda 5,1 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.  Sozcu.az xəbər verir ki, zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.  Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. *** 22:13 Azərbaycanda 5,1 bal gücündə zəlzələ olub.  Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.  Zəlzələ yerli vaxtla saat 22:05-də baş verib. 

Bakını talan edən rus əsgərlər - Foto

19-dan 20-nə keçən gecə (1990-cı il) Bakıda qanlar tökmüş 234-cü alayın 7-ci rotasının əsgərlərdir. Bu dəstə dinc insanların qanını tökməklə yanaşı, talançılıq da edib. Sozcu.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev bu sözlərlə aşağıda təqdim etdiyimiz fotonu yayıb. Alimin sözlərinə görə, bu əsgərlər Bakı-Sumqayıt yolunda bir “Kamaz” markalı maşını sürücünün əlindən alıb Pskov şəhərinə aparıb satıblar, Bakı Dəniz Vağzalına daxil olub, bütün spirtli içkiləri və rəngli televizoru götürüblər: “Müxtəlif yerlərdə olan mağazalara basqınlar ediblər. Sonradan bu dəstəni Pskova, ordan isə Vilnüsə aparıblar”. Z.Əliyev bu rotanın üzvləri olan Vladimir Popov və Fedotun etiraflarını da təqdim edib.

Müsavat başqanı ATƏT-in Müşahidə Missiyasının nümayəndələri ilə görüşdü

Yanvarın 19-da Müsavat başqanı Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri Dominik Houel və Svetlana Çetaykina ilə görüşüb.  Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri, həmin seçkilərin müşahidə olunması perspektivləri, ölkədəki seçki qabağı vəziyyət, seçki qanunvericiliyi, seçkilər ərəfəsində 10 jurnalistin və bir sıra siyasi fəalların, o cümlədən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qanunsuz həbsi, Müsavat  Gənclər Təşkilatının üzvü, partiya başqanının oğlu Orxan Hacılının adi yol qəzasına görə iki ay qanunsuz həbsdə saxlandıqdan sonra indi ev dustaqlığında olması və digər məsələlər müzakirə olunub.  Müsavatın qərargahında keçirilən görüşdə partiya başqanının müavini Razim Əmiraslanlı və Divan üzvü Mustafa Hacıbəyli iştirak ediblər.  Basta

İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”. Sozcu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün olduğu kimi bu gündə də Azərbaycan xalqının yanındadır”, - paylaşımda deyilir. Səfir Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edərkən çəkilmiş fotolarını da paylaşıb. Şəhidlər Xiyabanında o həmçinin Azərbaycanın iki Milli Qəhrəmanı - Albert Aqarunovun və Vahid Əzizovun məzarına da baş çəkib.

İspaniya kubokunda 1/4 finalın püşkü atıldı

2023/2024 mövsümünün İspaniya kubokunun 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.  Sozcu.az turnirin saytına istinadən xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:  "Selta" - "Real Sosyedad" "Malyorka" - "Jirona" "Atletik" - "Barselona" "Atletiko" - "Sevilya" Qeyd edək ki, görüşlər 23,24,25 yanvar tarixlərində keçiriləcək. 1/4 finalın oyunları 1 matçdan ibarətdir.

Hər gün 1 qaşıq yesəniz orqanizminizdə mikrob qalmayacaq

Son zamanlar artan qrip infeksiyalarına qarşı təbii antibiotikləri əvəz edən reseptlərdən faydalanmaq lazımdır. Mütəxəssislərin fikrincə, güclü immunitet üçün ilk növbədə immuniteti gücləndirən qidalar qəbul etmək önəmlidir. Axşam.az təbii antibiotikləri əvəz edən qarışıq təqdim edir.  Bu qarışığı yuxudan oyanan kimi yediyiniz zaman immunitetinizi gücləndirir. Qarışım belə hazırlanır: Hər səhər bir qaşıq bal, bir çay qaşığı zəncəfil və yarım çay qaşığı darçın qarışdırın. 10 dəqiqə gözlədikdən sonra acqarına istehlak edin. Hər hansı bir xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşmədən istifadə etməməlisiniz. Qarışımla yanaşı qidalanmağınıza da fikir verin. Hər gün bunlardan yemək sizə yardım edəcək: Folat, dəmir, C vitamini və antioksidantlarla zəngin olan ispanaq immunitet sistemini dəstəkləyir. Tərkibində E vitamini olan badam ən sağlam qəlyanaltılardan sayılır. İmmunitet sisteminin hüceyrələrini qorumağa kömək edir. Tərkibində yüksək miqdarda antioksidant olan göyərti immunitet sistemini gücləndirir və idrak funksiyalarını yaxşılaşdırır. Antiviral və antibakterial xüsusiyyətlərə malik olan sarımsaq immunitet sistemini gücləndirən ən təsirli qidalar arasındadır. Tərkibində omeqa-3 yağ turşuları olan balıq bədəndəki iltihabı azaltmağa kömək edir və həmçinin immunitet sistemini dəstəkləyir. Tərkibində C vitamini, A vitamini və lif olan brokoli immuniteti gücləndirən ən təsirli qidalardandır. Bol probiyotik ehtiva edən qatıq həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir. C vitamini ilə çox zəngin olan portağal, naringi və qreypfrut kimi sitrus meyvələri immunitet sistemini gücləndirir. Yüksək antimikrobiyal xüsusiyyətlərə malik olan bal soyuqdəyməyə qarşı təbii həll təklif edir və davamlı öskürək üçün xüsusilə şəfalıdır.

"Sevgi gəlirəm deməz"

Müğənni Günel Zeynalova sevgi ilə bağlı paylaşımı ilə diqqət çəkib.  Sozcu.az xəbər verir ki, sənətçi çiçək şəkli yayımlayaraq "Sevgi gəlirəm deməz" sözlərini yazıb.  Sənətçi daha sonra mahnıdan sözlər yayımlayaraq "Qal, getdiyin yerdə xoşbəxt ol, olacaqsan, ola bilməzsən. Ya da gəl qəlbimi al, sev, çox sev, əziyyət çək, dava edək və sonra barışaq. Sonra da qəbimin sahibi ol" sözlərini yazıb.

"Qadınım" nümayiş olunacaq

Yanvarın 25-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanmış "Qadınım" tamaşasının premyerası olacaq. Axşam.az-ın məlumatına görə, teatrdan bildirilib ki, musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sona qədər mübarizəsi dayanır. Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət? Dərin fəlsəfi məna çalarları olan tamaşanı izləyənlər bunun şahidi olacaqlar... Türk retro musiqilərinin canlı ifa olunduğu "Qadınım"da teatrın gənc aktyorları Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet artistləri iştirak edirlər. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya aiddir. O, həm də aktrisa kimi çıxış edəcək. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Videogörüntüləri isə Murad Həsənov hazırlayıb. Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

ABŞ və Britaniya husilərə zərbə endirir

ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin Hodeyda şəhərində üsyançı husilərin obyektlərinə zərbələr endirir. Sozcu.az xəbər verir ki, “Əl-Məsirəh” məlumat yayıb.

NATO-dan açıqlama: Bakı və İrəvan münasibətləri...

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Sozcu.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsində yazıb. O, həmçinin NATO-nun Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bu üç ölkə Rusiyaya qarşı birləşdi

Estoniya, Latviya və Litva Rusiya ilə sərhəddə müdafiə xətti yaratmaq barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. "Baltikyanı ölkələr şərq sərhədi boyunca Baltikyanı müdafiə xəttinin yaradılması ilə bağlı razılığa gəliblər. Müdafiə hazırlığını artırmaq üçün vaxtdan düzgün istifadə etmək mütləqdir", - nazirliyin məlumatında deyilir.

Naxçıvanda 3 minə yaxın döyüş sursatı aşkarlanıb

Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. "Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur", - qurumdan qeyd olunub. Naxçıvan DİN qanunsuz saxlanılan odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edir.

Britaniyanın "Əjdaha atəşi": İstənilən hədəfi vurur

Böyük Britaniya “Dragon Fire” (Əjdaha atəşi) adlı enerji lazer silahının yeni uğurlu sınağını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilib ki, hava hədəflərinə ilk dəfə olduqca güclü atəş açılıb. Sınaq Şotlandiyanın qərb sahillərindəki Hebrid adalarında baş tutub. Agentlik milli təhlükəsizlik baxımından "Dragon Fire"ın atış məsafəsini açıqlamayıb, lakin qeyd edib ki, silah hər hansı görünən hədəfi məhv edə bilər. Müdafiə Nazirliyi 1 km məsafədən sikkə vurmağa qadir olan yüksək dəqiqliyə malik lazer silahları yaratmaq niyyətində olduqlarını vurğulayıb.

Halı pisləşən türkiyəli sürücü Goranboyda qəza törətdi

Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub. Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qəzzada atəşkəs vacibdir - Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində paylaşım edilib. Görüş Azərbaycan nazirinin Uqandaya işgüzar səfəri çərçivəsində baş tutub. Tərəflər regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələri, Azərbaycan və Fələstin arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ceyhun Bayramov Qəzzada atəşkəsin vacibliyini və Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun ədalətli həllinə dəstəyini təsdiqləyib.

İlham Əliyevdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Sozcu.az dövlət başçısının paylaşımını təqdim edir:

General və zabitlər məhkəmə qarşısında: 143 milyonluq mənimsəmə

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun məhkəməsi başlayıb.  Sozcu.az “Qaynarinfo”ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ayrı-ayrı hərbi hissələrin maliyyə rəisləri şahid qismində ifadə veriblər. Nizami Məmmədovla yanaşı zabitlər – Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə də mühakimə olunurlar. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini həll etmək və dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin etmək əvəzinə digərləri ilə əlbir olaraq 143 milyon manat pul vəsaitini mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə – xüsusilə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Adıçəkilən şəxslərin təqsiri sübuta yetiriləcəyi təqdirdə bu maddələrlə onları 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oqtay Şirəliyevin səhhəti pisləşdi - Türkiyəyə aparılıb

Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb.  Sozcu.az "Manset.az"a istinadən xəbər verir ki, Oqtay Şirəliyev müalicə üçün Türkiyəyə aparılıb.  Keçmiş nazirin müalicəsi qardaş ölkədə davam etdirilir. Onun ölkəyə nə vaxt qayıdacağı bilinmir.  Oqtay Şirəliyevin səhhətində problem yarandığını və hazırda Türkiyədə olduğunu yaxınları saytımıza təsdiqləyib.

Çayxanada "vorzakon" söhbəti: Çaynikin lüləyinə görə ofisiantın başına külqabı çırpdı

Qubada qadın qarşı xuliqanlıq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az publika.az-a istinadən xəbər verir ki, hadisə Quba şəhəri Timirzayev qəsəbəsində baş verib. Quba sakini, 1977-ci il təvəllüdlü Elvin Abduləzizov (soyadlar şərtidir) daimi müştərisi olduğu "480" adlı çay evində ofisiant xanıma qarşı xuliqanlıq edib. Belə ki, o, Nəzirə adlı qadının gətirdiyi çaynikin lüləyini onun istiqamətdə qoymasına irad bildirərək mübahisə edib. Sərxoş halda olan şəxs özündən çıxaraq masadakı külqabını qadının başına çırpıb. Barəsində Cinayət Məcəlləsinin 221.3-cü, yəni silah qismində əşya tətbiq etməklə xuliqanlıq etmə maddəsi ilə cinayət işi başlanılan Elvin bildirib ki, Nəzirə daha əvvəl də çaynikin lüləyini ona tərəf qoyub və həmin vaxt ona irad bildirib: "Axşam saatlarında Timiryazev qəsəbəsindəki "480" adlı çay evinə gedib 5-6 bakal pivə qəbul eləmişdim. Sonra çay sifariş etdim. Bu zaman Nəzirə stola yaxınlaşıb çayniki masanın üzərinə qoydu, çaynikin lüləsini mənə tərəf çevirdi. Mən də Nəzirəyə "çaynikin lüləsini mənə tərəf qoyma" dedim. Nəzirə heç nə demədən masadan uzaqlaşıb getdi. Həmin günü axşam saatlarında çay evini işlədən Aynur adlı xanıma "whatsap"la ismarıc yazıb bundan sonra mənə Nəzirənin deyil, Ayan adlı işçinin qulluq eləməsini dedim. Bundan 1 gün sonra yenidən çay evinə getdim, 2-3 bakal pivə içdim, bir qədər oturduqdan sonra tanımadığım şəxslərin təklifinə əsasən onların masasına əyləşdim, onlarla spirtli içki qəbul etdim. Həmin günü saat 17 radələrində işim olduğundan kafedən çıxıb getdim. Bir qədər keçdikdən sonra Aynur onunla əlaqə saxlayaraq bir qədər öncə yanında oturduğum şəxslərin hesabın mənim ödəməli ölacağımı deyərək getdiklərini bildirdi. 15-20 dəqiqə sonra həmin çay evinə qayıtdım. Bir qədər sonra Nəzirə çay gətirdi, çayniki masanın üzərinə qoydu, lüləsini yenə də mənə tərəf çevirdi. Nəzirəyə "çayı Ayanın gətirməyini istəmişdim. Sən niyə mənim stoluma qulluq edirsən?" deyə soruşdum. O da cavabında "Ayan başqa stola baxır, ona görə mən qulluq edirəm", dedi. Ona "dünən sənə demişdim axı çayniki lüləsini mənə tərəf qoyma" dedim. Nəzirədə da qışqırıb "mən vorzakon deyiləm, avtoritet deyiləm, mən nə bilim çayniki sən tərəfə qoymaq nə deməkdi" dedi". Bundan sonra tərəflər arasında münaqişə olub və çoxsaylı müştərilərin içində Elvin masadakı külqabını götürərək Nəzirənin başına çırpıb və ona xəsarət yetirib. Hadisə ilə bağlı açılmış cinayət işinə bu ilin yanvarında Quba rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Mərasimdəki qadınlar əyləşdikləri masalarla birgə 1-ci mərtəbəyə yıxılıblar

Bu gün saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evindəki bədbəxt hadisənin təfərrüatı məlum olub. Sozcu.az xəbər verir ki, hadisə vaxtı mərasim evinin ikinci mərtəbəsində yas mərasimi keçirilirmiş. Bu zaman ikinci mərtəbənin döşəməsi birinci mərtəbənin tavanı ilə birgə qəfil çöküb. Nəticədə yuxarı mərtəbədəki mərasimdə iştirak edən qadınlar əyləşdikləri masalarla birgə birinci mərtəbəyə yıxılıblar. Bildirilir ki, hadisədən bir neçə dəqiqə əvvəl 1-ci mərtəbədə olan şəxslər oranı tərk ediblərmiş. Az sonra isə çökmə hadisəsi yaşanıb. Qeyd edək ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib. Onlar 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızıdır.

Bu xəstəxanaya xeyli qızılcalı uşaq gətirilib - Rəsmi statistika niyə gizlədilir?

Artıq 2 aydan çoxdur ki, paytaxt Bakı və bölgələrdə qızılca sürətlə yayılmaqdadır. Bakupost.az xəbər verir ki, bu müddətdə 15-ə yaxın uşaq və gənc vəfat edib. Hələ dekabrda koronavirus pandemiyası zamanı açılan və sonradan bağlanan modul tipli xəstəxanaların qızılca səbəbindən açılacağı barədə məlumat daxil olmuşdu. Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərsək də, suallarımız cavabsız qaldı. Dünən əldə etdiyimiz məlumata görə, modul tipli xəstəxanaya qızılcaya yoluxan xeyli uşaq yerləşdirilib. Artıq sosial şəbəkələrdə onlarla valideyn də uşağının Məhəmmədi kəndindəki modul tipli xəstəxanada müalicə aldığını təsdiqləyib. Ötən həftə redaksiyamıza müraciət edən bir xanım uşağının təcili yardımla Məhəmmədi modul xəstəxanasına aparılmasına kömək etməyimizi xahiş etmişdi. Lakin uşağın durumu ağır olmadığı üçün o, evdə saxlanıldı. Məhəmmədiyə təkcə Bakıdan yox, bölgələrdən də qızılcalı uşaqlar gətirildiyi bildirilir.

Türk kosmonavt kosmosda: İlk sözləri gündəm oldu – VİDEO

İlk türk kosmonavt Alper Gezeravcının da daxil olduğu SpaceX şirkətinə aid “Falcon9” raketi canlı yayımlanan geri sayımdan sonra ötən gecə uğurlu uçuş həyata keçirib. Raketin daşıdığı “Dragon” kapsulunun 20 yanvar saat 12:15-də beynəlxalq kosmik stansiyaya çatması gözlənilir. Sozcu.az bildirir ki, bununla da 100 kilometrlik kosmos sərhədini aşan türk kosmonavt Gezeravcı rəsmi olaraq kosmonavt kimi tarixə düşüb. “SpaceX” tərəfindən kosmosdan canlı yayımlanan ilk görüntülərdə türk kosmonavt Mustafa Kamal Atatürkün “İstiqbal göylərdədir” ifadəsini səsləndirib. Qeyd edək ki, Alper Gezeravcının da içində olduğu “Axiom3” heyətində həmçinin ABŞ və İspaniya təmsilçisi M. Lopez Aleqria, italiyalı pilot Volter Villaday və Avropa Kosmik Agentliyindən isveçli Markus Vandt yer alıb. Həmin tarixi görüntüləri təqdim edirik:

ABŞ-dan İsrailə cavab: Bu dövlət qurulmalıdır

İsrailin bölgədəki daimi təhlükəsizlik problemini həll etmək və Qəzzanın qısa müddətə bərpası üçün Fələstin dövlətinin qurulmasından başqa yol yoxdur. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında çıxışı zamanı deyib. “İsrailin hazırda belə bir imkanı var, çünki region ölkələri İsrailin təhlükəsizliyinə zəmanət verməyə hazırdır”, - o əlavə edib. Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamada Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bildirmişdi.

Bakıda kişi dəm qzından boğulub ÖLDÜ

Bakıda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov Motodrom adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.