Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribatlara münasibət bildirib.
Diplomat A.Xudiyev Demokrat.az-a açıqlamasında deyib ki, baş verən təxribatların arxasında Rusiya və İran dayanır:
"Bu gün Qarabağda baş verən toqquşmanın nəticəsinə baxanda dəqiq demək olar ki, bu, Rusiyanın avantürist siyasətinin nəticəsində baş vermiş təxribatdır. Çünki Rusiya öz məkirli və klassik siyasətindən əl çəkmək istəmir. Hər zaman öz əhatə dairəsini genişləndirmək istədiyi regionlarda mütləq şərtlə qeyri-müəyyənlik yaradır. Bu qeyri-müəyyənlik isə sonda xaosa gətirib çıxardır. Rusiya və İran bu xaosdan, qeyri-müəyyənlikldən istifadə edərək, öz məkrli işlərini görürlər. Ona görə də bu gün Kəlbəcər və Laçın istiqamətində baş verən toqquşmalar birbaşa bu məsələlərin təzahürüdür. Amma bu dəfə Rusiya və İranın Cənubi Qafqaz regionunda avantürası baş tutmadı. Rusiya İranın vasitəsilə Azərbaycana təzyiq etmək istəyirdi. Amma artıq anlayırlar ki, Azərbaycana bu cür təzyiq etməklə nəsə əldə etmək mümkün deyil, Azərbaycan milli maraqları naminə bu dövlətlərə güzəştə getmir. Son vaxtlar bu reallığı Rusiyanın ayrı-ayrı ekspertlərinin, deputatlarının və siyasətçilərinin də dilindən eşidirik. Həmin şəxslər siyasi tok-şoularda çıxışlarında aşı şəkildə deyirlər ki, artıq Azərbaycanı yola gətirmək hər gün daha da çətinləşir, çünki Azərbaycan proseslərə öz maraqlarından yanaşır. Əlbəttə ki, hər bir ölkənin öz suverenliyi və müstəqil siyasəti olduğu kimi, Azərbaycan dövləti də müstəqil siyasət aparır. Şübhəsiz ki, Azərbaycanın müstəqil siyasət aparması nə İranın, nə də Rusiyanın maraqlarına uyğun deyil. Ötən dövrlər də göstərdi ki, nə qədər biz Rusiyanın maraqlarına xidmət edəcəyik, o zaman bizim tələblərimizə ciddi baxan olmayacaq. Təbii ki, bu cür təhdidlərə də hazır olmalıyıq. Çünki əgər müstəqil siyasət aparmaq istəyiriksə, o zaman xaricdən gələn bütün təzyiq və təhdidlər nəzərə alınmalıdır. Amma eyni zamanda indi Rusiyadan çox ehtiyatlı olmaq lazımdır. Misal var ki, yaralı ayı daha çox vəhşi olur. Ona görə də Rusiya ilə prinsipial siyasətimizi həm ehtiyatlı, həm də qətiyyətli formada davam etdirməliyik".
Nazir müşaviri vurğulayıb ki, bu gün sərhəddə baş verən toqquşmaların digər səbəbləri də var:
"Burada başqa amillər də var. Həmin amillər odur ki, son zamanlar Azərbaycan həm İsrail, həm ABŞ, həm də Avropa ilə yaxınlaşma taktikasını seçib. Bilirsiniz ki, hazırda Azərbaycanın müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov ABŞ-da səfərdədir. O, Vaşinqtonda Amerikalı həmkarları ilə Azərbaycanın havadan müdafiəsinin daha da gücləndirilməsi üçün müzakirələr aparır. Şübhəsiz ki, bütün bunlar Rusiyanı qıcıqlandırmaya bilməzdi. Rusiya hər zaman istəyir ki, onunla yaxın regionda yerləşən və qonşu olan dövlətlərin bütün hərbi və təhlükəsizlik sistemini öz nəzarətində saxlasın. Artıq o dövr geridə qalıb. Bu gün Rusiya o güc təsirini itirib. Rusiya görür ki, nə Gürcüstanda, nə Ermənistanda, nə də Azərbaycanda öz təsir gücünü əvvəlki kimi yürüdə bilmir. Ona görə də Rusiya Qarabağda bugünki kimi təxribatlara əl atır. Tam əminliklə deyə bilərəm ki, bu gün Laçın istiqamətində törədilən təxribatın da arxasında Rusiya dayanır. Gec-tez bunun da üstü açılacaq.
Rusiya bir müddət öncə Ermənistanı silahlandırırdı. Hətta, buna görə Azərbaycanın dövlət başçısı və Müdafiə Nazirliyimiz dəfələrlə Rusiyaya və Qarabağda müvəqqəti yerləşdirilmiş "sülhməramlı" qüvvələrin komandanlığına xəbərdarlıq etmişdi.
Eyni zamanda Qarabağdakı erməni separatçılarına və Ermənistan dövlətinə dəfələrlə xəbərdarlıq olunub ki, silahlanmadan vaz keçin, əks halda Azərbaycan dövləti müvafiq tədbirlər görməyə məcbur olacaq. Qarabağdakı erməni separatçılarına ən böyük silah dəstəyini isə Rusiya "sülhməramlıları" da verirdilər. Hələ o zamandan gözlənilirdi ki, sərhəddə təxribatlar baş verəcək. Hətta, həmin vaxtı Azərbaycanın bir sıra hərbi, siyasi və təhlükəsizlik üzrə ekspertləri təhlillər apararaq, bununla bağlı öncədən xəbərdarlıq edirdilər".
Rusiya-Ukrayna müharibəsinə də toxunan Azər Xudiyev qeyd edib ki, hazırda Rusiya Ukraynada hər gün böyük itkilər verir:
"Bildiyiniz kimi, hazırda Rusiya Ukraynada hər gün daha da zəifləyir, gücdən düşür. İndi Rusiya həm daxilində, həm də beynəlxalq aləmdə öz nüfuzunu itirir. Bu gün Rusiyada artıq Putin hakimiyyətinə qarşı böyük demoralizasiya formalaşıb. Əlbəttə ki, bütün bunları həll etmək üçün Rusiyanın köhnə klassik avantüra metodunu hərbi avantüraya çəkməkdir. Zənnimcə, bütün bunlar Ukraynanın Rusiyaya qeyri-şərtsiz boyun əymədiyinə və daim başını dik tutduğuna görə baş verir. Azərbaycan dövləti də hər an belə hallara hazır olmalıdır. Azərbaycan öz prinsipial siyasətini yeritməlidir və tədricən Rusiya artıq başa düşməlidir ki, Azərbaycanla diqtə ritorikası ilə danışmaq olmaz".