İrəvanda atışmada vəzifəli şəxs yaralandı

İrəvanda atışma zamanı paytaxtın Davitaşen inzibati rayonunun rəhbərinin müavini yaralanıb. Hadisə mayın 19-da səhər saatlarında baş verib. Bildirilir ki, Maştots rayon polis şöbəsinə evlərdən birinin yaxınlığında atəş açıldığı barədə məlumat daxil olub. Polisin əməliyyat qrupu hadisə yerinə gedib. Ərazidə avtomat silahların gilizləri aşkar edilib. Atışma nəticəsində bir nəfər xəstəxanaya çatdırılıb, onun Davitaşen rəhbərinin müavini Koryun Arakelyan olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır. Mənbə: Shamshyan.com

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul edə biləcəklər

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul edə biləcəklər. Sozcu.az xəbər verir ki, bununla bağlı “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib. “Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib. Bununla da, hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub. "Özəl tibb fəaliyyəti haqqında” qanun layihəsi də, qeyd olunan “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.

Zelenski G7-də şəxsən iştirak edəcək - Blumberq

Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyada keçiriləcək G7 sammitində şəxsən iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Qeyd edək ki, sammit 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində keçiriləcək.

Türkiyə hərbi gəmiləri Kipr limanlarına girəcək

Türkiyə hərbi gəmiləri 19 May Atatürkü anma, Gənclik və İdman bayramı ilə bağlı keçirilən tədbirlər çərçivəsində Şimali Kipr Türk Respublikasının limanlarına gələcək. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin “İmbat” və “Bozcaada” gəmiləri mayın 19-da ada sakinlərinin üzünə açıq olacaq.

Ukrayna MN: “Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”

“Rusiyada bizi məlumatlandıran ciddi mənbələrimiz var”. Sozcu.az “İnsayder”ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov deyib. O bildirib ki, Rusiyanın Ukraynadakı agentlik şəbəkəsi hələ də qalır, lakin onların imkanları tükənib və artıq mif olub. K.Budanovun sözlərinə görə, Rusiya ordusu hücum imkanlarını itirib: “İndi onlar müdafiə olunurlar”. Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, nüvə müharibəsi nəzəri cəhətdən mümkündür, amma praktik baxımdan belə imkan yoxdur: “Çünki bu ssenari Rusiyanın strateji məğlubiyyəti ilə başa çatacaq”.

30 il əvvəl törədilən cinayət üzrə məhkəmə BAŞLAYIR

Xəbər verildiyi kimi 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Prokurorluq və Daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

CNN: "ABŞ Ukraynaya F-16 qırıcılarının verilməsinə mane olmayacaq"

"ABŞ müttəfiqlərinin Ukraynaya F-16 qırıcıları verməsinə mane olmayacaq". Bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilib ki, Cozef Bayden administrasiyası son həftələrdə avropalı müttəfiqlərinə ABŞ-ın Ukraynaya F-16 döyüş təyyarələri ixracına icazə verəcəyinə dair siqnal verib. Məlumata görə, müttəfiqlər məsələ ilə bağlı qərar verərsə, Ağ ev Ukraynaya həmin qırıcıların tədarükünü təsdiqləməyə hazırdır. CNN qeyd edib ki, administrasiya rəsmiləri müttəfiqlərdən F-16-ların ixracı ilə bağlı müraciət almadıqlarını da bildiriblər. Məlumata əsasən, adətən, üçüncü tərəflərə bu cür göndərişləri təsdiqləmək üçün sənədləşmə işləri ilə ABŞ Dövlət Departamenti məşğul olur. Qeyd edək ki, bir müddət əvvəl “Politico” başqa ölkələrin Ukraynaya F-16 qırıcıları verməsinə Pentaqonun etiraz etmədiyini söyləmişdi. Vurğulanıb ki, F-16-ları və ya başqa hərbi texnikanı, sistemi ABŞ-dan almış ölkələr onu üçüncü tərəfə tədarük etməzdən əvvəl Vaşinqtondan icazə almalıdır. Bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi məsələsinin bu ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun növbəti sammitində müzakirə olunacağı da gözlənilir

Sevgidə yaşın nə fərqi var ki?

Sevgi münasibətlərindəki yaş fərqi hər zaman müzakirə yaradıb. İstər qadın kişidən böyük olsun, istərsə də kişi qadından. Bunun bir fərqi olmur. Sozcu.az olay-a istinadən xəbər verir ki, hər zaman bu məsələ mübahisəyə səbəb ola bilir.  "Cougar life"ın yazarı, psixoloq Sarah Hillin fikrincə, bu münasibətlərin çox vaxt su-istifadə hallarına yol verdiyi düşünülür. Yəni yaşlı tərəf gənc sevgilisini cinsi münasibətlərinə görə, digər tərəfin isə yaşlı olanı maddi durumu üçün istifadə etdiyi qənaətinə gəlinir. Bu ümumi düşüncənin əksinə çox ekspert yaş fərqinin münasibətlərdə su-istifadə edici hallara yol vermədiyini düşünür. Onların fikrincə, bu nüans iki nəfər arasındakı bağı digərlərindən fərqləndirmir. Məsələ burasındadır ki, bu münasibətlər güc balansını pozur. Yəni Hillin dediyi kimi, bəzən bu münasibətlərdə sui-istifadə hallarını görsək də, hər zaman belə olmur. Əslində isə araşdırmalar bu tipli münasibətlərin çoxunda yaş fərqinin araya girmədiyini, tərəflər arasında təbii bir bağ yarandığını irəli sürür.  Yenə Hillin fikrincə, yaş fərqi olan "flört"lərin riski var. Yəni bu münasibətlərin problem yaratmayacağına zəmanət vermək olmaz. Bəzi ekspertlər yaş fərqinin münasibətlərdə problem təşkil etdiyini üzə çıxaran araşdırmalar edir. ABŞ-ın məşhur universitetlərindən birində edilən tədqiqatlara görə evli cütlüklər arasındakı yaş fərqi boşanma ehtimalını artırır. Aralarında 20 yaş fərqi olan cütlüklərin 95 faizi, 10 yaş fərqi olanların 39 faizi, 5 yaş fərqli olanların isə 18 faizi boşanır. Aralarında 1 yaş fərqi olan cütlüklərin isə yalnız 3 faizi evliliklərini bitirir. İki illik evliliklərin 43 faizi, 10 illiklərin və daha çox olanların isə 94 faizində boşanma halları müşahidə olunur.

Ali Məhkəmə: Dövlət rüsumu tam ödənilmədən verilən şikayətlər geri qaytarılmalıdır

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 18 may tarixli qərardadında müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilmədiyinə görə, kassasiya şikayətinin qaytarılması nəticəsində kassatorun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması məsələsinə aydınlıq gətirilib. Bu barədə Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib. Ali Məhkəmə araşdırmanı apararkən Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının Zubac Xorvatiyaya qarşı iş üzrə qərarına istinad edərək, həmçinin öz məhkəmə təcrübəsini yenidən nəzərdən keçirib. Məhkəmə kollegiyası qeyd edib ki, Ali Məhkəmənin qərarında hüquqi müəyyənlik və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi təmin edilməlidir. Ali Məhkəmənin yurisdiksiyasına toxunan məsələ üzrə icraat zamanı ərizəçi və apellyasiya instansiyası məhkəməsi tərəfindən yanlış prosessual addıma yol verildikdə, Ali Məhkəmə Qanunun Aliliyini bərpa etməlidir. Bununla da, ədalət mühakiməsinin həyata keçirilməsində səmərəlilik prinsipi dəstəklənilməli və belə şəraitdə, apriori, heç bir həddindən artıq formalizmdən söhbət gedə bilməz. Qanunun Aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması ilə bağlı heç bir gözlənti ola bilməz. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Bundan əlavə, vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini daşıyan Ali Məhkəmə dövlət rüsumunun müvafiq qaydada və məbləğdə ödənilməməsi səbəbindən kassasiya şikayətinin qeyri-mümkün olmasına dair çoxsaylı qərarlar qəbul edib, həmin qərarlar Ali Məhkəmənin internet səhifəsindəki elektron axtarış sistemində yerləşdirilib. Kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz. Kassatorun peşəkar vəkillə təmsil olunması onun Ali Məhkəməyə müraciət etməyin qaydalarından xəbərsiz olmasını istisna edir, Ali Məhkəmə isə tərəflərin kassasiya şikayətinin verilməsi ilə bağlı səhvlərini düzəltmək vəzifəsini daşımır. Belə halda, cavabdehin kassasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər. Kassasiya şikayətinin mümkünlüyünə dair məsələlərin təhlili nəticəsində məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilməməsinə görə kassasiya şikayətinin qaytarılması kassatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən özbaşınalığın qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Həmçinin qeyd edilib ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq ilk növbədə apelyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməli və kassasiya şikayətinin mümkünlüyünü yoxlamadan işi baxılması üçün Ali Məhkəməyə göndərməməlidir.

“Mənim dünyam yıxılıb” - Mərhum Oqtay Əliyevin anası

“Oqtay dünyasını dəyişəndə bu günə qədər mənə saysız-hesabsız zənglər gəlir. Heç birinə cavab vermirəm. Danışmaq istəmirəm. Heç danışa da bilmirəm. Yəqin ki, halımı, əhvalımı soruşmaq üçün zəng edirlər. Allah hamısından razı olsun. Özümü necə hiss edə bilərəm, sizcə? Səhhətimi unutmuşam, yaddan çıxıb. Biri var ki, bu dərdi ağır qarşılayıram, biri də var ki, çəkə bilmirəm. Vidadi nə dinir, nə də danışır. Hələ də o şokdan ayılmamışıq. Mənim dünyam yıxılıb”. Pravda.az Moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti, mərhum prodüsser Oqtay Əliyevin anası Elmira İsmayılova deyib. O bildirib: “Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. Ümumiyyətlə, övlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər işləri çox olsaydı da, məni gəlib, görüb gedirdi. Bir-birimizlə o qədər sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay yuxularıma da gəlmir”. Elmira İsmayılovanın sözlərinə görə, gəlini, əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir: “Dilarəyə də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir”.

MM şöbə müdiri: “Aliment öhdəliyi olan şəxslər sosial həssas qrup kimi tanınmalıdır”

“Aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır”. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, alimentlə bağlı problemlər də çox ciddidir: “Bilirik ki, aylıq gəlir olduqda uşaqların sayına görə müvafiq olaraq aliment gəlirin 1/4, 1/3 və ½ hissəsində təyin olunur. Bu alimentin mənbəyində tutulma imkanı da mövcuddur ki, bu sahədə problem olmur, eyni zamanda kifayət qədər ədalətlidir. Amma aylıq gəlir olmadıqda ya onu sübut etmək olmadıqda, bu halda aliment yaşayış minimumuna uyğun olaraq müəyyən olunur. Əgər üç uşaq varsa bu məbləğ kifayət qədər yüksək olur. Belə olan halda gəliri və işi olmayan şəxsin aliment öhdəliyinin miqdarı bəzi hallarda müəyyən miqdar əməkhaqqı alan şəxsin ödədiyi alimentin miqdarından daha çox olur. Hansı ki, işsiz şəxsin daha az ödəyə bilməsi reallığı da var”. Şöbə müdiri hesab edir ki, aliment öhdəliyi olan şəxslərin sosial həssas qrup kimi tanınması və onların işə düzəlməkdə, yaxud məşğulluq tədbirlərinə (özünəməşğulluq tədbirlərinə) cəlb olunmasında üstünlük hüququ tanınmalıdır: "Belə olduqda onlar nəinki alimenti ödəyər, həm də öz gələcək ailə planlarını da icra edə bilərlər”./Report

Elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edildi

Nazirlər Kabineti “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişiklik edib. Elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklər edilib. Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib. Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib. Yeni hallar aşağıdakılardır: - barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə; - barəsində həbs növündə qətimkan tədbiri seçildikdə; - nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.

Hakimi təhqir edən Kloppun cəzası məlum oldu

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cəzalandırılıb. Almaniyalı mütəxəssis İngiltərə Premyer Liqasında “Tottenhem”lə matçda (4:3) baş hakim Pol Tirni təhqir etdiyinə görə biri şərti olmaqla ikioyunluq diskvalifikasiya edilib. 55 yaşlı mütəxəssis 75 min funt sterlinq cərimə də ödəməli olacaq. Klopp cəza səbəbindən İngiltərə Premyer Liqasının 37-ci turunun “Aston Villa” ilə ev matçında texniki zonada ola bilməyəcək. Mənbə: BBC

Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, mərkəz tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir. Bu ilin I rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb. Eyni zamanda, plandankənar yoxlamalar nəzərdə tutulmuş 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb. Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib. Qeyd edilməlidir ki, İXM-in 210.1–ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir. İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir. İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.

Xankəndidə çıxış bağlandı: Müharibəyə hazırlıq...

Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir. Birincisi, daxili siyasi qarşıdurma var: Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib; İkincisi, müharibəyə hazırlıqdır: separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır, o cümlədən, separatçı rejimin cinayətkarları əfv etməsi də onlardan canlı qüvvə kimi istifadə edilcəyi gözləntisini ortaya çıxarır. Lakin müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Hər iki şəxsin bu cür çıxışı siyasi mübarizədə önə çıxmaq istəyindən irəli gəlsə də, digər informasiyaları və baş verənləri nəzərə alanda ordumuza qarşı təxribat hazırlığının aparıldığı ehtimalını irəli sürmək mümkündür. Artıq “müdafiə komitəsi” adı ilə qondarma qurum yaratmaq çağırışları var, məqsəd Bakıya reinteqrasiya prosesinin qarşısını almaqdır. Lakin separatçılara “müdafiə olunduqlarını” göstərmək üçün hansısa hərbi toqquşma lazımdır, məhz bu şəraiti yaratmaq məqsədilə ordumuza qarşı təxribat hücumlarının ola biləcəyi istisna edilməməlidir. Bütün bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şaiyələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, İnstaqram və Vatsap qismən bloklanıb: “Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”. Xankəndidə həm də, diqqətçəkən qeyri-müəyyən proseslər gedir.

Qobustanda qazi faciəvi şəkildə öldü

Ötən gün saat 03 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75,6-cı km-də 1993-cü il təvəllüdlü Mirdamət Mirkamıl oğlu Kamilov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən, yolu keçən piyada 2001-ci il təvəllüdlü Vüqar Pünhan oğlu Rüstəmovu vurub. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Vüqar Rüstəmov Vətən müharibəsi qazisidir.

Böyük uğur: Ukrayna Baxmutda irəliləyir

Ukrayna qoşunları mayın 18-də əks-hücum əməliyyatları zamanı Baxmutda taktiki təşəbbüsü ələ keçirərək əhəmiyyətli uğurlar əldə ediblər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Bildirilib ki, bu, Ukrayna qüvvələrinin yeni böyük əməliyyatının başlanğıcı yox, bir neçə gündür aparılan əks-hücumların davamıdır. Bir neçə rusiyalı hərbi jurnalistin iddiasına görə, Ukrayna qüvvələri İvanovskinin cənub və cənub-qərbində (Baxmutdan 6 km qərbdə), Kleşeyevkanın isə şimal-qərbində (Baxmutdan 6 km cənub-qərb) Rusiyanın müdafiə xətlərini yarıb. Rusiya qüvvələri Sakko və Vançettinin şimalındakı mövqelərdən (Baxmutdan 15 km şimalda) cənubundakı mövqelərə çəkilib, ancaq Ukrayna qoşunları hələ də kəndə daxil olmayıb.

Bağçalara sənəd qəbulu dayandırılır

Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır. bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycandan İranın 17 şirkətinə məhdudiyyət

17 şirkətin İrandan Azərbaycana bibər və kivi idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Belə ki, AQTA tərəfindən İran İslam Respublikasından idxal olunan bibər və kivi məhsullarına fitosanitar baxış keçirilib. Baxış zamanı götürülən nümunələr Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan ekspertizanın nəticələrinə əsasən, İrandan bu ölkənin şirkətləri tərəfindən respublikamıza idxal olunan bibər məhsulunun 19 partiyasında karantin tətbiq edilən zərərli orqanizm - “Qonur qırışıqlıq virusu” aşkarlanıb. Həmin məhsul partiyasından 10-u “Rasol Soleymanpour”, 4-ü “Amanj Sahragard”, 2-si “Avoid Sarmayeh Asia Co”, 1-i “Bazargani Diba Mehr Daryan”, 1-i Farhad Tejarat Ramin” və 1-i “Sarah Jabaroti” şirkətinə aiddir. Bundan əlavə, İran şirkətləri tərəfindən respublikamıza gətirilən kivi məhsulunun 34 partiyasında karantin tətbiq olunan zərərli orqanizm - “Tut qalxanlı yastıcası” aşkarlanıb. Zərərverici aşkar edilən məhsul partiyalarından 6-sı “Sarah Jabaroti”, 5-i “Ramin Cheraghi”, 4-ü “Bahram Gostar Aras Shargh” 3-ü “Sayed Ali Akbar Abul Maali” və 3-ü “Avoid Sarmayeh Asia Co” şirkətinə aiddir. Digər 13 ixracatçı şirkətin hər birində isə 1 uyğunsuzluq halı müəyyən olunub AQTA bildirir ki, aşkarlanan hallarla əlaqədar Agentlik tərəfindən İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib: “Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir. Qeyd olunan şirkətlərlə yanaşı, Azərbaycan idxalçılarından “Dry Fruits” MMC, “Frukt İs” MMC, “Ballı Store N” MMC və “South potato” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən bibər məhsullarından götürülən nümunələrdə “Qonur qırışıqlıq virusu”, “Amotrade” MMC, “Narnumru” MMC, “Fadak-1974” MMC, “Freere Fructe” MMC, “Senergy Az” MMC və “South potato” MMC tərəfindən gətirilən kivi məhsulunda isə dəfələrlə “Tut qalxanlı yastıcası” aşkarlanıb. Qeyd olunan subyektlərin idxal etdiyi zərərli orqanizmlə sirayətlənmiş məhsullarla bağlı zəruri fitosanitar tədbirlər görülsə də, gətirilən növbəti məhsul partiyalarında zərərli orqanizmlərin sirayətlənməsi halları təkrarlanıb. Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən Agentlik tərəfindən İranın yuxarıda adları qeyd olunan 9, Azərbaycanın isə 8 şirkətinin bibər və kivi məhsullarını respublikamıza idxal etməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub”. AQTA bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş fitosanitar nəzarət tədbirlərini davam etdirir.

450-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 450-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 201 760 hərbçi, 3777 ədəd tank, 7377 ədəd zirehli döyüş maşını, 3210 ədəd artilleriya sistemi, 564 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 319 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6083 ədəd avtomobil texnikası, 2769 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 418 xüsusi avadanlıq itirib.

Yazıçı Sərvinaz Əhmədi həbs edildi

Yazıçı, tərcüməçi və uşaq hüquqları müdafiəçisi Sərvinaz Əhmədi həbs cəzasına məhkum edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran Yazıçılar Birliyi bəyanat yayıb. Bəyanatda yazıçının həyat yoldaşı, işçi hərəkatı fəalı və jurnalist Kamyar Fəkurun da saxlanıldığı, barəsində cinayət işi açıldığı qeyd edilib. Xanım yazıçı “hökumətə qarşı təbliğat" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün fəaliyyət” ittihamlarına görə 3 il 3 ay həbs cəzasına məhkum edilib. Yazıçılar Birliyi İran hökumətinin Sərvinaz Əhmədi və başqa yazıçılara qarşı repressiyalarını pisləyib, bunu Tehran hökumətinin repressiya maşınının daha da qəddarlaşmasının nümunəsi adlandırıb. Qeyd edək ki, İran xanım yazarların həbsinə görə dünyada liderdir.

Kılıçdaroğlu: Türkiyə gəncliyi ilə yenidən tarix yazmağa hazırlaşır

Millət İttifaqının prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Twitter hesabında 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı mesajını paylaşıb. “Ulu Öndərimiz Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Türkiyə daxili və xarici pisliklərə qarşı gəncləri ilə bir tarix yazmağa hazırlaşır. Ümidimizi və Atatürkün gənclərə verdiyi tarixi borcumuzu yaşadaraq, qətiyyətlə addımlayacağıq. 19 Mayınız mübarək!”  Sozcu.az

Ukrayna SQ Baş Qərargahı: Rusiyaya məxsus silah anbarları və texnika məhv edilib

Bu gün Ukrayna hərbçiləri Rusiyanın cəmləşdiyi ərazilərə hücum edərək, sursat anbarlarını və texnikanı, xüsusən artilleriya, zenit-raket kompleksi və elektron döyüş stansiyalarını məhv edib. Hərbi aviasiya Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində altı zərbə endirib. Bundan başqa, bu günlər ərzində Ukrayna Silahlı Qüvvələri 21 qanadlı raketi və müxtəlif tipli 7 kəşfiyyat aparatını məhv edib.

Ukrayna Rusiya ərazisini atəşə tutdu: ölənlər var

Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinin Şebekino dairəsinin Aşağı Berezovo kəndini atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qubernator sakinlərin tarlada işləyərkən atəşə məruz qaldığını əlavə edib.