Milli fəal İbrahim Əhmədpur məhkəməyə çağırılıb

Təbrizdə yaşayan mili-mədəni fəal İbrahim Əhmədpur məhkəməyə çağırılıb. Ona İran məhkəməsinin elektron sistemi vasitəsilə çağırış göndərilib. Çağırışda milli fəaldan ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün mayın 10-da Təbriz İnqilab Məhkəməsinin 1-ci bölməsinə getməsi tələb edilir. Bundan öncə həbs edilən və martın 2-də 400 mlyon tümən girov qarşısında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılan Əhmədpura qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. Qeyd edək ki, Mədəni Universitetinin siyasi elmlər institutunun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıldıqdan sonra həbs edilib. O, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdürlər və adı çəkilən mərkəz Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib və fəaliyyəti dayandırılıb.

Türkiyədə komendant saatı - Küçəyə çıxmaq olmaz

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda 9 məhəllədə komendant saatı elan edilib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, qərar terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatla əlaqədar qəbul edilib. Müvəqqəti olaraq küçəyə çıxmaq qadağan olunub. Qadağa Nusaybinin Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində tətbiq olunub.

ABŞ Moskvanın Vaşinqtondakı danışıqlara mənfi reaksiyasından məyus olub…

Danışıqlarda müzakirə olunan əsas məsələlərdən  biri açıqlanıb... Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında “Münasibətlərin normallaşdırılması haqqında saziş” sənədi üzrə danışıqlar başlayıb. Sozcu.az xəbər verir ki, "Amerikanın Səsi" radiosunun erməni bürosunun yaydığı məlumata görə, ABŞ-ın yüksək rütbəli diplomatları danışıqların təfərrüatları barədə məlumat veriblər.  Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu həftə bir sıra görüşlər keçirəcəklər, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri jurnalistlərlə telefon brifinqində bildiriblər. Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bildirib ki, tərəflər arasında bu gün səhər başlayan müzakirələr konstruktiv şəkildə davam edir. Yüksək rütbəli diplomatların fikrincə, ABŞ Cənubi Qafqaz regionunun dinc, demokratik və firavan gələcəyinə töhfə verməyə sadiqdir və birbaşa dialoq Vaşinqtonun təşviq etdiyi məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün yeganə yoldur. Danışıqlar Vaşinqtonda Corc Şultz adına Milli Xarici Əlaqələr Təlim Mərkəzində keçirilir. Dünən səhər ABŞ dövlət katibi Entoni Blinken artıq xarici işlər nazirləri Mirzoyan və Bayramovu əvvəlcə ayrı-ayrı qısa görüşlərdə, sonra isə üçtərəfli müzakirələr formatında qəbul edib. Amerika tərəfi Moskvanın danışıqlara mənfi reaksiya verməsindən məyus olduğunu bildirib. Ən əsası tərəflərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada, harada baş verməsindən asılı olmayaraq bir-biri ilə ünsiyyət qura bilməsi olduğunu qeyd edən yüksək rütbəli diplomatlar Vaşinqtonun məqsədinin davamlı, balanslı bir razılaşma və ləyaqətli sülh əldə etmək üçün platforma təmin etmək olduğunu vurğulayıblar. Bononun sözlərinə görə, Vaşinqton görüşü tərəflərin sülh prosesinə sadiq olduqlarını açıq şəkildə göstərib. Sözügedən sənəd “Münasibətlərin tənzimlənməsi müqaviləsi” adlanır. Bono qeyd edir ki, ABŞ tərəflərin öz münasibətlərini tənzimləməsinə, birgə yaşaya bilməsinə, iqtisadi əlaqələri və hətta regionda kollektiv təhlükəsizliyini gücləndirməyə çalışır. Onun sözlərinə görə, bu, mürəkkəb və əhatəli prosesdir və onun çərçivəsində bütün məsələlər müzakirə olunur. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, hərtərəfli saziş üzrə davam edən danışıqlarda tərəflər arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkədə etnik azlıqlara münasibətdir ki, bu da etnik azlıqların hüquq və təhlükəsizliyinə istinad edir. ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olson da məsələnin həllinə nail olmaq üçün tərəflərin bu həftə “birbaşa və səmimi” müzakirələr aparacağına ümid etdiyini bildirib. “Biz bu prosesi dəstəkləməyə sadiqik və davam edə biləcək bu mühüm dialoqa burada ev sahibliyi etməkdən şərəf duyuruq”, -deyən dövlət katibinin müavini danışıqların davamlı xarakter daşıdığını vurğulayıb.

Şuşanın kəndində yaşayan hayk Laçındakı sərhəd postundən keçməsindən danışdı…

“Daşıdığım yükləri açmadılar, sadəcə, skan cihazı ilə yoxladılar…” Bu günlərdə Azərbaycanın Laçın rayonu ərazisində - Ermənistanla sərhəddə Həkəri çayı üzərindəki körpüdə yenicə quraşdırdığı sərhəd-buraxılış məntəqəsindən keçərək evinə qayıtmış hayklardan biri də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində məskunlaşmış Qeqam Arutyunyan olub. Sozcu.az xəbər verir ki, NEWS.am-la söhbətində Q.Arutyunyan bildirib ki, o, aprelin 30-da ərzaq və donuzlarına yem almaq üçün öz avtomobili ilə Ermənistanın  Gorus şəhərinə gedib. Keçid məntəqəsində azərbaycanlılar pasportumu və maşınımla bağlı sənədləri yoxladılar, məndən nə üçün gəldiyimi, hara getdiyimi soruşdular. Daşıdığım yükləri  açmadılar, sadəcə, skan cihazı ilə yoxladılar”, - deyə Qeqam Arutyunyan bildirib. Şuşa rayonu ərazisində yaşayan erməninin sözlərinə görə, Azərbaycan sərhəd-keçid məntəqəsinə təxminən beş dəqiqə qalıb. O, özü azərbaycanca bilsə də, keçid məntəqəsində,  onunla rus dilində ünsiyyətdə olan on nəfərə yaxın azərbaycanlı olub və onunla rus dilində danışıblar.

Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb - FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyətilə Zərdab rayonuna gətirdiyi bildirib. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.

O, bu avtomobili 8 milyona aldı

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca bahalı avtomobil alıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, avtomobilin ön hissəsi svarovski daşlarla bəzədilib. Elektrikli "BMW i7" markalı maşının qiyməti 8 milyon lirə dəyərindədir. Qeyd edək ki, aktyor hazırda "Mən bu cihana sığmazam" serialında rol alır.

Xərçəngə qarşı peyvənd - böyük kəşf yaxın 7 ildə reallaşa bilər, onkoloq deyir ki...

Onkoloq Nəsimi Məmmədov: "Hər bir tədqiqat təqdirəlayiqdir, amma..." Oksford Universitetinin alimi Conatan Kvok xərçəngə qarşı peyvəndin 2030-cu ilədək hazırlana biləcəyini bildirib. Onun sözlərinə görə, artıq tədqiqatın orta mərhələsində olan bir neçə variant var. "İndi müxtəlif yanaşma və strategiyalara malik ən azı 10 şirkətin və akademik bölmənin iştirak etdiyi bir yarış gedir. Bu yanaşmaların hər birinin üstünlüklərinin nə olduğunu, hansı metodların ən yaxşı olduğunu və ən yaxşı xəstə qayğısını təmin etmək üçün onların necə birləşdirilə biləcəyini görəcəyik", - deyə tədqiqatçı İspaniyanın "El Mundo" qəzetinə bildirib. Britaniyalı alim qeyd edib ki, onların öz peyvəndi 2030-cu ilin başlanğıcından əvvəl peyda olacaq. "Məlumdur ki, xərçəngdən ölüm hallarının 70-90%-i metastazlar səbəbindən baş verir. Biz immunitet sistemi vasitəsilə bunun baş verməsinin qarşısını almaq istəyirik", - deyə Conatan Kvok siçanlar üzərində aparılan sınaqlarda preparatın metastazın qarşısını tam aldığını söyləyib və "İnsanlarla da eyni nəticəyə nail olmaq istəyirik" deyib. Alim strategiyanın təhlükəsizliyini yoxlamaq üçün klinik sınaqların ilk mərhələsinin yaxın aylarda başlamasının lazım olduğunu bildirib. Qeyd edək ki, bu qəbildən nikbin xəbərlər vaxtaşırı mediada peyda olur. Bəs xərçəng metastazına, demək, həm də bəşəriyyətin bəlasına qarşı peyvənd hazırlamaq mümkün olacaqmı? Nəticə doğrudanmı çox da uzaqda deyil? Qeyd edək ki, ötən il ABŞ-ın əczaçılıq şirkəti "Moderna" koronavirus peyvəndlərində də istifadə olunan mRNA texnologiyasından istifadə edərək xərçəng hüceyrələrini məhv etməyi bacardığını açıqlamışdı. Bu peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli olduğu bildirilib. "Merck" şirkəti tərəfindən hazırlanan "Keytruda" adlı dərman Moderna peyvəndi ilə birlikdə istifadə edildikdə, dəri xərçəngindən ölüm riskini 44 faiz azaldır: "Bu, dərmanların mRNA peyvəndi texnologiyası ilə birlikdə istifadəsinin toxunulmazlığa necə təsir edəcəyini göstərən ilk araşdırmadır. Alınan nəticə statistik cəhətdən əhəmiyyətli və klinik cəhətdən önəmlidir". Fərdi olaraq hazırlana bilən peyvənd üçün xəstədən şiş nümunəsi və sağlam toxuma nümunəsi götürülür. Daha sonra mütəxəssislər fərdi xərçəng peyvəndi hazırlamaq üçün gen ardıcıllığını, mutasiyaya uğrayan zülalları və digər məlumatları təhlil edirlər. Bu qarışıq xəstəyə vurulduqda xəstənin hüceyrələri istehsal mərkəzi kimi işləyir, onun surətlərini çıxarır və immun sistemi şişi aşkar edib məhv edə bilir. Bu cür tədqiqatlarla bağlı zaman-zaman məlumatlar olsa da, peyvəndlərin uğurlu olması barədə açıqlamalar olmayıb. Bəs görəsən, bu dəfə nəticə olacaqmı?  Sozcu.az bildirir ki, mövzu ilə bağlı onkoloq Nəsimi Məmmədov "Yeni Müsavat"a dedi ki, bu peyvəndlə bağlı müsbət fikir bildirə bilməyəcək: "Nüsrət Kəsəmənlinin bir şeiri var, "daha nağıllara inanmıram mən". Bu şeiri bu məsələyə aid etmək olar. Bu vaxta qədər çox deyilənlər deyilib. Gələcəkdə ola bilsin, nələrsə tapılacaq. Bizim ölkədə bu cür tədqiqatlar aparılmadığından və o məlumatlar sarı mətbuata çıxdığından nə isə demək çox çətindir. Bunlar böyük maliyyə vəsaiti təşkil edən tədqiqatlardır. İndi tədqiqat aparılır, nəticəsi olanda biləcəyik. İndidən bir söz deyə bilmərəm. Sadəcə olaraq, hər bir tədqiqat təqdirəlayiqdir. Tədqiqat qurtarandan sonra onun nəticəsi mənfi də alınsa, o, ictimaiyyət tərəfindən qəbul olunur, birdəfəlik bilinir ki, belə bir iş aparılıb və alınmayıb. Hərə bir yerdən qrant layihəsinə təklif verir, tədqiqatını aparır. Tək elmdə deyil, hər yerdə belədir. Tədqiqat aparılandan sonra deyə bilərik, heyvanlar üzərində olandan sonra onun insan üzərində yoxlanmasına illərlə icazə lazım olacaq". Həkim "Niyə bütün dərdlərə dərman tapılır, amma xərçəng xəstəliyinə yox", sualına belə cavab verib: Bu fikirlə razı deyiləm. "Appendisit"i iki gün gecikdirəndə, xəstə ölür. Xərçəng 10 il gecikir, biz adamı bir on il də yaşadırıq. Sadəcə olaraq, xəstəlik erkən vaxtlarda aşkarlanmalıdır. Hər bir kəs 30-35 yaşdan sonra özünü  yoxlatdırmalıdır. Hamı maşınını texniki baxışdan keçirir, amma özlərinin sağlıq durumunun nə səviyyədə olduğunu yoxlamır".    "Əsasən hansı müayinələr tələb olunur" sualına cavab olaraq həkim  dedi ki, bu xəstəliyin kifayət qədər yoxlamaları var: "Hamısı da aparılmalıdır. Bu böyük bir proqramdır. Profilaktik baxış, skrininq. Baxın, imkanlı ölkələrdə xərçəngdən müalicənin beş illik yaşama nəticəsi 92 faizdir. Bizdə 60 faizdir. Onlar canlarının qədrini bilirlər. Biz isə canımızın qədrini bilmirik. Bizdə xəstəyə deyirsən müayinəyə gəl, 2-3 aydan sonra gəlir ki, işim var idi, gələ bilmirdim. Sağlamlığı ən axırda düşünürük. O ki qaldı xərçəngin ilkin əlamətlərinə, hər orqanın özünün ilk əlaməti var. Bunu demək haqqımız, gücümüz də yoxdur".

Vasif Talıbovun qudası vəzifəsindən azad edildi

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru işdən azad edilib. Müəssisənin direktoru Bəhruz Əzimov öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb. Artıq onun yerinə təyin olan şəxsin adı məlumdur. Belə ki, Cəlal Mehdiyev müəssisənin direktoru təyin olunub. Qeyd edək ki, Bəhruz Əzimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qudasıdır./APA

Zaur qadınlarla bağlı bu sözünə görə tənqid olundu

Aparıcı Zaur Baxşəliyev işləməyən qadınları tənqid edib. O, bu haqda “Zaurla Günaydın” verilişində danışıb. “Xanımın evdə oturmasına, işləməməsinə yaxşı baxmıram. Qadınlar işləməlidir. Nənəm kənddə xalça toxuyurdu, uşağa baxırdı, heyvan saxlayırdı. Hər iş görürdü”, - deyə Zaur bildirib.  Aparıcının bu sözləri yenidən bu mövzu ilə bağlı müzakirəni gündəmə gətirib. Son illər Azərbaycanda işləyən qadınların sayında artım hiss olunmaqdadır. Təkcə 2020-ci ilin statistikasına görə, ölkədə işləyən qadınların sayının ötən illərlə müqayisədə 23,2 faiz artdığı bildirilir. Hətta qeyd olunur ki, bir sıra yaş qrupları üzrə qadınlarla bağlanan əmək müqavilələri kişilərlə bağlanan əmək müqavilələrinə nisbətən sayca üstünlük təşkil edib. Belə ki, əmək müqavilələrinin 40-44 yaşlarında olan şəxslər üzrə 50,8 %-i, 45-49 yaşlarında olan şəxslər üzrə 54,4 %-i, 50-54 yaşlarında olan şəxslər üzrə isə 53,5 %-i qadınlarla bağlanıb. Sosial sorğuların nəticəsinə görə də kişilər ev xanımından daha çox çalışan qadınlara maraq göstərir. Burada maddi dəstəklə yanaşı, çalışan qadınların daha baxımlı və sağlam olmaları da yer alır. Lakin bununla belə, hələ də qadınların işləməsini birmənalı qarşılamayanlar var. Və yaxud bir sıra qadınlar işləməkdənsə, evdar qadın olub, ev təsərrüfatını, övladlarının tərbiyəsinə nəzarət etməyi üstün tutur. İşləyən qadınlar isə həm işləyib, həm də ev işlərinin görür, övladlarının tərbiyəsi ilə məşğul olur. Bəs ekspertlər aparıcının “Xanımın evdə oturmasına, işləməməsinə yaxşı baxmıram, qadınlar işləməlidir” fikrini necə qarşılayır? Bütün qadınlar işləməlidirmi və yaxud yalnız ev işləri, ailə ilə məşğul olmalıdır? İşləyən və işləməyən qadının hansı perspektivləri var? Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “ Yeni Müsavat”a danışıb: “Hər kəsin öz seçimi var. Söhbət ondan gedir ki, əgər qadının özü evdə qalmaq istəyirsə, bu seçimi özü edirsə, onu buna görə qınamaq doğru olmazdı. Məsələn, mənim tanıdığım çox yaxşı bir təlimçi var idi, həmin qadın bir müddət sonra bildirdi ki, artıq evdə oturub, evdar qadın olmaq, övladlarının tərbiyəsi ilə məşğul olmaq istəyir. Ola bilsin ki, bir müddət sonra həyatını dəyişdirəcək, amma indi istədiyi budur. Yəni əgər evdə məcburi oturma yoxdursa, qadın evdə oturub, uşaqlarının tərbiyəsi ilə məşğul olmaq istəyirsə,  bu onun öz seçimidir. Amma digər tərəfdən, əgər qadının gündəlik inkişafı üçün çalışması varsa, bu niyə də olmasın. Əvvəllər şahidi olurduq ki, qadınların işləməsi üçün yüksək potensialı olsa da, evdə oturmağa məcbur edilirdi. Bu çox pis haldır. Aparıcı Zaur Baxşəliyev xanımının işləməsi üçün özü də yaxından köməklik edir. Əlbəttə ki, belə olan halda qadın çox yorulmur və karyerasında inkişaf edir, kifayət qədər öz töhfəsini verə bilir". Psixoloq Vəfa Rəşidova isə mövzuya bu cür şərh bildirdi: “Praktikama əsaslanaraq bildirirəm ki,  aparıcı Zaur Baxşəliyevin işləməyən qadınlar haqqında səsləndirdiyi fikir evdar qadınları təkcə qınamaq deyil, bu bəlkə də onları oyatmaqdır ki, iş xanımı olsunlar”. Psixoloq qeyd edib ki, iş qadını olmaq uğurlu qadın olmaq deməkdir: “Qadının missiyası var - ana olmalıdır. Amma  təkcə ana olmaqla uğurlu qadın olmaq anlayışı qəbuledilən deyil. Qadın zatən ana olur, tanrı onu həm də ana olmaq, yeni nəsil törətmək üçün yaradıb. Bu, yaradılışdan belədir. Lakin  bununla qürurlanmaq, evdə yalnız övladıma baxıram, işləməyimə ehtiyac yoxdur demək doğru deyil. Mənə görə bu, özünü müdafiə etmək deməkdir. "Mən övlad dünyaya gətirmişəm deyə, işləyə bilmərəm" demək əslində tənbəlliyin pik nöqtəsidir. Bu həm də ailədə kişiyə qarşı da bir haqsızlıqdır. Çox təəssüf ki, bir sıra qadınlar ana olmağını əlində bir alət kimi istifadə edir. “Mən anayam, mənim üçün ilk öncə övladlarımı tərbiyə etməkdir, övladlarım böyüsün, sonra işləmək haqqında düşünərəm” fikirləri, sadəcə, bəhanədir. Hər bir qadın çalışmalı, özünün şəxsi maddi büdcəsi olmalı, həmçinin övlad dünyaya gətirməli, onu tərbiyələndirməlidir. Qadınlar həm də anlamalıdır ki, ailədə bir nəfərin büdcəsi ilə arzuladıqları həyatı yaşamaq mümkün deyil. Yəni qadınlar ən azı buna görə öz arzu və istəklərini həyata keçirmək üçün işləməlidirlər. Ta qədimdən, daş dövründən belə qadınlar bətnlərində, kürəklərində körpələri ilə birgə çalışıblar, daş, odun, bitki yığıblar. Yəni qadının işləməsi daş dövründən var, burada qeyri-adi bir şey yoxdur. Həm də unutmaq olmaz ki, işləmədikcə zamandan geri qalınır. Eyni zamanda övlad görməlidir ki, anası səhər tezdən oyanır, özünə diqqət edir, işə gedir, çalışır. Belə olan halda qadın həm də övladını tərbiyə etmiş olur və cəmiyyətə uğurlu şəxs yetişdirir. Dəfələrlə şahidi oluruq ki, bəzi analar övladlarının işləməməsindən şikayətlənir, amma zamanında özləri buna örnək olmayıb. Qadın işləyəndə həm də maddi baxımdan azad olur, ailə büdcəsinə yardım edə bilir, öz istədiklərini ala bilir və sairə. Belə olmayanda, insan bəzən özünü dəyərsiz hiss edə bilir. İşləyən, çalışan insanlar isə hər zaman özünü yararlı, lazımlı, güclü hiss edir. Ölkəmizə, cəmiyyətimizə də sağlam insan lazımdır. Həmçinin hesab edirəm ki, zamanla da ayaqlaşmaq lazımdır. Məsələn, son illər “xanım biznesmen”, “sahibkar qadın” sözlərini tez-tez eşidirik. İnsanlar zamanla ayaqlaşmalı, yaşamalıdır ki, cəmiyyət, ailəsi, yetişdirdiyi övladları yaşasın, uğur qazansın. Bir sözlə, işləyən qadın mənə görə ən ağıllı, ən uğurlu qadındır". Araşdırmalara görə, dünyada qadın məşğulluğunun ən yüksək olduğu ölkə - hər yüz qadından 71-nin çalışdığı Danimarkadır. İkinci sırada 70 faizlə İsveç, 66 faizlə Hollandiya, 65 faizlə Finlandiya, 62 faizlə İngiltərə dayanır. Son 20-30 ildə xüsusilə inkişaf etmiş ölkələrdə qadınların işə cəlb olunmasında artım olub. Belə ki, ABŞ-da II Dünya müharibəsindən sonra aparılan bir araşdırmada “Dolanışığı təmin edə biləcəyi halda, evli bir qadının həyat yoldaşı onun çalışmasını dəstəkləyirmi?” sualına kişilərin yalnız 18 faizi “Bəli” deyib. 1960-cı illərin sonunda isə bu nisbət 50 faizə yaxınlaşıb. Mütəxəssislərin fikrincə, ilk olaraq karyeraya önəm verən qadınların uyğun gördükləri yaşda uşaq sahibi olmaq əslində müsbət yönlü olsa da, həmin qadınları başqa təhdidlərin gözlədiyi bildirilir. Uşaq sahibi olan ana artıq həyatın onsuz axıb getdiyini hiss etməyə başlayır ki, bu vəziyyət onda uşağa qarşı gizli bir hirs yaranmasına səbəb olur.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 79,33 dollara, yüngül neftin bir barreli isə 75,66 dollara təklif edilir.

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb

Bakıda qəzaya düşən sürücü xəstəxanada ölüb. Sozcu.az-ın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Rzazadə Qasım Əlimusa oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili ilə 1999-cu il təvəllüdlü Qasımov Nuhid İltifas oğlunun idarə etdiyi "Toyota” markalı avtomobil ilə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü Q.Rzazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin o, mayın 1-də həmin xəstəxanada ölüb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib

İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib. Sozcu.az-ın məlumatına görə, “Frosinone” B seriyasında sona 3 tur qalmış mövsümü ilk iki pillədə başa vurmağı rəsmiləşdirib. XXXV turda “Recina”nı 3:1 hesabı ilə məğlub edən Fabio Qrossonun komandası üçüncü pillədəki “Bari” üçün əlçatmaz olub. Çünki aktivində 71 xal olan “Frosinone” “Bari”ni 10 xal qabaqlayır. A seriyasına vəsiqə verən ikinci yerdə isə “Cenoa” (67 xal) qərarlaşıb. Çempionatda 3-8-ci yerləri tutacaq komandalar A seriyasına üçüncü vəsiqə uğrunda pley-off matçları keçirəcəklər. Qeyd edək ki, “Frosinone” tarixində üçüncü dəfə A seriyasında çıxış edəcək. Komanda daha əvvəl 2015/2016 və 2018/2019 mövsümlərində bunu bacarsa da, hər iki halda 19-cu yeri tutaraq, elitanı tərk edib.

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az-ın xəbərinə görə, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Mirzəzadə Aydın Azər oğlu etibarnamə əsasında idarə etdiyi "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Məmmədzadə Eldar İsmayıl oğlunu vurub. Daha sonra piyada Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Lakin o, göstəril bütün tibbi yardımlara baxmayaraq, mayın 1-də orada ölüb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bakıda 21 yaşlı gənc intihar edib

Bakıda 21 yaşlı gənc intihar edib. Sozcu.az-ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Emin Əminov yaşadığı mənzilin eyvanından özünü asıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.report

Ukraynanın Krıma girməsi reallıqdır - Zabit

Ruslar qaçış zamanı Krım körpüsündən istifadə etməyi düşünürlər, lakin anlamırlar ki, məhz bu obyekt Ukrayna üçün prioritet hədəf olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun zabiti və politoloq Taras Berezovets deyib. Onun sözlərinə görə, Ukrayna ordusu Perekopski bölgəsinə (Yarımadanı Ukrayna ilə birləşdirir – red.) çatan kimi Krım körpüsünü hədəfə çevirəcək: “Ukrayna ordusunun Krıma daxil olması artıq reallıqdır və məhz belə də olacaq”.

Əhmədli stansiyasında yük vaqonu relsdən çıxdı

Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib. Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

XİN-dən Cocuq Mərcanlıdakı mina partlayışına reaksiya

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitter səhifəsində paylaşım edib. “2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır”, - məlumatda bildirilib. Qeyd edək ki, ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Rusiyanın 100 min əsgəri öldürüldü, hücum dayandı!

Rusiya Baxmut yaxınlığında hərbi əməliyyatlar dövründə 100 min əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, bu rəqəmləri Amerika kəşfiyyatı əldə edib. Xüsusən dekabrdan bəri “Vaqner”in 20 min döyüşçüsü öldürülüb. Kirbi bildirib ki, Rusiya ordusunun Baxmut hücumu dayandırılıb və uğursuzluğa düçar olub.

SON DƏQİQƏ: Çin Rusiyanı təcavüzkar adlandırdı

Çinin BMT-dəki nümayəndə heyəti ilk dəfə Baş Assambleyada Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar adlandırıldığı qətnamənin lehinə səs verib. Sozcu.az xəbər verir ki, səsvermənin nəticələrini Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Tvitter hesabında dərc edib. Qeyd edək ki, BMT Baş Assambleyasında BMT və Avropa Şurası arasında əməkdaşlıq barədə qətnamə qəbul olunub. Qətnamə 122 səs lehinə, 5 səs isə əleyhinə olmaqla qəbul edilib. Qətnamənin lehinə səs verən ölkələr arasında Rusiyanın strateji müttəfiqi Ermənistan da var. Rusiya, Belarus, Suriya, Nikaraqua və Şimali Koreya qətnamənin əleyhinə səs verib. Azərbaycan səsvermədə iştirak etməyib.

Cəbrayılda mina partladı - Ölən var

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev məlumat verib. Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Müsavat Partiyası Bakı meriyasını məhkəməyə verdi

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.  Sozcu.az xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsində qaldırılıb.  Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. İddiaya hakim Minimat Hacıbəyovanın sədrliyi ilə baxılacaq.  Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qaynarinfo-ya işin təfərrüatlarını açıqlayıb. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə verilməsi İran səfirliyi qarşısında piket keçirmək barədə bağlı müraciətinə "yox” cavabı verilməsi ilə bağlıdır.  "Müsavat Partiyası ötən ilin noyabrında İran səfirliyinin qarşısında piket keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin qurum piketə icazə verməyib. Doğrudur, meriyanın mənfi cavabına baxmayaraq, partiyanın fəalları aksiyanı keçirib. Bununla belə, biz Bakı Şəhər İcra Hakimiyyətinin piketə icazə verməməsini qanunsuz hesab edib, məhkəməyə vermişik”, deyə Gülağa Aslanlı bildirib. 

Rəşad Dağlı özünü qismən təqsirli bilir

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən baxış iclasında zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev də iştirak edib. İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib. Rəşad Dağlı ittihama münasibət bildirib, özünü qismən təqsirli bilib. O, məhkəmə istintaqının sonunda geniş ifadə verəcəyini deyib. Daha sonra zərərçəkmişin hüquqi varisi ifadə verib. O hər hansı şikayətlərinin olmadığını deyib. Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Ac tələbənin bu hərəkəti hamını təəccübləndirdi

Rəssam Mauritsio Kattelanın instalyasiyasının bir hissəsi olan banan Cənubi Koreyalı tələbələrdən biri tərəfindən yeyilib. Sozcu.az xəbər verir ki, Noh Huyn-soo adlı tələbə buna səbəb kimi səhər yeməyi yeyə bilmədiyini və ac olduğunu göstərib. O, dostunun kamerasına poza verib. Daha sonra bananın qabığını yenidən divara yapışdırıb. Yerli mətbuatın məlumatına görə, muzey daha sonra həmin yerə yeni banan qoyub. Ac tələbənin bu addımı təəccüblə qarşılanıb.

Rusiya Ukraynanın irəliləməsindən narahatdır - Kəşfiyyat

Rusiya işğal olunmuş ərazilərində tarixdə ən böyük hərbi müdafiə sistemlərindən birini inşa edib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik xülasəsində yazılıb. Məlumata görə, bu müdafiə vasitələri təkcə indiki cəbhə xəttinin yaxınlığında deyil, həm də arxa cəbhənin dərinliklərində - Ukraynanın hazırda Rusiyanın nəzarətində olan ərazilərində, eləcə də Rusiyanın öz ərazisində - Belqorod və Kursk vilayətlərində yerləşir. "Belə bir müdafiə sisteminin qurulması Rusiya rəhbərliyinin Ukraynanın böyük irəliləyiş əldə edə biləcəyi ilə bağlı narahatlığını göstərir", - deyə qeyd olunub.