Qaxda 29 yaşlı kişi göbələkdən zəhərlənib

Qax sakini qidadan zəhərlənib. Sozcu.az-ın məlumatına görə, rayonunun Dəymədağlı kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Muradov zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İlkin müayinənin nəticəsinə əsasən, onun göbələkdən zəhərləndiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.apa

İnsult riskini necə azaltmaq olar?

Alimlər iddia edirlər ki, qan təzyiqinə ciddi nəzarət insult riskini azalda bilər. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 458 yaş və yuxarı 50 iştirakçının sağlamlığını araşdırıblar. Tədqiqatçıların fikrincə, daim nəzarət edilən qan təzyiqi insult riskini xeyli azaldır. Qan təzyiqini daha sıx idarə edən xəstələrdə qan axını yaxşılaşır. Bu da ümumi beyin sağlamlığının yaxşılaşdığını göstərir. Qan təzyiqinin intensiv müalicəsi beyin damarlarının zədələnməsini ləngidə və yaşlılarda zehni funksiyanın qorunmasına kömək edə bilər.

Abşeronda bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Abşeronda bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatının oğurlaması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini V.Tanrıverdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

"Napoli" baş məşqçisi ilə müqaviləni uzadıb

İtaliyanın "Napoli" klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb. 64 yaşlı mütəxəssis "Fiorentina"ya 1:0 hesabı ilə qalib gəldikləri A Seriyasının XXIII tur oyunundan sonra bu barədə açıqlama verib. Spaletti rəhbərliyin sözləşmənin artırılması variantını aktivləşdirdiyini söyləyib. O, yeni müqavilənin 2024-cü ilin yayınadək nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edək ki, "Napoli" 32 ildən sonra İtaliyada çempionluğunu rəsmiləşdirib. Komanda son olaraq 1989/1990 mövsümündə A Seriyasının qalibi olub.

Azərbaycanda cinsi istismara məruz qalan uşaqların sayı açıqlanıb

Ötən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan vətəndaşı, biri əcnəbi olub (Nigeriya Federativ Respublikasının vətəndaşı öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib). Bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir. Qeyd edilib ki, onlardan 82-i cinsi istismar məqsədilə Türkiyəyə, 1-i İrana aparılıb, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.

Şəkidə dava olub, xəsarət alanlar var

Şəkidə üç nəfər arasında dava olub, xəsarət alanlar var. Hadisə rayonun Cumakənd kəndi ərazisində fəaliyyət göstərən çay evinin qarşısında baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Həsən Səfərov, Şorsu kənd sakini, 1985-ci il təvəllüdlü Qoşqar Davudov və Daşüz kənd sakini, 1979-cu il təvəllüdlü Xəyyam Quliyev arasında dava baş verib. Dava zamanı xəsarət alan hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Onlar bu gün səhər saatlarına kimi xəstəxanada həkim nəzarətində olublar. Xəsarətləri yüngül olduğu üçün evə buraxılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, dava ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır, xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən və ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Bu gün maqnit qasırğası gözlənilir

Bu gün maqnit qasırğası gözlənilir. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, 4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib. Bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10.00-dək), mayın 9-da G1 (mülayim) və daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 04-05 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib. LASCO (Large Angle and Spectrometric Coronagraph - Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb. Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Mövlud Çavuşoğlu: "Ermənistan səmimi olmadığına görə Cənubi Qafqazda vəziyyət hələ də gərgindir"

"Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür: “Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”. Nazirin sözlərinə görə, Ukrayna müharibəsində Türkiyə kimi balanslı siyasət yürüdən başqa ölkə yoxdur: “Biz bu siyasəti davam etdirməliyik. Türkiyənin balanslı siyasəti bu ölkə üçün çox faydalıdır”.

Kılıçdaroğlu xanımı ilə Akşenergilə qonaq getdi

Türkiyə müxalifətinin "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu həyat yoldaşı ilə ittifaqa daxil olan digər siyasi qüvvə olan İYİ Partiyanın sədri Meral Akşenerin evinə qonaq gedib.  Sozcu.az xəbər verir ki, bu barədə Kılıçdaroğlunun xanımı Selvi Kılıçdaroğlu tviter səhifəsində paylaşım edib.  "Qiymətli Akşener ailəsinə qonaqpərvərlikləri üçün təşəkkür edirəm. Bu gün şahid olduqlarımıza rəğmən (Ərzurum hadisələri nəzərdə tutulur - red.) gözəl bir gecə idi. Bu ölkənin hüzura, sevgiyə və qardaşlığa çox ehtiyacı var. Bahar gəlir", - deyə o qeyd edib.  CHP sədri isə xanımının paylaşımını retvit edərək yazıb: "Akşener ailəsinin qonağı olduq. Qonaqpərvərlikləri üçün onlara çox təşəkkür edirəm. Bu görüşləri tez-tez təkrarlamağa qərar verdik bu gecə. Ortalığı qarışdırmağa çalışanlara etibar etməyin. Biz birlikdə ölkəmizə baharı gətirəcəyik".  Qeyd edək ki, bundan əvvəl ittifaqa daxil olan DEVA Partiyasının sədri, sabiq iqtisadiyyat və xarici işlər naziri Ali Babacan həyat yoldaşı ilə Kemal Kılıçdaroğlugilə qonaq getmişdi. 

DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi mayın 14-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə (şagirdlərə) müraciət edib. Sozcu.az müraciətin mətnini təqdim edir: "İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 14 may 2023-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub. 1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; 3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; 4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; 5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; 6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı. 1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=74 keçidindən istifadə etməlidirlər. 4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 keçidindən istifadə etməlidirlər. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Ukrayna ordusu bir gecədə 35 İran PUA-sını məhv etdi

Ötən gecə Ukrayna ordusu ölkəyə hücum edən 35 ədəd “Şahidin” hamısını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. "Mayın 8-nə keçən gecə düşmən İranın “Şahid” PUA-larından istifadə edərək yenidən Ukrayna ərazisinə hücum edib. Hücum edən 35 İran PUA-sı məhv edilib”, - məlumatda deyilir.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,70 dollara, yüngül neftin bir barreli isə 71,77 dollara təklif edilir.

Əli Əliyev əfv edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncama əsasən, həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də əfv edilib.

Ermənilər Laçında ekskavatoru atəşə tutdu

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Əliyev və Paşinyan Brüsseldə görüşəcək - Tarix

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” görüşün hazırlanmasında iştirak edən üç məmura istinadən məlumat yayıb. Məlumata əsasən, danışıqlar Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılacaq.

439-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 439-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 194 970 hərbçi, 3730 ədəd tank, 7253 ədəd zirehli döyüş maşını, 3018 ədəd artilleriya sistemi, 554 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 306 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5958 ədəd avtomobil texnikası, 2614 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 384 xüsusi avadanlıq itirib.

Puqaçova Rusiyaya qayıtması ilə bağlı açıqlama yaydı

Bir müddət əvvəl məşhur rusiyalı müğənni Alla Puqaçova Rusiyaya geri qayıdıb. Bunun səbəbi isə onun yaxın dostu Valentin Yudaşkinin vəfat etməsi olub. Alla həmişə məşhur modelyerin həyat yoldaşı ilə yaxın münasibət saxlayıb, ona görə də faciədən sonra ona dəstək olmaq üçün geri qayıdıb. Sozcu.az xəbər verir ki, bunu Alla Puqaçovanın yaxın rəfiqəsi Layma Vaykuleni deyib. “Alla mənə dedi ki, o, Valentin Yudaşkinin dəfn mərasiminə görə Rusiyaya qayıdacaq",- o bildirib.

Hikmət Mirzəyev Pəncəlinin anasının qarşısında... - Fotolar

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandiri, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-nin bir qrup hərbçisi ilə Aprel döyüşlərinin şəhidi, XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb. Sozcu.az xəbər verir ki, XTQ-nin böyük nümayəndə heyəti ilə Astara rayonuna gələn H. Mirzəyev Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkib. Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub. XTQ komandiri şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub. Qeyd edək ki, P.Teymurov Talış yüksəkliklərinin alınmasında şəxsi igidliyi ilə fərqlənərək 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, toyunda özünə şəhidlik arzulamışdı. qafqazinfo)

"Kılıçdaroğlunun mövqeyi Qərbin Avropa qanadında ciddi narahatlıq doğurur"

Xəritəyə baxanda görürsən ki, Türkiyə-Çin birbaşa dəmir yolu əlaqəsi ancaq İrandan keçə bilər. Yəni Türkiyə-Çin birbaşa dəmir yolu xətti çəkiləcəksə, bunun İrandan keçməsi xaricində bir variant yoxdur. Bəli, Qars-Tbilisi-Bakı dəmir yolu vasitəsilə Gürcüstan və Azərbaycan üzərindən multimodal marşrut var, gələcəkdə Zəngəzur yolu da bu baxımdan alternativ ola bilər. Lakin multimodal layihələri rentabelli etmək asan iş deyil. Doğrudur, dəniz yolu ilə yük daşımaları daha ucuz başa gəlir, amma burada müddət məsələsi var. Dəmir yolu ilə daha az müddətdə yük daşımaq olur. Digər tərəfdən, Xəzərin özünəməxsus özəlliklərini də unutmaq olmaz. Xəzər dəniz deyil və onun dənizlərlə (dünya okeanı ilə) əlaqəsini təmin edən yeganə yol Rusiyanın Volqa-Don kanalıdır. Bu kanaldan nəhəng quru yük gəmilərinin və nəhəng tankerlərin keçməsi mümkün deyil. Bu tip quru yük gəmiləri və tankerlər nəzəri olaraq Xəzəryanı ölkələrin tərsanələrində inşa oluna bilər, amma nəzəri olaraq... Nəticədə Xəzərdən daha məhdud yük tutumlu gəmilərlə daşımaçlıq həyata keçirilir ki, bu da həm qısa müddətdə böyük miqdarda yüklər daşımağı qeyri-mümkün edir, həm də xərcləri artırır. Xəzərdəki limanların buraxıcılıq imkanları da önəm daşıyan faktordur. Bundan başqa, Xəzərdə suyun çəkilməsi problemi də var ki, əgər bu proses davam edərsə, gələcəkdə buradakı liman infrastrukturları üçün ciddi təhlükə yaradacaq. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. “Amma ümumilikdə qeyd edim ki, Kılıçdaroğlunun açıqladığı ideya real görünmür. Ən azı ona görə ki, Doğu Türküstan məsələsini gündəmə gətirib, uyğurların hüquqlarının təminatı məsələsini qaldırdığınız anda Çin nəinki sizinlə birlikdə hər hansı layihədə yer almaz, hətta mövcud münasibətlər də pisləşər. Türkiyə Çin kimi qüdrətli dövlətin qarşısında şərt qoyacaq durumda deyil. (Xatırlatmaq yerinə düşər ki, Ərdoğan hökuməti, eləcə də Türk Dövlətləri Təşkilatı adlanan qurum bir dəfə də olsun uyğur məsələsini qaldırmayıb, hətta ötən illərdə Türkiyəyə pənah aparmış təxminən 300 uyğur türkü ölkədən deport edilib.) Kılıçdaroğlunun bu çıxışı ülkücü səsləri cəlb etmək niyyətindən irəli gələ bilər. Digər namizədlərlə müqayisədə ülkücülərdən ən çox səs alan namizəd Kılıçdaroğlu olsa da, hələ ki tərəddüd edən ciddi sayda ülkücü var. Başqa bir tərəfdən, İranla belə bir layihənin içində olmaq Qərbdə necə qarşılanacaq və Qərb bankları bu layihəyə kredit ayıracaqmı? Bu sual da vacibdir. (Elə burada qeyd edim ki, Qərb hökumətlərinin Kılıçdaroğlunu dəstəklədiyi barədə Azərbaycandakı təsəvvürlər doğru deyil. Qərbdəki bəzi qeyri-hökumət, akademik və media çevrələri Ərdoğanın getməsini arzulaya bilər, o ayrı məsələ. Amma qaçqın məsələsi ilə bağlı Kılıçdaroğlunun mövqeyi Qərbin Avropa qanadında ciddi narahatlıq doğurur. Digər məsələ də budur ki, hazırkı altıbaşlı müxalif koalisiya Qərb siyasi dairələrində müəyyən skeptisizm yaradır, çünki tək adamla işləmək onlara daha rahatdır, “hə” cavabını da, “yox” cavabını da 1 dəqiqə ərzində Ərdoğandan alıb, işlərinə davam edirlər.) Sonda bir məqamı da təkrarən qeyd etməyi zəruri sayıram: Azərbaycan rəsmi səviyyədə Türkiyə seçkilərinə açıq, birbaşa müdaxilələr edir, Türkiyənin daxili işlərinə qarışır. Azərbaycanın rəsmi və hökumətə yaxın mediasında (eləcə də bəzi siyasi partiya liderləri tərəfindən) səhərdən axşama kimi Türkiyə müxalifəti əleyhinə təbliğat aparılır, hətta bəzən türk müxalifət liderləri təhqir olunur və aşağılanır. Türkiyə müxalifətçiləri axmaq deyil, bütün bunlardan xəbərləri var. Bəzən deyirlər ki, İlham Əliyev Ərdoğanın qalib gələcəyini bilir və bu səbəbdən rahat davranır. Yaxşı, tutaq ki, Ərdoğan yenə qalib gəldi və hakimiyyətdə qaldı. Axı bu adam bütün insanlar kimi fanidir, bir gün vəfat edəcək. O zaman yenə hakimiyyət dəyişikliyi məsələsi gündəmə gələcək. Türkiyə kimi çox vacib tərəfdaşla, müttəfiq ölkə ilə münasibətləri bir nəfərin üzərindən qurmaq çox yanlışdır, institusional müstəviyə daha çox önəm verilməlidir ki, davamlılıq etibarlı təmin olunsun. Azərbaycan hökumətləri və siyasi qüvvələri hər zaman Türkiyədəki bütün siyasi partiyalarla normal dialoq qurmalıdır”, - Ş.Cəfərli qeyd edib.

"Bizim vəzifəmiz azadlıq ordusunu yaratmaq və bu terrorçu dövlətin gələcək qaçılmaz parçalanmasına hazırlaşmaqdır..."

"Rusiya Qafqazı asanlıqla, qansız əldən verməyəcək..." "Biz tezliklə dünyaya öz silahlı birləşmələrimizi göstərəcəyik..." İnquşetiya, Çeçenistan və Dağıstan Rusiya Federasiyasından qurtulmağa hazırdır... İnquş müstəqilliyi Komitəsinin mətbuat katibi Ruslan Yoluoy bəyan edib ki, Rusiya Federasiyasının daxilində azadlıq ordusu formalaşıb bir gün Putin rejiminin zəifləməsindən istifadə edərək rusiyalıları öz ərazilərindən qovacaqdır. Sozcu.az xəbər verir ki, bu barədə o, "Freedom"  telekanalının efirində bəyan edib. "Biz hamımız bütün üsullarla bu terrorçu dövlətin parçalanmasına hədəflənmişik. Bizdən başqa, çeçenlər özləri fəaliyyətdədir, biz həmçinin öz dağıstanlı qardaşlarımızla əlaqədəyik. Biz gələcəkdə hansısa ümumi planlar qurmaq və buna nail olmaq əzmindəyik", - Ruslan Yoluoy deyib. O, qeyd edib ki, İnquş müstəqilliyi Komitəsi bu yaxınlarda azadlıq ordusuna qəbul elan edib, bundan sonra "hər gün İnquşetiyanın müstəqilliyi uğrunda döyüşmək istəyən çoxlu sayda sorğular gəlməyə başlayıb. "Bizdə hərbi bölmələr formalaşıb, tezliklə, yaxın gələcəkdə biz dünyaya bu silahlı birləşmələri göstərəcəyik", - Youloy vəd edib. O, vurğulayıb ki, Ukrayna ordusu öz ərazilərinin azad edilməsi uğrunda döyüşür və Rusiya Federasiyasının tərkibində olan azsaylı xalqları azad etmək üçün "Putini devirmək və ya Rusiyanın torpaqlarına girmək niyyətində deyil". "Bu gün bizim vəzifəmiz azadlıq qüvvələrini formalaşdırmaq və bu dövlətin gələcək qaçılmaz parçalanmasına hazırlaşmaqdır", - İnquş  müstəqilliyi Komitəsinin nümayəndəsi deyib. O, əmin edib ki, İnquşetiyanın nə Putinlə, nə də bu yaxınlaradək hər hansı azadlıq hərəkatlarına qarşı çıxan rusiyalı müxalifətçiləri ilə gələcəyi yoxdur. Onun sözlərinə görə, Qafqaz və Rusiyanın yüzilliklər ərzində qarşıdurması Rusiyanın ondan asanlıqla əl çəkməyəcəyini göstərir. "Xodorkovski də vaxtilə belə deyib, Rusiya Qafqazı asanlıqla, qansız əldən verməyəcək. Doğrudur, bu gün başqa hava oxuyur, lakin biz, əlbəttə ki, ona inanmırıq. Ona görə də biz ayıq-sayıq olacaq və onların hər hansı vədinə uymayacağıq", - Youloy əmin edib. Rusiyanın parçalanması-yaxın gələcəkdə təcavüzkarla nə baş verəcək? Atlantika Şurasının sorğusuna əsasən, xarici siyasət üzrə aparıcı ekspertlərin əhəmiyyətli hissəsi hesab edir ki, Rusiya 2033-cü ildə uğursuz dövlət olacaq və ya parçalanacaq.  Atlantika Şurası tərəfindən keçirimiş sorğuya görə, ekspertlərin 46 faizi bəyan edib ki, Rusiyanın iflası və ya parçalanması yaxın 10 ilə baş verə bilər. Ekspertlərin 40 faizi Rusiya dövlətinin bir sıra səbəblərdən, o cümlədən "inqilab, vətəndaş savaşı və ya siyasi dezinteqrasiyadan" parçalana biləcəyini deyib. Ukraynanın müdafiə naziri Aleksey Reznikov da hesab edir ki, müharibədən sonra Rusiya məcburiyyət olmadan milli, müstəqil sibyektlərə bölünəcək. Onun sözlərinə görə, müharibədən sonra Rusiyanı parçalamağa məcbur etmək lazım gəlməyəcək, onu özü parçalanacaq.

Putin fəxr edirdi: əlvida, “Xəncər” - Jdanov

Putin uzun illər hipersəs raket, “super silah”la fəxr edirdi. Dünyaya cizgi filmləri göstərirdi, deyirdi ki, bütün HHM sistemlərini keçə bilərik. Amma göründü ki, “Patriot” “Xəncər”i vura bilər. Əlvida, məğlubedilməz silah! Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, Qərbdə, Ukraynada hər kəs “Patriot”la “Xəncər”in qarşılaşmasını gözləyirdi: “Bu onu göstərdi ki, X-22, aeroballistik, köhnə, sovet raketlərini də vura bilərik”.

Danilov: Rusiyanı fəlakət gözləyir

Rusiya üçün ən pis proqnoz hələ qabaqdadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. "Hazırda Rusiya üçün fəlakət baş verir və ən pisi qarşıdadır - məğlubiyyət, dağılma, məhkəmə, təzminat...” - o bildirib.

Rusları hər yerdə öldürəcəyik - Budanov

Ukrayna rus işğalçıları ilə tam qələbəyə qədər mübarizə aparacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rusiyalı təbliğatçıların öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. “Bu məsələni davam etdirməyin. Deyə biləcəyim budur ki, Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürürük və öldürəcəyik”, - Budanov bildirib. Qeyd edək ki, ötən gün Nijni Novqorodda rus yazar Zaxar Prilepinin avtomobili magistral yolda partladılıb. Onun sürücüsü ölüb, özü isə yaralanıb. Hərbi müxbir Maksim Fomin (Vladlen Tatarski) 3 apreldə öldürülmüşdü.

Xocalıda ağır qəza: ölənlər var

Mayın 7-si saat 10 radələrində Xocalı Rayon Polis Şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Sozcu.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum olub ki, Şuşa şəhər sakini 1959-cu il təvəllüdlü Hüseynəli Süleymanov idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb. “Hadisə nəticəsində sürücü H. Süleymanov və sərnişin, İmişli rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Nuriyev hadisə yerində ölmüş, digər sərnişin, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir”.