Azərbaycan su resurslarından daha səmərəli istifadə etməlidir. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.
"Azərbaycanın şirin su ehtiyatlarının böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır. Ölkə su qıtlığı səbəbindən təhlükə ilə üzləşə biləcək dünyanın ilk 20 ölkəsindən biri hesab olunur. Bu vəziyyətdə ən gözəl mexanizm mövcud resurslardan daha səmərəli istifadə etməkdir”, - deyə o qeyd edib.
Bəs görəsən yaxın gələcəkdə bizi gözləyən su qıtlığı təhlükəsinin qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, ölkəmizdə hazırda bir sıra səbəblərdən su itkiləri mövcuddur:
“Dünyada su problemi son illər ciddi şəkildə araşdırılır. Su qıtlığının fəsadlarının ciddi olması ilə bağlı fikirlər olduqca çoxdur. Su elə bir nemətdir ki, o olmadan məişətin heç bir sahəsində inkişaf mümkün deyil. Azərbaycan ərazisində olan su ehtiyatlarının böyük əksəriyyəti tranzit çaylardır. Digər tərəfdən, bu tip çayların su balansı yetərincə deyil. Biz bu məsələlərə diqqətimizi yönəltmişik. Azərbaycanda su adətən 2 istiqamətdə istifadə edilir. Bunlar məişətdə və təsərrüfatda istifadə olunan sulardır. Azərbaycanda ən intensiv kənd təsərrüfatı ərazisi olan Kür-Araz ovalığında su sistemləri demək olar ki, dağılıb. Suyun ən çox istifadə olunduğu kənd təsərrüfatı sahəsində su kanalları və suvarma sistemlərinin təzələnməyə ehtiyacı var. Çünki əlverişsiz suvarma sistemləri özlüyündə su israfının 1 nömrəli səbəblərindəndir. Burada əsas məsələ ondan ibarətdir ki, ölkəmizə daxil olan su ehtiyatlarının hər damcısından istifadə etməliyik”.
Coğrafiyaşünas qıtlığın qarşısının alınması üçün bəzi təkliflər irəli sürüb:
“Məişətdə istifadə olunan suların daha səmərəli istifadəsi olduqca vacibdir. Bu mövzuda dövlət layihələri və tədbirləri hazırlanmalı və buna ciddi nəzarət edilməlidir. Hazırda Kür və Araz çayları üzərində yerləşən su anbarlarımızda 32-34 milyard kubmetr su var. Bu ehtiyatlardan düzgün və səmərəli istifadə edə bilsək, ciddi nəticələr əldə edə bilərik. Mənim təklifim budur ki, Mərkəzi Aran regionunda özünü daha kəskin göstərən su çatışmazlığını aradan qaldırmaq üçün Mingəçevir gölündə toplanan sular borular vasitəsi ilə bu ərazilərdəki əhaliyə çatdırılsın. Eyni zamanda vətəndaşlar sudan qənaətlə istifadə etməlidir”.