Qarabağda işləmək istəyənlər hara müraciət etsin? - RƏSMİ CAVAB

Qarabağda aparılan yenidənqurma işlərində bir çox insan iştirak etmək istəyir. Lakin bunun üçün hara müraciət etməli olduğunu bilmirlər. Sozcu.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə mövcud vakansiyalarla tanış olmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin saytına daxil ola bilərlər. Agentliyin şöbə müdiri Fərid Məcidli itv-yə bildirib ki, Qarabağda işləmək istəyən şəxslər həm DOST mərkəzləri, həm də regional məşğulluq filiallarına müraciət etməklə vakansiyalarla bağlı niyyətlərini bildirmiş olacaqlar.

37 yaşlı kişiyə nişanlandırılan 13 yaşlı qızla bağlı yeni xəbər

Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan yeni xəbər var. 13 yaşlı qız və bacısı ailədən alınacaq. Sozcu.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyev “Xəzər Xəbər”ə bildirib ki, artıq ailə ilə söhbət edilib. Baş tutan nişan pozulub. Komitə rəsmisinin sözlərinə görə, ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq. Daxili İşlər Nazirliyindən isə bildirildi ki, bu gün ailə ərazi üzrə 12-ci polis bölməsinə çağırılıb, müvafiq izahatlar alınıb. 5 il ərzində məktəbə getməyən şagird ilə bağlı 213 nömrəli tam orta məktəbin direktoru Səbinə Əliyeva isə deyib ki, uşağın təhsildən yayınması ilə bağlı valideyni ilə dəfələrlə əlaqə saxlanılsa da, heç bir müsbət nəticə əldə olunmayıb. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə və Rayon İcra Hakimiyyətinin nəznində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilib. Sabunçu Rayon Polis İdarəsindən məktəbə verilən cavabda bildirilib ki, şagirdin ailə üzvləri ilə əlaqə saxlanılıb, profilaktik söhbət aparılıb, təhsildən yayınmanın aradan qaldırılması barədə xəbərdarlıq edilib. Lakin bütün bunlara baxmayaraq şagirdin təhsildən yayınması halı davam edib. Sonda Sosial Xidmətlər Agentliyindən bildirildi ki, artıq 13 yaşlı qız azyaşlı bacısı ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib. Orada uşaqlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.

Bu dövlət qurumu ləğv edildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Nazirlər Kabinetinin 15 may tarixli 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına sənədləri təqdim olunan şəxslərin təkrar müayinəsinin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Bir sıra publik hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmiş, ”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın aparılması barədə” qərarı ləğv edilib.

Təbrizdə nümayişlərə çağırış edildi

Mayın 16-dan 17-ə keçə gecə Təbrizin bir neçə məhəlləsində yazılı vərəqələr və bəyanat yayılıb. Çağırışlarda milli fəallar azərbaycanlıları 22 may (1 xordad) qiyamının ildönümündə iştirak etməyə çağırıblar. Bununla yanaşı yayılan bəyanatda Tehran rejiminin azərbaycanlılara qarşı bütün sahələrdə ayrı-seçkilik etdiyi, xüsusilə qadınların ikiqat zülmə məruz qaldıqları qeyd edilib. Bəyanat müəllifləri, qadınları, müəllimləri, tələbə və ümumiyyətlə bütün təbəqələrdən olan azərbaycanlıları 22 may hadisələrinin 17-ci ildönümü ilə bağlı keçiriləcək aksiyalarda fəal iştirak etməyə dəvət ediblər.

“Mənimlə kimin problemi ola bilər?”

Əməkdar artist Rəşad İlyasov gündəmdə olmaq üçün səhv addım atmağın lazım olduğunu bildirib. Sozcu.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən deyib. Müğənni deyib ki, yaradıcılıqla diqqət çəkmək mümkün deyil: “Mətbuat yazmaq üçün səhv addım atılmalıdı. Ağzımdan səhv söz çıxanda isə mənə deyirlər ki, Azərbaycan musiqisi üçün nə etmisən? Mətbuat katibinin lazım olduğunu deyirlər. Amma bu dəbdən düşüb. İndi "Instagram" var. Hər şeyi oradan paylaşıram. 85 min izləyicim var. “Mavi tik” üçün əvvəl düşünmürdüm, amma müraciət etmişəm. 2 həftə əvvəl göndərmişəm”.  R. İlyasov şou-biznesdə problem yaşadığı şəxslərdən də danışıb: “Mənimlə kimin problemi ola bilər?! Kaş yaradıcılıq mövzusunda problemimiz olardı. Bir qız var, hər şeyi edir, sonra deyir ki, mənim kimləsə nə işim var?!”

Böyük sevgidən başlarını itirəcək üç bürc

Romantik münasibətlərdə hər kəs fərqli davranır: kimsə praqmatizmdən əl çəkmir, kimsə isə baş-başa sevgi hovuzuna dalır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, astroloqlar güclü hisslərdən başlarını tamamilə itirəcək üç Bürc işarəsini açıqlayıblar. Bu bürclərdən biri Buğadır. Sevgidə, bürcün nümayəndələri vəsvəsə olurlar və hətta tiranlara və abyuzerlərə (abyuxerlər sevdikləri ilə nalayiq rəftar edən, çox vaxt onlara mənəvi və fiziki təzyiq göstərən kişilərdir-red) çevrilə bilərlər. Onlar hər yerdə xəyanət və satqınlıq görürlər. Yalnız aşiq olan eyni Buğa, eşqdə Buğa ilə harmonik bir yerdə yaşaya bilər və dəli olmaz. Əkizlər aşiq olduqları zaman təkcə ağıllarını deyil, özlərini də itirə bilərlər. Bir tərəfdaşda əriyir, şəxsi sərhədləri silir və hətta nəfəs almağı unudurlar. Xoşbəxtlikdən Əkizlərin sevgisi uzun sürmür, əks halda onların həyatı və sağlamlığı üçün təhlükəli olardı. Sevgili olan Xərçənglər çox qəribə insanlara çevrilirlər. Adi bir insan davranışının bəzi məqamlarından belə qorxa bilər. Xərçənglər həmişə sevdikləri obyektin yanında olmaq istəyirlər - işdə, evdə, duşda, tualetdə, fiziki olaraq orada ola bilməyəndə zənglər və mesajlar onları narahat edəcək. Çəhrayı rəngli eynəklər olmadan buna stalking deyilir.

Bu kartoflar yaşlı insanlar üçün faydalıdır

Təzə kartof C vitamini və böyük miqdarda kalium ilə zəngindir. Bu, yaşlı insanların ürək-damar sistemi üçün çox faydalıdır. Sozcu.az AZƏRTAC-a istinadən bildirir ki, diyetoloq Marqarita Korolyovanın sözlərinə görə, bu qida məhsulu orta miqdarda hətta şəkərli diabeti olan yaşlı insanların rasionuna da daxil edilə bilər. Təzə kartof qabığı ilə qəbul edildikdə daha faydalıdır, çünki o bağırsaq üçün faydalı olan lif və mineral maddələrlə zəngindir.

"Qarabağ" çempion olmağa öyrəşib, yenilik deyil" - Redon Cica

"Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin "Supersport" telekanalına açıqlama verib. Sozcu.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə bu mövsüm yaşadığı ölkə çempionluğu haqda danışıb: "Azərbaycanda "Qarabağ"ın çempionluğunu təmtaraqlı qeyd etmədik. Komanda son illər tez-tez ölkə çempionu olmağa öyrəşib və bu, yenilik deyil". 24 yaşlı hücumçu Azərbaycana və "Qarabağ"a uyğunlaşdığını deyib: "Yüngül zədə almışam və 100 faiz hazır deyiləm. Mümkün qədər yaxşı mövsüm üçün əlimdən gələni edirəm. Nə vaxt şansım olsa, əlimdən gələni edəcəyəm və rəhbərliyin transferə olan etimadını doğruldacağam. Fasilə mənə kömək edəcək. Sonra yeni mövsümdə start heyətində olmaq üçün hazırlıq mərhələsində əlimdən gələni edəcəyəm". Cica bildirib ki, yanvarda olan transfer futbolçu üçün yaxşı deyil, çünki komandaya uyğunlaşmaq çətindir: "Yayda hazırlıq mərhələsi olduğundan komandanın oyun üslubunu başa düşmək olur. "Qarabağ"a qış transfer pəncərəsinndə, fasilədə ilk oyundan beş gün əvvəl gəlmişdim. Oyunun gedişindən xəbərim yox idi. Mən sadəcə oynadım və əlimdən gələni etdim, amma indi komandaya uyğunlaşmışam. Ümid edirəm ki, növbəti mövsüm start heyətdə oynayacağam". R.Cica bildirib ki, qışda ayrıldığı "Tirana" Albaniya çempionu olsa, həmin klubdan da medal istəyəcək: "Tirana" çempion olsa, medal istəyəcəyəm. Çünki mövsümün ilk mərhələsində komandaya töhfə vermişəm. Futbolçunun bir mövsümdə 2 medal qazanması tez-tez baş vermir". Qeyd edək ki, "Tirana" Albaniya çempionatında 59 xalla liderdir.  Xatırladaq ki, "Qarabağ"  yarışın bitməsinə 2 tur qalmışdan 10-cu ölkə çempionluğunu təmin edib.

Qaxda 56 yaşlı qadın pomidor turşusundan zəhərlənib

Qaxda 56 yaşlı qadın pomidor turşusundan zəhərlənib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Qax rayon sakini, 56 yaşlı Nailə Saliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. İlkin müayinənin nəticəsinə əsasən onun evdə hazırladığı pomidor turşusundan zəhərləndiyi bildirilir. Hazırda vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Abşeronda evdən 30 000 manat pul oğurlanıb

Abşeronda evdən 30 000 manat pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30 000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,93 dollara, yüngül neftin bir barreli isə 70,85 dollara təklif edilir.

Rusiyanın itkiləri 200 MİNİ keçdi

Ukrayna müharibənin 448-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 200 590 hərbçi, 3771 ədəd tank, 7365 ədəd zirehli döyüş maşını, 3166 ədəd artilleriya sistemi, 562 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 318 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6067 ədəd avtomobil texnikası, 2748 ədəd PUA, 982 qanadlı raket, 18 gəmi/qayıq, 417 xüsusi avadanlıq itirib.

Kəsdiyi ağac başına düşdü, öldü

Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Səməd Kamandar oğlu Həsənov meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Türkiyədə şəhidlərin sayı artdı

Türkiyənin Şırnak bölgəsində terrorçularla atışmada şəhid olan hərbçilərin sayı artaraq beş nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdəki hesabında bildirib. O şəhidlərə rəhmət, ailələrinə rəhmət diləyib.

İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xırdalanda təcili yardım maşınlarının nömrələri oğurlandı

Xırdalanda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin nömrələri oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus QAZ-31 markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elçin Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

MİT PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyada antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Əməliyyat çərçivəsində PKK-nin Eynl əl-Ərəb bölgəsində “maliyyə işçisi” Tuba Karakoçu məhv edilib.

"Vaqner"in rəhbəri Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq etdiyini ETİRAF ETDİ

Priqojin Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov məlumat verib. “Priqojinin sözlərinin 80%-i doğrudur. Vaqner maksimum effektivlik nümayiş etdirdi. Rusiya ordusu isə maksimum səmərəsizlik göstərdi ki, bu da Rusiya Federasiyasının hərbi rəhbərliyində münaqişəni daha da gərginləşdirdi”, – Budanov deyib. Yevgeni Priqojin bildirib ki, o, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmüş, Baxmut uğrunda döyüşlərdə həlak olan amerikalı könüllü Nikolas Duyen Meymerin cəsədini təhvil verəcək. “Mən bir amerikalının cəsədini təhvil edəcəyəm. Bunu xüsusi olaraq “The Washington Post” üçün edəcəm. Sorğuma cavab verdilər. Bu gün şəxsi mesajda bütün adları, parolları, bildirişləri aldım. İndi onlarla işləyəcəyik. Və əlbəttə, mən bunu Kirill Budanov vasitəsilə edəcəyəm”, – deyə Priqojin bildirib.

Kılıçdaroğlu: Zəlzələ bölgəsindəki insanlarımızı incitməyək

CHP lideri və Millət ittifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu sosial media hesabından zəlzələ bölgəsində vətəndaşların birinci turun seçki nəticələri ilə bağlı tənqidləri ilə bağlı açıqlama verib. CHP sədri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlu sosial media hesabında zəlzələ bölgəsində seçki nəticələrinin tənqid olunması ilə bağlı paylaşım edib. "Zəhmət olmasa, zəlzələ bölgəmizdəki insanlara dediyimiz hər şeydə diqqət edək. Heç bir siyasət o insanların qəlbini qırmağa dəyməz. Hər bir vətəndaşımız, xüsusən də zəlzələ qurbanlarımız siyasi seçimlərindən asılı olmayaraq başımın üstündədir."

“Ərazimizdə 10 minə qədər erməni hərbçisi var” - Xocalıdan VİDEO

“Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır”. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə məlumat verilir. Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsi ilə bağlı dəfələrlə bəyanat verib. “Redaksiyamıza daxil olan və Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntüləri abunəçilərin diqqətinə təqdim edirik”, - deyə kanaldan bildirilib. Ətraflı süjetdə:

İlham Əliyev 6 fərman imzaladı

15:36 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; 1.3. həmin Məcəllənin 45.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 853-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində: 3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 52.1.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.2. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, 52.1.10-cu və 52.1.11-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin maddələrdə nəzərdə tutulan şəxslərin dövriyyə həcmini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36; 2023, № 2, maddə 237; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 5.1-ci bəndə “44.6-cı” sözlərindən sonra “maddələrində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində” sözləri əlavə edilsin; 4.2. 5.4-cü bənddə “45.2-ci maddəsinin” sözləri “45.2-ci və 45.3-cü maddələrinin” sözləri ilə əvəz edilsin və həmin bəndə “52.3-cü” sözlərindən sonra “maddələrində, 52-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci və 3-cü bəndlərinin birinci və ikinci cümlələrində” sözləri əlavə edilsin; 4.3. aşağıdakı məzmunda 5.11-1-ci bənd əlavə edilsin: “5.11-1. həmin Məcəllənin 45.1.6-1-ci maddəsində, 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu (hər iki halda) və 52.1.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”; 4.4. 5.19-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin: “5.20. həmin Məcəllənin 45-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndində, “iqtisadi rayonlar” dedikdə, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndlərində göstərilmiş Azərbaycan Respublikasının iqtisadi rayonları nəzərdə tutulur.”. *** Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanununun tətbiqi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, maddə 550; 2021, № 12, maddə 1373; 2022, № 8, maddə 862) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 2.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.2. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;”; 2.2. 3.3-cü bənd ləğv edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanununun tətbiqi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 834; 2016, № 6, maddə 1049; 2017, № 5, maddə 847; 2019, № 7, maddə 1214) aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin: “2.5. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.”. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Nazirdən təklif: Tədris sentyabrın 1-dən başlasın!

Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı: "İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".

Ukrayna ordusu Baxmutun bir hissəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri son bir neçə gündə Baxmut şəhərinin 20 kvadrat kilometrini Rusiya bölmələrindən azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib. Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər artilleriya ilə yerlə-yeksan edilir”.

Fransa Ermənistanı silahlandıracaq - İsrail mətbuatı

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələr bildiriblər ki, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etmək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin "İ24NEWS" nəşri məlumat yayıb. İddiaya görə Fransa yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyor təhvil verəcək. Həmçinin, gələcəkdə Fransa istehsalı olan "Minstrel" hava hücumundan müdafiə raketlərinin İrəvana tədarükü nəzərdən keçirilir. Nəşr qeyd edir ki, Paris Ermənistana silah ixracı üçün sistem qurmağa hazırlaşmağa başlayıb. Fransa-Ermənistan Dostluq Qrupunun rəhbəri Gilbert-Luc Devinaz qarşıdan gələn silah tədarükü barədə açıqlama verib. “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik", - o bildirib.