İsfahanda qarşıdurma: polis zəhərli qaz tətbiq etdi

Mayın 17-dən 18-ə keçən gecə İsfahan şəhərinin Dəstgerd həbsxanası qarşısında edamlara etiraz edən vətəndaşlarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə sosial media fəalları məlumat yayıb. Vətəndaşlar etiraz aksiyalarında həbs edilən və Dəstgerd həbsxanasında saxlanılan Məcid Kazimi, Saleh Mirhaşimi və Səid Yəqubi Cəl adlı məhbusların edamı ilə bağlı qərarın icrasının dayandırılmasını tələb ediblər. Həbsxana qarşısında izdiham yarandığı üçün hökumət qüvvələri yolları bağlayıb, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, adı çəkilən məhkumların edamı ilə bağlı Beynəlxalq Əfv Təşkilatı mayın 17-də bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.

“Budanovun peşəkar kimi dedikləri inandırıcı səslənir...”- “Putinin oxşarları var...”

“Amma, ümumiyyətlə, ölkə liderləri üçün özl“Budanovun peşəkar kəşfiyyatçı kimi dedikləri inandırıcı səslənir...”- “Putinin oxşarları var...ərini oxşarlarla əvəzləməyin nə dərəcədə effektiv olduğunu da söyləmək çətindir..." Rusiyanın Ukraynaya təcavüzü başlanandan Putinin oxşarları haqda söz-söhbətlər səngimir.  Bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Putinin ən azı üç oxşarının olduğunu qeyd edib.  O deyib ki, Ukrayna kəşfiyyatı artıq onları fərqləndirir. Peşəkar kəşfiyyatçı bildirib ki, Mariupolda və Moskvadakı son hərbi paradda olan Putin özü olmayıb. Bəs gerçək nədir? Doğrudanmı Putin bir çox yerlərə öz oxşarlarını göndərir? Mövzu ilə bağlı Moderator.az-ın suallarını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  bunları söyləyib: “Ümumiyyətlə, avtoritar, diktatura və digər bu tipli rejimə malik ölkə rəhbərlərinin oxşarlarının varlığı haqda söhbət və informasiyalar hər zaman olub. Amma bu günədək hər hansı bir ölkə lideri üçün bunun sübutları ortalığa qoyulmayıb. Budanovun müsahibəsini mən də izləmişəm. Və həmin müsahibədə deyilənlər bir peşəkar kəşfiyyatçının dilindən inandırıcı səslənir.  Söhbət konkret Putinə gəldikdə, nəzərə alaq ki, Putinin pandemiya dövründən başlayaraq ətraflara bir paranoyal reaksiyası olub. Onunla görüşən insanları həddindən artıq uzun bir masa ətrafında əyləşdirərək onlardan çox uzağa çəkilir... Yadınızdadırsa, hətta kəskin pandemiya dönəmində Moskvada keçiriləcək Əliyev-Paşinyan-Putin görüşü öncəsi Bakıya və İrəvanı ölkə liderləri və nümayəndə heyətlərinin müayinəsi üçün xüsusi həkim qrupu da göndərildi... Bunlar bütün diktatorların müəyyən bir mərhələdə ürcah olduqları paranoyanın əlamətidir. Yəni onlar faktiki olaraq ruhi xəstəliyə düçar olur və öz həyatları üçün həddindən artıq qorxmağa başlayırlar. Ona görə də bu cür durumlarda diktatorlar belə yollara əl atırlar: kənarlaşmaq, bunkerlərdə gizlənmək və əlbəttə ki, oxşarlarını öz əvəzlərinə meydanlara, tədbirlərə çıxarmaq... Belə şeylər var. Nə dərəcədə inandırıcıdır, doğrudur, deyə bilmərəm. Budanov da bir peşəkar kəşfiyyatçı olaraq Putinin oxşarları haqda danışır və bu, dediyim kimi inandırıcı səslənir”.  Analitik hesab edir ki, müəyyən tədbir və görüşlərə öz oxşarlarını göndərmək istənilən ölkə lideri üçün bir çox problemlər yarada bilər. “Amma, ümumiyyətlə, ölkə liderləri üçün özlərini oxşarlarla əvəzləməyin nə dərəcədə effektiv olduğunu da söyləmək çətindir. Yəni təsəvvür edin ki, hər hansı bir dövlətin başçısının əvəzində onun oxşarı gedib ölkə daxilində və ya xaricdə görüşlər keçirir, çıxışlar edir, insanları dinləyir, onlarla danışıqlar aparır, sualları cavablandırır. Və günlərin bir günü açılır, müəyyən olur ki, bu, hamısı oyun, tamaşa olubdur, insanlar aldadılıbdır, onlar dövlət başçısını yox, onun oxşarını qarşılayıblar, oxşarı ilə danışıblar. Bu, əlbəttə ki, hansısa dövlət üçün xoşagələn hal deyil. Qaldı, konkret Putinin oxşarları məsələsinə, mən inanıram ki, onlar var. Təkrar edirəm; Putinin davranışına diqqət yetirsək, onun insanlarla ünsiyyət formaları, öncə qeyd etdiyim məqamlar göstərir ki,  Rusiya diktatoru öz həyatına görə bərk qorxu və təlaş içindədir. Və belə olduğu halda onun müəyyən məqamlarda öz oxşarlarından istifadə etməsi mümkün sayılmalıdır”- deyə siyasi ekspert vurğulayıb.

Ceyhun Bayramov Rusiyaya getdi

Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,67 dollara, yüngül neftin bir barreli isə 72,54 dollara təklif edilir.

Bakıda 2 azyaşlı quyuya düşərək öldü

08:41 Bakıda iki azyaşlı quyuya düşərək ölüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər. Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. *** Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.

Rusiya Baxmut bölgəsində təşəbbüsü itirir

Ukraynanın əks-hücumlarının məhdud sayına baxmayaraq, rus qoşunları Baxmut bölgəsində təşəbbüsü itirirlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Rusiya və Ukrayna rəsmiləri mayın 17-də Baxmut yaxınlığında Kiyevin məhdud əks-hücumlarının davam etdiyini etiraf ediblər. Xüsusilə, Ukrayna müdafiə qoşunlarının Baxmutun cinahlarında naməlum istiqamətlərdə irəlilədiyi bildirilib. Son sutka ərzində müdafiəçilər Baxmut istiqamətində 500 metrə qədər irəliləyib. Eyni zamanda, onlar rusların mövqelərinə hücumları davam etdirirlər”, - məlumatda deyilir. Rusiya rəsmiləri də qeyd ediblər ki, onların hava-desant qoşunları da az irəliləyiş əldə edib: “Lakin Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovskoye (Baxmutdan 6 km qərb) yaxınlığındakı Baxmut cinahlarına Ukraynanın əks-hücumları davam edir. “Vqaner”in rəhbəri Yevgeni Priqojin isə Rusiya Müdafiə Nazirliyinin irəliləməsi iddiasını rədd edərək, onları geri çəkilməkdə və yeni mövqe itirməkdə tənqid edib”.

Rusiyanın itkiləri 202 minə yaxınlaşır

Ukrayna müharibənin 449-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 201 100 hərbçi, 3773 ədəd tank, 7373 ədəd zirehli döyüş maşını, 3198 ədəd artilleriya sistemi, 563 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 318 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6063 ədəd avtomobil texnikası, 2759 ədəd PUA, 982 qanadlı raket, 18 gəmi/qayıq, 418 xüsusi avadanlıq itirib.

Səfirlikdən ölkəmizdəki Türkiyə vətəndaşlarına müraciət

Türkiyənin Bakıdakı səfirliyi qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarına müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında paylaşım edilib. Bildirilib ki, prezident seçkilərinin ikinci turu üçün səfirlikdə səsəvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq. Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq. Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi prezident olacaq. İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. ATA İttifaqının təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Çağırışa gedən təcili yardım maşını aşdı

Masallıda çağırışa gedən təcili tibbi yardım maşını aşıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. İlkin məlumata görə, ambulans Masallı Bioloji Təbabət Klinikasına aiddir. Məsələ ilə bağlı Masallı Bioloji Təbabət Klinikası ilə əlaqə saxladıq. Klinikadan bildirilib ki, hadisə dünən Masallıda baş verib: “Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı ambulansda pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.

Müəllimlərin sertifikatlaşdırılması imtahanının tarixi...

İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlrəinə görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.

Ukrayna rusların atdığı 30 raketin 29-nu məhv etdi

Bu gecə rus ordusu Ukraynaya 30 ədəd dəniz, hava və qurudan qanadlı raket hücumu həyata keçirib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib. “Tu-160 və Tu-95 strateji bombardmançı təyyarələrindən 22 ədəd X-101/X-555 qanadlı raketi, Qara dənizdəki gəmilərdən 6 ədəd “Kalibr”, eləcə də 2 ədəd “İsgəndər” raketi atılıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 29 raket və 2 “Şahid-136/131” və 2 operativ-taktiki kəşfiyyat PUA-sını məhv edib”, - Zalujnı bildirib.

Ukrayna aviasiyası Rusiya Silahlı Qüvvələrinin cəmləşdiyi ərazilərə 14 zərbə endirib

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində Rusiyanın şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5-i zenit-raket sistemlərinə olmaqla, 14 zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bundan əlavə, “Orlan-10” tipli 2 kəşfiyyatçı PUA vurulub. Raket qoşunları və artilleriya bölmələri 1 komanda məntəqəsi, 6 canlı qüvvənin cəmləşdiyi ərazi, 2 sursat anbarı, 2 yanacaq-sürtkü anbarı, 2 hava hücumundan müdafiə sistemi və daha 2 strateji əhəmiyyətli hədəfi vurub.

Azərbaycanı Türkiyəyə çevirək, yoxsa…?

Türkiyədə”14 May Eposu” arxada qaldı, indi qarşıda “28 May” müəmması durur. Sonuç nə olacaqsa, oz səsinə – namusuna sahib çıxan qardaş ölkə üçün xeyirli, uğurlu olsun! Seçkiyə günlər qala, təxminən iki həftə Türkiyədə oldum. Azərbaycandan fərqli olaraq seçki keçirilən ölkədə seçkiöncəsi qarşı tərəflərin bir-birlərinə qarşı sərt, aşağılayıcı ittihamları ilə rastlaşmadım. Hər halda mənim müşahidəm bu oldu. Köksündə fərqli ideologiyalara yer verən bir ölkədə eyni meydanda rəqib düşərgələrin yan-yana, sivil şəkildə seçki kampaniyası aparmaları isə xüsusilə təqdirəlayiq idi. Həmin ölkədə ki, seçki saxtakarlığının adı belə heyrət doğurur. Necə ki, vaxtilə oradakı dostlarımı belə inandıra bilmirdim ki, mən deputatlığa namizəd olarkən qazandığım mandatı müəyyən məbləğ müqabilində rəqibimə satıblar, halal səsimi dörd dəfə azaldıb, hakimiyyət namizədinin səsini isə 20 dəfə artırıblar. Bəli, bu Türkiyədir və çoxpartiyalı sistemlə ən azından 70 illik seçki təcrübəsinə malik azad ölkə (hələ bu müddətdə bir neçə hərbi çevrilişə də şahid olub). Bu, həmin Türkiyədir ki, prezidenti səsvermə məntəqəsində növbəyə duranda bizlər heyrət edirik. Amma bu bir həqiqətdir ki, hakimiyyətin sənin səsinə ehtiyacı varsa, əlbəttə ki, yanında olacaq, yanında duracaq. Amma mənim ölkəmdə keçirilən seçkilərdə hakimiyyətin sənin səsinə ehtiyacı olurmu? Sən heç hakimiyyət üçün mövcudsanmi gerçəkdən…?! Amma heyrət doğuran məqam budur ki, 30 ildir normal seçkiyə həsrət qalan, 30 il halal səsi hakimiyyət tərəfindən oğurlanan, komissiya sədrinin varlı namizəddən pul alıb rəqəmləri saxtalasdirdığı, qadınların , müəllimlərin seçki saxtakarlığına alət edilib aşağılandiği ölkəmdə məhz Türkiyədə keçiriləcək seçki öncəsi durum küçə söyüşlərinə qədər endi. Hər halda sosial şəbəkələrdə bu mənzərəyə şahid olduq. Etiraf edək ki, Azərbaycanda çoxluq Ərdoğanı dəstəkləyirdi. Hətta bu çoxluğa bəzən mövcud hakimiyyətə müxalif olanlar da qoşulurdu. Halbuki kimsəyə sirr deyil ki, bu total kampaniyanın başında məhz Azərbaycan iqtidarı dayanırdı. Prezidentdən deputata, jurnalistdən həkimə, müəllimədək Türkiyə prezidentinə hərtərəfli dəstək nümayiş etdirildi. Bundan ötrü hətta Türkiyədə qapı-qapı gəzən vətəndaşlarımız da, bizə şərait yaradın orada səs verək ( əslində “karusel edək”) deyənlərimiz də oldu. Dəstəyin obyektiv və eyni zamanda subyektiv səbəbləri haqda isə hamımız bilirik, məlumatliyıq. Yeri gəlmişkən dəstəkçilər arasında son parlament seçkilərindəki saxtakarlığa təxminən bir ay etiraz edib, sonra təkrar metamorfoz yaşayıb əvvəlki yerinə -hakimiyyətin dəstəkçisi mövqeyinə qayıdanlar da diqqətimi cəlb etdi. Olsun! Mövqe sərgiləmək alqişalayiq hərəkət olmaqla, həm də ərdəmdir. Şübhəsiz ki, bu mövqe içdən, könüldən olmasa, adı da fərqli olur. Ötən müddətdə məni düşündürən başqa bir məqam da bu idi ki, əcəba, ölkəmdə bircə nəfər iqtidaryönlü jurnalist , QHT fəalı, siyasətçi oldumu ki, verilən direktivlərdən kənara çıxıb, “xor”a qoşulmadan ortaya alternativ mövqe qoysun. Məsələn, heç bir namizədi dəstəkləməsin, ən azından Türkiyə seçicisinin səsinə hörmət əlaməti olaraq “Qazanan Türkiyə olsun!” “Demokratiya, xalqın iradəsi qazansın!” – deyə fərqli mövqe ilə çıxış etsin?! Şəxsən mən rast gəlmədim və yəqin ki, real şərtlərdə bu, heç mümkün də deyil. Çünki məhz Əliyevlərin 3 onillik hakimiyyətdə qalması, Azərbaycanda avtoritaritarizmin varlığını sürdürməsi üçün “dəridən-qabıqdan çıxan” kəsimdən alternativ (müstəqil) mövqe gözləmək də sadəlövhlük olardı. Qardaş ölkədə isə gerçəkdən demokratik seçkiyə şahid olduq. Şəxsən mənim də əsas istəyim seçkinin azad, demokratik iradə əsasında, eyni zamanda dövlətimin hərbi-siyasi qarantı sayılan Türkiyə üçün fəsadsiz keçirilməsi idi və elə də oldu. Azərbaycanımızda da gerçəkləşməsi diləyilə.. . Azad iradə, azad seçim elə bir dəyərdir ki, inanın, onun faydası bu gün avtoritarizmin varlığına xidmət edənlərin də həyatına müsbət təsir gostərər, onlar da azad nəfəs alar, onların da etiraz etmək duyğuları özlərinə qayıdar və normal həyat sürməyə davam edərlər. Əks halda, milyardları talanib “ofshor”lara ötürülən xalq olaraq nəsibimiz hər ay yüzminlərin möhtac olduğu 300 manata, vətən torpağında qanı tökülən oğullarımızın isə 80 manata məhkum edlildiyi həyat olacaq. Bəs elə isə, niyə Türkiyənin azad seçki təcrübəsini əxz etməyib, qardaş ölkəyə 30 illik uğursuz təcrübəmizi ixrac etməyə çalışırıq? Əslində son 20 ildə göstərilən bütün cəhdlərə rəğmən Cümhuriyyət dəyərlərindən “taviz” verməyən Türkiyəni bu gün avtoritar qaydalarla idarə edilən Azərbaycanımıza yox, əksinə korrupsiya bataqlığinda inildəyən ölkəmizi heç olmasa azad seçkisi ilə nümunə olan qardaş Türkiyəyə çevirməliyik. Gerçəkdən bir millət, iki dövlətiksə… Rüfət Muradlı

Ciddi itkilər var: Ruslar bu şəhəri təhvil verir

Marinkadakı rus ordusu bölmələrinin 80 faizi ciddi itkilər səbəbindən şəhəri Ukrayna hərbçilərinə təhvil verməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalistlıər məlumat yayıblar. “Şəhərdə az sayda müqavimətçi qalıb”, - “Mişa na Donbase” adlı Teleqram kanalında bildirilib. Kanal qeyd edib ki, yaxın həftələrdə rus ordusu Marinkadan tamamilə çıxacaq. Məlumata görə, Rusiya və Ukrayna rəhbərliyi arasında hansısa gizli danışıq var, ona görə də ruslar şəhəri ələ keçirə bilmir.

Paşinyanın oğlunu oğurlamaq istədilər

“Ermənistan polisi baş nazir Nikol Paşinyanın oğlundan onun oğurlanması ilə bağlı xəbərdarlıq alıb”.  Sozcu.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin İnformasiya Departamentinin rəis müavini Edqar Canoyan bildirib. “Bizə bu barədə məlumat daxil olub, lazımi tədbirlər görülür, hazırlanmış sənədlər Ermənistan İstintaq Komitəsinə göndərilib”. Xatırladaq ki, bu gün saat 15:00 radələrində Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evinin yaxınlığından qaçırmağa cəhd ediblər. “Haykakan Jamanak”ın məlumatına görə, adam oğurluğunda iştirak edənlər “Oğulların çağırışı” QHT-nin üzvləridir: “Onlar Aşot Paşinyanı maşınlarına mindirməyə məcbur ediblər, lakin Aşot Paşinyan hərəkətdə olan avtomobildən düşə bilib. Daha sonra sürücü avtomobili onun üzərinə sürüb. Nəticədə Aşot Paşinyanın ayağından xəsarət alıb, “Oğulların çağırışı” QHT üzvləri hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarına müraciət edib”. 

Sinan Oğan bu tarixdə kimi dəstəkləyəcəyini elan edəcək

Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan prezident seçkilərinin ikinci turunda hansı namizədi dəstəkləyəcəyini açıqlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə danışan Sinan Oğan 19 mayda qərarını elan edəcəyini bildirib. Qeyd edək ki, Türkiyədə mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

Dürüst siyasətçi, dürüst siyasət ola bilərmi ?

Ümumiyyətlə müşahidələr göstərir ki, siyasətlə məşğul olan insanları həmişə etibarlı saymırlar. Azərbaycan kimi ölkələrdə siyasətçilər haqqında qaranlıq təsəvvürlər mövcuddur. Avtoritar və ya totalitar ölkələrdə əzilən, əziyyət görən xalqın bu rəyi hesab edirəm ki, təbii görünməldir. Bir çox ölkələrdə uzun illərin mənzərəsi bunu ortaya qoyub. İnsanların etibar etdiyi, arxasınca getdiyi, inandıqları siyasətçilər onları yarı yolda qoyub, pul, vəzifə, mandat qarşılığında maraqlarını müdafiə etdiyi insanları məğlubiyyətə, mənəvi sarsıntılara düçar edərək əks düşərgəyə keçib və dahada azğınlaşaraq simasızlaşıblar. Bunu görən sadə insanlar isə siyasəti belə təsəvvür etməyə başlayıblar. Xəyanət, pul qarşılığında satılmaq, mandata görə xalqı yarı yolda qoymaq siyasi inamı, siyasi dürüstlüyü yaddaşlarda arxa plana keçirib. Bu qeyd olunanları əlbəttə ki, bütün siyasətçilərə, siyasi fəaliyyətlə məşğul olanlara aid edilə bilməz. Amma siyasi əhval-ruhiyyə o qədər çirkablaşır ki, yaxşı kimi tanıdığın siyasətçilərə belə şübhə ilə yanaşmağa başlayırsan. Düşünürsən ki, görəsən budamı kiminsə əlinə işləyir, kiminsə adamıdır ? Özün-özlüyündə sual edirsən. Ümumiyyətlə şübhə çox gözəl bir şeydir. Şübhə həqiqətin açarıdır. İnsanı araşdırmağa, həqiqəti bütün çalarları ilə görməyə, daha çox öyrənməyə, məlumatlanmağa sövq edir. Şübhə insanı tələsik qərarlar verməyə sövq etməməlidir. Mükəmmələşməyənə qədər mövqeyini özündə saxla. İnana biləcəyin dürüst siyasət adamı xalqın içərisindən olan, xalqa daha yaxın, xalqın dərdini özününkü bilən, xalq maraqlarını hər şeyin üstündə bilən adamlar ola bilər. Bunu bəlkə müəyyən etmək bir az çətin olsun, amma gəldiyi qısa yola baxmaq ilkin müşahidə üçün yetərli hesab oluna bilər. Yeni dövrdə bütün bunlar daha əlçatan və rahatdır. Dürüst siyasətə gəldikdə isə bu bütün mütərəqqi ölkələrin uğurlarının əsas açarıdır. Dələduz, oğru, cinayətkarlar heç bir zaman xoş mənzərə yarada və ya düzən qura bilməzlər. Bütün gözəlliklər dürüst adamların əsəridir. Özünəmünasibət, ətrafındakı insanlara, gələcəyə sağlam yanaşma dürüst siyasətin təməl özülüdür. Özünəmünasibətlə etibarlılıq qazanmaq, ətrafındakı insanların inamını hər zaman qorumaq və bu dəyərləri gələcəyə ötürmək. Dürüst siyasətin əsasında etibarlılıq qazanılır, şəffaflıq qorunur və bütün bunların nəticəsində hesabatlılıq təmin edilir. Dürüst siyasət xalqın saflaşan və saflaşmağa meyilli ruhundan doğur. Dürüst siyasəti xalq öz soyuducusunda, uşaqlarının geyimində, yaşadığı məkanın görüntüsündə, ictimai nəqliyyatda, məktəbdə, xəstəxanada, dövlət idarələrində görə bilər. Bunu hansı formada görürsünüzsə ölkənizdə ki, siyasətçilərin nə qədər dürüst olduğunu anlaya bilərsiniz.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Rusiya müxalifəti bizə məlumat ötürür - Ukrayna kəşfiyyat rəhbəri

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, silahlı münaqişə başa çatdıqdan sonra Ukrayna və Rusiya arasında 100 kilometrlik demilitarizasiya zonası yaradılmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə "Time" nəşri məlumat yayıb. “Müharibənin dayandırılması məsələsi demilitarizasiya zonasının yaradılmasından asılıdır. Bu, bizim məqsədimizdir ",- o deyib. Budanov onu da bildirib ki, Kiyev Rusiya müxalifəti ilə işləyir. Kəşfiyyat rəhbərinin sözlərinə görə, rusiyalı müxalifətçilər Kiyevi lazımi məlumatlarla təmin edirlər. Ancaq o, Ukrayna kəşfiyyatı ilə əlaqədə olanların adlarını açıqlamayıb.

Mətbuat Şurası: "Sərlövhələrlə manipulyasiya yolverilməzdir"

“Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb". Sozcu.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb. Bildirilib ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb. "Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik.  Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur. Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın", - şuranın məlumatında qeyd olunub.

Quduzluğa yoluxmuş qoyunları kəsib uşaqlarına kabab bişirdi - Azərbaycanda

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.  Sozcu.az xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib. Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq idarəsinin, Şabran Rayon Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür. Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb. İlkin ehtimala görə, ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib. Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri həkim nəzarətindədir və heç birində hər-hansı bir narahatlıq müşahidə olunmayıb./AZƏRTAC 

Azərbaycanda daha bir neçə bank bağlanacaq - AÇIQLAMA

“Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlandı. Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib”. Sozcu.az xəbər verir ki, bunu ekspert Samir Əliyev deyib. Ekspert xatırladıb ki, “Günay Bank” ASC 1992-ci ildə yaradılıb: “Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki,  “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.  Bankın fəaliyyət göstərdikləri filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub. “Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşdü”. “Qısaca qeyd edim ki, proses bununla dayanmayacaq. Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək.  Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir” -  S.Əliyev əlavə edib.

Qax sakini özünü bıçaqlayıb

Qax rayon sakini özünü bıçaqlayıb. Sozcu.az xəbər verir ki, Qax şəhər sakini, 2003-cü il təvəllüdlü Vüsal Musayev üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Vüsal Musayevin hadisəni sərxoş halda törətdiyi bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.apa

Təkər ustası faciəvi şəkildə öldü

Gəncədə bədbəxt hadisə baş verib. Sozcu.az-ın məlumatına görə, şəhər sakini 1982-ci il təvəllüdlü Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alaraq ölüb. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

ABŞ rəsmisi Ermənistanın DİN rəhbəri ilə görüşdü

İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizəsi ilə Əməkdaşlıq İdarəsinin icraçı katibinin müavini vəzifəsini icra edən Ceyms Aplqeytin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın daxili işlər naziri Vahe Qazaryanla görüşüb. Sozcu.az xəbər verir ki, məlumatı "Armenpress" yayıb. Görüşdə ABŞ-ın Ermənistandakı səfirinin müavini Çip Leitinen və ABŞ-ın Ermənistandakı səfirliyinin Narkotiklərə Nəzarət və Hüquq Mühafizəsi Orqanları ilə Əməkdaşlıq Proqramının rəhbəri Aleksis Haftvani də iştirak edib. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Vahe Qazaryan Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış 30 illik əməkdaşlığı xüsusi vurğulayıb.