“Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb".
Sozcu.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb.
"Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik.
Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur.
Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın", - şuranın məlumatında qeyd olunub.