“Oğlum Hüseynin gəlişini səbirsizliklə gözləyirəm. Allah bizə səbir versin ki, övladlarımız əsirlikdən qayıdana qədər dözə bilək. Cənab Prezidentimiz İlham Əliyevdən, Mehriban xanım Əliyevadan övladlarımızı Vətənə qaytarmaqda kömək olmalarını xahiş edirik. Cənab İlham Əliyevə Prezident kimi yox, bir qardaşsız bacı kimi qardaşıma müraciət edirəm. Azərbaycan qadını kimi qardaşım İlham Əliyevdən xahiş edirəm ki, Hüseynlə Aqşini əzazil düşmənin, şərəfsiz ermənilərin əlində qoymasınlar. Biz bilmirik ki, hazırda uşaqlarımızla Ermənistanda necə rəftar edirlər, onları necə incidirlər. Acdırlar, toxdurlar, susuzdurlar, haraları yaralıdır? Onların yarası bizim ürəyimizin yarasıdır. Ombudsman Səbinə xanımdan məkutubumuza cavab gəlib. Aqşinin anası Dürdanə xanımla birgə uşaqlarımızın geri qaytarılmaları ilə bağlı müraciət etmişdik. Cavab gəlib ki, bu məsələ ilə məşğuldurlar. Hüseyn əsir düşdüyü gün bələdiyyə nümayəndəsi Mustafa müəllim bizə gəldi, yanında Abşeron Rayon İcra Hakimiyyətinin bir nəfər əməkdaşı da var idi. Qapıdan “Allah köməyiniz olsun” deyib, gediblər. Abşeronun icra başçısı mənə zəng edib deyib ki, gəlib sizə baş çəkəcəyik. İndiyə qədər yoxdur. Qapımızı açanlar ancaq bizim kimi kasıblar, şəhid anaları, qazilər, əlillər, qohum-əqrəbamızdır...”
Bu sözləri Pravda.az-a müsahibəsində Ermənistanda əsirlikdə olan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
O bildirib ki, Hüseynin döyülməsi ilə bağlı videoları gördüyü gündən bəri nə səbri, nə də yaşamağa həvəsi qalıb: “Onun döyülmə anını unuda bilmirəm, hər yerdə tez-tez qabağıma çıxır. Oğlumun çəkdiyi işgəncələri hiss edirəm. Bircə dua edirəm ki, yaşayım, balamın üzünü görüm, başqa heç nə. Sonuncu dəfə aprelin 4-ü danışmışıq. O, mənə həmişə “eşqim” deyirdi, hal-əhval tutdu. Dedi ki, ərizə verib MAXE olacağam. Bütün qonşular, müəllimlər şahiddir, Hüseyn əsgər gedəndə hamı ilə görüşüb demişdi ki, əsgərlikdən qayıtmayacağam, MAXE olacağam. Biz çox kasıb ailə olduğumuz üçün oğlum hərbidə qalıb işləmək istəyirdi. Deyirdi ki, yaxşı maaşım olsun, səni də yanıma aparacağam. Aprelin 7-də xəbər çıxdı ki, oğlum itkin düşüb. Hüseyndən məktub aldıq. Onun əl yazısını əzbər bilmirəm. Amma qızlarım, böyük oğlum da etiraz edirlər ki, bu, Hüseynin xətti deyil. Bizi çaşdıran yalnız bu söz oldu: “salam, ana, mənəm, Hüsü..." Biz ona “Hüsü” deyə müraciət edirik. Yəqin ki, kiməsə deyib onun yerinə yazıblar. Mən xəstə idim. Yazdığımız cavab məktubunu böyük oğlum apardı. Məktubda yazmışdı ki, “qardaş, mənəm, anam da yanımdadır, səni çox istəyirik, bütün Vətən səninlə Aqşinin yolunu gözləyir, hamı sizin üçün dualar edir, sağ salamat gəl...” Məktubun sonunda oğlum gülüş işarəsi qoydu ki, heç olmasa Hüseynin ürəyi bir az açılsın. Amma məktubumuza hələ də cavab gəlməyib. Allahın izni ilə məktuba cavab gəlməmiş, özü geri gələr. Ermənistan əsgərləri Azərbaycana əsir düşəndə televiziya kanallarımız susmur, onları çəkib tez-tez göstərirlər, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə danışıqlar olur, dövlətimiz erməni əsirləri geri qaytarır. Cənab Prezidentimiz ürəyinin genişliyini göstərir, bütün əsirləri qaytarır... Bəs Ermənistan alçaqları niyə uşaqlarımızı qaytarmır? Hüseyn müharibə üçün, nə də kimisə öldürmək niyyəti ilə Ermənistan tərəfə keçməyib. Amma uşağıma nə qədər şər atırlar. Guya övladım kimisə öldürüb, terror edib. 13 ayın əsgəri gedib orada nə manevrlər edə bilər axı? Yazırlar ki, Axundov Hüseyn cinayət törədib. Uşaqlarımıza böhtan atırlar. Sistem köçürməklə məni ayaqda saxlayırlar. Yeyib-içmirəm. Bir ayın içində elə vəziyyətə düşmüşəm ki, görənlər məni tanımır. Balam orada acdır, necə mən burada ürəklə yemək yeyim? Artıq sistem köçürməkdən damarlarım dözmür. Ciyərim xəstədir, başımda şiş var, onkoloji xəstəyəm. Onsuz da nə qədər ömrüm qalıb, bilinmir. Balamın üzünü görmək istəyirəm”.