Markinyosu təəccübləndirən qərar: Mbappe PSJ-nin yeni kapitanı olur

Kilian Mbappe növbəti mövsümdən PSJ-nin kapitanı olacaq. Paris klubu hazırkı kapitan Markinyosu bu qərar barədə məlumatlandırıb. Braziliyalı müdafiəçi xəbərə təəccüblənib. Klub qərarını dəyişməyəcək. Kapitanlığa digər namizəd Presnel Kimpembe də bununla bağlı məlumatlandırılıb. Kapitan dəyişikliyi həddən artıq təzyiq altında qalan Markinyosun yükünü azaltmaqla əsaslandırılırsa da, qərarın əsas səbəbinin Mbappenin tələbləri olduğu bildirilir. Mənbə: championat.com

Daha iki vəzifəli polis işdən kənarlaşdırıldı

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir. Yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib. Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir. Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı.

Ali Radanın deputatı: "Azərbaycan xalqına ehtiramımı bildirirəm"

"Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan və ümumilikdə Krımın ilhaqından keçən 9 il ərzində ölkəmizin bütün vətəndaşları kimi azərbaycanlılar da özlərini yaxşı tərəfdən göstəriblər". Bunu  Ukrayna Ali Radasının etnik-mədəni məsələlər komitəsindən deputatı Svyatoslav Yuraş bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşı olan azərbaycanlılar ölkənin müdafiəsinə qalxıblar: "Şəxsən özüm Lisiçansk ətrafında döyüşlərdə iştirak edən azərbaycanlıları görmüşəm. Mən Ukraynanın müdafiəsi uğrunda oğullarını qurban verən Azərbaycan xalqına hörmət və ehtiramımı bildirirəm. Eyni zamanda ukraynalıların da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçməsi ilə qürur duyuram. Bakıda olarkən mənə 90-cı illərin müharibəsi və bəzi ukraynalıların ölkəni tərk etməyərək onun müdafiəsində iştirak etməsi barədə danışmışdılar. Ölkələrimizin sülh təsəvvürləri eynidir. Biz ərazi bütövlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Çox sağ olun ki, bu yolda bizimləsiniz", - o əlavə edib.

İrandan Azərbaycana 21 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İran İslam Respublikasından ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitə və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə sayılan “metadon M-40” həbinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, mayın 4-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd “metadon M-40” həbi aşkar olunub. Mayın 5-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verilib

Azərbaycanda daha bir vəkilin fəaliyyətinə xitam verilib. Bu barədə qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qəbul edilib. İclasda vəkillər barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Belə ki, qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə bir vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə, eyni zamanda bir vəkil barəsində isə keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə vəkillik fəaliyyətinin üç aylıq dayandırılması barədə qərər qəbul olunub. Bundan başqa, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, bir yeni vəkil bürosunun təsisi və s. məsələlərə baxılıb, müsbət qərarlar verilib.

Pilotlarımız döyüş tapşırıqlarını yerinə yetirdi - Video

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər. Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin hava hücumundan müdafiə səddinin aşılması üzrə tapşırıqlar icra edilib. Təlim zamanı pilotlar, həmçinin hava kəşfiyyatı da apararaq şərti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər. Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib. Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.

İranda daha bir molla öldürülüb

Son vaxtlar İranda mollalara qarşı hücumların davamında daha bir molla İbrahim Fazili öldürülüb. İran mediasının verdiyi məlumata görə, ayətullah Fazil Əstərabadinin oğlu olan mollanın meyiti Mazəndəran əyalətinin Xəzər sahilində aşkar edilib. Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb. O, bir neçə gün əvvəl molla və cümə imamlarını təhlükə və hücumların artdığını söyləyib. Fəllahiyan bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

Klaardan Bayramov-Mirzoyan görüşünə - Reaksiya

Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitterdə yazıb. “Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında davam edən dörd günlük danışıqları alqışlayırıq. Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər”, - AB rəsmisi bildirib.

437-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 437-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 193 770 hərbçi, 3717 ədəd tank, 7238 ədəd zirehli döyüş maşını, 2992 ədəd artilleriya sistemi, 552 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 306 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5936 ədəd avtomobil texnikası, 2554 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 375 xüsusi avadanlıq itirib.

Bakıda insident: söyüşə görə qonşusunu baltaladı

Bakı sakini qonşusunu baltalayıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1975-ci il təvəllüdlü Zəmanət Nəsir oğlu İsmayılov qonşusu 1977-ci il təvəllüdlü, Namiq Mövsüm oğlu Məmmədzadə ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Namiq Məmmədzadənin baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Bir həftə ərzində 3 mağaza və 1 aptek soydu

Cəlilabadda bir həftə ərzində 3 mağaza və 1 aptekdən oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində yerləşən apteklərdən birindən 3360 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səyad Həmidov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun bir neçə gün ərzində əlavə olaraq 3 mağazadan da müxtəlif məbləğlərdə pul, danışıq kartları, tütün məmulatları və digər əşyalar oğurladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə S.Həmidov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Büdcəyə dəyişikliklərin parlamentə təqdim olunacağı vaxt...

2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin Milli Məclisə təqdim olunacağı vaxt məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, qanunvericiliyə uyğun olaraq, büdcəyə dəyişikliklər layihəsi mayın 15-dən tez parlamentə təqdim olunmur: "Biz də bu təqvimə riayət edəcəyik".

Şabran RİH-də yoxlamalar aparılır

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır. Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov qurumda yoxlama aparıldığını təsdiqləyib.

RLC (Red Line Channel) kanalı müvəqqəti fəaliyyətini dayandırmalı oldu.

RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi ki, Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. RLC-nin əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyətinə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı. Mart ayında Facebook səhifəsi hak olundu və son 1 illik materialları Facebook səhifəsindən silindi. Bu materialların böyük hissəsinin yüz minlərlə baxış, minlərlə bəyənmə sayı vardı. Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəldi.  Son bir neçə ayda biz RLC kanalı olaraq fəaliyyətimizə ara verərək yeni formatlar üzərində işləyirdik. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdik. Mətbuat azadlığının böğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar, yəni müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi. RLC fəaliyyətini müvəqqəti dayandırır. RLC olaraq haradan və necə başlaya biləcəyimiz üçün yenidən yola çıxacağıq.  Hörmətlə, RLC-nin baş redaktoru Samirə Qasımlı

Bakı və İrəvan bu maddələr üzrə razılaşdı

1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Biləsuvar şəhəri 3 gündür susuz qalıb

Kür-Bakı magistral su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür ki, içməli susuz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, ötən gün günorta saatlarında şəhərə içməli suyun veriləcəyi deyilsə də, hələlik bu saata qədər problem davam edir. Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Tovuzda yaşlı qadın vəhşicəsinə öldürüldü

Tovuz şəhərində ahıl qadının ölümünə səbəb olan hadisənin bəzi təfərrüatları məlum olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Tovuz şəhəri, Eldəniz Əliyev küçəsində olan fərdi yaşayış evlərin birində qeydə alınıb. Belə ki, Tovuz rayon sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırova aprelin 30-da yaşadığı evdə taxta parçası ilə döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, ahıl qadınla onun evində kirayədə yaşayan, 1990-cı il təvəllüdlü Aynaz Alıyev arasında mübahisə baş verib. Bu zaman A. Alıyeva onu taxta parçası ilə döyərək evin pilləkənindən yıxıb, daha sonra isə qadına bir neçə dəfə həmin taxta parçası ilə zərbələr endirərək ona ağır bədən xəsarətləri yetirib. Mərhumun qonşularının dediyinə görə, A.Alıyeva boşanmış qadın olub, bir oğlu və bir qızı var. Qızı onunla, oğlu isə atasının yanında qalıb. A. Alıyeva Elçin Əliyev adında biri ilə elə həmin evdə qeyri-rəsmi münasibətdə yaşayıblar. Qonşular bildirib ki, bir gün mərhum İ. Bağırovanı küçədə kefsiz halda görüblər və ondan bunun səbəbini maraqlanıblar. Mərhum qadın bildirib ki, evində kirayədə yaşayanlar onun pulunu və qızıl-zinət əşyalarını oğurlayıblar. “Biz də Aynaza iradımızı bildirdik ki, bəs evində qaldığınız yaşlı qadının niyə qızıllarını oğurlamısınız, qaytarın qadının qızıllarını, yoxsa polisə məlumat verəcəyik. Onda Aynaz cavabında bildirib ki, borcları var, məcbur olub qızılları götürüblər və pul qarşılığında əmanət qoyublar. Lakin bir müddət sonra eşitdik ki, belə bir hadisə olub”-deyə mərhumun qonşuları bildirib. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən A. Alıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan E. Əliyev mərhumun evində bir neçə ay öncədən kirayədə qalırmış. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanıb. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Rus ordusuna şok zərbə: 133 ölü, 176 yaralı...

Son sutka ərzində Donetsk vilayətində 133 işğalçı məhv edilib, düşmənin 8 silah-sursat anbarı vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy bildirib. "Donetsk vilayətində düşmənin hücumlarının dəf edilməsi zamanı sutka ərzində 133 işğalçı məhv edilib, 176-sı yaralanıb. Həmçinin iki elektron döyüş stansiyası, iki özüyeriyən texnika, iki haubitsa, bir piyada döyüş maşını və səkkiz sursat anbarı da məhv edilib", - o deyib. Onun sözlərinə görə, Rusiyanın hələ də kifayət qədər sursat ehtiyatı var, lakin Ukrayna hərbçiləri bu ehtiyatların azaldılması üçün hər şeyi edirlər.

"Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik" - Kılıçdaroğlu

Türkiyədə əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu seçiləcəyi təqdirdə xarici siyasətlə bağlı prioritetini açıqlayıb. Sozcu.az xəbər verir ki, Kılıçdaroğlu BBC-yə müsahibəsində bu barədə danışıb. "Xarici siyasətdə Türkiyənin yönünü yenidən müəyyənləşdirəcəyik. Kremllə yox, Qərblə münasibətləri prioritet halına gətirəcəyik. Sivil dünyanın bir parçası olmaq istəyirik", - deyə o qeyd edib. Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Bu müəllimlər kütləvi ixtisar ediləcək?

"Məktəbəqədər təhsil müəssisələrində 5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işləməsi 20-30 il ərzində baş verən prosesdir". Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dəqiq rəqəmlərin olması diplomların ilk dəfə məlumat bazasında toplanması ilə əlaqədardır. "Bu toplamadan sonra bütün uyğunsuzluqlar üzə çıxır. Sistemdə üç qrup insan var. Bir qrupun ali pedoqoji təhsili var, amma o məktəbəqədər deyil. İkinci qrup insanların ali təhsili var, amma pedaqoji deyil. Məsələn, mühəndis, maliyyəçidir. Üçüncü qrup insanlar var ki, onların bizdə sənədi yoxdur. Ola bilər ki, sənədləri var, amma bizim sistemdə yoxdur. Təqdim etməyibsə, biz ona ən aşağı dərəcə ilə maaş veririk. Sənədlərin təqdim edilməsi vacibdir". Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini xatırladıb. "Qanunvericiliyə uyğun olaraq qaydaya salmağa çalışırıq. Bu heç bir halda müəllimlərin, tərbiyəçilərin kütləvi ixtisarı anlamına gəlmir. Tədbricən mərhələli şəkildə diaqnostika və sertifikasiya həyata keçirilməklə müəyyən qaydaya alınır. Düşünürəm ki, yavaş-yavaş məsələ qaydasına qoyacağıq".

"Biz hamımız burada başqa Vladimiri görmək istəyirik" - Zelenskidən Putinə iynəli atmaca...

"Rusiyanın törətdiyi insanlığa qarşı hərbi cinayətlərə, Ukrayna xalqına qarşı soyqırım cinayətinə görə məsuliyyətə cəlb edilməlidir və buna yalnız beynəlxalq tribunal sayəsində nail olmaq mümkündür..." Rusiya təcavüz cinayətinə görə beynəlxalq tribunal tərəfindən məhkum edilməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Niderland Krallığına səfəri çərçivəsində ölkənin ictimai, siyasi və ekspert dairələri və Haaqada yerləşən beynəlxalq təsisatlarının nümayəndələri qarşısında çıxışı zamanı bəyan edib. Məlumatı "gordonua.com"  internet nəşri yayıb. "Heç şübhəsiz, biz burada başqa Vladimiri görmək istəyirik. Biz onu Haaqada görmək istəyirik. O kəsi ki, cinayətkar əməllərinə görə məhkum olunmağa layiqdir. Və bu, burada, beynəlxalq hüququn paytaxtında baş verməlidir. Mən əminəm ki, bu, qalib gələcəyimiz zaman baş verəcək. Biz isə təkcə döyüş meydanında qalib gəlməyəcəyik. Baxın, dünya ölkələri Ukraynanın müdafiə olunması üçün yardım ətrafında necə birləşib. Yardım etmək istəyinin əsasında nə dayanır? Bunun əsasında söhbətin təkcə bir ölkənin taleyindən getmədiyi, bir təcavüzkara qarşı müqavimətdən daha artıq hissiyyatı dayanır. Biz aqressiv müharibəni dayandırmalıyıq", - o, deyib. Zelenski qeyd edib ki, Rusiyanın tək bir cinayəti digər cinayətlərə-təcavüz cinayətinə gətirib çıxarıb. "Bu ilkin cinayət şərin başlanğıcı olub. Bu cinayətə görə məsuliyyət olmalıdır. Buna isə yalnız tribunal sayəsində nail olmaq mümkündür. Avropa və dünya buna bənzər halla artıq üzləşib, biz Nürnberqdə beynəlxalq tribunalın nəticələrini görmüşük. Biz beynəlxalq tribunalın yaradılmasına tərəfdarıq. Əgər biz ədalət istəyiriksə, beynəlxalq hüququn çatışmazlıqlarına istinad etməməliyik. Bunun əvəzinə bu çatışmazlıqların aradan qaldırılması üçün cəsarətli qərarlar qəbul etmək lazımdır", - o, deyib. Zelenski vurğulayıb ki, qələbəmizdən sonra davamlı sülhə "hibrid əvəzedici" ilə deyil, yalnız dolğun ədalət məhkəməsi sayəsində nail oluna bilər. Prezident Niderlanda hərbi yardıma, habelə Beynəlxalq Cinayət Məhkəməsində xüsusi tribunalın, hərbi cinayətlərin araşdırılması üzrə mərkəzin yaradılmasına dəstəyə görə minnətdarlığını bildirib. Zelenski Haaqda Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Pyotr Xofmanski və Məhkəmənin katibi Osvaldo Zavala Aqilerlə görüşüb. Zelenski qeyd edib ki, insanlığa qarşı hərbi cinayətlərdə və Ukrayna xalqına qarşı soyqırım cinayətlərində bütün günahkarların məsuliyyətə cəlb edilməsi "Ukrayna üçün prinsipial məsələdir". Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin təcavüzkar ölkənin prezidenti Vladimir Putinin və Uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın Ukrayna uşaqlarının deportasiya olunması ittihamı üzrə həbslərinə orderlərin verilməsi qərarının vacibliyindən danışıb. Xatırladaq ki, Zelenski mayın 4-də Niderlanda səfərə gəlib. Dövlət başçısı ölkə parlamentində çıxış edib, habelə Baş ştatların rəhbərləri ilə görüşlər keçirib.

Bayramov Mirzoyanla 4 gündür eyni otaqda: Nələri müzakirə edirlər?

“İlk dəfədir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri artıq uzunmüddətli şəkildə ABŞ-da görüşlərini davam etdirir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. S. Hümbətovun sözlərinə görə, görüşlərin uzun müddət davam etməsi razılaşmaların üzərində gərgin işlə ilə bağlıdır: “Düşünmürəm ki, ABŞ tərəflərə tam şəkildə təzyiq edərək, hansısa bir sənədi məcburi şəkildə imzalatdırsın. Çünki məsələnin detalları tam aydın olmalıdır ki, imzalanan sənədin həm hüquqi qüvvəsi olsun, həm də həyata keçirilə bilsin”. Analitikin fikrincə, Vaşinqtonda sənəd imzalana bilər, lakin bu, sülh müqaviləsinə gedən yolda bir detal rolunu oynayacaq: “Tərəflər əsirlərin qaytarılması ilə bağlı ilkin centlmen razılaşmasına nail ola bilər. Sonra Vaşinqtonda görüşüb bu məsələ üzərində işləyə, ayrı-ayrı detalların müzakirəsi ilə bağlı niyyət protokolu imzalaya bilər. ABŞ Qarabağ məsələsini region dövlətləri qədər bilmir və münaqişənin aspektləri Birləşmiş Ştatlar üçün bir az qaranlıqdır. O, araşdırmadan və öyrənmədən qərar vermək istəmir. Rusiyadan fərqli olaraq, ABŞ bu məsələyə başqa cür yanaşır. Əgər Rusiya bölgədəki nüfuzunu qoşunu ilə saxlamaq istəyir, ABŞ isə fikirləşir ki, regiondakı nüfuzunu yumşaq güclə saxlasın. Yəni o, regionda sülh yaradaraq bölgə xalqları arasında hörmətli olmaq istəyir. Bunu düşünən bir dövlət təzyiq siyasətinə keçməz. Əgər nazirlər Vaşinqtonda bir neçə gündür qalıbsa, deməli, hansısa bir məsələ üzərində kompromis üçün çalışırlar. Yəqin ki, detallar görüş tam yekunlaşandan və Bayramovla Mirzoyan ölkələrinə qayıdandan sonra aydınlaşacaq”.

Ukrayna Rusiyanın neft emalı zavodlarına bir neçə hücum həyata keçirib

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının bir neçə neft emalı zavoduna hücum həyata keçiriblər. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. İlk yanğın Krasnodar diyarındakı İlski neft emalı zavodunun su anbarında baş verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd pilotsuz təyyarə müəssisəni vurub. Yanğın artıq söndürülüb. Ölən və yaralananlar yoxdur. İkinci yanğın Rostov vilayətindəki Novoşaxtinsk zavodunda baş verib. Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA bina strukturlarına daxil olub. Məlumat rayon rəhbərliyi tərəfindən təsdiqlənib. Ölən və xəsarət alan olmayıb, yanğın müəssisənin əməkdaşları tərəfindən söndürülüb. Bundan başqa Rusiya hökuməti Bryansk vilayətinin Polevıye Novosyolki kəndinin Ukrayna ordusu tərəfindən atəşə tutulduğunu iddia edib. Qubernator Aleksandr Boqomaz bildirib ki, bir mülki şəxs yaralanıb, bir neçə evə də ziyan dəyib və elektrik təchizatı kəsilib.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 435-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 192 590 hərbçi, 3707 ədəd tank, 7216 ədəd zirehli döyüş maşını, 2962 ədəd artilleriya sistemi, 547 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 304 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5886 ədəd avtomobil texnikası, 2523 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 370 xüsusi avadanlıq itirib.