Türkiyədə”14 May Eposu” arxada qaldı, indi qarşıda “28 May” müəmması durur. Sonuç nə olacaqsa, oz səsinə – namusuna sahib çıxan qardaş ölkə üçün xeyirli, uğurlu olsun!
Seçkiyə günlər qala, təxminən iki həftə Türkiyədə oldum. Azərbaycandan fərqli olaraq seçki keçirilən ölkədə seçkiöncəsi qarşı tərəflərin bir-birlərinə qarşı sərt, aşağılayıcı ittihamları ilə rastlaşmadım. Hər halda mənim müşahidəm bu oldu. Köksündə fərqli ideologiyalara yer verən bir ölkədə eyni meydanda rəqib düşərgələrin yan-yana, sivil şəkildə seçki kampaniyası aparmaları isə xüsusilə təqdirəlayiq idi. Həmin ölkədə ki, seçki saxtakarlığının adı belə heyrət doğurur. Necə ki, vaxtilə oradakı dostlarımı belə inandıra bilmirdim ki, mən deputatlığa namizəd olarkən qazandığım mandatı müəyyən məbləğ müqabilində rəqibimə satıblar, halal səsimi dörd dəfə azaldıb, hakimiyyət namizədinin səsini isə 20 dəfə artırıblar. Bəli, bu Türkiyədir və çoxpartiyalı sistemlə ən azından 70 illik seçki təcrübəsinə malik azad ölkə (hələ bu müddətdə bir neçə hərbi çevrilişə də şahid olub). Bu, həmin Türkiyədir ki, prezidenti səsvermə məntəqəsində növbəyə duranda bizlər heyrət edirik. Amma bu bir həqiqətdir ki, hakimiyyətin sənin səsinə ehtiyacı varsa, əlbəttə ki, yanında olacaq, yanında duracaq. Amma mənim ölkəmdə keçirilən seçkilərdə hakimiyyətin sənin səsinə ehtiyacı olurmu? Sən heç hakimiyyət üçün mövcudsanmi gerçəkdən…?!
Amma heyrət doğuran məqam budur ki, 30 ildir normal seçkiyə həsrət qalan, 30 il halal səsi hakimiyyət tərəfindən oğurlanan, komissiya sədrinin varlı namizəddən pul alıb rəqəmləri saxtalasdirdığı, qadınların , müəllimlərin seçki saxtakarlığına alət edilib aşağılandiği ölkəmdə məhz Türkiyədə keçiriləcək seçki öncəsi durum küçə söyüşlərinə qədər endi. Hər halda sosial şəbəkələrdə bu mənzərəyə şahid olduq. Etiraf edək ki, Azərbaycanda çoxluq Ərdoğanı dəstəkləyirdi. Hətta bu çoxluğa bəzən mövcud hakimiyyətə müxalif olanlar da qoşulurdu. Halbuki kimsəyə sirr deyil ki, bu total kampaniyanın başında məhz Azərbaycan iqtidarı dayanırdı. Prezidentdən deputata, jurnalistdən həkimə, müəllimədək Türkiyə prezidentinə hərtərəfli dəstək nümayiş etdirildi. Bundan ötrü hətta Türkiyədə qapı-qapı gəzən vətəndaşlarımız da, bizə şərait yaradın orada səs verək ( əslində “karusel edək”) deyənlərimiz də oldu. Dəstəyin obyektiv və eyni zamanda subyektiv səbəbləri haqda isə hamımız bilirik, məlumatliyıq. Yeri gəlmişkən dəstəkçilər arasında son parlament seçkilərindəki saxtakarlığa təxminən bir ay etiraz edib, sonra təkrar metamorfoz yaşayıb əvvəlki yerinə -hakimiyyətin dəstəkçisi mövqeyinə qayıdanlar da diqqətimi cəlb etdi. Olsun! Mövqe sərgiləmək alqişalayiq hərəkət olmaqla, həm də ərdəmdir. Şübhəsiz ki, bu mövqe içdən, könüldən olmasa, adı da fərqli olur. Ötən müddətdə məni düşündürən başqa bir məqam da bu idi ki, əcəba, ölkəmdə bircə nəfər iqtidaryönlü jurnalist , QHT fəalı, siyasətçi oldumu ki, verilən direktivlərdən kənara çıxıb, “xor”a qoşulmadan ortaya alternativ mövqe qoysun. Məsələn, heç bir namizədi dəstəkləməsin, ən azından Türkiyə seçicisinin səsinə hörmət əlaməti olaraq “Qazanan Türkiyə olsun!” “Demokratiya, xalqın iradəsi qazansın!” – deyə fərqli mövqe ilə çıxış etsin?! Şəxsən mən rast gəlmədim və yəqin ki, real şərtlərdə bu, heç mümkün də deyil. Çünki məhz Əliyevlərin 3 onillik hakimiyyətdə qalması, Azərbaycanda avtoritaritarizmin varlığını sürdürməsi üçün “dəridən-qabıqdan çıxan” kəsimdən alternativ (müstəqil) mövqe gözləmək də sadəlövhlük olardı. Qardaş ölkədə isə gerçəkdən demokratik seçkiyə şahid olduq. Şəxsən mənim də əsas istəyim seçkinin azad, demokratik iradə əsasında, eyni zamanda dövlətimin hərbi-siyasi qarantı sayılan Türkiyə üçün fəsadsiz keçirilməsi idi və elə də oldu. Azərbaycanımızda da gerçəkləşməsi diləyilə.. . Azad iradə, azad seçim elə bir dəyərdir ki, inanın, onun faydası bu gün avtoritarizmin varlığına xidmət edənlərin də həyatına müsbət təsir gostərər, onlar da azad nəfəs alar, onların da etiraz etmək duyğuları özlərinə qayıdar və normal həyat sürməyə davam edərlər. Əks halda, milyardları talanib “ofshor”lara ötürülən xalq olaraq nəsibimiz hər ay yüzminlərin möhtac olduğu 300 manata, vətən torpağında qanı tökülən oğullarımızın isə 80 manata məhkum edlildiyi həyat olacaq. Bəs elə isə, niyə Türkiyənin azad seçki təcrübəsini əxz etməyib, qardaş ölkəyə 30 illik uğursuz təcrübəmizi ixrac etməyə çalışırıq? Əslində son 20 ildə göstərilən bütün cəhdlərə rəğmən Cümhuriyyət dəyərlərindən “taviz” verməyən Türkiyəni bu gün avtoritar qaydalarla idarə edilən Azərbaycanımıza yox, əksinə korrupsiya bataqlığinda inildəyən ölkəmizi heç olmasa azad seçkisi ilə nümunə olan qardaş Türkiyəyə çevirməliyik. Gerçəkdən bir millət, iki dövlətiksə…
Rüfət Muradlı