Dəhşətli qəza: “Kamaz” parça-parça oldu, 3 ölü - Foto

09:26 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Kamaz” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub. Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “Kamaz” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və VAZ-2105 markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və VAZ-2105 markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər. Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır. *** Beyləqan rayonunun İmamverdili kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları açıqlanıb. Bildirilib ki, rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar - VАZ markalı minik avtomobilinin sürücüsü 1992-ci il təvəllüdlü İlqar Məmmədov və “Kamaz” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur. Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şəmşir Abış oğlu Şükürzadə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıtda ər arvadını bıçaqladı

Sumqayıtda ər arvadını bıçaqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vaqif Ağasəf oğlu Abdullayev aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Könül Ələsən qızı Abdullayevaa bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır

Əlillik təyinatı bu formada aparılacaq

Əlilliklə bağlı müraciətlərin 43 faizi doğru çıxır, öz təsdiqini tapır. Sozcu.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib. “Əlillik üçün saxta rəylər hələ də mövcuddur. Bu kimi halların qarşısının alınması üçün əlillik təyinatı videomüşahidə ilə aparılacaq”, - sədr bildirib.

İmran Xana hökm oxundu

Pakistanın keçmiş Baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, eyni zamanda sabiq xarici işlər naziri Şah Mahmud Qüreyşi də həbs olunub. Onlar dövlət sirrini yaymaqda ittiham olunurlar.

Evində "Pitminutka" işləyənlərə BƏD XƏBƏR

Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, su qızdırıcılarının hamam otaqlarında istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb. "Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov Trend-ə bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz. "2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir. Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir". İ.Behbudov bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarı var. "Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər. Yanvar ayından etibarən yoxlamalar aparılır, normaları pozan vətəndaşlara müvafiq xəbərdarlıq edilir", - deyə o əlavə edib. Qeyd edək ki, hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir.

İlqar Mustafayev vəzifəsindən azad edildi - SƏRƏNCAM

İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Evdə qızılcalı uşaq varsa, bütün ailə karantində olmalıdır - Həkim

Qızılca və suçiçəyində kimlər neçə gün karantində qalmalıdır? Sozcu.az xəbər verir ki, pediatr Tərlan Eyyubov bu barədə məlumat verib. “Qızılca və suçiçəyində təkcə xəstə olan uşaqlar yox, xəstə ilə kontaktda olan sağlam və peyvənd olunmayan hər kəs 21 gün müddətində karantində olmalıdır. Suçiçəyində səpki əmələ gələndən sonrakı 5-6 gündə, bədəndəki sonuncu suluq qartmaq bağlayana kimi digərləri üçün yoluxucu olurlar. Yalnız səpkilər qərtməq bağlayıbsa, yoluxuculuq itir. Qızılcada isə səpkinin hələ çıxmamasından 4 gün əvvəldən və səpkilər çıxandan 4-5 gün sonra da ətrafdakılar üçün yoluxucu olurlar. Ondan sonra yoluxuculuq azalır. Ona görə də bu nüanslara fikir verməlisiz. Uşaq və onunla kontaktı olanlar 21 gündən sonra cəmiyyətə, dərsə,işə çıxa bilərlər”.medicina.az)

Gürcüstanın baş naziri istefa verdi – Yenilənib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən getdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, hakim partiyaya rəhbərlik etmək təklifi aldığını bildirib. ***16:55 Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze fevralın 1-də partiyanın qurultayında mövqe mübadiləsi aparacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə hökumətyönlü “İmedi” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, yanvarın 24-də hakim partiyanın siyasi şurasının iclası keçirilib və iclasda kadrlarla bağlı qərar verilib. Həmçinin, partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb. “İmedi”nin məlumatına görə, Kobaxidze həm baş nazir, həm də partiyanın siyasi katibi təyin olunacaq. Partiya sədri postuna isə hazırkı baş nazir İrakli Qaribaşvili namizədliyini irəli sürəcək. Lakin bu vəzifəyə partiyanın yaradıcısı Bidzina İvanişvilinin oğlu Uta İvanişvilinin də namizədliyini irəli sürəcəyi istisna edilmir. Qeyd edək ki, Gürcüstan qanunlarına görə, baş nazir postunu tərk edərsə, kabinet avtomatik istefa verir, bundan sonra hakim partiya hökumətin sədri vəzifəsinə yeni namizəd irəli sürür, o da öz növbəsində Nazirlər Kabinetini formalaşdırır və təsdiq üçün parlamentə göndərir. Yeni baş nazir və gələcək hökumətin üzvləri 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır. Yeni partiya sədrinə gəlincə, o, siyasi partiyanın qurultayında seçilir. Xatırladaq ki, 2023-cü ilin dekabrında “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının yaradıcısı, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətə qayıdıb və partiyanın fəxri sədri vəzifəsini tutub.

İranda səfirliyimizə hücum edən terrorçu hakim qarşısına çıxarılır: Asılacaq!

“Bir neçə ay əvvəl Tehran prokurorluğu bəyan etdi ki, Yasin Hüseynzadə barəsində edam hökmü tələb edib. Amma bu məhkəmə prosesi ilə bağlı fasilə uzandı və yekun hökm çıxarılmadı”.  Bu sözləri Yenisabah.az-la söhbətində iranşünas Sədrəddin Soltan deyib.  Analitik ötən ilin 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı terrorçu Yasin Hüseynzadənin məhkəməsinin başlaması faktına toxunub.  Xatırladaq ki, bu 2024-cü ilin yanvarın 27-də məhkəmənin başladılmasından sonra İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian bəyan edib ki, terrorçu ilə bağlı yekun hökm çıxarılacaq.  Müsahibimiz əlavə edib ki, İran hakimiyyətinin rəsmilərinin fikrincə, məhkəmə prosesi çox uzanmayacaq:  “Bu tip hallar İran qanunvericiliyinə görə, edamdır. Məsələn, mövzu İran tərəfinin iddia etdiyi versiya olsa belə, avtomatla başqa bir ölkənin ərazisinə basqın etmək cinayətdir və həmin hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Məhz bunun üçün o şəxs barəsində İranın cinayət məcəlləsinə görə, yekun hökm edamdır. Onu dar ağacından asacaqlar, yaxud güllə ilə öldürəcəklərsə, bu, artıq icraatdan asılıdır”.  Müshaibimiz diqqətə çatdırıb ki, bu gün İsfahanda İran Müdafiə Nazirliyinin hərbi sənaye obyektlərinə hücum təşkil etməkdə ittiham olunan 4 nəfər edam olunub:  “Yəni İran hakimiyyəti 1 il ərzində edam hökmünü verib. Yaxud 2022-ci ilin sentyabrında İranda başlamış etiraz aksiyalarında iştirak edən ayrı-ayrı şəxslərlə bağlı 5 edam hökmü çıxarılıb və icra olunub. Ona görə də İran hakimiyyəti istəsəydi, Yasin Hüseynzadə barəsində istər ömürlük, istər edam, istərsə də “qanpulu” olsun, onlar vaxtında hökmü çıxara bilərdi. Çünki hadisənin baş verməsi səbəbi, dəlil və sübutların hamısı ortada idi, uzun istintaq araşdırması aparmağa ehtiyac yox idi”.  S.Soltana görə, bu hadisə Azərbaycan-İran münasibətlərində siyasi bir məsələdir:  “Ona görə də İran tərəfi bu cinayət işindən siyasi qazanc əldə etməyə çalışır. Tehran hakimiyyəti Azərbaycana münasibətdə özünü xoşməramlı göstərmək üçün Yasin Hüseynzadəni qurban da verə bilər ki, səfirliyə hücum olmuşdu və bunu edəni öldürdük. Amma Azərbaycan tərəfinin istədiyi əsas məsələ səfirliyin binasının, ərazisinin, səfirin, oradakı diplomatların və texniki işçilərin terror və başqa xoşagəlməz hadisələrdən qorunmasıdır. İran tərəfi bununla bağlı hansı addımları atıb işlər görəcək? Ona görə də İran tərəfi özünü xoşməramlı göstərmək üçün Azərbaycanın Təbrizdəki konsulluğunda iştirak edib. Amma prosesdə əvvəldən Azərbaycanın ədliyyə sistemi və prokurorluğu iştirak etməyib”.  Siyasi təhlilçi əlavə edib ki, Azərbaycan tərəfi bu hadisəni terror aktı kimi qiymətləndirsə də, İran tərəfi bunu məişət hadisəsi kimi dəyərləndirib:  “Ona görə də törədilmiş hadisəyə tərəflərin baxışı eyni deyil. Eyni olmadığı üçün nəticə nə olursa-olsun, məsələ Azərbaycan tərəfini tam qane etmir. Azərbaycan iddia edir ki, hadisəni bir nəfər törətməyib, əksinə, bu səfirliyimizə qarşı törədilmiş bir aksiyadır. Çünki İranda əli avtomatlı polisin qarşısında gəzmək mümkün deyil, amma günün günorta çağır səfirliyə hücum edir və çıxanda polislə də salamlaşır. Maraqlıdır, polisin nəzarəti altında olmayan İranda nə isə varmı? İranda bütün sərhədlər SEPAH-ın nəzarəti altındadır. Bu halda Azərbaycan səfirliyinə hücumdan belə bir sistemi olan hakimiyyət necə xəbərsiz ola bilər?  Odur ki, hadisələr və münasibətlərdə bu tip nüansların nəzərə alınması vacibdir. Ola bilər ki, səfirlik açılsın, münasibətlər bərpa olsun, amma etimad və etibar əvvəlki səviyyədə olmayacaq. Onsuz da Tehran hakimiyyətinə etimad az idi və onların hadisəni bu tip təhlil etməsi münasibətlərə xələl gətirdi”. 

Lerikdə 60 yaşlı kişinin donmuş cəsədi tapıldı

Lerik rayonunda 60 yaşlı kişi qarlı yolda sürüşərək dərəyə yıxılıb və ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Veri-Əliabad kəndi ərazisində baş verib. Belə ki, 1964-cü il təvəllüdlü rayon sakini Fəxrəddin Məhəmmədoğlunun meyiti bu gün kənddən bir qədər aralıda dərədə aşkarlanıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb. Yaxınlarının bildirdiyinə görə, mərhum dünən səhər evdən çıxıb və geri qayıtmayıb. Bu gün səhər ərazidən keçənlər yol kənarında sahibsiz bazarlıq torbaları görüblər. Məlum olub ki, sahibi yoldan dərəyə yıxılıb. Onun donmuş cəsədi tapılıb. Meyit Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Fakt üzrə Lerik Rrayon Prokurorluğunda araşdırma aparılır.

Gəncədə 2 yaşlı uşaq ÖLDÜ

Gəncədə 2 yaşlı qız vəfat edib. Sozcu.az xəbər verir ki, 2022-ci il təvəllüdlü E. İmamverdiyeva Gəncə şəhərində yaşadığı evdə dünyasını dəyişib. İlkin araşdırmalar zamanı uşağın ağır septik vəziyyət, pnevmoniya və ürək çatışmazlığından vəfat etdiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

İranda 4 nəfər edam olunub

İranda 4 nəfər barəsində çıxarılan ölüm hökmü səhər saatlarında icra olunub. Onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham olunublar. Məlumata görə, Tehran hakimiyyəti bu hücumda İsraili qınayıb, 4 nəfəri də Mossadla əlaqədar mühakimə edib. Edam olunanlar bunlardır: qruplaşmanın başçısı Məhəmməd Fəramərzi, Möhsün Mazlum, Vəfa Azərbar (İranda fəaliyyət göstərən “Komilə” hərbi-siyasi qruplaşmasının üzvü), Peyman Fatehi.

Ukrayna NATO-ya üzv olacaq - Komandan

"Rusiya Federasiyası ilə Kiyev arasında danışıqlar 2024-cü ildə mümkündür". Sozcu.az xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş komandanı Ceyms Stavridis "WABC 770 AM" telekanalına müsahibəsində bildirib. O deyib ki, həm Rusiya, həm də Ukrayna müharibədən tükənib və çox güman ki, bu ilin sonunda, ABŞ seçkilərindən sonra sülh danışıqlarına başlayacaqlar. Hərbçi əlavə edib ki, həm Rusiya, həm də Ukrayna çətinliklər yaşayır və üçüncü tərəflərdən kömək alır. Keçmiş baş komandanın fikrincə, Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə Koreya müharibəsi kimi bitə bilər: "Bu isə o deməkdir ki, Rusiya Ukraynanın müəyyən hissəsinə, Krıma, Rusiyaya quru körpüsünə nəzarət edəcək”. "Digər tərəfdən, mən Ukraynanın NATO-ya üzv olacağını güman edirəm", - Stavridis davam edib.

Gürcüstan baş nazirinin istefası gözlənilir - DETALLAR

Gürcüstanın hökumətində və hakim partiyasında kadr dəyişikliyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə müxalifətin “Mtavari” telekanalı məlumat mənbəyinin adını çəkmədən yazıb. Məlumata görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze tutacaq. Qeyd olunub ki, İrakli Qaribaşvili partiya sədri postuna namizədliyini irəli sürür. Lakin bu vəzifəni Bidzina İvanişvilinin oğlu Uta İvanişvilinin tutacağı istisna edilmir. "Uta İvanişvili Gürcüstanın ən varlı adamının böyük oğludur. Qardaşı, musiqiçi Beradan fərqli olaraq, o, heç vaxt ictimai xadim olmayıb. Onun Lion Universitetində təhsil aldığı və vaxtının çox hissəsini Fransada keçirdiyi məlumdur. Media həmçinin hesab edir ki, İvanişvilinin hesablarını və biznesinin bir hissəsini məhz Uta idarə edir", - deyə vurğulanıb. Mətbuat milyarder Bidzina İvanişvilinin siyasətə rəsmi qayıdışı elan edilən ötən ilin sonundan bəri hakim komandada kadr dəyişikliyi ilə bağlı proqnozlar verir. O, “Gürcü Arzusu”nun fəxri sədri vəzifəsini tutub və partiya üzvlərinə kömək edəcəyini söyləyib.

AB Macarıstanı cəzalandırmağa hazırlaşır

AB Budapeşt Kiyevə hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlmədiyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” AB-nin daxili sənədlərinin birinə istinadən bildirib. “Brüssel Macarıstan iqtisadiyyatında iş yerlərinə və onun artımına zərər vurmaq üçün ölkənin milli valyuta məzənnəsini (Macarıstan forinti - red.) endirmək və investisiya cəlbediciliyini azaltmaq niyyətindədir. AB bazarları qorxutmaq niyyəti ilə Budapeştə maliyyələşməni tamamilə dayandırdığını elan edə bilər”, - məlumatda deyilir. Qeyd edək ki, 2023-cü ilin dekabrında Macarıstanın Baş naziri Orban AB-nin qərarına veto qoyaraq Ukraynaya yardım paketini əngəlləyib.

Nazirdən ŞOK XƏBƏRDARLIQ: "Müharibəyə hazır olmalıyıq"

Almaniyanın müdafiə naziri Boris Pistorius xəbərdarlıq edib ki, Almaniya Avropanın gələcəkdə qarşılaşacağı təhlükəsizlik problemlərinə qarşı özünü müdafiə etməyə hazır deyil. Sozcu.az xəbər verir ki, nazirin bu açıqlaması dünya mətbuatında "tarixi etiraf" kimi qiymətləndirilib. Vəzifəyə gəldiyi gündən bəri Almaniyanı tez-tez müharibəyə hazır olmağa çağıran Pistorius Rusiya və digər aktorların təhdidlərinə hazırlaşmağın vacibliyini vurğulayıb. Avropada sülhün “artıq danılmaz bir əminlik” olmadığı barədə xəbərdarlıq edən Pistorius əlavə edib ki, Almaniya və digər NATO müttəfiqlərinin üzləşdiyi dəyişən təhlükəsizlik problemləri səbəbindən Bundesverin rolu da dəyişib. Nazir, həmçinin Almaniyada 2011-ci ildə ləğv edilmiş məcburi hərbi xidmətin bərpası ilə bağlı ictimai müzakirəyə çağırıb və bildirib ki, bu istiqamətdə atılan istənilən addım seçicilərin əksəriyyətinin dəstəyini qazanmalıdır. Moskva isə dəfələrlə heç bir NATO ölkəsi üçün təhlükə yaratmadığını, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə göz yummayacağını vurğulayıb, eyni zamanda bərabər şərtlərlə dialoqa açıq olduğunu və Qərbin Avropanı hərbiləşdirmə siyasətindən imtina etməsinin vacibliyini bildirib. Rusiya prezidenti Vladimir Putin də Rusiyanın Şimali Atlantika Alyansı ilə birbaşa hərbi münaqişə istəmədiyini, lakin kimsə istəsə, Moskvanın hazır olduğunu vurğulayıb.

Britaniya Qəzzada müharibəyə son qoymaq üçün plan hazırladı... - "Financial Times"

London artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb... Britaniya, rəsmi Londonun fikrincə, İsrail və "HƏMAS" yaraqlıları arasında müharibəyə son qoyacaq beş bəndlik plan təklif edib. Sozcu.az xəbər verir ki, bu haqda "Financial Times" məlumat yayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron regiona səfəri zamanı İsrail və Fələstin liderləri ilə bu təşəbbüsü müzakirə edib. Bundan əlavə, Kemeron səfəri zamanı tərəfləri “döyüş əməliyyatlarını dərhal dayandırmağa” çağırıb. Britaniya rəsmisi əmin olduğunu bildirib ki, döyüşlərin dayandırılması sonda Qəzzada girovların azad edilməsinə, daha sonra isə daimi atəşkəs üçün danışıqlara gətirib çıxaracaq. "Bizim etməyə çalışdığımız şey o fikri gücləndirməkdir ki, siz bu fasiləni əldə etdikdən sonra onu davamlı atəşkəsə çevirmək üçün çox çalışmalı və həqiqətən də atəşkəsi daimi və davamlı edə biləcək real və əldə edilə bilən şeylərə diqqət yetirməlisiniz", - Kemeron belə deyib. Britaniya artıq planını ərəb, Amerika və Avropa hökumətləri ilə bölüşüb. Bununla belə, nəşrin yazdığına görə, baş nazir Benyamin Netanyahu Fələstin dövlətinin yaradılması və ya Fələstin Muxtariyyəti ilə əməkdaşlıq istiqamətində hər hansı addımı istisna edib, həmçinin girovların azad edilməsinə dair razılaşmanın bir hissəsi kimi hər hansı daimi atəşkəsi də rədd edib.

Rusiyanın itkiləri 400 minə yaxınlaşır – Tam siyahı

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin yeni siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb. İtkilərin bu şəkildə olduğu bildirilir: 6280 tank 11 671 zirehli döyüş maşını 9097 artilleriya sistemi 972 reaktiv yaylım atəşi sistemi 660 hava hücumundan müdafiə vasitələri 331 təyyarə 324 helikopter 7041 PUA 1845 qanadlı raketlər 23 qayıq/gəmi 12 103 nəqliyyat vasitələri və yanacaq çənləri 1436 xüsusi avadanlıq Bildirilib ki, Rusiya tərəfi təxminən 382 110 nəfər (son sutkada 740 nəfər) insan itkisi verib.

Ağdaşda ağır qəza: ölən var

Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən ölüb. Araşdırma aparılır.

Sentyabrda yaralanan hərbçimiz şəhid oldu

Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Hacıəli Tahir oğlu Qasımov dünən şəhid olub. Sozcu.az Unikal.az-a istinadla xəbər verir ki, bu barədə Tovuz rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. 2002 ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğlu Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. O, bu gün kənd qəbristanlığında dəfn olunacağı nəzərdə tutulub. Allah rəhmət eləsin.

Zurabişvilinin Paşinyanla görüşünə icazə verilmədi

Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində yanvarın 26-da Tbilisiyə səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilməməsindən təəssüfləndiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.  “Gürcüstan prezidenti Ermənistanın baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə qəbul etmək imkanı verilmədiyinə görə təəssüflənir. O da təəssüf doğurur ki, aidiyyatı qurumlar ölkədə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə dövlət başçısına məlumat vermirlər”, - Gürcüstan dövlət başçısının bəyanatında deyilir. Zurabişvili bundan əvvəl şikayət etmişdi ki, ona tədbirlərdə danışmağa icazə verilmir və çox vaxt ona məhəl qoyulmur.

Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketi təqdim edib - RƏSMİ

Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik. Bunu xarici işlər naziri Cehun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək. "Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək", - deyə bildirib.

Şirvanda 70 yaşlı qadın dəm qazından öldü

Şirvanda 70 yaşlı qadın dəm qazından zəhərlənərək vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olub, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

İrandakı səfirliyimizin bərpası üçün şərtlər... - Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında əsas məsələnin baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsinin olduğunu bildirib. Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".