Bu rayonlara yağış yağdı

Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.

Türkiyədə mafiya liderinin 32 adamı saxlanıldı

Türkiyədə Antalya başda olmaqla, ümumilikdə 6 bölgədə keçirilən Quyu-27 əməliyyatı çərçivəsində mafiya lideri Beratcan Gökdəmirin dəstəsinə aid 32 nəfər şübhəli şəxs qismində saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb. Hazırda həbsdə olan B.Gökdəmirin mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən əməliyyat nəticəsində 23 ədəd sənədsiz tapança, 2 ədəd sənədsiz tüfəng, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda pul ələ keçirilib. Cinayətkar təşkilatın üzvlərinin iş adamlarına qarşı hücum, əmlaka ziyan vurma və hədələmə cinayətləri törətdikləri müəyyən edilib.

Türkiyəli məşhur müğənni səhnədə öldü

Tanınmış türkiyəli müğənni Mətin Arolat səhnədə vəfat edib. Sozcu.az xəbər verir ki, 52 yaşındakı ifaçı mahnı oxuyarkən qəfil halı pisləşib. Ona ürək masajı edilsə də, heç bir xeyri olmayıb. İfaçı təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb. Xəstəxanada müğənninin vəfat etdiyi açıqlanıb.

“Qarabağda evlər tikilərkən bizim zövqümüz əsas götürülməlidir” - Cəbrayıllı jurnalist

“Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik. Hələ də əksəriyyətimizin bu arzusu həyata keçməyib. Çünki bu günə kimi işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunan məcburi köçkünlərin sayı 10 min nəfərə çatmayıb. Yüz minlərlə insan hələ də doğma yurda qovuşmaq həsrəti ilə yaşayır”.  Bu sözləri "Sherg.az"a  açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.  Jurnalist işğaldan azad olunmuş ərazilərdə yaşayan keçmiş məcburi köçkünlərə dövlət tərəfindən verilmiş evlərlə bağlı yaranmış ajiotajdan narahat olduğunu bildirib. Seymur Verdizadə söyləyib ki, bu cür hallar kütləvi deyil: vakansiyalar “Ola bilsin ki, 3-4 nəfər məcburiyyət qarşısında qalaraq evini kənar şəxslərə kirayə verib. Həmin adamlar bu addımı niyə atıb? Bunu araşdırmaq lazımdır. Kim doğma evini kirayə verib özgəsinin evində kirayə qalar?! Bəlkə də, həmin adamların məşğulluğu təmin olunmayıb. Bəlkə də onlar ehtiyac üzündən bu addımı atıblar. Buna görə də, işğaldan azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin məşğulluq səviyyəsi yüksəldilməlidir. Qarabağa köçürülən hər bir məcburi köçkün işlə təmin olunmalıdır. Sosial problemlər həll olunsa, heç bir məcburi köçkün evini başqa adamlara kirayə verməz".  Jurnalist təklif edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni kəndlər, qəsəbələr, şəhərlər inşa olunarkən, mütləq orada yaşayacaq əhalinin rəyi nəzərə alınmalı, bu məsələdə ictimai nəzarət təmin olunmalıdır:  "Niyə yaşayacağımız evlərin təməli qoyulanda, divarı hörüləndə, damı vurulanda biz bunu müşahidə etməməliyik. Axı orada ev tikən, yol çəkən inşaatçılar deyil, biz yaşayacağıq. Həmin adamların deyil, bizim zövqümüz əsas götürülməlidir”.  Seymur Verdizadə qeyd edib ki, onun və ailə üzvlərinin ən böyük arzusu doğulduğu Cəbrayıl rayonunun Soltanlı kəndinə getmək, ata yurdunun çırağını yandırmaqdır:  “Əsassız söz-söhbətlərlə insanları ruhdan salmaq lazım deyil. Biz elliklə Qarabağa qayıdıb, ermənilərin viran qoyduğu torpaqları birlikdə cənnətə çevirəcəyik”.  Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Sus kəndinə qayıdan məcburi köçkünlərin evlərini kirayə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.  Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət proqramına əsasən, Komitə məcburi köçkünlərin köçürülməsi ilə məşğul olur.  “Qarabağ və Şərqi Zəngəzurda yaşayış sahələrinin istismarı qaydalarını yoxlamaq Dövlət Komitəsinin səlahiyyətində deyil”, - qeyd olunub. 

Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi

Rusiya Prezidenti Vladimir Putin Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə qatılmayacaq. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin deyib. Şetinin Putinin imtinasının səbəblərini açıqlamayıb, lakin əlavə edib ki, Moskva mövcud protokol praktikasına və Rusiya liderinin üzərinə düşən öhdəliklərə uyğun davranır. Bəzi ekspertlər hesab edir ki, Ukrayna Roma Statutunu imzalayan Meksikadan Kreml rəhbərinin bu ölkəyə gələcəyi təqdirdə həbs olunmasını xahiş edib və Putin bu səbəbdən Meksikaya getməkdən ehtiyat edir.

UTX rusların Moskvadakı komanda məntəqəsinə girdi

Ukrayna Təhlükəsizlik Xidmətinin casusları Rusiya Silahlı Qüvvələrinin elit 4-cü tank diviziyasının (Kantemir diviziyası) Moskva vilayətinin Naro-Fominsk şəhərindəki komanda məntəqəsinə daxil olublar. Sozcu.az xəbər verir ki, görüntülər Teleqram kanallarında yayılıb. Məlumata görə, agentlər komanda məntəqəsinin dəqiq koordinatlarını, şəxsi heyətinin siyahısını, binanın texniki planını və digər vacib məlumatları ələ keçiriblər. Qeyd edilib ki, bu diviziya 2022-ci ildə Xarkova hücumda iştirak etmişdi. Xarkov ətrafında darmadağın edildikdən sonra komanda məntəqəsi Naro-Fominskdə yerləşdirilib.

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi - Foto

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib. "Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar.” - səfir Mark Libbi qeyd edib.

Ödəniş terminallarında komissiya haqqı tutulur? - Rəsmi CAVAB

Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən "MilliÖn" və "E-manat" ödəniş terminallarında ödəniş edən zaman 1% komissiya haqqı tutulur. Xüsusilə kredit ödənişlərində komissiya haqqının tutulduğu bildirilir.  Vətəndaşlar komissiya haqqının qəbzlərdə əks olunmamasından narazıdırlar.  Modern.az məsələ ilə bağlı "MilliÖn" şirkəti ilə əlaqə saxlayıb.  vakansiyalar Şirkətdən bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənib. Bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur.  "Bu komissiya isə bankın istəyi əsasında tətbiq olunur. Komissiyanın qəbzdə əks olunmaması ilə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır”, - açıqlamada qeyd olunub. 

Prezident Qarabağ Universitetinin açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

Avtomobil 9 yaşlı məktəblini vurub öldürdü

Sumqayıtda 9 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki “Dost” marketin qarşısında qeydə alınıb. Belə ki, Fərid Əliyev idarə etdiyi “Toyota Carolla” markalı avtomobillə yolu keçən azyaşlını vurub. Ağır xəsarət alan 2015-ci il təvəllüdlü Fəqan Anar oğlu Əhədli hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, vəfat edən 9 yaşlı Fəqan orta məktəbin 4-cü sinif şagirdi imiş.

Bakıda ağır qəza: ölən və yaralanan var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi "Lada Priora" markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Elvin Musazadə isə gözündən aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.

AB Putini həbs etməyə çağırdı

AB Roma Statutunu ratifikasiya etmiş dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb. Söhbət Rusiya Prezidenti Vladimir Putinin həbsindən gedir, çünki Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində order verib. Sozcu.az xəbər verir ki, müvafiq bəyanat Vyanada ATƏT-in Daimi Şurasının iclası zamanı verilib. AB köçkün düşmüş ukraynalı uşaqların və digər mülki şəxslərin taleyindən dərin narahat olduğunu bildirib: “AB bir daha Rusiya və Belarusu onların Ukraynaya təhlükəsiz qayıtmasını dərhal təmin etməyə çağırır. Birlik Rusiyadan azadlıqdan qanunsuz məhrum etmiş bütün şəxsləri, o cümlədən ATƏT-in həbs edilmiş üç əməkdaşının dərhal azad edilməsini tələb edir”.

İlk qar bu tarixdə yağacaq - Sinoptiklərdən xəbərdarlıq

Müasir meteorologiyada qabaqcıl texnologiyalar sayəsində sinoptiklər cari ildə ilk qarın nə vaxt yağacağını müəyyənləşdirə bilirlər. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, bu il ilk qar gözlənildiyindən tez yağa bilər. Proqnozlara görə, qış daha erkən başlayacaq və ilk qar artıq oktyabrın sonunda yağmağa başlayacaq. Bu proqnozu əldə etmək üçün mütəxəssislər meteostansiyaların məlumatlarını, peyk müşahidələrini, yerüstü postlardan alınan məlumatları, mürəkkəb alqoritmlər və modelləri əhatə edən kompleks yanaşmadan istifadə ediblər. İlk qarın yaxınlaşması ilə əlaqədar mütəxəssislər qış mövsümünə əvvəlcədən hazırlaşmağı məsləhət görürlər. Əsas tədbirlər arasında qış paltarlarının və aksessuarlarının hazırlanması, avtomobilin vəziyyətinin yoxlanılması, antifrizin dəyişdirilməsi, qış təkərlərinin quraşdırılması, bağ bitkilərinin qorunması və həyətyanı sahənin qış şərtlərinə hazırlanmasıdır. Müasir proqnozların yüksək dəqiqliyinə baxmayaraq, sinoptiklər hava şəraitinin gözlənilməz dəyişikliklərə meylli olduğunu vurğulayırlar. Azərbaycanda ilk qar regionlarda kənd təsərrüfatı ilə məşğul olanlar üçün ciddi əhəmiyyət daşıyır. Fermerlər və bağ sahibləri məhsulları qorumaq üçün öncədən tədbirlər görməlidir. Eyni zamanda, şəhər əhalisi də avtomobillərini və evlərini qışa hazır vəziyyətə gətirməli, şaxta və buzlanma riskinə qarşı tədbirlər almalıdırlar.

Hava bu tarixdən soyuyur - Dəhşətli şaxtalar gəlir

2024-cü ilin avqustu dünyada temperaturun yüksəlməsi baxımından 2023-cü ilin eyni dövrü ilə birinci yeri bölüşüb. Ötən ay orta aylıq temperatur 2023-cü ildə olduğu kimi 16.8 dərəcə olub. Son 50 ildə avqust ayında dünyada orta temperatur 1.3 dərəcə artıb. Məlumdur ki, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.  Avqust ayında qeydə alınan temperaturu nəzərə alsaq, payızda bizi hansı hava şəraiti gözləyir? Sozcu.az xəbər verir ki, bununla bağlı meteoroloq Cavid Hüseynov "Yeni Sabah"a açıqlamasında ən son məlumatları bölüşüb:  "Respublikamızda yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək davam edir. Sentyabr ayının III ongünlüyündən başlayaraq havanın temperaturu aşağı enməyə başlayır. Sentyabr ayının orta aylıq temperaturu:  Abşeronda-  21,3-22,4 °C, Lənkəran-Astara zonasında-   15,6-21,5 °C, Kür-Araz ovalığında- 21,4-22,5 °С, Kiçik Qafqazın şərq yamacında-  10,5-19,8 °С, Kiçik Qafqazın şimal yamacında- 11,8-13,8 °С, Qazax-Gəncə zonasında-   19,8-20,4 °С, Böyük Qafqazın cənub yamacında-   11,8-19,6 °С, Böyük Qafqazın şimal-şərq yamacında-  10,3-19,3 °С, Naxçıvanda isə 20,5-21,9 °С müşahidə edilir". Ekspert ən çox yağıntının hansı bölgəyə düşəcəyini də qeyd edib: "Oktyabr və noyabr aylarında havanın temperaturunda intensiv olaraq enmə davam edir və Noyabrda minimum temperatur Kiçik və Böyük Qafqazın yüksək dağlıq zonalarında qeydə alınır. Abşeron yarımadasında payız mövsümündə yağıntıların miqdarı və dəyişmə əmsalları qış qiymətlərindən az fərqlənir. Payız yağıntıları ən çox Astara və Lənkəranda müşahidə edilir". 

“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur?

“Avqustun ortalarından internetin minimum trafik sürətinin 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırıldığı deyilir. Qiymət də qaldırılıb. Amma abunəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu deyirlər. İradlarında da haqlıdırlar. Təqdim olunan sürət müqavilələrdə nəzərdə tutulandan xeyli aşağıdır. Bununla bağlı İKT Agentliyinə və Antiinhisar Xidmətinə artıq çoxlu şikayətlər daxil olub. “Aztelekom”un hər bir abonent üçün minimum sürətin 100 Mbit/s olması ilə bağlı dedikləri özünü doğrultmadı. Bu da gözlənilən idi”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az söyləyib. O deyib ki, “Aztelekom” nəinki yüz minlərlə istehlakçını 100 Mbit/s sürətlə təmin etməyəcək, hətta bu trafikin yarısını da çatdıra bilməyəcək. Son hadisələr və internetin bahalaşması fonunda bu xidmətdən imtina edən istifadəçilərin sayı artıb. Onun sözlərinə görə, “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil: “Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Qiymət siyasəti elə qurulmalıdır ki, hamının ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz hər bir vətəndaşın, tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun”.

Bakıda körpünün üzərində iki maşın yanır

Nəsim rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Rusiyada əsgər çatışmazlığı: Belousov Putinə təzyiq edir...

Rusiya Müdafiə Nazirliyi yeni səfərbərlik elan etməsi üçün Prezident Vladimir Putinə təzyiq edir. Sozcu.az xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” yazıb. Nəşrin məlumatına görə Müdafiə Nazirliyi yenidən canlı qüvvə çatışmazlığı ilə bağlı problemlər yaşayır, buna görə də Rusiya Kurskda böyük əks-hücum təşkil edə bilmir. “Getdikcə daha çox insan səfərbərliyin qaçılmaz olduğunu deyir”, - məlumatda qeyd olunub.

Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb. Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb. Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb. azal vakansiya Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.  Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib. 

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, yuxarıda bildirilən sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək.

Milli fəal təhlükəsizlik idarəsinə çağırılıb

Təhlükəsizlik məmurları Təbrizdə yaşayan milli fəal Rəhman Azərmirada telefon edərək onun Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinə getməsini tələb ediblər. Bu barədə milli fəala yaxın şəxslər məlumat yayıb. Bildirilib ki, Azərmirad çağırışın rəsmi olmadığına görə təhlükəsizlik idarəsinə getməkdən imtina edib. Qeyd edək ki, milli fəal dinc mədəni fəaliyyətlərinə görə, 2022-ci il noyabrın əvvəllərində də həbs edilib. Təhlükəsizlik təcridxanasında işgəncələrə məruz qalan Rəhman Azərmiradın barmaqları qırılıb, baş və bel nahiyəsindən ağır xəsarətlər alıb.

Elza Seyidcahan bu kanalları məhkəməyə verdi

Əməkdar artist Elza Seyidcahan ATV və Baku TV-ni məhkəməyə verib.  Sozcu.az xəbər verir ki, buna səbəb müğənninin "Tüpürcəyim baldır mənim" şeiri olub. Bu haqda Elza APA TV-yə müsahibəsində deyib: "Bu şeirdə nə var ki? Efirdə gündəm üçün Elzanın adından deyirlər ki, "tüpürüm sizin ağzınıza". ATV və Baku TV-yə məhkəmədən məktub gedib. Onları bağışlayaram, amma Anar müəllimi (Azərbaycan Yazıçılar Birliyinin sədri - red.) narahat ediblər. Buna görə də mən onları məhkəməyə verdim". 

Qara Qarayev “Neftçi”dən ayrıldı

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb. Sozcu.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi. Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında 6 turdan sonra topladığı 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bakıda ən çox hansı evlərin qiyməti bahalaşıb? – Həyət, yoxsa bina?

Ötən ay Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 2.1 faiz artıb. Yaşayış binalarında və eləcə də, qeyri-yaşayış sahələrində tələbin artması qeydə alınıb. Qeyri-yaşayış sahələrində 2.7 faiz aylıq qiymət artımı olub. Yaşayış evlərində qiymətlər 1.9 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 4.1%. Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.