Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,95 dollara, yüngül neftin bir barreli isə 72,67 dollara təklif edilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 458-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 206 200 hərbçi, 3799 ədəd tank, 7442 ədəd zirehli döyüş maşını, 3406 ədəd artilleriya sistemi, 572 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 329 hava hücumundan müdafiə sistemi, 310 ədəd hərbi təyyarə, 296 ədəd helikopter, 6172 ədəd avtomobil texnikası, 2941 ədəd PUA, 1025 qanadlı raket, 18 gəmi/qayıq, 449 xüsusi avadanlıq itirib.

Tovuda 75 yaşlı kişi minaya düşdü - Təfərrüat

09:22 Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib. DİN-in Mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. *** Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub. Report-un məlumatına görə, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib. Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub. Faktla bağlı araşdırma davam etdirilir.

Almaniya bu ölkəyə “Patriot”lar göndərir

Almaniya iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitini qorumaq üçün Slovakiyadan Litvaya 2 “Patriot” sistemi göndərəcək. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat yayıb. “Bununla Almaniya NATO sammitinin müdafiəsinə böyük töhfə verəcək.”, - məlumatda qeyd edilib.

Alen Simonyan Londona gedir

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Londona səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. İşgüzar xarakter daşıyacaq səfər iyunun 6-dan 9-dək davam edəcək.

“Vaqner” Baxmutu tərk edir, amma… - Danilov

“Vaqner” muzdlularının bir hissəsi həqiqətən də Baxmut şəhərini tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə BBC-ə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Vaqner” Baxmutun bir hissəsini tərk edir. Amma bu onların bizimlə döyüşməyi dayandıracaqları anlamına gəlmir. Onlar diqqətlərini daha çox başqa cəbhələrə yönəldəcəklər. Digər üç yerdə onlar yenidən qruplaşırlar”, - Danilov bildirib.

Milli fəallar müvəqqəti sərbəst buraxılıb

Güney Azərbaycan milli hərəkatının milli fəalları Ruhullah Əhmədinejad və Həmzə Vəlizadə saxlanılaraq istintaq edildikdən sonra müvəqqəti sərbəst buraxılıblar. Milli fəalların mayın 18-də təhlükəsizlik məmurları tərəfindən həbs edildiyi bildirilir. Lakin onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib. Qeyd edək ki, eyni gündə adı çəkilənlərdən başqa daha bir neçə milli fəal saxlanılıb. Ehtimal olunur ki, onlar 22 may qiyamının ildönümündə aksiyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə təcrid edilib.

"Bakı və İrəvan iyunun 1-də Kişinyovda sülh sazişi imzalaya bilər" - "France Press"

İyunun 1-də Kişinyovda Bakı və İrəvan sülh sazişi imzalaya bilər. Sozcu.az xəbər verir ki, bu barədə France Press (AFP) agentliyi Azərbaycan səfiri Leyla Abdullayevaya istinadən yazıb. France Press bildirir ki, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti zamanı Bakı və İrəvan sülh sazişi imzalaya bilər. Diplomatik mənbələrdən verilən məlumata görə, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə yüksək səviyyəli danışıqlar aparacağı planlaşdırılır. “Biz ümid edirik ki, nəhayət iyunun 1-də Kişinyovda sülh müqaviləsi imzalanacaq”, – deyə Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə bildirib. O əlavə edib ki, bu, “qaçırılmaması üçün tarixi fürsət olacaq”.

Yatdığı yerdə ölən 7 yaşlı uşaqla bağlı - Rəsmi açıqlama

Baş Prokurorluq mayın 24-də Siyəzən şəhərində 7 yaşlı oğlanın müəmmalı şəkildə ölməsi ilə bağlı açıqlama verib. Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il təvəllüdlü Məhəmməd Eyvazlının ölməsinə dair Siyəzən rayon prokurorluğunda araşdırma aparılır: “İlkin araşdırma zamanı azyaşlının bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm səbəbinin müəyyən olunması məqsədilə müvafiq ekspertiza təyin edilib, həmçinin digər zəruri hərəkətlər aparılıb. Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”. “Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, 7 yaşlı uşaq mayın 24-nə keçən gecə yatdığı yerdə vəfat edib. Belə ki, səhər vaxtı onun valideynləri yuxudan oyanmadığını və huşunun üzərində olmadığını görüblər. Azyaşlı dərhal uşağı Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırsa da, onun artıq bir neçə saatdır vəfat etdiyi bildirilib. Ölümün hansı səbəbdən baş verməsi hələlik tam aydınlaşmasa da, kriminal əhəmiyyətli olmadığı bildirilir.

Xırdalanda 700 minlik cinayət - Qadın müdir həbs olundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iş adamı, Xırdalandakı "İncilər” bağçasının və tədris mərkəzinin rəhbəri Təravət Bilalovaya hökm oxunub. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, T.Bilalova qohumu olan bir neçə nəfərdən, rəhbərlik etdiyi bağçada çalışan işçilərdən və digər şəxslərdən qızıl biznesi ilə məşğul olmaq adı ilə külli miqdarda pul alıb. Belə ki, 1987-ci il təvəllüdlü T.Bilalova 2020-ci ildə pandemiya ilə əlaqədar rəhbərlik etdiyi bağçanın fəaliyyətinin müvəqqəti dayandırılmasından sonra ətrafındakı şəxsləri hər ay 10 faiz gəlir gətirəcək qızıl biznesinə pul qoymalarına həvəsləndirib və yüksək qazanc vəd edərək ümumilikdə 9 nəfərdən 700 min manata yaxın (4250, 47.600, 198.000, 60.000, 54.000, 91.000, 40.580, 162.000, 39.970 manat olmaqla) pul alıb. Lakin sonradan həmin şəxslər dələduzluqla qarşılaşdıqlarını görərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Təravət Bilalova özünü ittiham üzrə qismən təqsirli bilib. Məhkəmə ona 6 il 6 ay müddətinə həbs cəzası təyin edib. Onun barəsində verilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilib.

DİM 9 illik təhsil səviyyəsi üzrə imtahanların nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 14-də keçirilən imtahanların nəticələrini elan edib. Bura aşağıdakı imtahanlar daxilir: - əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; - kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; - qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; - aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; - eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; - buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.. 1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 öyrənə bilərlər. 4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2023/netorta/ istifadə etməlidirlər. Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Bu imtahanlarında iştirakı nəzərdə tutulan 14337 nəfərdən 1370 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 7 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 31 may saat 10:00-dan 2 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Müəllimlər narazıdır - "Məhdudiyyət aradan qaldırılmalıdır" - Açıqlama

Əmək Məcəlləsinə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən edilib. Bu yaşa çatan şəxslərin dövlət qulluğunda olma müddəti hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Buna isə yalnız 5 il icazə verilir. Lakin bu qərar vətəndaşların etirazına səbəb olub. Xüsusən də 65 yaşı keçən müəllim və həkimlərin təqaüdə göndərilməsi doğru hesab olunmur. Sertifikasiyadan keçən müəllimlərin məhz yaş məhdudiyyətinə görə işdən azad edilməsi narazılığa səbəb olur. Millət vəkili Musa Quliyev də bu qərarla razı deyil. O, özünü sağlam hiss edən, sertifikasiyadan keçən şəxslərin yaş məhdudiyyətinə görə işdən azad edilməsini ədalətsizlik hesab edir. Bəs, bu məsələ necə tənzimlənməlidir? Mövzu ilə bağlı təhsil eksperti Nadir mövcud qərarla bağlı narazılığını ifadə edib: “Müəllimin peşəkarlıq səviyyəsinə və peşə yararlılığına sertifikasiya vasitəsilə qiymət verilirsə, yaşa konkret məhdudiyyətlərin qoyulmasına nə ehtiyac var? “Qaydalar”a əsasən, sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65-dir. Bu aralıqda yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum var?” O, problemin aradan qaldırılması üçün çıxış yolu təklif edib: “65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Hətta bəzi müəssisələrdə təqaüd yaşına çatmış işçilərin çalışma müddəti 1 ildən artıq da uzadılır. Buraya elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir. Belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədən qalma ehtiyat bazası ilə daha iki beşillik müddətində işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Bu halda yeganə çıxış yolu həmin müəllimləri işdə saxlamaq, lakin sonrakı 5 illikdə əmək haqqlarına diferensial yanaşmaqdır. Belə bir yanaşma, 60 yaşdan yuxarı olan şəxslərdə arxayınlıq hissini aradan qaldırar, məsuliyyət hissini isə bir o qədər artırar”. N.İsrafilov millət vəkillərinin bu məsələ ilə bağlı təkliflərinə də diqqət çəkib: “Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyevin fikri ilə razılaşmamaq özü ədalətsizlikdir. Bir müddət öncə millət vəkili Məlahət İbrahimqızı da yaş senzinin ləğv olunmasını tələb etdi. Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını, 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalı olduğunu qeyd edib. O hesab edir ki, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq yaş həddinin 70 yaşa qədər artırılması məqsədəuyğundur. Millət vəkili Vüqar Bayramov isə ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasına diqqət yetirib. Millət vəkillərinin təkcə yaş senzi, sertifikasiya ilə deyil, təhsilin istənilən probleminə yönəlik rəy və təklifləri alqışlanmalı, təqdir olunmalıdır”.(Bakupost.az. Az) 

UNICEF koordinatoru: “Azərbaycanda minalardan ölənlərin sayı kifayət qədər çoxdur”

“Xüsusilə Azərbaycan əhalisinin sayını nəzərə alsaq, Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayının kifayət qədər çox olduğunu söyləyə bilərik”. Bunu Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda iştirak edən UNICEF-in minatəmizləmə üzrə koordinatoru Hyuq Loranj jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıqdan danışıb. “Azərbaycanda minaların insan itkisi olmadan təmizlənməsi çox vacibdir. Lakin bunun üçün lazımi qədər sərmayə qoymaq lazımdır. Bundan başqa, hər bir vətəndaş minaların yaratdığı təhlükə və risklərdən xəbərdar olmalıdır. Üstəlik, təhsil vasitəsilə sülhün bərqərar olmasına töhfə vermək lazımdır”, - H.Loranj bildirib. Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir. Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar. İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.

“Tərtər işi” üzrə bəraət almış üç nəfərə böyük məbləğdə təzminat ödəniləcək

“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxslərdən 3 nəfərinin təzminat tələbi təmin olunub. APA-nın əldə etdiyi xəbərə görə, üç nəfərə ümumilikdə 361 min manat təzminat ödəniləcək. Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda bəraət almış Müşfiq Əhmədliyə mənəvi ziyana görə 66 min (həbsdə olduğu hər aya görə 1000 manat), maddi ziyana görə isə 57 min 486 manat, ümumilikdə 123 min 486 manat təzminat ödənilməsi qərara alınıb. Digər iki iddiaya isə Nəsimi Rayon Məhkəməsində hakim Nail Abbasovun sədrliyi ilə baxılıb. Ayrı-ayrılıqda baxılan iddialar üzrə elan olunmuş qərarlara əsasən, bəraət almış Zaur Abdullayevə mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 879 min manat, ümumilikdə 118 min 879 manat, Vəli Xəlilova mənəvi ziyana görə 66 min, maddi ziyana görə 52 min 649 manat, ümumilikdə 118 min 649 manat təzminat ödənilməsi barədə qərar qəbul olunub. Bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Lakin nazirlik məhkəməyə yazılı şəkildə izahat göndərib. İzahatda deyilir ki, nazirliyin hərəkətləri nəticəsində bu şəxslərə ziyan dəymədiyinə görə cavabdeh qismində cəlb olunmamalıdır. Məhkəmə nazirliyin mövqeyini əsassız sayıb. Kompensasiya kəsilmiş hər üç şəxs Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu (MAXE) olublar. Onlar 2017-ci ildə “Tərtər işi” üzrə həbs olunub, 2022-ci ildə bəraət alıblar. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Bundan sonra iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 20 ilə qədər azadlıqdan məhrum edilmiş 19 nəfərin işi yenidən araşdırılıb. Əlavə istintaq zamanı qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar. Eyni zamanda istintaqla mərhum Mehman Telman oğlu Hüseynov və Elxan Kəmaləddin oğlu Ağazadə ilə əlaqədar bütün xüsusatlar araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun ayı üzrə qəbul cədvəli açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2023-cü ilin iyun ayı üzrə vətəndaşların qəbulu cədvəli açıqlanıb. Qəbulu aparan şəxs Qəbul günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Əliyev Məhərrəm Abış oğlu 1 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Əmirov Natiq Ərziman oğlu 2 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Ələsgərov Fuad Murtuz oğlu 5,19 Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Qasımov Azər Məhəmməd oğlu 6 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Məcidov Tələt Tahir oğlu 6 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Əliyeva Fərəh Şirməmməd qızı 7 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Həsənov Kərəm Əvəz oğlu 8 Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Həsənov Altay Tofiq oğlu 9,16,23 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Nağdəliyev Zeynal Səfər oğlu 9 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Mövsümov Şahmar Arif oğlu 12 Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Hüseynov Emin Zamin oğlu 12,20 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədəliyev Yusuf Ülfət oğlu 13 Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu 13,23 Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hacıyev Hikmət Fərhad oğlu 14 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Vəliyev Ədalət Məqsəd oğlu 14 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayılov Süleyman Abbas oğlu 16 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru 20 Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Kərimov Aydın Zöhrab oğlu 21 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Kərimov Gündüz Hacı oğlu 21 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi 22 Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu 22 * * * Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Usubov Ramil İdris oğlu 21 Qeyd: Vətəndaşlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində qəbul olunurlar. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79 Qəbula yazılış qəbul gününə ən geci bir iş günü qalmış dayandırılır. Qəbul saat 14:00-dan başlayır. Əlaqə üçün: Çağrı Mərkəzi – 1111.

"Barselona"dan Dembeleyə yeni müqavilə

"Barselona" futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib. Sozcu.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı oyunçu ilə müqavilənin müddətini daha 4 il uzatmaq istəyir. Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm 33 oyuna çıxıb, 8 qol vurub və 7 qolun ötürməsini verib. Xatırladaq ki, Dembelenin Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Telefonlar üçün bu tətbiq təhlükəlidir - Dövlət Xidmətindən xəbərdarlıq

"Google Play Store"da yeni troyan aşkar edilib. Aşkar edilmiş yeni troyan öz operatorlarına distant şəkildə Android smartfon üzərində idarəni ələ keçirtməyə yardımçı olur. Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər. Troyan öz növbəsində smartfon ekranının videosunun çəkilməsi üçün nəzərdə tutulmuş tətbiq daxilində yerləşdirilib və həmin tətbiq 10 minlərlə yüklənmə sayına sahibdir. Aşkar edilmiş yeni troyan "AhRat" adını əldə edib. O, "iRecorder-Screen Recorder" adlı tətbiq daxilində gizlədilib. Maraqlısı ondadır ki, tətbiqin özü "Google Play Store" platformasına 2021-ci ilin sentyabr ayında yerləşdirilib və həmin vaxtda onun tərkibində sözügedən troyan mövcud olmayıb. 2022-ci ilin avqust ayında isə tərtibatçılar bu tətbiq üçün yenilənmə təqdim ediblər və məhz həmin yenilənmə ilə troyan tətbiqə inteqrasiya edilib. Beləliklə ilk günlərdə zərərsiz görünən tətbiq daha sonra zərərli proqram təminatına çevrilib. iRecorder-Screen Recorder 50 000 yüklənmə sayına malikdir. Tətbiq artıq "Google Play Store"dan silinib. Lakin ona kənar tətbiq mağazalarında rast gəlmək olar. Smartfona daxil olandan sonra "AhRat" adlı bu troyan geolokasiyanı izləyə, audio zənglərin tarixçələrini, kontaktları və mətnli mesajları oğurlaya bilir. Lakin troyanın imkanları bununla məhdudlaşmır. Belə ki, "AhRat" smartfonun kamerası vasitəsilə fotolar çəkə, SMS mesajlar göndərə və smartfonun diktofonu vasitəsilə audio fayllar yaza bilər.

İpoteka krediti ilə bağlı qərarın RƏSMİ İZAHI

Son günlərdə bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olub. Bu barədə Sozcu.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib. Məlumatda deyilir: "Bununla bağlı ilk növbədə qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə ünvanlanmış müraciətində qaldırılan məsələ əsas borcluya, borclu öldüyü təqdirdə isə onun vərəsələrinə qarşı tələb irəli sürülmədən, ipoteka qoyana qarşı (əsas borclu və ipoteka qoyan fərqli şəxslər olduğu halda) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qaldırılan iddiaların təmin edilib-edilməməsi ilə bağlı olub. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi Qərarda göstərmişdir ki, “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Qərarda o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr miras qoyanın vəzifələrini (öhdəliklərini) də qəbul etmiş olurlar. Sonda Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin müvafiq normalarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, əsas öhdəlik üzrə borclu (məsələn, kredit müqaviləsi üzrə borclu), o cümlədən sonuncunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Yəni öhdəlik pozulduğu halda əsas borcluya və ya vərəsələrə qarşı iddia qaldırmadan, qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələb mümkün hesab edilib. Nəzərə alınmalıdır ki, ipoteka hüququ kifayət qədər geniş anlayış olmaqla, qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Müraciətdə şərh edilməsi xahiş olunan məsələ məhz İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə və ya digər şəkildə alınmış ipoteka krediti ilə əlaqəli olmamaqla, ümumiyyətlə hüquqi kateqoriya kimi öhdəliklərin icrasının təmini üsulu olaraq ipoteka (girov) institutu ilə bağlıdır."

Bayramov NATO xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib. Bu barədə Sozcu.az-a XİN-dən məlumat verilib. Görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların cari vəziyyəti müzakirə edilib. Görüşdə Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Görüşdə Xavyer Kolomina NATO-nun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyini vurğulayıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Pul verib kökəlirəm, niyə arıqlayım?“ - Aşıq Əli

"Arıqlamaq üçün əməliyyat etdirməliyəm. Onu da niyə etdirim? Niyə mənim bədənimə bıçaq dəyməlidir ki?!" Sozcu.az Axşam-a xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu deyib. Bir müddət əvvəl arıqlayan, indi yenidən çəki alan ifaçı arıqlamaq fikrinin olmadığını deyib: "Bu boyla mən 60 kiloqram ola bilmərəm. Həkimlər pis başa düşməsin. Mənim öz fikrimdir. Allah şahiddir əməliyyat etdirməmişəm. Hər zaman deyirəm: pul verib kökəlirəm, niyə pul verib arıqlayım? Pul verib yeyirəm, halal qidalar alıram, gəzirəm. Sonra deyim, al, bu 10 mini, məni kəs, doğra və arıqlat".

İmran Xanın ölkədən çıxışına qadağa qoyuldu

Pakistanın keçmiş baş naziri İmran Xan və onun rəhbəri olduğu “Təhriki İnsaf” Partiyasının funksionerlərinin ölkədən çıxışına qadağa qoyulub.  Sozcu.az xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.  Bildirilib ki, partiyanın bir neçə üzvü son 3 gündə Pakistanı tərk etmək istəyərkən hava limanında saxlanılıb. 

Yeni təhlükə: Azərbaycanda da qızılca yayıla bilərmi?

Dünyada və qonşu dövlətlərdə qızılca sürətlə yayılmağa davam edir. Qeyd edilir ki, xəstəliyin fəsadları daha ağır formada özünü göstərir. Bəs Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir, qarşısı necə alınır? Sozcu.az Trend-ə istinadla xəbər verir ki, infeksionist Mərdan Əliyev qızılca təhlükəli xəstəlik hesab edir: “Hansı ölkələrdə qızılcaya yoluxma baş verib, sürətlə yayılırsa, bu o deməkdir ki, həmin ölkələrdə peyvəndlənmə zəif səviyyədə aparılır. Qızılca çox təhlükəli bir xəstəlikdir və peyvənd olunmaq çox vacibdir. Bu xəstəliyin qarşısını almağın tək yolu peyvəndləmədir. Digər xəstəliklərdən fərqli olaraq yoluxduruculuq qabiliyyəti həddən artıq çoxdur. Əgər sinifdə bir uşaq qızılcaya yoluxubsa və digər uşaqlar peyvənd olunmayıblarsa, bütün hər kəs yoluxacaq". "Azərbaycanda qızılca peyvəndi uşaqların rutin peyvəndlənmə siyahısına daxildir. Bu səbəbdən hər hansı bir təhlükə olacağını düşünmürəm. Bir-iki yoluxma halı ola bilər. Lakin epidemik səviyyədə qızılcaya yoluxma halları yaşanmır”, - deyə M.Əliyev vurğuayıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyalar yayılmayıb: “Ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyaların xüsusilə uşaqlar arasında yayılması müşahidə olunmur”.

Britaniya vətəndaşlarını İrana səyahətdən çəkindirdi

Britaniya hökuməti öz vətəndaşlarından İrana səfər etməkdən çəkinməyi xahiş edib.  Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.  Britaniya vətəndaşlarının və İranla ikili vətəndaşlığı olanların İranda əsassız həbs olunma riski ilə üzləşdiyi bildirilir.  “Britaniya pasportunun olması İran hakimiyyətinin sizi hədəfə alması üçün kifayət qədər səbəb ola bilər. Əgər İranda həbs olunsanız, sizi bir neçə ay və ya bir neçə il həbs gözləyir. Konsulluq yardımı göstərmək imkanlarımız son dərəcə məhduddur”. 

“Qızını pullu fakültədə oxutmur, amma ona bahalı cehiz alır” - Məşhurlardan etiraz

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi geridə qalıb. Dövlət sifarişli yerlərin azlığı ənənəvi problemi yenidən qabardıb. Pullu ixtisaslara qəbul olan gənclər təhsillərini davam etdirə biləcəklərmi?  Araşdıranda aydın olur ki, universitetlərə qəbul olunan, ancaq ali təhsil almaqdan imtina edən gənclər əsasən dövlət sifarişi ilə təhsil almaq imkanından məhrum olan, başqa sözlə, pullu təhsil almağa məcbur olanlardır.  Bəziləri bundan ötrü qohum-qardaşından borc alır, banklardan kredit götürür, bəziləri qızıl-zinət əşyalarını, evinin xalça-palazını, qapısının mal-qarasını satır, axır ki, o məbləği düzəldir. Bəziləri isə buna görə övladını, xüsusilə qızlarını oxumağa qoymur. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Fatma Mahmudova bildirib ki, son illər valideynlərin böyük əksəriyyəti qızlarını oxutmaqda maraqlıdırlar: “Son illər valideynlər demək olar ki, hamısı qızlarına təhsil vermək istəyir, buna can atırlar. Başda mən olmaqla, ətrafımdakı hər kəs bunun tərəfdarıdır. Özüm də hər iki qızıma ali təhsil vermişəm. Ərə getməyin təhsilə heç bir dəxli yoxdur. Onsuz da onu istəyən oğlan təhsili olsa da, olmasa da alacaq. Belə şeylərə qarışmağı çox sevmirəm, amma təhsil də önəmlidir. Təhsil almaq cinsindən asılı olmayaraq hər bir övlad üçün vacibdir. Təhsil insanın gözünü açır, dünyagörüşünü artırır. Həyatda layiqli yer tutma bilməsi üçün üçün mütləq övladına təhsil verməlisən”. Uzun illər ölkə televiziyalarında ən reytinqli sosial verilişlərin eksperti olmuş jurnalist Seymur Verdizadə məsələyə özqünəməxsus formada münasibət bildirib. Onun sözlərinə görə Azərbaycan insanının ən böyük faciəsi olduğu kimi görünmək istəməməkdir: “Həyatda yüzlərlə, sosial şəbəkələrdə minlərlə dost-tanışım var, əksəriyyət özünü intellekt sahibi kimi göstərməyə çalışır. Hə 6-7 il əvvəl sosial məzmunlu verilişlərə çıxanda küçədə-bazarda qarşılaşdığım adamlar mənə həmin verilişlərdən şikayət edirdilər. Qəsdən onları sorğu-sual edirdim, söhbət əsnasında məlum olurdu ki, iki saatlıq verilişə əvvəldən axıra kimi baxıb, bir saniyəsini belə nəzərdən qaçırmayıb. Sadəcə cəmiyyət içində özünü ziyalı, intellektual adam kimi göstərmək üçün ailə-məişət mövzularını aşağılayır. Halbuki özü bir nömrəli məişət adamıdır”.  S.Verdizadə deyib ki, cəmiyyətdə sənət adamlarına münasibətdə də eyni tendensiya müşahidə olunur. Onun sözlərinə görə, insanlar sosial şəbəkələrdə söydükləri adamlarla toylarda, el şənliklərində ehtiramla görüşür, onlara öz simpatiyalarını bildirməkdən çəkinmirlər:  “Bir dəfə ANS televiziyasında Vasif Məhərrəmli ilə debata çıxmışdım. Çox səmimi müzakirəmiz oldu. Veriliş efirə gedəndən sonra 3-4 nəfər mənə zəng edib müğənni ilə efirə çıxdığım üçün narazılığını bildirdi. Öz təbirlərincə desək, mənə bir “manıs”la yanaşı dayanmağı rəva görməmişdilər. İnanın, 3 gün sonra həmin adamlardan birinin toyda Vasif Məhərrəmli ilə ehtiramla görüşdüyünü, hətta arvad-uşağını başına yığıb onunla xatirə şəkli çəkdirdiyini gördüm”.  Jurnalist deyib ki, hələ də Azərbaycanda bəzi ailələrdə qız övladlarına evdəki artıq əşya kimi baxırlar. Çox adam ciddi-cəhdlə bu “əşya”dan qurtulmaq istəyir: “Hələ də anlaya bilmirəm ki, qızına 2500 manata telefon alan ata niyə ildə 2500 manat verib onu pullu fakültədə oxutmaq istəmir. Övladının təhsil alması üçün 2500 manatından keçmək istəməyən valideyn onu ər evinə köçürəndə 12 500 manatlıq cehiz alır. Sözsüz ki, bunda qızından çox özünü düşünür, istəyir ki, qonşular onun övladına necə bahalı cehiz verdiyini görsünlər. Bu cür geridəqalmış düşüncədən xilas olmadıqca, körpə fidanlarımız erkən evliliyin qurbanına çevriləcəkdir”.