Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Hadisə mayın 20-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Qasımov Rasim Əfqan oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyadalar - 2002-ci il təvəllüdlü Bayramov Naməd Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Əvəz Hüseynlini vurub. Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bakıda hərbi sursat aşkarlanıb

Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası, 136 ədəd 5.45 mm-lik patron olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Ucarda kombaynın təkəri partlayıb: Bir nəfər ölüb

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb. Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H.Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Legion "qüdrətli Rusiya" mifini darmadağın edir

Rusiyanın Azadlığı Legionu "qüdrətli və güclü" Rusiya haqqında mifləri darmadağın edir. Sozcu.az xəbər verir ki, bu sözləri Mariupol meri Pyotr Andryuşenko deyib. “Putin rejimi yenə də “qırmızı xətlər” haqqında danışa bilər. Lakin reallıq odur ki, Rusiya özünü müdafiə edə bilmir. Bütün bunlara baxdıqda, ötən ilin “Putin hücum edir”, “qırmızı xətlər” və s. yada düşür. Hazırda Rusiyaya münasibətdə mifologiya məhv edilir. Rusiyalı rusiyalını öldürməyə başlayanda bu, yaxşıdır”, - deyə o bildirib. Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqoroda növbəti dəfə hücuma keçib.

Rəsmi Bakıdan Armen Qriqoryana cavab

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkəsinin İctimai Televiziyasına müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb. "İlk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur", - nazirlikdən vurğulanıb. Qeyd olunub ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib: "Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır. 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır. Armen Qriqoryanın müsahibə zamanı guya Azərbaycanın saxlanılan ermənilərdən 10 nəfəri azad etməyə söz verdiyini bildirməsi, əslində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymaması, ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə Ermənistanın qarşılıq verməməsi kimi əməllərini ört-basdır etmək niyyətini göstərir. Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir. Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı. Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir. Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir".

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 77,08 dollara, yüngül neftin bir barreli isə 72,71 dollara təklif edilir.

"8-ci kilometr bazarı"nda yanğın

Bu gün səhər saatlarında Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı”nda güclü yanğın hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə cəlb olunub. Hazırda hadisə yerinə yanğınsöndürmə biriqadası işləyir, xəsarət alan barədə məlumat yoxdur.

Bakıda ağır qəza: sürücü öldü, qardaşı yaralandı

Bakıda avtomobilin aşması nəticəsində sürücü ölüb, qardaşı xəsarət alıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu icarəyə götürdüyü “Hunday Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Rusiyanın itkiləri 211 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 467-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 210 350 hərbçi, 3848 ədəd tank, 7523 ədəd zirehli döyüş maşını, 3567 ədəd artilleriya sistemi, 584 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 349 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6312 ədəd avtomobil texnikası, 3189 ədəd PUA, 1136 qanadlı raket, 18 gəmi/qayıq, 484 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu irəliləyir: Bu kəndlər azad edildi

Ukrayna ordusu Zaporojye vilayətində bir istiqamətdə irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “İyunun 4-də Ukrayna qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokal hücumlar həyata keçirərək məhdud taktiki uğur əldə ediblər, - məlumatda qeyd olunub. İnstitut analitikləri rusiyalı hərbi jurnalistlərə istinadla bildiriblər ki, Ukrayna ordusunun mexanikləşdirilmiş qüvvələri Rivnopoldan şimal-şərqə doğru kiçik irəliləyiş əldə ediblər: “Rus hərbi blogerlər Ukrayna ordusunun Novodarovka və Neskuçnoqo yaşayış məntəqələrini azad etdiyini elan ediblər. Hətta Rusiya ordusunun Novodarovkadan cənub-qərbdə yerləşən Levanddakı mövqelərini itirdiyi bildirilir. O da qeyd olunur ki, ukraynalı hərbçilər rusların birinci müdafiə xəttini yarıb və bu rayonda 500 metr-3 kilometr irəliləyiblər”.

"O məqamda Putin ya ölü, ya da sürgündə olacaq"

"Sovet İttifaqı hələ də dağılmaqda, onun tozu çökməkdədir..." "24 fevral 2022-ci il tarixi Rusiya Federasiyasının iflasının ən mühüm məqamıdır..." "Siz narazı rusiyalıların üsyanını görəcəksiniz, regionlar Moskvadan müstəqillik tələb edəcək..." Rusiyanın parçalanması labüddür, bu, onun Ukrayna ilə tammiqyaslı müharibəsində məğlubiyyətindən sonra baş verə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın "Hadson İnstitutu" analitik mərkəzinin baş elmi əməkdaşı Lyuk Koffi Britaniyanın "Daily Mail" qəzetinə verdiyi müsahibəsində bəyan edib. "Rusiyalı hərbçilərlə Putinin səhra komandirləri arasında ixtilaflar apogeyə çatıb, Ukrayna hücum astanasındadır, müxalif siyasətçilərdən biri artıq  o qədər uzağa gedib ki, ötən həftə dövlət televiziyasında Putinin özünün əvəzlənməsinə çağırış edib. Belə olan halda doğrudanmı bu, Rusiya tiranının sonunun başlanğıcıdır? "Bəli, bu, belədir", - Lyuk Koffi hesab edir və əlavə edir ki, Putinin dünyasının dəyişməsinin ardınca tez bir zamanda Rusiyanın özü parçalanacaq", - qəzet yazır. Ekspert qeyd edib ki, Sovet İttifaqı hələ də dağılmaqda", "onun tozu çökməkdədir". Başqa sözlə desək, Putin nə qədər bunu istəsə də, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış ölkələr daha heç vaxt birlləşməyəcək. "Tarixçilər bu barədə yazanda, onlar, ehtimal ki, 24 fevral 2022-ci il tarixini  (Ukraynaya hərbi müdaxiləsi tarixi) Rusiya Federasiyasının iflasının ən mühüm məqamı adlandıracaq", - ekspert qeyd edib. Onun fikrincə, Rusiya Ukraynada məğlubiyyətə uğrayanda iki hissəyə parçalanacaq. Sərt yanaşma tərəfdarları qonşu ölkəyə daha bir hücumu çağırış edəcək, oliqarxlar isə Qərblə münasibətləri nizama salmaq və əldə etdikləri sərvətlərini qoruyub saxlamaq istəyəcək. "Nəticədən asılı olmayaraq, o məqamda Putin ya ölü, ya da sürgündə olacaq. Ukraynadan əsgərlər geri dönəndə, digər regionlar Moskvaya qarşı üsyan edəcək və müstəqillik tələb edəcək", - Koffi əmin edib. Onun fikrincə, milli azlıqların nümayəndələri, - bu, xüsusilə hazırda Ukraynada döyüşən Rusiya qüvvələri arasında qeyri-mütənasib şəkildə təmsil olunan Şimali Qafqazlılara aiddir, - məğlubiyyətdən sonra evlərinə döyüş təcrübəsi ilə dönəcək. "Siz narazı rusiyalıların üsyanını görəcəksiniz. Moskva ölkənin hansı parçaları uğrunda mübarizə aparmaq barədə qərar verməli olacaq", - Lyuk Koffi deyib. Xatırladaq ki, dünən "Vahid Rusiya" partiyasından olan deputat Konstantin Zatulin bəyan edib ki, prezident Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsi zamanı qarşıya qoyduğu məqsədlərin heç birinə nail olunmayıb. Bu zaman, onun fikrincə, bu məqsədlərdən bəziləri hər hansı mənasını itirib. Böyük Britaniya Müdafiə Nazirliyinin ekspertləri əmin edib ki, rusiyalı siyasətçiləri Kremlin ünvanına açıq tənqidi fikirlər söyləməyə "Vaqner qrupu" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin aqressiv ritorikası sövq edir.

Ukrayna diversantları Rusiya ərazisinə daxil oldu

15:58 Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllülər Korpusunun döyüşçüləri Belqorod vilayətinin Novaya Tavoljanka kəndində rus ordusunun iki hərbçisini əsir götürüb. Sozcu.az xəbər verir ki, bu barədə legiondan məlumat verilib. Döyüşçülər Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkova çağırış edərək, əsirlərin dəyişdirilməsini təklif ediblər. Rus hərbçilərindən birinin yaralı olduğu bildirilib. *** Belqorod qubernatoru əsirlərin qaytarılması üçün “Şebekino” keçid məntəqəsində diversantlarla görüşə hazır olduğunu bildirib. Bu barədə TASS məlumat yayıb. O, həmçinin diversantların Novaya Tavoljanka kəndinə daxil olduğunu, döyüşlərin davam etdiyini bildirib.

İranın "Mədəniyyət Mərkəzi" rəsmən bağlandı

İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb. Bununla bağlı İran mediası məlumat yayıb. “İRNA” Xəbər Agentliyi İran Mədəniyyət Mərkəzin bağlanmasını iki ölkə arasında yaranan fikir ayrılıqları ilə əlaqələndirib. Azərbaycan hökumətinin hərəkətini “məntiqsiz” və “emosional” adlandıran İran tərəfi, İranın Bakıda çoxlu mülkləri olduğunu bildirib. “İRNA” Xəbər Agentliyi həmçinin yazıb: “İran hökumətinə məxsus mülklərlə bağlı atılan son addımlar Azərbaycan tərəfinin birtərəfli və tələsik bəhanələridir. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər”.

“Ukraynanın əks-hücumu çox güclü olacaq” - Amerikalı general

Amerikalı general, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus əmindir ki, Ukraynanın əks-hücum əməliyyatı çox güclü olacaq və bu zaman Ukrayna Müdafiə Qüvvələri “ümumqoşun effektinə nail olacaq”. Bu barədə general “The Guardian”a danışıb. “Hesab edirəm ki, əks-hücum çox güclü olacaq. Güman edirəm ki, onlar ümumqoşun effektinə nail olacaqlar, yəni ümumqoşun əməliyyatlarını uğurla həyata keçirəcəklər. Ukrayna Müdafiə Qüvvələri ahəng və kompleks şəkildə işləyəcək. Onlar müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Onların arasında minatəmizləmə, yarmalar, qoşunları qorumaq üçün hava hücumundan müdafiə vasitələri var. Onlar radioelektron mübarizədən istifadə edəcək, logistikanı təşkil edəcək, artilleriya və minaatanların dəstəyi ilə işləyəcəklər”, - o vurğulayıb. General əlavə edib ki, Ukrayna hərbçiləri “bütün ölkəni azad etmək niyyətindədirlər”. Xatırladaq ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal”a müsahibəsində ordusunun artıq əks-hücuma hazır olduğunu açıqlayıb.

Rus ordusu darmadağın

Ukrayna müharibənin 466-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 209 940 hərbçi, 3837 ədəd tank, 7512 ədəd zirehli döyüş maşını, 3555 ədəd artilleriya sistemi, 583 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 344 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6305 ədəd avtomobil texnikası, 3175 ədəd PUA, 1132 qanadlı raket, 18 gəmi/qayıq, 479 xüsusi avadanlıq itirib.

Rus hərbçilər mövqelərini qoyub qaçdılar

40-a yaxını rus hərbçisi iyunun 2-də Luqansk vilayətinin Svatovo şəhəri yaxınlığındakı mövqelərini tərk edərək qaçıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata görə, fərarilərin axtarışına Rusiyanın iki helikopteri və Milli Qvardiyanın bölmələri cəlb olunub.

Dünyanın kəşfiyyat şefləri gizli görüş keçirdi: Ukrayna...

Sinqapurda keçirilən Şanqri-La Dialoq Təhlükəsizlik Sammiti çərçivəsində dünyanın 20-yə yaxın yüksək səviyyəli kəşfiyyat orqanının yüksək vəzifəli məmurları gizli görüş keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb. Agentlik bildirib ki, Sinqapur hökuməti hər il bu cür görüşlər təşkil edir və görüş sammitin yaxınlığında baş tutur, amma KİV-ə əvvəldən məlumat verilmir. Görüşdə ABŞ, Çin, Hindistan kimi ölkələrin kəşfiyyat nümayəndələri işrirak edib. Danışıq tərzi əməkdaşlıq olub, gərginlik yox. Əsəs müzakirə Ukraynadakı müharibə və transmilli cinayətkarlıq olub.

Arif Hacılı ürəyindən əməliyyat olundu

İyunun 3-də Müsavat başqanı Arif Hacılı  açıq ürək əməliyyatı olunub. Bu haqda onun müavini Fərəc Kərimli məlumat yayıb. Divan üzvü Mustafa Hacıbəyli  isə cərrahiyyə əməliyyatının uğurla keçdiyini bildirib: “Özünü normal hiss edir. Bütün dostlara salamı var”.

Bu axşam Türkiyə hökumətinin yeni tərkibi açıqlanacaq

Türkiyə səsvermənin başa çatması ilə yeni yola başlayıb, Türkiyə Yüz İli başlayıb. Sozcu.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib. Rəcəb Tayyib Ərdoğan deyib ki, bu axşam hökumətin yeni tərkibi açıqlanacaq: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.

Putin həyatını itirməkdən qorxur - Zelenski

"Rusiya lideri Vladimir Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır və buna görə də təhdidlərə əl atır". Sozcu.az xəbər verir ki, Bunu “The Wall Street Journal” nəşrinə müsahibəsində prezident Volodimir Zelenski deyib.  O xatırladıb ki, Putin öz gücünü göstərmək üçün dünyanı daim nüvə silahı ilə qorxudur. "İdarə olunan heyvan həyatını itirməkdən qorxur. O, dünyanın gücündən qorxmalıdır. Putin gücü başa düşür. Əgər söhbət Rusiya Federasiyasının təcrid olunmasından söhbət gedirsə, onda biz bunu etməliyik",-deyə Zelenski bildirib

Rusiya daxilində qarşıdurma ola bilər - Ukrayna kəşfiyyatı

Rusiyada üsyan və ya hərbi qarşıdurma ola bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib. "Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin uğurlu fəaliyyəti və ərazilərimizin işğaldan azad edilməsi nəticəsində Moskva vilayətinin özündə daxili münaqişələr mümkündür", - deyə Yusov qeyd edib. Onun sözlərinə görə, müvafiq ssenari Rusiya Federasiyası ərazisində öz hüquqları uğrunda mübarizə aparan üsyançılara təkan verə bilər.

“Əsas hədəfimiz Qarabağ olmalıdır, sülh müqaviləsi yox” - İlham İsmayıl

"Rusiyanın indiki vəziyyətdə Türkiyədən asılılığı var və bu situativ tərəfdaşlıqdan yararlanmalıyıq”  Azərbaycan-Ermənistan danışıqlarının növbəti məkanı Moldovanın paytaxtı Kişinyov şəhəri oldu. Bu dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüş “beşli format”da keçirildi, amma hər hansı nəticə əldə olunmadı, sadəcə, növbəti görüşlərin anonsu verildi. Kişinyov görüşü ərəfəsində Ermənistanın təxribatları, Qarabağdakı separatçıların baş qaldırması, həmçinin şimal qonşumuzun gərginliyi tətikləməsi sözsüz ki, danışıqların nəticəsizliyinə hesablanmışdı. Amma vəziyyət bu cür qala bilməz. Azərbaycan Prezidenti mayın 28-də Laçından erməni separatçılarına, Ermənistana, həmçinin onları gizli və açıq himayə edənlərə açıq şəkildə xəbərdarlıq edib. Bütün bunlardan sonra hansısa təsirli addımların atılacağını hətta bəzi erməni ekspertlər də söyləyirlər. Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”ın suallarını cavablandırarkən çox maraqlı fikirlər səsləndirib. - İlham bəy, Kişinyov görüşünün nəticəsiz başa çatması sizin üçün gözlənilməz olmadı ki? - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüş ərəfəsində yazdığı hər bir cümlənin arxasında faktiki Kişinyov danışıqlarının leytmotivi əksini tapıb və görüşdən əvvəl də proqnozlar konkret bir sənədin qəbul edilməyəcəyini deyirdi. Əslində Şarl Mişelin qeyd etdiklərinin əsası bir ay əvvəl Vaşinqtonda müzakirə olunmuş və iki həftə əvvəl, mayın 14-də Brüsseldə dövlət başçılarının görüşündə, tam olmasa da, detallı razılaşmalar əldə edilmişdi. Ərazi bütövlüyünün rəqəmləri vurğulamaqla tanınmasını “bir daha təsdiqləmək” deyəndə, Şarl Mişel məhz Brüssel razılaşmasına işarə edirdi. Amma Brüssel görüşündən sonra tərəflərdən səslənən açıqlamalarda hiss olunurdu ki, hər şey heç də ütülü deyil. Elə bu səbəbdən də Kişinyovda “beşli format” təsadüfi sayıla bilməz. Hesab edirəm ki, bu görüş Qərbin Rusiya qarşısında üstünlüyünün nümayişi ilə yanaşı, tərəflərə və açığı deyək, daha çox Azərbaycanın mövqelərinə, əsasən Fransa Prezidentinin simasında təsir etmək məqsədi daşıyırdı. Almaniya kanslerinin iştirakının əsl səbəbi məlumdur. Şarl Mişel twitter səhifəsində nəyə daha çox diqqət çəkir? O, “Bakı ilə Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoqun hazırda həlledici əhəmiyyət kəsb etməsi”ndən, “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmağın vacibliyindən” danışıb. Bunlar Ermənistana yox, bizə ünvanlanan mesajlardır. Şarl Mişel “cəsarətli qərarlar lazımdır” deyəndə də bizi qəsd edir. Və bu tezislər saat yarımlıq müzakirənin əsas predmeti olduğuna şübhə yeri qoymur. Yəni ərazi bütövlüyünün tanınmasının Qarabağla əlaqədar şərtlərdən keçdiyinə açıq işarədir. Və bilirik ki, bu şərt həm Ermənistan hakimiyyətinin, həm də qismən Qərbin mövqeyidir. “Putin 2030-cu ilədək Rusiya hərbi kontingentini Qarabağda saxlamaq istəyir” Azərbaycanın dövlət başçısı 28 mayda Laçından verdiyi mesajlarla bunlara cavab vermişdi, amma Paşinyanın görüşdən sonra “bizim anlayışımız ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi beynəlxalq mexanizmlər çərçivəsində və ya beynəlxalq iştirakla baş tutmalı olan Bakı-Stepanakert (Xankəndi) dialoqu formatında müzakirə olunmalıdır”, deməsi göstərir ki, qarşı tərəf ərazi bütövlüyünün tanınmasını bu şərtlər əsasında görür. Azərbaycan isə Qarabağın daxili işi olduğunu, bu şərtləri qəbul etmədiyini dəfələrlə bildirib. Bütün bunlar hələ ki ilkin qənaətdir, fərqli nəticələr də ola bilər. Hər halda, Kişinyov görüşü və perspektivdə XİN rəhbərlərinin iyunun 12-də Vaşinqtonda, dövlət başçılarının iyulun 21-də Brüsseldə və oktyabrın 5-də Qranadada yenidən beşli formatda planlaşdırılan görüşləri Qərbin sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə hesablanıb. Amma hiss olunur ki, bu asan olmayacaq. - Fransanın prosesdə iştirakına amerikalı diplomat Metyu Brayzanın ilginc münasibəti olub. Bildirib ki, kaş ki, Fransa bu prosesdə iştirak etməzdi. Yeri gəlmişkən, Kişinyov görüşündən sonra da Azərbaycan XİN Fransa Prezidentinə etiraz bəyanatı yaydı. Paris məkrli niyyətindən əl çəkməyibsə, Bakı hansı addımı atmalıdır? - Metyu Brayzanın dediklərində həqiqət çaları var. Makron Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etsə də, separatçılara hansısa statusun verilməsi ideyasından əl çəkməyib. Hədəf Fransanın Cənubi Qafqaza girməsi üçün Ermənistanın minimum maraqlarını təmin edib Rusiyanı əvəzləməkdir. Ona görə Makron olan yerdə sülh müqaviləsinin imzalanması sual altındadır. Brayzanın dediyi “fikirayrılıqlarının azaldılması” isə Azərbaycandan çox Ermənistana ünvanlanıb, çünki fikir ayrılığına səbəb Ermənistanın Qarabağ şərtləridir. ABŞ-ın iştirakı ilə sülh müqaviləsinin imzalanması daha inandırıcıdır, amma birmənalı deyil, çünki Rusiya faktorunu unutmaq olmaz. Şimal qonşumuz masada zəif olsa da, sahədə təsiri Qərbdən üstündür. Ukrayna müharibəsinin gedişatı burada açar rol oynaya bilər. - İlham bəy, Kişinyov görüşü ərəfəsi Rusiya Müdafiə Nazirliyi Azərbaycanın guya atəşkəsi pozduğu barədə açıqlama yaydı. Üstəlik, Qarabağdakı hərbi kontingent təsir zonasının xəritəsinə Laçın şəhərini də əlavə etdi. Bu təxribatlar nəyə hesablanmışdı? - Rusiyanın diplomatik, hərbi təxribatlar törətməsi yenilik deyil. Hər dəfə Qərbin təşəbbüsü ilə görüşlər keçirilməsi ərəfəsində və ya sonra Rusiya hərbi kontingentinin nəzarət etdiyi Qarabağ torpaqlarında və dövlət sərhədində müxtəlif miqyaslı təxribatların baş verməsinin şahidiyik. Son günlər ruslar Laçın-Şuşa yolunda da bizim hərəkətimizə məhdudiyyətlər qoyub. Mahiyyət isə ondan ibarətdir ki, hələ iki dövlət və millət arasında gərginlik böyükdür və Rusiya olmasa, burada insanlıq fəlakəti yaşanar. Belə təxribatlar bizi əsas hədəfdən yayındırmamalıdır. Əsas hədəfimiz isə Qarabağ olmalıdır, yalnız sülh müqaviləsi yox!   - Məhz görüş ərəfəsində Prezident Laçından erməni separatçılarına, digər qüvvələrə açıq xəbərdarlıq etdi. Amma görünən budur ki, qarşı tərəf nəticə çıxarmaq istəmir. ABŞ-ın da dəstək verdiyi həll planının ardınca nə gözləyirsiniz: antiterror əməliyyatı? - Prezidentin xəbərdarlığı həm separatçılara, həm İrəvandakı revanşistlərə, dolayısı ilə Rusiyaya yönəlmişdi. Separatçıların, revanşistlərin və onların havadarının tezliklə iddialarından əl çəkib, Azərbaycanın tərkibinə qatılacağına, vətəndaşlığı qəbul edəcəyinə inanmaq sadəlövhlük olardı. Antiterror əməliyyatının keçirilməsi isə mövcud vəziyyətdə, yəni Rusiya hərbi kontingentinin hələ burada olduğu şəraitdə yalnız ermənilərin maraqlarına xidmət edər. Onlar maksimum çalışırlar ki, Azərbaycanla Rusiya arasında barışmaz gərginlik yaransın. Biz antiterror əməliyyatı keçirə bilərik. Bir şərtlə: Azərbaycan erməni silahlı qüvvələrin ərazimizdən çıxarılması üçün Rusiya və Ermənistana xəbərdarlıq etməklə konkret vaxt verir və əməl edilmədikdə, məsələnin hərbi güc tətbiq etməklə həll olunacağını bəyan etməlidir. O zaman qarşı tərəfi fakt qarşısında qoymuş olarıq. Əks halda, Rusiya ilə gərginlik yaranar və bu da bizim maraqlara uyğun deyil. - Qərbin moderatorluğu ilə növbəti görüşlərin anonsu verildi. Rusiya sakit qalacaqmı bu görüşlərin keçirilməsi fonunda? Yeri gəlmişkən, Putinin də həll planı var, amma ortada bir irəliləyiş yoxdur... - 2022-ci ildə də Brüssel formatı kifayət dərəcədə uğurla gedirdi və sülh müqaviləsinin ilin sonunda imzalanacağı gözlənilirdi. Sentyabrda sərhəddə, Praqa görüşündən sonra isə Valday forumunda və Soçi görüşündə Rusiya elə hərbi və diplomatik təxribatlar etdi ki, altı ay rəsmi danışıqlar dayandırıldı. Ukraynadakı müharibə Rusiyanın imkanlarını zəiflətsə də, imperiya ambisiyalarından tez və asanlıqla əl çəkməsini Kremldən gözləmək olmaz. Putinin həll planı 2030-cu ilədək Rusiya hərbi kontingentinin Qarabağda qalmasıdır. Bu da bizim maraqlara ziddir. - Sizə elə gəlmirmi ki, Avropa İttifaqı da Minsk Qrupusayağı görüşlər seriyasını uzatmağa çalışır. Ermənilər açıq etiraf edirlər ki, Paşinyanın ən böyük xidməti hər hansı sənədə qol çəkməməsi, vaxtı uzatması olar... - Avropa İttifaqı Rusiyanın müdaxiləsini və tərəflər arasında razılığın hələ tam yaranmadığını nəzərə alaraq görüşlər seriyasını uzadır. Qərbdən olsa, sülh müqaviləsi günü sabah imzalanar və onun Cənubi Qafqaz siyasətinin uğuru olar, amma reallıq başqa vəziyyəti diktə edir. Rusiya isə zamanın uzanmasında maraqlıdır və Paşinyana təzyiqi də əsasən, bu istiqamətdədir. Paşinyan da hakimiyyətini itirməmək və  daxili auditoriyanı tamamilə üzərinə qaldırmamaq üçün vaxtı uzatmağı hələ ki manevrləri ilə bacarır.  - Bəs Türkiyə necə, masa ətrafında yer ala bilərmi?  - Türkiyə qeyri-rəsmi zatən masadadır və masada olanlar bunu yaxşı bilir və siyasətlərində korrektələr etməyə məcbur olurlar. Türkiyə seçkidən sonra daha çox Rusiya ilə danışıqlar aparmalı və məsələnin həllinin zaman məsafəsini sürətləndirməlidir. Rusiyanın indiki vəziyyətdə Türkiyədən asılılığı var və bu situativ tərəfdaşlıqdan yararlanmaq lazımdır. - Zəngəzur dəhlizi ilə bağlı gözləntiləriniz nədir?  - Zəngəzur yol olacaq, dəhliz statusu olmayacaq və praktik bu yoldan istifadə ən azı üç ildən sonra mümkün ola bilər. Fakt ondadır ki, Ermənistan tərəfdə nə dəmir yolu var, nə də magistral yol. Onun başa çatması üçün isə zaman və 220 milyon dollardan çox vəsait lazımdır. Ermənilər bu yoldan bizə qarşı hələlik təzyiq vasitəsi kimi istifadə edir. Ümumiyyətlə, Qarabağ probleminin həll yolu Zəngəzur yolunun açılmasından keçmir. Xankəndinə dövlət nəzarətimiz yaranmayınca, Zəngəzur yolu danışıqlar burulğanı olacaq, Xankəndidə bayrağımız ucalanda qalan məsələlər çox sürətlə gedəcək. Ona görə də siyasətimiz birbaşa Qarabağa istiqamətlənməlidir. - Hələ ki danışıqlarda ön sırada yer almayan, amma mühüm əhəmiyyətə malik olan anklavlar məsələsi də var. Belə məlum olur ki, anklavlar mövzusu da xeyli vaxt aparacaq. Bu məsələnin həllini necə görürsünüz? - Anklavlar haqqında Paşinyan Moldovadakı erməni icması ilə görüş zamanı fikir bildirib. Amma burada da tam yanlışlığa yol verib və guya Gədəbəyin Başkəndindən əlavə bizim hansısa kəndləri də tutduğumuzu söyləyib. Anklavlar paralel danışıqların predmetidir. Ermənilər bizim 121, 8 kv.km-lik anklav kəndlərimizi işğal edib, bizim nəzarətimizdə isə onların 40 kv.km-lik Başkəndi var. Mənim fikrimcə, Başkənd və Kərki dəyişilməli, qalan ərazilər, oradan keçən yolların sahələri hesablanıb ümumi rəyə gəlinməlidir. - Nəhayət, yaxın dönəmdə nə gözlənilir: Prezident xəbərdarlıq edib, müdafiə naziri təxribatların qarşılığında dərhal cavab zərbəsi endirmək əmri verib. Separatçıların atəşinin və dirənişinin qarşılığında genişmiqyaslı əməliyyat, yoxsa... - Nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması daha çox müzakirə olunsa da, real nəticə yoxdur. Azərbaycan üçün hazırda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması və Sərsəng su anbarının tamamilə nəzarətimizə keçməsi ən yaxın strateji hədəfimiz ola bilər. Dirəniş olarsa, o istiqamətdə genişmiqyaslı əməliyyatın keçirilməsi mümkündür.

Ucarda 28 yaşlı qadın qətlə yetirildi: saxlanılan var

İyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-ci il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində cinayət işi açılıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, R.Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Quba Rayon Prokurorluğunda maddələri ilə cinayət işi açılıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.a-a bildirilib ki, qurumun müdiri Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işinin aparılması barədə məlumatlar yayılıb: “Bildiririk ki, Rüfət Hacıyevin 2016-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil alması və eyni zamanda Qəçrəş kənd tam orta məktəbində direktor işləməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü ilin yanvar ayında Quba Rayon Prokurorluğuna məktub göndərilib. Həmin məktuba əsasən rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.