Biləcəridəki qəza ilə bağlı TƏBİB-dən açıqlama

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Şəmkirdə qayınata kürəkənini öldürdü

Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəmkir rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

6 milyard dollarımız çatmır... - Zelenski

Ukraynanın öz PUA-sını və uzaqmənzilli raket proqramını inkişaf etdirməsi üçün ən azı 6 milyard dollar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Çox şey işlənib, hazırlanıb. Maliyyə ilə bağlı böyük problemimiz var. Müxtəlif proqramlardan, o cümlədən ERA və SAFE, Avropa tərəfdaşlarımızın proqramlarından, həmçinin dondurulmuş Rusiya aktivlərindən istifadə etmək istəyirik. Hazırda kifayət qədər maliyyə yoxdur. Pilotsuz təyyarələr və raketlərlə bağlı ayrıca klaster var. Orada 6 milyard dollar kəsirimiz var”, - o bildirib.

Azərbaycan və Ermənistan rəsmiləri GÖRÜŞDÜ

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Sozcu.az xəbər verir ki, bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar. 

Astarada kütləvi zəhərlənmə oldu - Araşdırma aparılır

18:13 Astarada kütləvi zəhərlənmə olub, 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sozcu.az-ın məlumatına görə, onlardan 10 nəfəri tibb müəssisəsinin infeksion şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Sentyabrın 5-i saat 11:00-da müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə, 15 nəfər (9-u qadın, 6-sı kişi) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir. Həmçinin qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlarla birgə araşdırmalara başlayıb.

Rayonlarda leysan yağır, şimşək çaxır

Bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 5-i saat 19:00-a olan məlumata əsasən, həmçinin yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.

Güclü leysan Daşkəsəndə fəsadlar törətdi

Gün ərzində Daşkəsənə yağan leysan nəticəsində rayonun Alaxançallı kəndinə sel gəlib. Sozcu.az xəbər verir ki, sel ucqar kənddə bir sıra fəsadlar törədib. Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də problemlər yaradıb. Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.

Adəm Məmmədov azadlığa buraxıldı

Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili İmran Ələkbərov məlumat verib. Adəm Məmmədovun həbs müddəti başa çatdığı üçün o, bu gün 9 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib. Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib. Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib. Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı. Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin ötən ay keçirilən iclasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası

Rusiya Xarici İşlər Nazirliyi ötən gün iddia edib ki, 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyası ödənilib. Qurumun məlumatına görə, təyyarə üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb. Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb. "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib", - Nazirlik qeyd edib. Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib. Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a Rusiya tərəfinin iddiası ilə bağlı bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib. “Nə vaxt sığorta ödənişi ediblər, bizim xəbərimiz yoxdur. Yalan söhbətdir", - o qeyd edib. Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Ukrayna ordusu yeni mövqelər ələ keçirdi: Rusiya irəliləyə bilmir

Rusiya ordusu Sum vilayətinin şimalında cüzi irəliləyiş əldə etsə də, Ukrayna Silahlı Qüvvələri Kupyansk və Pokrovsk istiqamətlərində yeni mövqeləri nəzarətə götürüb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında məlumat verilir. Analitiklərin açıqlamasına görə, rus bölmələri Sum vilayətinin Yablonovka kəndinin cənubuna doğru irəliləyiblər. Eyni zamanda Ukrayna ordusu Kondratovka, Alekseyevka və Sadkov kəndləri istiqamətində uğurlu əks-hücum həyata keçirib. Kupyansk bölgəsində də döyüşlər davam edib. Rusiya qüvvələri şəhərin ətraf kəndlərində - Sobolevka, Kondraşovka, Kutkovka, Petropavlovka və Stepnaya Novoselovkada hücuma keçməyə çalışsalar da, Ukrayna ordusu şəhərin şimal və qərb kənarlarında mövqelərini möhkəmlədib. Rayon hərbi administrasiyasının rəhbəri Andrey Kanaşeviç bildirib ki, daimi atəşlər səbəbindən mülki əhalinin təxliyəsi çətinləşib. Pokrovsk istiqamətində Ukrayna bölmələri Utyos qəsəbəsinin qərbində irəliləyiblər. Ukrayna müdafiəçiləri həmçinin Pokrovsk yaxınlığındakı Novoekonomiçnoe kəndini azad ediblər. Rusiya isə Donetsk vilayətində üç şəhəri - Pokrovsk, Mirnoqrad və Dobropolye ələ keçirmək üçün əlavə qüvvələr cəmləşdirir. ISW qeyd edir ki, rus ordusu Lyman, Borovsk və Xarkov istiqamətlərində ciddi nəticə əldə etməyib, Donbasda isə logistik çətinliklərlə üzləşir. Buna baxmayaraq, Moskvanın əsas məqsədi Pokrovsk-Mirnoqrad aqlomerasiya zonasında nəzarəti ələ almaq və Dobropolyeyə doğru “dəhliz” yaratmaqdır.

Rusiya Azərbaycanla bağlı ictimaiyyəti çaşdırır - XİN-dən REAKSİYA

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasında bildirib. Onun sözlərinə görə, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır: "Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil". O qeyd edib ki, bununla yanaşı, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır: "Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır".

Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

Azərbaycanda sentyabrın 6-da havanın yağışlı olacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Amulidən Azərbaycana qarşı növbəti çıxış: Bu dəfə xalqı təhqirdə ittiham etdi...

İranın ali dini lideri Əli Xameneinin nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli növbəti dəfə Azərbaycan əleyhinə çıxış edib. Sozcu.az xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb. Amuli bildirib ki, Azərbaycan dövləti dəfələrlə İran azərbaycanlılarını öz xalqı kimi təqdim edib və özünü onların himayədarı hesab edir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampı çox bəlağətli şəkildə tərifləməsi və hətta onu Nobel Sülh Mükafatına layiq görməsi “İran azərbaycanlılarının ürəyini dağlayıb”. Amuli bu açıqlamanı “öz xalqını təhqir etmək” kimi təqdim edib. Lakin sosial şəbəkələrdəki real mənzərə tam əksini göstərir – Güney Azərbaycanda əksəriyyət İlham Əliyevə böyük rəğbət və hörmətlə yanaşır, Azərbaycanın dövlət siyasətini dəstəkləyir. Qeyd edək ki, Ayətullah Həsən Amuli Azərbaycan dövlətinə qarşı mütəmadi hücumları ilə tanınır. Əslən Livanın Cəbəl Amil bölgəsindəndir və uzun illərdir ki, Azərbaycana qarşı sərt bəyanatlarla çıxış edir. Onun məşhur ifadələrindən biri “Azərbaycan yatmış şirin quyruğu ilə oynayır” olmuşdu. İsrail və Amerika iyun ayında "şirin quyruğu"nu qopardı, amma həmin müddətdə Amuli bunkerdə gozlənmişdi. Qorxusundan səsini də çıxartmadı. İndi cəsarətlənib və cükküldəməyə başlayıb. Bəli, Amuli bu gün də öz ampluasındadır: daim Azərbaycana qarşı danışmaq, dövlətimizin siyasətini gözdən salmaq və İran azərbaycanlılarının adından çıxış edərək manipulyasiya etmək. Lakin ictimai rəylər, sosial mediada əks olunan münasibət göstərir ki, onun bu iddiaları heç bir əsas daşımır və Azərbaycan dövlətinə qarşı yönəlmiş səviyyəsiz təbliğatdan başqa bir şey deyil.

Tramp Avropadan tələb etdi: Rus neftinin alışından imtina etməyi və Rusiyaya yardımından dolayı Çinə...

17:10 Avropa liderləri və ABŞ Prezidenti Donlad Tramp arasında onlayn görüş keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidentinin Ofisi məlumat yayıb. Qeyd edək ki, görüşdə Fransa, İspaniya, Danimarka, Polşa daxil olmaqla, “İstəklilər koalisiyası”na daxil olan ölkələrin liderləri və Avropanın yüksək səviyyəli rəsmiləri iştirak edir. *** Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və “İstəklilər koalisiyası” ölkələrinin liderləri ilə videokonfransı başa çatdırıb. Bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, Tramp müzakirə zamanı avropalı liderlərdən rus neftinin alışından imtina etməyi və Rusiyaya yardımından dolayı Çinə təzyiq göstərməyi tələb edib.

26 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır - Makron

“İstəklilər koalisiyası”nın üzvü olan 26 ölkə Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, “İstəklilər koalisiyası” yaxın günlərdə ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə töhfəsi ilə bağlı yekun razılığını gözləyir.

Zelenski Putinin görüş təklifini rədd etdi

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Moskvada görüş təklifini rədd edib. Sozcu.az xəbər verir ki, bu barədə o, Fransa lideri Emmanuel Makronla birgə mətbuat konfransında deyib. "Görüşün baş verməsini istəmirsinizsə, məni Moskvaya dəvət edin. Rusiya görüş haqqında danışmağa başlayıb - bu, artıq yaxşıdır. Amma hələ ki, sülhə hazırlıq yoxdur", - Zelenski bildirib.

Uyğun vaxtda Ukraynaya ordu göndərəcəyik - Almaniya

Almaniya Ukraynanın təhlükəsizliyinə zəmanət kimi ordu göndərilməsi ilə bağlı uyğun vaxtda qərar qəbul etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib. Onun sözlərinə görə, bu, ABŞ-ın iştirakının mahiyyəti və miqyası aydın olanda, həmçinin danışıqlar prosesinin nəticələrinə əsaslandıqda baş verəcək.

Bir körpənin manifesti - Demokratik və şəffaf ölkəmiz...

Mənim adım Muraddır. Başqa uşaqlardan fərqli doğulmuşam. Çünki, anam məni övlad acısı çəkən dayıma və dayıdostuma görə dünyaya gətirib. Olsun. Mən onları sevirəm. Hamısını. Yetər ki, kimsənin qəlbi qırılmasın. Dünyaya gələndə ilk eşitdiyim sözləri yadda saxlamaq istəyirdim. Qoy bu sözlər mənim şüarım olsun deyə. Mənim ağlamağımın ardınca həkim xala dedi: Şükürlər olsun, əlimizə sağlam mal gəldi. Elə bildim həkim xala “uşaq” əvəzinə çaşıb mal deyib. Səsimi eşitməsə də düzəliş etmək istəyirdim ki, yenidən səs eşitdim: Tərpənin görək, nə qopardırsınız. Bu dəfə mən düzü qorxudan xırdaca bədənimi yığdım. Amma anamla məni qoyub hər kəs çölə axışanda qopartmaq felinin hələlik mənə aid olmadığını başa düşdüm. Buna sevinə də bilmədim. Çünki, qapıda xəbər gözləyən bizimkilərə yazığım gəldi. Bizi rahatlayıb yatağımıza qoyan xala bir manatlıqları ayaq tərəfimdə ayıraraq ciblərinə qoyub ufuldadı: Alçağın bir donuzu əksikdi, di gəl ki, xadimədən də haqq umur. A buna möhür verənin evi dağılsın!  Donuzu əskik olan həmin alçağın xadimə xalanın cibinə girməsinə çox kədərləndim, amma körpələrin yanında belə şeylər danışdığına bir az ondan incidim. Nədən ki, dünyaya gəldiyimdən bəri bir xoş söz eşidə bilmirdim. Anamın yanında keçirəcəyim bir həftənin dadını çıxartmaq üçün müsbət enerjiyə çox ehtiyacım vardı. Di gəl ki, dünyada bu gücü almaq mümkün deyil. Burada yalnız nəğd alış-veriş gedir. Məsələn, həkim xala mənə 150 manat qiymət qoymuşdu. Anamdan əvvəl qız uşağı gətirən xalaya başa salanda öz qulaqlarmla eşitdim. Qızlarda az-çox endirim etmək olurmuş. Oğlanlar binayi-qədimdən bahalıdır. Bax bunun, məni göstərib dedi, əlli manatı birbaşa müdirə gedir. Bu həftə dörd oğlan tutmuşuq, bircə manat o yan-bu yan ola bilməz.  O saatca yadıma xadimə xalanın dediyi donuz düşdü. Fikirləşdim ki, həmin o müdir dayı əskiyini niyə düzəltmir görəsən. Bu minvalla az vaxta bütöv ferma almaq olar ki! Pensiyaya çıxanda elə çoxalmış donuzlarla gününü keçirərdi. Nə də olsa, adam qocalanda özünə uyğun mühit axtarır. Evə yollananda məlum oldu ki, xırda-mırda xərcləri də üstünə gəlsək, mənim dünyaya gəlişim bizə təxminən 250-300 manata başa gəlib. Yeni evimdə yeni atam-anam üstümdə nə qədər əssələr də özümü xəstələnməkdən saxlaya bilmədim. Dünyaya çətin gəlişimdən sonra ağır depresyona düşmüşdüm. Amma depresyon varlıların xəstəliyi olduğuna görə tez ordan çıxdım. Çünki, bizlərin belə “geydirmə” (ifadəmə görə üzr istəyirəm, bu sözün sinonimini tapa bilmədim) problemlərə xərclənəsi vaxtımız və pulumuz yoxdu.  Çox keçmədi ki, əsil maniə ilə qarşılaşıb dünyanın neçə bucaq olduğunu anlamağa başladım. Bu ölkədə kiməsə qarğış eləmək istəyirsənsə bircə an belə fikirləşməmiş deyirsən: “Allah işini hökumətə salsın”. O da ola idarələr. Bu daha qarğışlıqdan çıxıb birbaşa qapazdır. Mənim övladlığa götürülmək məsələm üç-dörd hökumət idarəsindən keçməliydi. Atam ilk cəhdlərdən dərhal sonra inəyi satmaq məcburiyyətində qaldı. Mən südsüz qalsam da,  azərbaycansayağı sənədləşmədən sonra övladlıq məsələmin yarısı düzəldü. Qalan yarısı üçün də inəyimizin balasının böyüməsini gözləyirik... Nazlı Ağayeva

Şərurlu İsfəndiyarın cinayət işi üzrə ekspertiza yekunlaşdı

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə linqvistik ekspertiza yekunlaşdığı bildirilib. Təqsirləndirilən şəxs İsfəndiyar Axundovun vəkilləri prosesdə iştirak etmədiyi üçün iclas təxirə salınıb. Növbəti məhkəmə prosesi sentyabrın 18-nə təyin edilib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Universitet müəllimi vəfat etdi - FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Səmayyə Nəzərova Xeyrulla qızı dünyasını dəyişib. Sozcu.az xəbər verir ki. bu barədə universitet məlumat yayıb. O, 2022-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi çalışıb.

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycanda sentyabrın 5-də havanın yağışlı keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.

Ağır xəstələr 3 aydır dərmansız qalıb – Azərbaycanda "Dimerast" böhranı

Azərbaycanda dağınıq skleroz (MS) xəstələri üçün həyati vacib sayılan "Dimerast" dərmanı artıq üç aydır ki, tapılmır. Dövlət qurumları da dərmanın çatışmadığını təsdiqləyib. Apteklərdə satılan ehtiyatlar tükənib və xəstələr dərmansız qalıb. Pasiyent şikayətləri MS diaqnozu ilə yaşayan pasiyentlərdən biri Medicina.az-a danışaraq bildirib ki, sonuncu dəfə dərmanı may ayında ala bilib: “Axırıncı dəfə mayda götürmüşük. İyun ayında getdik, dedilər ki, yoxdur. Ondan sonra özümüz axtarmağa başladıq. "Dimerast" heç yerdə tapılmır, əvəzedicisi "Tekfidera" var. "Dimerast" gəlmədiyi üçün apteklər onun da qiymətini qaldırır. Birinci ay 350 manata almışdım, ikinci ay 400, üçüncü ay 450 manat ödədim. İndisə ümumiyyətlə, tapa bilmirik. Xüsusi apteklər satır, amma hər adama vermirlər. Bu, dəhşətdir, xəstələri üç ay dərmansız qoymaq nə deməkdir?!” Digər pasiyentlər də dərmanın tapılmaması səbəbindən müalicələrinin yarımçıq qaldığından şikayətlənirlər. Bəziləri maddi imkanına görə həbləri gündəlik yox, günaşırı qəbul edir: “Axır vaxtlar bir həb qəbul edirəm ki, heç olmasa, yola verim. Öz pulumuzla belə dərmanı tapa bilmirik”. Qiymətlər qalxır, dərman isə yoxdur Əvvəllər dövlət təminatı ilə yanaşı, "Dimerast" bəzi apteklərdə də satılırdı. Hazırda isə nə dövlət xəstəxanaları, nə də apteklər bu dərmanı verə bilir. Əvəzində pasiyentlərə təklif olunan "Tekfidera" bahadır, həm də əlçatan deyil. Qiyməti hər ay artmaqla yanaşı, bəzi apteklərdə yalnız tanışlıq vasitəsilə satıldığı iddia olunur. TƏBİB: Problem istehsalçı ilə bağlıdır TƏBİB-dən Bakupost.az-a bildirilib ki, dərman təminatında yaşanan problem istehsalçı ilə bağlıdır və yaxın zamanlarda həllini tapmalıdır. Maraqlıdır, TƏBİB-dən yaxın zaman deyərkən hansı müddəti nəzərdə tuturlar? Bir həftə, bir ay yoxsa, daha uzun müddət? Bəlli deyil. Vəziyyət isə doğrudan da acınacaqlı və dözülməzdir. Məsələ burasındadır ki, Azərbaycanda 2 minə yaxın pasiyent dağınıq sklerozdan əziyyət çəkir. Onların arasında 13 yaşdan aşağı uşaqlar da var. Uzun müddət dərmanın tapılmaması bu xəstəlikdən əziyyət çəkənlərin səhhətində ciddi ağırlaşmalara yol aça bilər. Çünki dağınıq sklerozun müalicəsində fasiləyə yol verilə bilməz. Hər keçən gün xəstələrin vəziyyətini daha da ağırlaşdırır. Sistemdəki boşluqlar Qeyd edək ki, dövlət tərəfindən təmin olunan preparatlarla bağlı oxşar problemlər mütəmadi olaraq gündəmə gəlir. Hər dəfə aydın olur ki, bir sıra həyati vacib dərmanlarla bağlı ehtiyatlar yoxdur, səhiyyə qurumları belə vəziyyətlər üçün "B" planına malik deyil və bu cür məsuliyyətsiz yanaşma nəticəsində xəstələrin həyatı riskə altındadır. Ötən ilin statistikasına görə, Azərbaycanda 1867 dağınıq skleroz xəstəsi rəsmi qeydiyyatdadır və onların hər biri mövcud dərman böhranının birbaşa təsiri altındadır. Qanunvericiliyə görə, dağınıq skleroz xəstələrinin müalicəsi üçün nəzərdə tutulan preparatlar dövlət tərəfindən tam qarşılanmalıdır. Yəni bu dərmanların apteklərdə kommersiya məqsədilə satılması qanunsuzdur. Əslində bu, yalnız dövlət tədarükü əsasında xəstələrə pulsuz paylanmalıdır. Ancaq xəstələr hazırda öz hesablarına belə bu dərmanı əldə edə bilmirlər...BakuPost)

Maşın körpüdən aşdı: ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Pakistanda terror: ölənlər var

Pakistanda kamikadzenin avtomobil dayanacağında törətdiyi partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Bəlucistanın səhiyyə naziri Baxt Məhəmməd Kakar deyib. Nazir bildirib ki, güclü təhlükəsizlik tədbirləri görüldüyü üçün kamikadze aksiyanın keçirildiyi yerə çata bilməyib. Partlayış Bəlucistan Milli Partiyasının mitinqinin keçirildiyi yerin yaxınlığında baş verib. Hadisə zamanı 38 nəfər yaralanıb.