Santuş AFFA-dan 4.5 milyon avro təzminat tələb edir

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi. Sozcu.az-ın məlumatına görə, onun AFFA-dan təzminat tələb etdiyi bildirilir. Təzminatın məbləği ilə bağlı müxtəlif müzakirələr aparılır.  "Sportinfo" bildirir ki, təcrübəli mütəxəssis AFFA rəmsilərindən 4.5 milyon avro təzminat tələb edib. Vaxtilə ölkəsinin millisində işləmiş məşqçi təzminatın məbləğində güzəştə getmək fikrindən uzaqdır və bunu federasiya rəsmilərinə açıqca söyləyib.

Putin qadın və uşaqlara hücum edən qorxaqdır! - Nazir

Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın Ukraynaya son kütləvi hava zərbələri ilə bağlı şərhində kifayət qədər sərt olub. Sozcu.az xəbər verir ki,  Yan Lipavski X platformasında yazıb ki, Rusiya prezidenti Vladimir Putin sadəcə sülh istəyirmiş kimi davranır. "Putin guya müharibəni dayandırmaq istəyir, reallıqda isə o, mümkün qədər çox ukraynalı öldürməyə çalışır. Dünən gecə Ukraynaya 800-dən çox pilotsuz təyyarə və raket buraxılıb, nəticədə ana və onun iki aylıq körpəsi həlak olub. O, qadınlara və uşaqlara hücum edən qorxaqdır", - Lipavski vurğulayıb. Nazir onu da qeyd edib ki, Ukraynaya yardımın dayandırılmasını müzakirə etmək təcavüzkarın tərəfini tutmaq deməkdir.

Pensiyalar bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub. Sozcu.az xəbər verir ki, bu barədə DSMF-dən bildirilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Azərbaycanda dərslər saat 10-da başlayacaq? – Növbəli sistem…

Son dövrlərdə Avropada məktəblərdə dərs saatlarının səhər 8-dən 10-a qaldırılması ciddi müzakirə olunur. Buna səbəb kimi bildirilir ki, böyüməkdə olan uşaqların bioloji ritmi onları səhərlər erkən oyanmağa imkan vermir, bu isə diqqət dağınıqlığına, yorğunluğa və tədris nəticələrinin zəifləməsinə səbəb olur. Hər səhər anasının əlindən tutub yuxulu-yuxulu ayaqlarını sürüyən, başını partaya qoyub yatan uşaqları dəfələrlə müşahidə etmişik. Ölkələr ayrı olsa da, problem eyni olduğundan bənzər dəyişiklik Azərbaycanda da ola bilərmi?   Sozcu.az ”ın xəbərinə görə, psixoloq Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında təsdiqlədi ki, uşaq orqanizmi yuxuya meyillidir, çünki böyüməkdə olan vücud yuxuya ehtiyac duyur: “Həm də uşaqlar hiperaktiv olduqları üçün daha tez yorulurlar. Nəticədə səhər erkən dərsə başlamaq onların stress səviyyəsini artırır və öyrənmə qabiliyyətini zəiflədir. Uşaqların yuxu rejimini nəzərə alan tədris qrafiki onların həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir.” Təhsil eksperti Günay Əliyeva isə bildirdi ki, Azərbaycanda dərs saatlarının 10-da başlaması praktik olaraq çətin görünür. “Valideynlərin iş qrafikini nəzərə aldıqda, dərs başlanğıcını belə gecikdirmək mümkün deyil. Avropada özəl məktəblərlə yanaşı dövlət məktəblərinin də xüsusi avtobusları olur. Ana uşağı hazırlayıb qapının önündən yola salır. Bizdə isə analar yollarda qalıb, işləyən qadınlar üçün dərslərin gec başlaması əlavə problemdir. Bəlkə də yarım saat fərqlə gec başlamaq olar, amma bu qədər gec saatlarında dərsə başlamaq, növbəli dərs sistemi üçün də ağlabatan deyil”. Ekspert əlavə etdi ki, bunun ən yaxşı yolu uşaqların yuxu rejiminin tənzimlənməsi ilə bağlı maarifləndirmə kampaniyaları, valideyn və müəllimlərin məlumatlandırılması vacibdir. Belə yanaşma həm tədris keyfiyyətini, həm də uşaqların sağlamlığını qorumağa xidmət edə bilər.

Bakıda mikroavtobus qəzaya düşdü - 19 yaralı - YENİLƏNİB

"Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub" Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir". 

Fernandu Santuş istefaya göndərildi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev açıqlama verib. O, yığmanın DÇ-2026-nın seçmə mərhələsinin II turunda evdə Ukraynaya qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında portuqaliyalı mütəxəsislə yolların ayrıldığını bildirib.  Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi.

Ukraynada vətənə xəyanət edən deputat saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan olunmuş “Müxalifət Platforması - Həyat Naminə” Partiyasından olan deputatı saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. Deputatın “vətənə xəyanət” ittihamı ilə saxlanıldığını bildirib. Məlumata görə, saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən müharibənin başlamasından xeyli əvvəl işə götürülüb və Rusiya xüsusi xidmət orqanları üçün tapşırıqları aktiv şəkildə yerinə yetirib. Bundan başqa, deputata qarşı Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə artıq onun barəsində həbs-qətimkan tədbiri seçib. Faktla bağlı ibtidai istintaq davam edir.

Biləcəri qəzasında ölənlərin - Adları

11:24 Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb. *** Sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. "Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir. 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir. *** Bakıda baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hadisə nəticəsində təcili tibbi yardım briqadası 3 nəfəri (1 kişi, 2 qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib: "Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb". Bundan başqa, hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb. *** Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verən dəhşətli qəzada həlak olanların şəxsiyyəti məlum olub. Oxu.az-ın məlumatına görə, hadisə nəticəsində qəzaya səbəb olan "Kamaz" markalı yük avtomobilinin sürücüsü, 1976-cı il təvəllüdlü Vahid Vaqif oğlu Əbdülov, "Çangan" markalı minik avtomobilinin sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər. Hadisə nəticəsində xəsarət alan "Çangan" markalı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq, Y.İbrahimov Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qızıl mədəni çökdü: ölənlər var

Sudanın Berber şəhərinin qərbində qızıl mədəni uçub. Sozcu.az "Əl Ərəbiyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 20 nəfərə yaxın insanın isə dağıntılar altında qalması ehtimal olunur. Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisənin səbəbləri bəlli deyil.

Bu ölkədə xərçəng əleyhinə vaksin istehsal olundu

Rusiya xərçəng əleyhinə hazırladığı vaksin sınaqları uğurla tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Vaksinin üzərində aparılan araşdırlmaların nəticəsində təkrar tətbiqlərdə belə təhlükəsiz və yüksək effektivlik göstərdiyi məlum olub. Tədqiqatçılar şişlərin ölçüsündə azalma və inkişaf tempinin yavaşlamasını müşahidə ediblər. Bu göstəricilər xəstəliyin xüsusiyyətlərindən asılı olaraq 60%-dən 80%-ə qədər dəyişib. Bundan əlavə, vaksin sayəsində sağ qalma göstəricilərinin də artdığı müəyyən olunub. Vaksinin ilkin hədəfi yoğun bağırsaq (kolorektal) xərçəngi olacaq. Peyvəndin artıq istifadəyə hazır olduğu da bildirilib.

ABŞ-da danışıqlar olacaq: Rusiyaya yeni sanksiyalar...

Avropa Birliyi rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar aparacaq. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Rusiyaya təzyiq göstərmək məqsədilə müxtəlif iqtisadi təzyiq formaları, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq. Müzakirələrə Ağ Ev, ABŞ Dövlət Departamenti və ABŞ Ticarət Nümayəndəsinin ofisinin rəsmiləri də qatılacaq.

Tramp bu ölkəyə zərbə endirməyi düşünür - KİV

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun gücünü zəiflətmək məqsədilə Venesuela ərazisinə zərbələr endirməyi düşünür. Sozcu.az xəbər verir ki, bu haqda CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb. “Prezident Donald Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinə qarşı hərbi zərbələr endirmək üçün müxtəlif variantları, o cümlədən sözügedən dövlətin başçısı Nikolas Maduronu zəiflətmək üçün daha geniş strategiyanın bir hissəsi kimi ölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir”, - telekanal bildirib. Telekanalın mənbələri hələlik yekun qərarın verilmədiyini qeyd etsə də, gələcəkdə Venesuela ərazisinə Maduronu vəzifəsindən getməyə məcbur etmək məqsədi ilə zərbələr endirilməsi ehtimalı istisna edilmir.

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanı üzərindən xaricə uçub və sentyabrın 6-na keçən gecə geri qayıdıb. Sozcu.az "Nyus.am"a istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb. "Avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları baş nazirin təyyarəsi üçün hava tranziti ilə bağlı Azərbaycana müraciət edib və müsbət cavab alıb. Bu faktı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəliləməsi və qarşılıqlı etimad mühitinin formalaşması istiqamətində əməli addım kimi qiymətləndiririk. Xatırladım ki, Azərbaycan təyyarələri artıq uzun müddətdir ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsi üçün Ermənistanın hava məkanından istifadə edir", - o yazıb.

Kütləvi dava: 15 yaşlı oğlan bıçaqlandı

Daşkəsəndə mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb, saxlanılanlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, Daşkəsən rayon sakinləri, 1992-ci il təvəllüdlü Asəf İsmayılov və 2010-cu il təvəllüdlü C.Ələkbərov mübahisə zəminində bıçaq xəsarətləri alıblar. Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü Elgün Məmmədov və 2007-ci il təvəllüdlü Zamin Rzazadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Biləcəridəki qəza ilə bağlı TƏBİB-dən açıqlama

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Şəmkirdə qayınata kürəkənini öldürdü

Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəmkir rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

6 milyard dollarımız çatmır... - Zelenski

Ukraynanın öz PUA-sını və uzaqmənzilli raket proqramını inkişaf etdirməsi üçün ən azı 6 milyard dollar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Çox şey işlənib, hazırlanıb. Maliyyə ilə bağlı böyük problemimiz var. Müxtəlif proqramlardan, o cümlədən ERA və SAFE, Avropa tərəfdaşlarımızın proqramlarından, həmçinin dondurulmuş Rusiya aktivlərindən istifadə etmək istəyirik. Hazırda kifayət qədər maliyyə yoxdur. Pilotsuz təyyarələr və raketlərlə bağlı ayrıca klaster var. Orada 6 milyard dollar kəsirimiz var”, - o bildirib.

Azərbaycan və Ermənistan rəsmiləri GÖRÜŞDÜ

Sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Sozcu.az xəbər verir ki, bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar. 

Astarada kütləvi zəhərlənmə oldu - Araşdırma aparılır

18:13 Astarada kütləvi zəhərlənmə olub, 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sozcu.az-ın məlumatına görə, onlardan 10 nəfəri tibb müəssisəsinin infeksion şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Sentyabrın 5-i saat 11:00-da müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə, 15 nəfər (9-u qadın, 6-sı kişi) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir. Həmçinin qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumlarla birgə araşdırmalara başlayıb.

Rayonlarda leysan yağır, şimşək çaxır

Bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 5-i saat 19:00-a olan məlumata əsasən, həmçinin yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.

Güclü leysan Daşkəsəndə fəsadlar törətdi

Gün ərzində Daşkəsənə yağan leysan nəticəsində rayonun Alaxançallı kəndinə sel gəlib. Sozcu.az xəbər verir ki, sel ucqar kənddə bir sıra fəsadlar törədib. Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də problemlər yaradıb. Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.

Adəm Məmmədov azadlığa buraxıldı

Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili İmran Ələkbərov məlumat verib. Adəm Məmmədovun həbs müddəti başa çatdığı üçün o, bu gün 9 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib. Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib. Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib. Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı. Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin ötən ay keçirilən iclasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası

Rusiya Xarici İşlər Nazirliyi ötən gün iddia edib ki, 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyası ödənilib. Qurumun məlumatına görə, təyyarə üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb. Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb. "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib", - Nazirlik qeyd edib. Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib. Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a Rusiya tərəfinin iddiası ilə bağlı bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib. “Nə vaxt sığorta ödənişi ediblər, bizim xəbərimiz yoxdur. Yalan söhbətdir", - o qeyd edib. Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Ukrayna ordusu yeni mövqelər ələ keçirdi: Rusiya irəliləyə bilmir

Rusiya ordusu Sum vilayətinin şimalında cüzi irəliləyiş əldə etsə də, Ukrayna Silahlı Qüvvələri Kupyansk və Pokrovsk istiqamətlərində yeni mövqeləri nəzarətə götürüb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında məlumat verilir. Analitiklərin açıqlamasına görə, rus bölmələri Sum vilayətinin Yablonovka kəndinin cənubuna doğru irəliləyiblər. Eyni zamanda Ukrayna ordusu Kondratovka, Alekseyevka və Sadkov kəndləri istiqamətində uğurlu əks-hücum həyata keçirib. Kupyansk bölgəsində də döyüşlər davam edib. Rusiya qüvvələri şəhərin ətraf kəndlərində - Sobolevka, Kondraşovka, Kutkovka, Petropavlovka və Stepnaya Novoselovkada hücuma keçməyə çalışsalar da, Ukrayna ordusu şəhərin şimal və qərb kənarlarında mövqelərini möhkəmlədib. Rayon hərbi administrasiyasının rəhbəri Andrey Kanaşeviç bildirib ki, daimi atəşlər səbəbindən mülki əhalinin təxliyəsi çətinləşib. Pokrovsk istiqamətində Ukrayna bölmələri Utyos qəsəbəsinin qərbində irəliləyiblər. Ukrayna müdafiəçiləri həmçinin Pokrovsk yaxınlığındakı Novoekonomiçnoe kəndini azad ediblər. Rusiya isə Donetsk vilayətində üç şəhəri - Pokrovsk, Mirnoqrad və Dobropolye ələ keçirmək üçün əlavə qüvvələr cəmləşdirir. ISW qeyd edir ki, rus ordusu Lyman, Borovsk və Xarkov istiqamətlərində ciddi nəticə əldə etməyib, Donbasda isə logistik çətinliklərlə üzləşir. Buna baxmayaraq, Moskvanın əsas məqsədi Pokrovsk-Mirnoqrad aqlomerasiya zonasında nəzarəti ələ almaq və Dobropolyeyə doğru “dəhliz” yaratmaqdır.