Zəngin Azərbaycanın yoxsul vətəndaşları... Kirayə evlərdə ömrü çürüyən işsiz ziyalılar...

Birbaşa mətləbə keçmək istəyirəm. Məlum olduğu kimi ölkədə işsizlik problemi var. Həmçinin bakalavr və magistratura təhsili almış gənclər də iş tapmaqda çox böyük çətinliklə qarşılaşırlar.  Sual yaranır, bəs hansı səbəblərə görə Azərbaycanda vətəndaşlar öz ixtisasına uyğun olan iş tapa bilmir. Bunun səbəbi nədədir axı? Təhsilli, savadlı bilikli, elmli, istedadlı, eləcə də təhsil aldığı sahəni çox yaxşı bilən insanlar öz doğma Vətəni Azərbaycanda ixtisasına uyğun olaraq işlə təmin olunmur.  İşsiz vətəndaşlar bu problemi həll etmək üçün uzun illər iş axtarışında olur və bu insanların ömrü beləcə ötüb keçir.  Gənclər ali təhsil alır, həmçinin minlərlə gənc magistraturada oxuyub 2 diplom sahibi olur, yenə də bu gənclərin çoxusu oxuduğu ixtisasa görə iş tapa bilmir, nəticədə isə yüzlərlə gənc işsiz qalır. Şəxsən mən bir neçə sahə üzrə oxuyub təhsil almışam. Qeyd edim ki, təhsilim əsasən humanitar sahə üzrədir. Demək olar ki, ömrümün çox hissəsi təhsil almaqla ötüb. Yəni fəxrlə söyləyirəm ki, ömrüm uzun illər təhsil müəssisələrinin auditoriyasında keçib. Amma çox böyük təəssüf hissilə deyirəm ki, neçə ildir işsizəm.  Uzun illərdir ki, müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Amma hansısa bir qurumdan əmək haqqım yoxdur. İşsizlik isə mənə çox böyük və çox ciddi çətinliklər yaradıb. Bu xoşagəlməz hala təəssüflər olsun deyirəm. İxtisasıma uyğun olaraq rəsmi qaydada işləmək istəyirəm. Amma məlumdur ki, Azərbaycanda iş tapmaq elə də asan deyil, çox çətindir, hətta deyərdim ki, bu, çox illər mümkün olmur.  Təbii ki, işsiz insan üçün sosial-iqtisadi baxımdan yaşamaq çox çətin olur. Xüsusilə də mənim kimi evi olmayan, illərlə kirayələrdə yaşayan insanlar üçün daha ağırdır işsiz qalmaq. Axı maliyyə dayağı olmasa, insan iqtisadi baxımdan necə yaşaya bilər?  Ev-eşiksiz ailələr kirayə evlərdə qalmağa məcburdur. Kirayələrdə yaşamaq o qədər çətindir ki...  Mənim kimi uzun illər kirayə evlərdə qalanlar evsiz olmağın çətinliyini, ağrısını, əzab-əziyyətini daha yaxşı bilir. Evimin olmadığına görə başqalarının evində elə əziyyət çəkirəm ki... Bu isə dəhşətdir. İxtisasıma uyğun Media-Holdinqdə, qəzetdə, xəbər saytında, Media Qrupda, eləcə də radio və televiziyada, İnformasiya Agentliyində çalışa bilərəm... Əfsuslar olsun ki, hələ də işsizəm, bu da, sosial baxımdan mənə də, ailəmə də bir çox saysız-hesabsız çətinliklər yaradır.  Şair-jurnalist kimi düşünürəm ki, zəngin neft-qaz ölkəsi olan Azərbaycanda ziyalılar nə üçün evsiz qalmalı, kirayə evlərdə yaşamalıdır?  Həmçinin hələ də anlaya bilmirəm ki, vətəndaşlar ixtisası üzrə işlə niyə təmin edilmir?  İnsanlar nəyə görə öz ölkəsində illərlə iş axtarmaqla məşğul olmalıdır? Milyonlar səltənəti olan Azərbaycanda sosial-iqtisadi baxımdan yaşamaq o qədər çətindir ki...  Bu, necə idarəçilikdir axı? Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

İntihar edən hərbçimizlə bağlı təsirli fakt

Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Rəhim Novruzovun intiharının təfərrüatları məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə aprelin 28-də onun xidmət etdiyi Cəbrayıl rayonu ərazisində kirayə yaşadığı evdə baş verib. Lakin intihar hələlik ilkin ehtimaldır. Təsdiqlənməmiş digər versiyaya görə, R.Novruzov dəm qazından boğularaq ölüb. Məlumata görə, R.Novruzov əslən Kürdəmir rayonunun Çöhranlı kəndindəndir. O, 1997-ci ildə Çöhranlıda anadan olub. Ailədə üç qardaş, iki bacıdılar. R.Novruzov doğulduğu kənddə orta məkəbi bitirdikdən sonra imtahanla Türkiyə universitetlərindən birinə qəbul olunub və bir il orada təhsil alıb. Amma ailənin imkansızlığına görə təhsilini davam etdirə bilməyib. Bundan sonra Ukrayna ali məktəblərindən birinin qiyabi fakültəsinə köçürülüb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra könüllü şəkildə vətənin müdafiəsinə yollanıb. O, DSX-nin sıralarında ön cəbhədə döyüşüb, qəhrəmanlıqlar göstərib. Onun bu xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rəhim Novruzov “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. Müharibə bitdikdən sonra Rəhim DSX sıralarında qalıb. Məlumata görə, R.Novruzov altı ay əvvəl evlənibmiş.

Gənc qızlar arasında yayılan “influencer” xəstəliyi: səbəbi nələrdir?

Sosial şəbəkələrin gündəlik həyat tərzimizə təsiri artıb. Özəl, iş, məişət dünyamıza daxil olan məşhurların həyat tərzi, maddi yaşamları, qazancları bəzi gənc qızlar arasında “influencer olmaq” arzusunu yaradıb. Bu vəziyyətin əsasını sosial status axtarışı, maddi qazanc istəyi və görünən həyatların “dəbdəbəli, lüks” tərəfləri təşkil edir. Psixoloq Ramil Hüseynzadə Modern.az saytına deyib ki, ictimai platformalarda məşhurluq artıq bir istəyə çevrildiyindən, bir çox gənc bu yolla həm gəlir, həm də status qazanmağa çalışır. Amma bu “xəyal həyatı”nın gənclər üçün psixoloji və sosial riskləri də az deyil. “Təbii ki, hər insan uğurlu olmaq istəyir, müasir dövrdə uğurun dəyəri daha da yüksəlib. Ona görə müasir cəmiyyətə “performans” cəmiyyəti deyilir. Artıq biz intizam cəmiyyətindən performans cəmiyyətinə keçid etmişik və bu vəziyyətdə uğur əsas meyara çevrilib. Sosial medianın gündəlik həyatımıza nüfuz etməsi ilə birlikdə “uğur” anlayışı da transformasiya oldu”. Ekspertin sözlərinə görə, artıq zəhmət, bilik və dəyər yaratmaq deyil, izləyici sayı, bəyənmələr və "reels"lər reytinqdə birinci yerdədir. “Yəni “uğurlu oldum” mesajını vermək əhəmiyyətli sayılır. Uğurdan daha çox, uğurun nümayişi ön plana gəlir. Görünmək, tanınmaq və məşhurlaşmaq – bunlar gənc insanın “dəyərli olmaq” duyğusunu təyin edən əsas meyarlara çevrilib. Və burada bir psixi təhlükə gizlənir. Çünki əldə olunan bu “dəyərlilik” aldadıcıdır, daxili təməllərlə möhkəmləndirilməyib. Bunu “psevdodəyər”də adlandıra bilərik. Gənclər öz mənliyini psevdodəyərlə ölçdüyü zaman xaricdən gələn tənqidlərə qarşı dözümsüzləşir, tez qırılır, çarəsizləşirlər. Hər paylaşımın arxasında bir təsdiq ehtiyacı var. “Məni görsünlər”, “məni bəyənsinlər”, “məni tanısınlar” – bu səssiz çağırışlar, dərin bir özünüdəyər boşluğundan xəbər verir. Gənclər artıq sosial mediada necə görünürlərsə, özlərini o qədər dəyərli hesab edirlər. Real mənliklərini unudub virtual mənlikləri ilə həyata yanaşırlar. Bu isə depressiya, təşviş pozuntuları, tükənmişlik və özünüqavramada ciddi təhriflərə yol aça bilər”. Psixoloq vurğulayıb ki, problem “influencer”lərin özündə deyil. Problem, cəmiyyətin onlara yüklədiyi simvolik gücdə və gənclərin buna kor-koranə tabe olmasındadır. “Valideynlər, müəllimlər, psixoloqlar – hər bir kəs bu mənzərədə məsuliyyət daşıyır. Əgər biz gənclərə təkcə görünməyin deyil, var olmağın və özünü tapmağın dəyərini öyrədə bilsək, bu “xəstəlik” bir fürsətə çevrilə bilər. Əslində gənclərimizin təsir yaratmaq arzusu pis bir şey deyil. Amma məqsəd sadəcə “influencer” olmaq yox, təsirli insan olmaq olmalıdır. Bu təsiri isə yalnız sosial şəbəkədə deyil, real həyatda da yaratmaq mümkündür – əsl zəka, şəfqət, məsuliyyət və dəyərlərlə”, - Ramil Hüseynzadə deyib.

Sonsuz Sevgi

Bir vaxt əllərindən tutan bu əllər, İndi boşluqlarda səssizcə üzür. Bir vaxt mənim üçün bərq vuran tellər, İndi başqa biri, ona gül düzür. Sonsuzluğa baxır yenə gözlərim, Bir an xəyal kimi, ötüb keçirsən. Rüzgar tək göylərdə uçur sözlərim, İzini  silirsən, itib gedirsən. Bir ümman sevgidir, qəlbimi didən, Bütün vücudumla səni dinləyir. Gecələr yuxuma gəlirsən hərdən, Baxıb susqunluqla qəlbim inləyir. Unuda bilmirəm, səni bir an da, Sevdan hələ də bil, içimdə yaşar. Elə bil gəzirsən, damarda, qanda, Xatirən qəlbimdə, parlayar coşar. Uzun illər keçsə, ayrı düşsək də, Bir duyğu, bir səslə, eyni nəfəsik. Yolumuz ayrılıb, ayrı getsək də, İki sevən qəlbə, biz bir qəfəsik. Gözlərində qalan sənin sükutun, Elə bil qəlbimdə ən şirin qışdır. Sonsuz sevgin ilə yaşadım bütün, İnan ki, bu sevgi, mənə çox xoşdur. Zakir İsmayil

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir? - AÇIQLAMA

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin çoxu təmirli satılır. Lakin əvvəllər təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi. Bəs insanlar hansına daha çox üstünlük verir? Sozcu.az milli.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikili binalarda satılan mənzillərin çoxu təmirsizdir. “Yalnız bəzi tikinti şirkətləri təmirli mənzil təklif edir. Bu zaman vətəndaşın təmirlə bağlı nəyisə seçmək şansı olmur”. Bəs alıcı istifadə olunan materialların keyfiyyətindən necə əmin ola bilər? “Əgər vətəndaş təmirli mənzil alırsa, yaxşı olar ki təmirin keyfiyyəti ilə bağlı mütəxəssislərə müraciət etsin. Başqa bir hal isə mənzili satan şəxs materialların keyfiyyəti ilə bağlı şəxsə qarantiya verməlidir. Qiymətlərə nəzər salsaq, mənzillərin təmir olunması minimal olaraq bir kv metrinə görə 200 manatdan başlayaraq 800 manata qədər dəyişir”. Realterlər ictimai birliyinin sədri Vədafar Axundov bildirir ki, insanların çox təmirsiz ev almağa üstünlük verir. Çünki bu, həm onlara qiymət baxımdan sərfəlidir, həm də istədikləri kimi təmir etdirə bilirlər. Təmirsiz evi alan şəxs minumum 20-25 faiz qabağa düşür. Hazırda 2400, 2500 manata təklif elədiyimiz mənzillərin təmirli olan forması 1000, 1200 manat daha baha çıxır. Tikinti şirkətlərinə hansı daha çox sərf edir? Bu şirkətlərə daha çox padmayaq formasında satmaq, çünki şirkət əgər təmir edirsə uzun müddət həmin təmirlər davam edir. Təmir müştərinin bəzən zövqünə olmadığı üçün bu da tikinti şirkətinə sərf etmir. Öz zövqünə görə dizayn etmək istəyən şəxslər daha çox təmirsiz mənzillərə üstünlük verir.

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv Fay Xəritələri əsasında ölkədə zəlzələ riski ən aşağı olan 20 şəhər müəyyən edilib. Siyahıda ilk yerləri Sinop, Artvin və Rize şəhərləri yer alır. Səlahiyyətlilər riskin aşağı olmasına baxmayaraq, bütün vətəndaşlara zəlzələyə hazır olmaları ilə bağlı çağırış ediblər. Yenilənmiş xəritəyə əsasən, siyahıda Qara dəniz və İç Anadolu bölgələrində yerləşən şəhərlər üstünlük təşkil edir. Böyük şəhərlərdən uzaq, əsas fay xətlərindən nisbətən qorunan bu bölgələr həm mövcud tikili vəziyyəti, həm də coğrafi mövqeləri baxımından daha az riskli ərazilər hesab edilir. Türkiyədə zəlzələ riski ən aşağı olan 20 şəhər: Sinop Artvin Rize Trabzon Giresun Kastamonu Bartın Zonguldak Karabük Amasya Çankırı Yozgat Kırşehir Nevşehir Niğde Aksaray Konya Karaman Kırıkkale Edirne "Risk aşağıdır, lakin sıfır deyil" xəbərdarlığı Mütəxəssislər bildirirlər ki, bu şəhərlər böyük zəlzələlər baxımından daha az risk daşıyır, lakin Türkiyənin bütövlükdə zəlzələ ölkəsi olduğu unudulmamalıdır. AFAD nümayəndələri kiçikmiqyaslı zəlzələlər və afterşokların bu bölgələrdə də baş verə biləcəyini vurğulayıb. Eyni zamanda, riskin aşağı olduğu şəhərlərdə belə binaların möhkəmliyinin vacibliyi qeyd edilib. Qəzalı və köhnə tikililər, yenə də təhlükə yarada bilər. "Zəlzələ gerçəyini nəzarətdən kənar saxlamayın" çağırışı AFAD bütün vətəndaşlara fövqəladə hallar planı hazırlamağı, fövqəladə çanta toplamağı və binaların gücləndirilməsi işlərinə önəm verməyi tövsiyə edərək, "Zəlzələ gerçəyini həmişə nəzərə almaq lazımdır" xəbərdarlığını edib./Milli.Az

Problemli kreditlər sürətlə artır: “Bəzi banklar bugünkü tələblərə cavab vermir”

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb. 2025-ci il aprelin 1-nə olan məlumata görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən verilən xəbərə əsasən, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat artıb. Son 1 ildə isə problemli kreditlərin məbləği 2.3% və ya 10.9 milyon manat yüksəlib. Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.23 faiz bəndi azalaraq 1.62% təşkil edib. Ölkədə problemli kreditlərin artma səbəbi barədə Moderator.az-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, problemli kreditlərin həcmi mütamadi artır:  “Son dövrdə Maliyyə Nazirliyi tərəfindən 1.5 milyard manat məbləğində resurs məhz bank depozitlərinə ayrılıb.  Bu isə o deməkdir ki, kredit sahəsi genişlənir. Əgər problemli kreditlərin faizi artırsa, bu, iqtisadiyyatın inkişafı ilə bağlı tələbatın da artdığını göstərir. Amma bu prosesin mənfi tərəfləri mövcuddur və bu məsələ Mərkəzi Bankın diqqət mərkəzində olmalıdır. Kreditlər artdıqca, təbii ki, bu prosesin mənfi tərəfləri də ortaya çıxır. Kredit faizləri, xüsusən də istehlak kreditlərindəki faizlər həddən artıq yüksəkdir.  Hesab edirəm ki, bəzi banklar var ki, bugünkü dövrün tələblərinə cavab vermir və kreditvermə prosesi lazımi qaydalara uyğun aparılmır. Ona görə də həm tənzimləmə, həm də monitorinq genişləndirilməlidir ki, bu hallar azalsın”.

"Rusiya hücum fəallığını bərpa edib və dünyanı aldatmağa çalışır" - Zelenski

"Rusiyaya qarşı yeni sanksiyalar və daha böyük təzyiqlə adekvat cavab vacibdir və məhz ABŞ daha təsirli addımlar ata bilər..." Pasxa bayramından sonrakı dövrdə Rusiya qoşunları öz adət etdikləri hücum fəallığını bərpa edib, Rusiya dünyanı aldatmağa və müharibəni uzatmağa çalışır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 27-də axşam videomüraciətində bəyan edib. Onun sözlərinə görə, aprelin 26-da Vatikan və Romada keçirilən görüşlər Ukraynanın tərəfdaşlarının vəziyyəti anladığını təsdiqləyib. "Biz mövqelərimizi möhkəm saxlayırıq ki, düzgün diplomatiya üçün bütün imkanlar olsun. Rusiyalılar guya ABŞ-ın təkliflərinə getməyə hazır olduqlarını deyir, amma Rusiya ordusunda real atəşkəsə hazırlıq əlamətləri müşahidə edilmir. Əksinə, Pasxadan sonra işğalçılar adət etdikləri hücum fəallığını bərpa edib və əlbəttə ki, bunu böyük itkilər bahasına edirlər", - dövlət başçısı bildirib. O, qeyd edib ki, rusiyalılar irəliləməyə çalışır, lakin bu, onlara böyük itkilər bahasına başa gəlir. "Hər gün cəbhədə gedən döyüşlər açıq şəkildə sübut edir ki, Rusiya həqiqətən də dünyanı - Amerikanı və digərlərini  aldatmağa və müharibəni daha da uzatmağa çalışır", – Zelenski vurğulayıb. O, Rusiyaya qarşı təzyiqin vacibliyini qeyd edib: "Təzyiqsiz rusiyalıları bütün lazımi addımları atmağa, müharibəni dayandırmaq üçün vacib olan hər şeyə getməyə məcbur etmək mümkün deyil". Zelenski bildirib ki, dünyadan yeni sanksiyalar və Rusiyaya qarşı daha böyük təzyiq şəklində adekvat cavab olmalıdır. Dövlət başçısı vurğulayıb ki, məhz ABŞ Moskvaya qarşı "ən təsirli addımları ata" bilər. Prezidentin fikrincə, aprelin 26-da  Vatikan və Romada keçirilən görüşlər bir daha göstərdi ki, tərəfdaşlar baş verənləri anlayır:  "Ukrayna diplomatiya sahəsində maksimum sürətlə irəliləməyə hazırdır. Biz 47 gün əvvəl ABŞ-ın qeyd-şərtsiz atəşkəs təklifini qəbul etdik və daha sonra rusiyalılara öz təkliflərimizi verdik ki, heç olmasa mülki obyektlərə hücumları dayandıraq. Amma Moskva buna cavab olaraq "Shahed" dronları, raketlər, artilleriya atəşi və yeni hücumlar həyata keçirir", - Zelenski vurğulayıb. Ukraynada müharibə: Zelenskinin bəyanatı Xatırladaq ki, Zelenskinin sözlərinə görə, Ukraynada cəbhənin bir çox istiqamətlərində vəziyyət hələ də mürəkkəb olaraq qalır: "Artıq bu günün ortalarına qədər rusiyalılar bizim mövqelərimizə təxminən 70 hücum həyata keçirib. Döyüşlər davam edir. İşğalçılar hücum cəhdlərini davam etdirir. Ən çox döyüşlər Pokrovsk, Kramatorsk, Liman və Kursk istiqamətlərində gedir".

"Biz Putini və ölkəsini balıqlar üçün yemə çevirə bilərik" - senator Kennedi

"Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq, əks halda onlar danışıqlar masasına əyləşməyəcək..." ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Kennedi "Fox News" telekanalında çıxışı zamanı prezident Donald Trampı Putini yerinə oturtmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb. "Putin prezident Trampa verdiyi bütün vədləri pozub. O, ələ keçirdiyi bütün əraziləri saxlamaq istəyir. O, Ukraynanın NATO-ya üzv olmasını yasaqlamaq və Amerika ilə Avropanın Ukraynaya yardımı dayandırmasını istəyir", -  respublikaçı bildirib. "Putin düşünür ki, biz ondan qorxuruq, - Kennedi davam edib. - O, prezident Trampı hər addımda ələ salıb. O, bizim prezidentə hörmətsizlik göstərib. Mən hesab edirəm ki, vəziyyət o vaxta qədər dəyişməyəcək ki, biz cənab Putinə açıq şəkildə bildirməyək: onu və ölkəsini balıqlar üçün yeməyə çevirə biləcəyik". Senator həmçinin qeyd edib ki, Moskvanın Kiyevlə qanlı müharibəni dayandırmaq niyyəti ilə danışıqlar masasına əyləşməsi üçün konkret nə etmək lazım olduğunu görür. "Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq. Əks halda onlar danışıqlar masasına əyləşməyəcək", - Kennedi vurğulayıb və əlavə edib ki, Avropa Ukraynaya hərbi yardımı artırmaqda daha fəal olmalıdır. "Əgər amerikalı vergi ödəyiciləri olmasaydı, Putin indi Parisdə olardı. Avropa daha çox şey etməlidir. Amma əsas odur ki, biz Putinə anlatmalıyıq: bizim prezidentimizi aldatdığı üçün müəyyən bir bədəl ödəməli olacaq", - Con Kennedi fikrini tamamlayıb. Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bir daha Putini Ukraynaya qarşı hücumları dayandırmağa və danışıqlar masasına əyləşməyə çağırıb. Ağ Ev rəhbəri həmçinin bildirib ki, aprelin 24-ü, cümə axşamı Kiyevə raket hücumu nəticəsində 12 nəfərin ölməsi və 87 nəfərin yaralanması onu "çox məyus edib". "Bir neçə gün ərzində nələrin baş verəcəyinə baxacağıq. Bizim razılaşma üçün bazamız mövcuddur. Mən istəyirəm ki, o, bunu imzalasın, hər şeyi bitirsin və sadəcə normal həyata qayıtsın", - Tramp jurnalistlərə deyib. Bundan öncəTramp dəfələrlə bildirib ki, Putin danışıqlara hazırdır və "sülh istəyir". Lakin təkcə aprel ayında Rusiya ordusu Ukraynanın Krivoy Roq, Sumı və Kiyev şəhərlərinə üç kütləvi zərbə endirib və çoxlu sayda insan tələfatı olub.

Səssiz təhlükə böyüyür – Vətəndaşlara xəbərdarlıq

Son günlər sosial şəbəkə istifadəçiləri arasında dələduzluq halları artmaqdadır. Bəzi şəxslər tanınmış simaların adından insanlarla əlaqə quraraq onlardan maddi vəsait tələb edir, bu zaman isə etibar qazandıqdan sonra onları aldatmağa nail olurlar. Daha təhlükəlisi isə bu dələduzların həmin şəxslərin şəxsi həyatına dair dəqiq məlumatlara sahib olmasıdır. Bu da aldadılan insanlarda “onlar bəlkə də doğrudan tanışdır” təəssüratı yaradır. Maraqlıdır, bu şəxslər bu qədər dəqiq və şəxsi məlumatları haradan əldə edirlər? İT mütəxəssisi Fərid Kazımov Yenisabah.az-a bu barədə açıqlama verib. Bildirib ki, şəxsi məlumatların dələduzların əlinə necə keçməsi dərindən araşdırılmalıdır: “Müəyyən hallarda şəxsi məlumatların üçüncü tərəflərə sızdırılması halları müşahidə olunur. Bu vəziyyətdən sui-istifadə edən dələduzlar müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirə bilirlər. Baş verən bütün bu halların səbəbləri müvafiq orqanlar tərəfindən hərtərəfli araşdırılmalı, şəxsi məlumatların necə sızdırıldığı tam aydınlaşdırılmalıdır. Eyni zamanda şəxsi məlumatların qorunması istiqamətində mövcud tədbirlər daha da gücləndirilməlidir. Problemin əsas mənbələrindən biri onlayn platformaların inkişafı fonunda müxtəlif resursların qeydiyyat zamanı şəxsi məlumatların təqdim olunmasını tələb etməsidir. Təqdim edilən bu məlumatlar bəzən təhlükəsiz şəkildə qorunmur və nəticədə dələduzların əlinə keçir”. Ekspert bu sahə üzrə təhlükəsizlik tədbirlərinin artırılmasını məqsədəuyğun sayır: “Bundan əlavə, bəzi hallarda şəxsi məlumatlar dələduzluq məqsədi daşımadığı təqdirdə belə, kommersiya qurumları və şirkətlər tərəfindən reklam məqsədilə əldə edilir. Belə ehtimallar da şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Mövcud risklərin qarşısını almaq üçün hüquqi baza təkmilləşdirilməli, şəxsi məlumatların qorunması sahəsində daha sərt tənzimləyici tədbirlərin qəbul olunması zərurətə çevrilmişdir. Çünki şəxsi məlumatların oğurlanması halları insan həyatına daha ciddi, bəzən isə bərpası mümkün olmayan mənfi təsirlər göstərə bilər”.

Tramp bu dəfə Rusiyanı hədələdi: Başqa cür danışmaq lazımdır!

Rusiyanın infrastrukturlara zərbə endirmək üçün “səbəbi yoxdur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Rusiyanın yalnız hərbi obyektləri hədəf almaları barədə açıqlamasına baxmayaraq, Tramp Moskvanı bank sahəsində sanksiyalarla hədələyib. “Bütün bunlar məndə elə təəssürat yaradır ki, sanki Rusiya müharibəni dayandırmaq istəmir. Onunla başqa cür danışmaq lazımdır: bank sahəsində və təkrar sanksiyalarla?”, – Tramp bildirib.

Zelenski və Tramp 15 dəqiqə danışıb, razılığa gəldilər

12:55 Ukrayna Prezidenti Vladim Zirelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. "Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - Nikiforov bildirib. O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.

Məktəblərdə 5 günlük tətil başlayır - Bu tarixlərdə

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili  5 günlük (1-5 may) başlayacaq. Sozcu.az xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.

İranda limanda partlayış: 4 ölü, 516 yaralı

13:25 İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub. Sozcu.az xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib. Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil. Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb. *** İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib. Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb. Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər. İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir. *** İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 47 nəfər xəsarət alıb. Bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib. "İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 47 nəfər xəsarət alıb", - o qeyd edib. *** İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb. Bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb. Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir. *** İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb. Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb. *** İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb. Bu barədə İranın yerli hakimiyyət orqanları məlumat veriblər. *** İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb. Bu barədə İran mətbuatı məlumat yayıb. *** İranın Şəhid Recai limanda baş verən partlayış nəticəsində azı 4 nəfər həyatını itirib. Bu barədə İran mətbuatı məlumat yayıb.

Hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti aprelin 27-dən 29-u səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Naxçıvan MR, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xankəndi, Xocavənd, Şuşa, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Salyan, Ucar, Kürdəmir, Saatlı, Sabirabad, Zərdab, İmişli, Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı Astara, Biləsuvar, Xaçmaz, Şabran, Siyəzən, Quba, Ağsu, Şamaxı və Balakəndə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Ağdam, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Neftçala, Qobustan, Gəncə, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Şəki, Oğuz, Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Ağdaş və Göyçayda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

ABŞ Ukraynaya NATO üzvlüyü üçün icazə verə bilər, lakin...

ABŞ rəsmiləri ukraynalı məmurlara aydın şəkildə bildiriblər ki, növbəti ABŞ administrasiyası Ukraynanın NATO-ya üzvlüyü məsələsində mövqeyini dəyişə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb. Qəzetin məlumatına görə, Şimali Atlantika Alyansına üzvlük məsələsi London və Parisdə keçirilən danışıqlarda gündəmə gətirilib. "ABŞ-ın növbəti administrasiyası Ukraynanın NATO-ya daxil olmasına icazə vermək qərarı verə bilər", — Birləşmiş Ştatların nümayəndəsi qeyd edib. Bununla belə, amerikalı tərəf dəqiqləşdirib ki, ABŞ Prezidenti Donald Tramp Kiyevin alyansa üzvlüyünə qarşı çıxmağa davam edəcək.

REPETİTORLUQ NƏYƏ MANE OLUR?

Repetitorluq fəaliyyəti, yəni şagirdlərin və tələbələrin fərdi və ya qrup şəklində əlavə dərs alması müxtəlif ölkələrdə fərqli səviyyələrdə yayılmışdır. Bu fəaliyyətin yayılma səviyyəsi ölkənin təhsil sisteminin keyfiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesləri və cəmiyyətin təhsil ənənələri kimi amillərdən asılı olaraq dəyişir. Azərbaycanda repetitorluq fəaliyyəti müstəqillik illərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı qaydalarında ciddi dəyişiklik prosesində yaranmağa başladı. Səbəb çox sadə idi. Dəyişiklikdən əvvəl qəbul imtahanı zamanı baş verən kütləvi korrupsiya hallarının müşayiəti ilə gedən qəbul imtahanları zamanı hər şey “təbii axarı” ilə gedirdi. İndi isə fərqli bir vəziyyət yaranmışdı.    Dəyişiklik isə özü ilə qaydalar gətirdi. Ədalətli və şəffaf imtahan prosesi güclü abitutiyentlərin qələbəsi ilə nəticələnirdi. Həm də elə abituriyentlərin ki, dəyişiklikdən əvvəl ali məktəbə qəbulu ağlına gətirə bilməzdi. Eyni zamanda yeni qaydalarla imtahan vermək müəyyən çətiliklər yaratdı: həm şagirdlər, həm də müəllimlər arasında. Şagirdlər tez bir zamanda uyğunlaşa bilsələr də, xeyli müəllim testdən baş çıxara bilmirdi. Əvvəl müxtəlif yollarla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan yetirmələri ilə fəxr edən xeyli müəllim çaş-baş vəziyyətdə test üsulunu qınamağa başladı.   İndi yeni zaman yeni tip müəllimlər də yetişdirdi. Tədricən bu müəllimlər işgüzar müəllimlərə çevrildilər və oldular REPETİTOR. Get-gedə “qonşudan qalma geri” prinsipi çoxlarını repetitora çevirdi. Amma repetitor bazarı rəqabət mühiti də yaratdı. Onlar növlərə bölündülər: bunker müəllimi, kurs müəllimi, savadlı və peşəkar müəllim və “yanıma gəlməsən, belini qıraram” müəllimləri. Növlərə bölünmüş repetitorlar öz ranqlarına uyğun qiymətlər də təyin etməyə başladılar. Əvvəlki korrupsiya halları indi başqa formada valideynlərin narazılığna səbəb olmağa başladı. Artıq bu narazılıq kütləvi hal alıb.    Əvvəldə qeyd etdiyimiz kimi repetitorluq bir çox inkişaf etmiş ölkələrdə də mövcuddur. Amma bizdə olan kimi çox söz-söhbətə səbəb olmur. Ölkədə təhsil sistemini “vurmaq” üçün ən tutarlı faktlardan biri sayılır. Təhsil sisteminin çöküşünə səbəb olan sabiqlər də əlinə fürsət düşən kimi hücuma keçir və bir neçə fakt sadaladıqdan sonra repetitorluq fəaliyyətinin geniş yayılmasının səbəbini yarıtmaz fəaliyyətdə görürlər.   Bəli, təhsil sisteminin ciddi islahatlara ehtiyacı var. İslahat isə həmin an nəticə verməyə bilir. Çünki təhsil sistemi elə bir qurumdur ki, orada edilən dəyişiklik öz nəticəsini müəyyən prosesdən sonra göstərir.   Bəs repetitorluq fəaliyyətinin neqativlərini yox etmək üçün hansı addımlar atılmalıdır? Bu zaman ilk addım dünya təcrübəsini nəzərdən keçirmək lazım gəlir. Bəzi ölkələrdə bu fəaliyyət qanunlarla tənzimlənir. Fikrimizcə, bu, kompleks tədbirlər nəticəsində mümkündür. Atılacaq ilk addım sinifdə dərslərin keyfiyyətini artırmaq olmalıdır. Dərsin keyfiyyəti isə peşəkar və daim yenilənən müəllim tərəfindən təmin oluna bilər. Dərsin  keyfiyyətinə nəzarəti təşkil etmək, mentorluq sistemini təkmilləşdirmək də dərsin keyfiyyətini şərtləndirən amillərdəndir. Növbəti addım tədris prosesi ilə buraxılış imtahanları arasındakı məzmun və forma fərqlərini, bəzi hallarda ziddiyyətləri aradan qaldırmaq olmalıdır. Bu fərq və ya ziddiyyət ETN və DİM tərəfindən birgə aradan qaldırılmalıdır. Ən vacib olan isə repetitorluq fəaliyyətinin qanunla tənzimlənməsidir. Məsələn, müəllimin öz şagirdinə repetitorluq etməsi xüsusi razılıqla olmalıdır. Doğrudur, bu, bəzən neqativ hallara da yol aça bilər. Belə olduqda rəhbərlik, valideyn, müəllim və şagird konsensusu nəzərə alına bilər.  Repetitorluq fəaliyyətinin vergi orqanlarında qeydiyyatı, DİM və MİQ ekspertlərinə bu fəaliyyətlə məşğul olmalarına müəyyən hədd qoyulması da vacib addımlardan ola bilər. Hidayət Allahverdi,  Müsavat Partiyası Təhsil Komiyyasının sədri

Şəhid anası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib. Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb. Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Bank kartlarından 20 min manatdan çox pul oğurlandı

Vətəndaşların bank kartlarından aprelin 25-də 20 min manatdan çox pul oğurlanıb. Bu barədə Sozcu.az Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: "Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar". Məlumata görə, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb: "Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Pakistan ordusundan əməliyyat: terrorçular məhv edildi

Pakistan ordusu Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb. Əməliyyatlar zamanı ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) 6 üzvü məhv edilib, daha 4-ü isə yaralanıb. Ərazinin terrorçulardan təmizlənməsi ilə bağlı əməliyyatlar davam etdirilir. Qeyd edək ki, hərbçilər arasında itkinin olmadığı bildirilib.

Küçədə çobanın meyiti tapıldı

Ağdaşda kənd ərazisindən meyit tapılıb. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə Kükəl kəndində qeydə alınıb. Kənd sakini olan 45 yaşlı Elnur Mənsur oğlu Abdullayevin meyiti küçədə aşkarlanıb. Məlumata görə, mərhum örüşdə heyvan otarırmış. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır.

Ağdaşda ağır qəza: ölən var

Ağdaş rayonunda yol qəzası olub, ölən var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb. Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Hindistan və Pakistan arasında atışma yenə başladı

Hindistan və Pakistan hərbçiləri arasında yenə toqquşma baş verib. Sozcu.az xəbər verir k, bu barədə “Röyters” məlumat yayıb. Hindistan ordusu cümə günü gecə yarısından sonra Kəşmirdə Hindistan və Pakistanın nəzarətində olan əraziləri ayıran 740 km-lik de-fakto sərhədi boyunca Pakistan ordusunun mövqelərindən açılan atəşə qarşılıq verdiklərini açıqlayıb. Qeyd edək ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyənləşib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib. Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.