"Bu əməliyyat Nəcməddin Sadıkovun xəyanətlərindən biridir" - Rey Kərimoğlu

Fevralın 14-də Murovdağ faciəsinin 31-ci ili tamam olub. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə Murovdağ əməliyyatı və bu döyüşlərdə şəhid olanların sayı, eləcə də hadisələrin gedişatı ilə bağlı müzakirələr aparılır. Bəzi istifadəçilər faciə zamanı 1500-dən artıq hərbçimizin donaraq həyatını itirməsi bildirilir. Bu rəqəmin ortaya çıxmasında isə “Vikipediya”da daha əvvəl yerləşdirilmiş məlumat rol oynayıb. Onlardan 1337-sinin donaraq öldüyü, 111 nəfərin itkin düşdüyü, digərlərinin isə döyüş şəraitində şəhid olduğu qeyd olunur. Ancaq keçmiş döyüşçülər, eləcə də əməliyyatda iştirak etmiş zabitlər Murovdağ faciəsi zamanı insan itkisinin təxminən 250 nəfər olduğunu bildiriblər. “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi jurnalist Rey Kərimoğlu da “Vikipediya”dakı yanlışlığın aradan qaldırılması barədə paylaşım edib: “Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müavini Nəriman Zeynalovun sözlərinə görə, istintaq zamanı dəqiqləşib ki, 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. Adlı siyahı da var istintaqda. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub”. R.Kərimoğlu Murovdağdakı uğursuzluğun Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycana qarşı xəyanətlərindən biri olduğunu bildirib.

Tam 12 gün ardıcıl qeyri-iş günü olacaq

Xəbər verdiyimiz kimi, mart ayının 20 və 24-ü Novruz bayramı ilə bağlı qeyri-iş günüdür. Sozcu.az xəbər verir ki, 22 və 23 mart tarixləri şənbə və bazara düşdüyü üçün, qanunvericiliyə uyğun olaraq, şənbə-bazar istirahət günləri bayram günündən sonrakı ilk iş gününə keçirilir və buna görə də 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq. Azərbaycanda 30-31 martda Ramazan bayramı qeyd ediləcək və bu günlər də qeyri-iş günüdür. 30 mart bazar gününə təsadüf etdiyindən, 1 aprel də qeyri-iş günü olmalıdır. Nazirlər Kabinetinin bu gün verdiyi qərarla, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart tarixləri ilə 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, 1 aprel iş günü olacaq. Bununla da Azərbaycanda 20-31 mart - 12 gün ardıcıl qeyri-iş günləri olacaq.

Ramazan ayı nə vaxt BAŞLAYIR?

Mətbuatda və sosial şəbəkələrdə Azərbayanda Ramazan ayının martın 1-dən başlayacağı barədə xəbərlər yayılıb. Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi, Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi iddia edilib. Yayımlanan təqvimə görə, martın 30-u və 31-i Ramazan bayramı qeyd ediləcək. Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək. Qeyd edək ki, ötən il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il Ramazan ayının başlaması ilə əlaqədar fətva verir. Yayılan xəbərlərlə bağlı Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib ki, Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qərar qəbul edilməyib: “Qafqaz Müsəlmanlar İdarəsinin bununla bağlı iclası hələlik olmayıb və fətva verilməyib”, - o deyib. Qeyd edək ki, fətvanın yaxın günlərdə veriləcəyi gözlənilir. İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Bu rayonlara güclü qar yağdı

Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Dağlıq rayonlara qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda 8, Qobustan, Şuşada 7, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə 5, Xankəndi, Şərur, Gədəbəydə 3, Göygöl, Qusarda 2, Xocalı, Şəki, Zaqatala, Şamaxı, Naxçıvanda 1 sm olub. Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə 7, Ağsuda 6, İmişli, Sabirabadda 5, İsmayıllı, Zərdabda 4, Göyçay, Beyləqan, Biləsuvar, Lənkəranda 2, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada 1, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub. Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Bakıda itkin düşən kişinin meyiti körpünün altından tapıldı

Bakıda körpünün altından kişi meyiti tapılıb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Andiçmə mərasimi: MN valideynlərə müraciət etdi

Azərbaycan Ordusunun hissə və bölmələrində fevralın 16-da gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: "Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".

Bakıda ər-arvad "Sevgililər günü"ndə öldü

Bakıda ər-arvad qazdan boğulublar. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçık vulkanı adlanan ərazidə baş verib. 46 yaşlı H.Ə. və həyat yoldaşı 45 yaşlı F.Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

Ermənistanın Vətən müharibəsi dövründə hansı terror təşkilatının üzvlərindən istifadə etdiyi açıqlanıb

Ermənistan Vətən Müharibəsi gedişatında muzdlu döyüşçülərdən istifadə edib. Bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Təranə Məmmədova ittiham aktını elan edən zaman bildirilib. O bildirib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib. Bundan başqa, “ASALA” terror təşkilatı, “PKK-PYD-YPG” terror təşkilatları, Fransanın “Zouaves Paris” (ZVP) qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycanın Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.

Zelenskiyə ona istənilən vaxt zəng etməyə icazə verib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın ona nömrə verdiyini və “istənilən vaxt” zəng etməyə icazə verdiyini etiraf edib. Zelenski bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı danışıb. Zelenski 2024-cü ilin iyulundan Trampla birbaşa ünsiyyətdə olduğunu bildirib.

170 azərbaycanlı işgəncələrlə öldürüldü

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad Musayev ittiham aktını elan edən zaman bildirilib. O qeyd edib ki, əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb: "Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib".

Gədəbəydə avtomobil aşdı: yaralılar var

Gədəbəydə yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Saratovka kəndində "Tofaş" markalı avtomobil aşıb. Nəticədə Elxan Qurbanov və Fazil İbrahimov xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

"Türkiyə Rusiyaya neft zərbəsi endirib" - "Bloomberg"

"Qərb sanksiyalarından sonra Türkiyənin xam neft idxalının 65 faizi məhz Rusiyanın payına düşüb..." Rusiyanın neft strategiyası göz önündə çökür: Türkiyənin ən böyük "Tupras" neft emalı zavodu qiyməti G7-nin müəyyən etdiyi 1 barrelə görə 60 dollar həddini aşan Rusiya neftinin alışını dayandırır. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 27-dən etibarən "Tupras" sanksiya tələblərinə cavab verməyən Rusiya nefti partiyalarını tamamilə rədd edəcək. Bu, Moskvanın ən iri alıcılarından birini itirdiyi və ya nefti ucuz qiymətə satmağa, ya da getdikcə çətinləşən alternativ yollar axtarmağa məcbur olduğu deməkdir. "Bu, Rusiyanın neft ixracına ağır zərbədir", - analitiklər bildirir. "Tupras" Rusiya neftinin əsas alıcılarından biridir. Türkiyə xüsusilə də Qərb sanksiyalarından sonra Rusiya neft sektoru üçün xilasedici dairəyə çevrilib. Ölkənin xam neft idxalının 65 faizi məhz Rusiyanın payına düşüb. 2024-cü ilin ilk 11 ayı ərzində Türkiyə 29,1 milyon ton Rusiya neft məhsulları idxal edib. Təkcə "Tupras" 2024-cü ildə gündəlik 290 min barel Rusiya nefti alıb ki, bu da Rusiyanın dəniz yolu ilə ümumi ixracının 5,5 faizini təşkil edib.  İndi bu axın dayandırılır. "Bloomberg"-in məlumatına görə, Rusiya tədarükçüləri nefti böyük endirimlərlə təklif etməyə məcburdur, lakin hətta bu da satışları təmin etmir. Yanvarın 10-da tətbiq edilən ABŞ sanksiyaları artıq Rusiya neft ticarətinə ciddi zərbə vurub: Hindistan sanksiyalara məruz qalan Rusiya şirkətlərindən neft alışını azaltmağa başlayıb. Çin isə maliyyə əməliyyatları ilə bağlı risklərin artması səbəbindən əlavə endirimlər tələb edir. Rusiya məhdudiyyətlərdən yayınmaq üçün yeni sxemlər axtarır, lakin bu, yalnız xərcləri artırır. "Moskva üç il sanksiyalara tab gətirib, lakin Baydenin Yeni il ərəfəsindəki zərbəsi həlledici ola bilər. Rusiya hələ ki, itkiləri necə kompensasiya edəcəyini bilmir", - Qərb ekspertləri bildirir. "Tupras"-a tədarükün dayandırılması və Asiya bazarlarına təzyiq Rusiyaya milyardlarla dollar itki verə bilər. Yanvar sanksiyalarından sonra "Urals" markalı Rusiya nefti 60 dollardan ucuz satılır. İxrac gəlirləri düşür, Rusiya alıcılarını itirir və yeni bazarlar böyük endirimlər tələb edir. Moskva hətta sanksiyaları dəstəkləməyən ölkələr belə əməkdaşlığa yenidən başlamasına rəğmən, əsas tərəfdaşlarını itirmək riski ilə üz-üzədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, yanvar ayında Rusiya neftinin ixracı gündə 60 min barel, neft məhsullarından gəlirlər isə 400 milyon dollar azalıb. Rusiya yeni yollar axtarmağa çalışacaq, lakin bu, getdikcə çətinləşir. Kölgə donanmasına nəzarət güclənir, sanksiya mexanizmləri isə daha sərt işləyir.

Bəzi yerlərdə qar yağır - FAKTİKİ HAVA

Fevralın 14-ü saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, fevralın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır. Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Mehman Əliyev "Turan"ın yeni formatından DANIŞDI

"Turan" İnformasiya Agentliyi ötən gün oxucularına müraciət edərək, fəaliyyətini dayandırdığını bildirib. Agentliyin baş direktoru Mehman Əliyevin bununla bağlı açıqlamasında deyilir:  "Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır". "Turan" İnformasiya Agentliyinin rəhbəri "yeni format" deyərkən nəyi nəzərdə tutub? Modern.az Mehman Əliyevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə olunacaq: "Əslində biz bu formata 2017-ci ildə mən həbsdən çıxandan sonra başlamaq istəyirdik. Bizdə analitik xidmət var, onu işlədirik. Mən onun missiyasını başqa cür görürdüm. Lakin həmin vaxt bu alınmadı. Bunun cürbəcür səbəbləri var. Biz təzədən o formatı canlandırmaq istəyirik. Təxminən tədqiqat mərkəzi kimi bir şeydir. İndi o istiqamətdə işləmək imkanlarımız daxilində mümkündür. Dar çərçivədə bunu edə bilərik. Özü də təcrübələrimiz buna ehtiyac olduğunu deməyə əsas verir. Bu, demək olar ki, optimallaşdırmaq məsələsidir. Yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə ediləcək.  Bizim müxbirlərimiz əslində başqa media orqanlarında da işləyirlər. Ona görə də burada elə bir problem yoxdur. Necə tərkibdə ola biləcəyimiz gələcəyin işidir. Hələlik 5-6 nəfərlik tərkib ola bilər. Bu, hələ ki planlardır. Gündəlik 12-13 saat işləyirik, indi oturub yeni iş nədən ibarət olacaq, hansı istiqaməti götürəcəyik, dünya tendesiyaları nədir, bunları təhlil edəcəyik. Ona görə də hələ vaxt lazımdır ki, həmin strukturun layihəsini yaradaq, onun əsasında hərəkət edə bilək". M.Əliyev nə zaman işə başlayacaqlarından da danışıb: "Bu məsələyə 15-20 gün ərzində aydınlıq gələ bilər. Çünki hazırda müəssisənin bağlanma prosesi gedir, vergilər, texniki məsələrlə məşğulam. İşçilər martın 1-nə qədər qalırlar. Ayın 1-dən işçilərin müqavilələrinə xitam veriləcək. Sonra baxacağıq. Yeni xidmətdə maraqlı ola biləcək cürbəcür təşkilatlarla danışıqlar aparacağıq. Kimlər qalacaq, kimlər gedəcək - bu məsələyə baxacağıq". Bəs maliyyə məsələləri necə həll ediləcək? "İndiyə qədər təxminən ildə 140 min abunəçidən ödəniş yığırdıq. Analitik xidmət məsələsinə gələndə baxacağıq. Yenə də qeyd edirəm ki, heç olmasa, balaca bir qrupun işini təmin etmək üçün lazım olan vəsaiti biz gərək cəlb edək. Bizi tanıyırlar, yeni deyilik. Təcrübəmizə bələddirlər. Bizimlə kimlərin işləmək istəyəcəyini, abunəçimiz ola biləcəyini araşdıracağıq. Ondan sonra hərəkət edəcəyik. Bəlkə heç bizi istəməyəcəklər. Ona görə əvvəlcə təkliflərimizi təqdim edəcəyik. Görək kimlər qəbul edəcək. Sonra bizim nə qədər vəsait ayığa biləcəyimiz dəqiqləşəcək. Ona uyğun işləyəcəyik. Bəlkə 3-4, bəlkə də 15 nəfər işçimiz olacaq. Ancaq təcrübəmiz, əlaqələrimiz var, bizi tanıyırlar. Hesab edirəm ki, həmişə müstəqil olmuşuq. Müstəqil analizlərə, yanaşmalara da çox böyük ehtiyac var. Bu baxımdan hesab edirəm ki, bizimlə rəqabət tərəfi yoxdur".

"Putin-Tramp görüşünü təşkil etməyə hazırıq"

Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlara ev sahibliyi etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Krallıq Səudiyyə Ərəbistanında sammiti məmnuniyyətlə keçirməyə hazır olduğunu bildirir", - açıqlamada deyilir. XİN-dən Səudiyyə Ərəbistanının Ukrayna və Rusiya arasında uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirdiyi vurğulanıb.

Azərbaycanla Ermənistan razılığa GƏLDİ

Fevralın 14-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Məmur arvadını və ustanı öldürən kişiyə ÖMÜRLÜK HƏBS

2023-cü ilin fevralında Tərtərdə həyat yoldaşı 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və həyətdə usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi güllələyərək qətlə yetirən Asəf Məmmədova hökm oxunub. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü A.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.7-ci (Xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla 2 və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib. İstintaq vaxtı A.Məmmədov hadisəni qısqanclıq zəminində törətdiyini, evdə səsyazan qurğu quraşdırdığını və əldə etdiyi məlumatlara əsasən, bu cinayəti törətdiyini iddia edib. Lakin ekspertiza və digər araşdırmalar zamanı G.Məmmədovanın ailəsinə xəyanət etməsini sübut edən hər hansı fakt aşkar edilməyib. Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Namiq Allahverdiyev cütlüyün evinin qonşuluğunda - G.Məmmədovanın qardaşının həyətində atası ilə birgə usta işləyirmiş.

Ukraynanın uğursuzluğu ABŞ-ı zəiflədər - Leyen

Ukraynanın uğursuzluğu Avropa ilə bərabər, ABŞ-ı da zəiflədər. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında deyib. Leyen qeyd edib ki, vəzifələri yalnız bu ilin geosiyasi mənzərəsini təsvir etmək deyil: "Onu elə formalaşdırmaq lazımdır ki, bizim transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin etsin".

Parlamentdə sənədsiz evlərdən danışıldı: "1 milyona yaxın..."

Bakıda yarım milyon sənədsiz ev var. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bugünklü plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, bunun bir sıra obyektiv səbəbləri var. "Əgər qeyri-rəsmi rəqəmlərə inansaq, ümumilikdə 1 milyon sənədsiz ev var. Bu da  bələdiyyələrin 1 milyon evdən gəlir götürə bilməməsi deməkdir ki, bu da ciddi rəqəmdir. Sənədləşdirmə işləri sürətlə aparılarsa, həm mənzil bazarı canlanacaq, həm də bələdiyyələr üçün bu sərfəli olacaq.  Eləcə də ev sahibləri  də fayda götürəcək. Belə ki, onlar sənədsiz evlərə sərəncam verə bilmirlər, alğı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sərəncamına uyğun olaraq, sənədləşmə işləri aparılarsa, həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən ermənilərin məhkəməsi davam edir

Bu gün Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdiriləcək. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, ötən məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsinin elanı ilə davam etdirilib. Daha sonra məhkəmənin davamı fevralın 14-nə təyin edilib. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Nərimanovda 2 nəfər küçədə öldü

Bakı şəhər Nərimanov rayonunda iki nəfər küçədə ölüb. Sozcu.az qafqazinfo-ya istinadla xəbər verir ki, Tovuz rayon sakini 1976-cı il təvəllüdlü F.Cəfərov Həsən Əliyev küçəsi 115 ünvanının qarşısında ölüb. Bundan başqa, tüfeyli həyat tərzi sürən 1966-cı il təvəllüdlü E.Əhmədov küçədə halsız vəziyyətdə qalması səbəbindən təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə aparılıb. Daha sonra onun ölməsi məlum olub. Hər iki faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağdamda insan sümüklərinin qalıqları tapıldı

Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, qalıqlar ərazidə inşaat işlərinin aparılması zamanı tapılıb. Faktla bağlı araşdırma aparılır.

Ağdamda yük maşını minaya düşdü

Ağdamda yük maşını minaya düşüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş c ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən “HOVA” markalı yük maşınına ciddi ziyan dəyib. Xəsarət alan olmadığı deyilir.

Erməni təcavüzü nəticəsində öldürülən hərbçilərimizin sayı açıqlandı

1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub. Sozcu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli, həmçinin Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib. Belə ki, 1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.