Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər...

Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib. Sozcu.az xəbər verir ki, o, Report-a açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar. "Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım gicəllənir. Məni döyəndə burnumdan qan açıldı və sonra dedilər ki, qanı sil. Qanın mənə aid olduğunu sübut edə bilməmək üçün bunu etdilər", - R.Səfərov deyib. O əlavə edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları evə girəndə heç bir sənəd göstərməyiblər: "Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər. Ayaqlarını başıma qoyub dedilər ki, sən atanın etmədiyi şeyi de. Onu sat. Yoxsa səni öldürərik". Hadisə şahidinin sözlərinə görə, onlar evdən pul, qızıl əşyalar, maşınlarının nömrəsinə qədər - hər şeyi aparıblar. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

İyunun 27-si səhər saat 5-də yatdığımız yerdə evimizin qapısını qırıb, mənzilə hücum etdilər. Sozcu.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərinə hücuma məruz qalan Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyib. O bildirib ki, maskalı şəxslər xüsusi hazırlanmış dəmir alətlə mənzilin qapısını qırıblar: "Birinci qapı döyüldü. Anam dedi ki, sahə müvəkkilidir. Yerimdən durub qapıya yaxınlaşdım, gözlükdən baxanda gördüm ki, qapıda 20-yə yaxın maskalı şəxs var. Dedilər ki, üçə qədər sayırıq, qapını açmasanız, qıracağıq. Mən qapını açmağa macal tapmamış, qapını qırıb evə daxil oldular. İçəri girən kimi hamımızı uzatdılar yerə, çıxdılar belimizə. Bellərindən dəmirli kəmərləri açıb başladılar bizi döyməyə. Məni, qardaşımı və atamı lüt soyundurdular, başladılar həmin kəmərlərlə bizi vəhşicəsinə döyməyə. Heç kimə heç nə demirdilər. 40 dəqiqə bizi evdə vəhşicəsinə döydülər. Sonra üçümüzü də yerlə sürüyə-sürüyə gətirib "QAZel" markalı mikroavtobusda ayaq altına atdılar. Sürüyəndə ayağım burxuldu, dedim ki, yeriyə bilmirəm. Başladılar yenə döyməyə ki, ayağa qalxmalısan, yoxsa öldürəcəyik. Üçümüzün də boynundan basıb sürüyə-sürüyə atdılar maşına. Sonra yenə "QAZel"də yerə yıxıb çıxdılar üstümüzə. Bizi maşında döyə-döyə apardılar polis idarəsinə. Qardaşımla məni bir kameraya saldılar, atamı ayrı kameraya. Kameraya salan kimi başladılar bədənimizə elektrik cərəyanı verməyə. Elektrik cərəyanı verirdilər, döyürdülər, işgəncə verirdilər. Deyirdilər ki, Paşayevi tanıyırsınızmı? 2001-ci ildən danışırdılar. Başqa heç nə demirdilər. Elə ancaq onu soruşub döyürdülər. Dedim ki, mən 1997-ci il təvəllüdəm, 2001-ci ildə mənim 4 yaşım olub. Dedilər ki, yəqin atandan eşidərsən, boynuna al". R.Səfərov deyir ki, polis idarəsində onlara deyiblər ki, ya döyüb öldürəcəklər, ya da könüllü formada Ukrayna döyüşlərinə göndərəcəklər: "Dedilər ki, ya sizi döyə-döyə öldürəcəyik, ya da Ukraynaya müharibəyə göndəririk. Mən bildirdim ki, 2018-ci ildə Rusiya vətəndaşı kimi hərbi xidmətdə olmuşam. Dedilər ki, fərqi yoxdur. Sonra yenidən başladılar bədənimizə elektrik cərəyanı verməyə. Sonra məni qardaşımdan ayırıb, dəhlizdə uzandırdılar. Dəhlizdən keçən hər kəs məni vurub üstümdən keçirdi. Başıma, bədənimə, qarnıma təpiklə vurub keçirdilər. Sonda məni ayağa qaldırıb dedilər ki, qol çək, səni Ukrayna döyüşlərinə göndəririk, ya orada öləcəksən, ya da polis bölməsində. Sənədləşmə aparırdılar ki, məni və qardaşımı Ukrayna döyüşünə göndərsinlər. Elə bu vaxt Azərbaycanın Yekaterinburqdakı diasporunun sədri Şahin Şıxlinski gəlib, bizi onların əlindən aldı. Yoxsa bizə qol çəkdirib Ukrayna müharibəsinə göndərəcəkdilər. Şahin müəllim danışıqlar aparıb məni və qardaşımı azad etdi. Hazırda yeriməyə çətinlik çəkirəm".

Ukrayna Rusiyanın 3 helikopterini məhv etdi

Ukraynanın Təhlükəsizlik Xidməti Krımın “Kirovskoye” aerodromunda "Pantsir-S1" zenit raket atəş kompleksi və 3 ədəd Mi-8, Mi-26 və Mi-28 hərbi helikopteri partladıb. Sozcu.az xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzi məlumat yayıb. PUA-lar vasitəsilə həyata keçirilən əməliyyat zamanı Rusiya ordusuna məxsus silah anbarları da sıradan çıxarılıb. Qeyd edək ki, gecə saatlarında həmin aerodromda 2 dəfə partlayış səsi eşidilib.

Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapıldı

Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub. Qeyd edək ki, hadisə iyunun 26-sı baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya kollektoruna düşüb.

Trampla uğurlu görüş oldu, Rusiyaya sanksiyalar... - Zelenski

Ukraynaya "Patriot" havadan müdafiə sistemlərinin tədarükü və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə uğurlu söhbətimiz baş tutdu. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla son görüşü barədə danışarkən deyib. O qeyd edib ki, tərəflər müdafiə, xarici işlər nazirlikləri və digər səviyyələrdə əlaqələr barədə razılıq əldə ediblər.

"Sertifikasiyada imtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub" - Şok açıqlama

"2025-ci il müəllimlərin sertifikasiya imtahanının təşkili ilə bağlı ortaya çıxan faktlar, sadəcə səhlənkarlıq deyil – bu, düşünülmüş və sistematik pozuntularla müşayiət olunan, etibarı və obyektivliyi yerlə bir edən bir fəlakətdir. İmtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub, konkret adamlara “yer saxlanılıb”, digərlərinə isə orada oturmağa icazə verilmir. Bu açıq-aşkar saxtakarlığa hazırlıqdır. Əgər bir imtahan zalında oturacaq yerlər belə əvvəlcədən bölüşdürülübsə, bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb. O, daha sonra qeyd edib: "Bundan da biabırçısı – imtahan zamanı kompüterlərin “təsadüfən” sönməsi, donması və guya texniki problemlərlə nəticənin gecikdirilməsidir. Bu hallar tək-tük deyil, kütləvidir və məqsədli şəkildə aparıldığı açıq görünür. Texniki problem adı altında bəzi namizədlərə əlavə vaxt verilir, bəzilərinin isə diqqəti pozulur, nəticələrə ciddi təsir göstərilir. Bu vəziyyəti idarə edən qurum – imtahanı təşkil edən struktur – ya prosesi nəzarətsiz buraxıb, ya da bu xaosun içində öz maraqlarına xidmət edənlərə yol açıb. İmtahanın təşkili bu qədər bərbad, ədalətsizlik bu qədər açıq-aşkar, təhlükəsizlik bu qədər zəif ola bilməz! Gələcək nəsilləri onlara etibar etmək – bu ölkənin gələcəyini bilərəkdən qaranlığa sürükləməkdir. Bu sadəcə bir imtahanın problemi deyil. Bu sistemin içində çürümüş, korrupsiyalaşmış, ədaləti tapdalanmış və saxtakarlığı normal hala çevirmiş mexanizmin ifşasıdır. Təşkilatçı qurum dərhal cavab verməli, məsul şəxslər ifşa olunmalı və nəticələr yenidən araşdırılmalıdır. Əks halda sertifikasiya adı altında keçirilən bu imtahanların heç bir mənəvi, hüquqi və pedaqoji legitimliyi qalmayacaq". Qeyd edək ki, son günlər keçirilən müəllimlərin sertikatlaşdırılması prosesindən ciddi narazılıqlar var. Sosial şəbəkələrdə müəllimlər tərəfindən imtahanlarla bağlı ittihamlar səslənir. Elm və təhsil naziri Emin Əmrullayev isə narazılıqlara münasibət bildirərək deyib ki, sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacaq.

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Basqın zamanı yaralanan daha bir azərbaycanlı öldü

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın zamanı yaralanan daha bir həmyerlimiz ölüb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, qətlə yetirilən Kamal Qədiməli oğlu Səfərovdur. Kamal Səfərov basqın zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğludur. Kamal Səfərov dünən Federal Təhlükəsizlik Xidməti tərəfindən tutulub aparılıb. Onun işgəncə ilə döyülüb öldürüldüyü bildirilir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterenburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb. Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır. Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Rəsmi Bakıdan Rusiyaya tələb: azərbaycanlıların qətli...

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. XİN-dən Sozcu.az-a daxil olan sənəddə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya bazarlarında neft cüzi ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 67,77 dollara, yüngül neft isə 65,52 dollara təklif edilir.

İrəvan məhkəməsi arxiyepiskop Acapaxyanı həbs etdi

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib. Məlumata görə, Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir. İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq. Qeyd edək ki, Mikael Acapaxyan Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.

Məktəbdə transformator partladı: 29 şagird öldü

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə orta məktəblərin birində 5 mindən çox şagirdin buraxılış imtahanı zamanı transformator partlayıb. Sozcu.az xəbər verir ki, məlumat “Röyters” yayıb. Hadisə zamanı yaranmış çaxnaşmaya görə azı 29 şagirdin öldüyü bildirilir. Eyni zamanda, 260 nəfər də xəsarət alıb.

Tramp Konsresdən bunun üçün 1 trilyon dollar istədi

ABŞ Prezidenti Donald Tramp Konqresdən 2026-cı maliyyə ili üçün müdafiə xərclərinə 1,01 trilyon dollar istəyib. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, bu 2025-ci ilə nisbətən 13% çoxdur.

Sançes AB-ni sərt tənqid etdi

İspaniyanın Baş naziri Pedro Sançes AB-ni Rusiya və İsrailə qarşı sanksiyalarla bağlı qeyri-ardıcıl siyasətinə görə tənqid edib. Sozcu.az xəbər verir ki, o, bu barədə Avropa Şurasında çıxış edərkən deyib. Sançez AB-nin Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini, lakin İsrailin müqavilənin insan haqları ilə bağlı maddələrini ciddi şəkildə pozmasına baxmayaraq, Təl-Əvivlə əməkdaşlığı davam etdirdiyini bildirib: "Biz İsrailə qarşı eyni şeyi etmədikcə, Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq etməyin mənası yoxdur. Avropa ikili standartlar tətbiq edir və hətta İsraillə tərəfdaşlıq sazişini dayandıra bilməz".

Azərbaycanda ət bahalaşacaq - Video

Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur. Sozcu.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə yüksək olsa da, ot bazarında qiymətlər hələ də yüksək səviyyədə qalır. Tovuzda satıcılar qiymətlərin nisbətən aşağı düşdüyünü iddia etsələr də, alıcılar əksini deyir və qiymətlərin əvvəlki kimi yüksək olduğunu bildirirlər. Hazırda Şəki və İsmayıllı bölgələrində quru otun bir bağlaması 4-6 manat arasında satılır. Bazarda otun qiyməti 2 manatdan başlayır, lakin heyvanlar üçün daha faydalı sayılan yonca və vələmirin bağlaması 4-5 manatdan da yuxarı təklif olunur. İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, yem və digər təsərrüfat xərclərinin artması sonda ət məhsullarının da bahalaşmasına gətirib çıxarır. Onun sözlərinə görə, yaxın vaxtlarda ətin qiymətində yenidən artımın baş verməsi qaçılmazdır.

Ukrayna dronları Rusiya S-400-nü belə məhv etdi - Video

Ukrayna “Xəyalət” xüsusi təyinatlı dronları Krımda Rusiyaya məxsus S-400 sistemini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Bildirilib ki, dron idarəetmə və aşkarlama radarlarına, eləcə də buraxılış qurğusuna zərbə endirib.

Paşinyan Ter-Petrosyanı da hədələdi

"Mən bayaq xəbər tutdum ki, dövləti məhv edən vəba Levon Ter-Petrosyan kilsəni məhv edən vəba Ktriç Nersisyanla (II Qaregin-red.) dünən görüşüb. İndi araşdıracağam görüm, onlar nə boş-boş danışıbar". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yazıb. Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan iyunun 25-də bütün ermənilərin katolikosu II Qaregini qəbul edib. Ermənistan KİV-nin məlumatına görə, bir saata yaxın davam edən görüşdə ölkədəki mövcud vəziyyət, baş nazir Nikol Paşinyanın iş adamı Samvel Karapetyanı həbs etdirməsi məsələsi müzakirə olunub. Levon Ter-Petrosyan Paşinyanı məğlubiyyətin təcəssümü adlandırıb. Eks-prezident deyib ki, baş nazir Qarabağ müharibəsində biabırçı şəkildə uduzdu, erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də mütləq uduzacaq.

Kəlbəcərli müəllimdən 60 ballıq nəticə

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncü günündə - dünən daha bir region müəllimi 60 bal toplayıb. Sozcu.az xəbər verir ki, Kəlbəcər rayonu 49 nömrəli tam orta məktəbin informatika müəllimi Alsu Mikayılova 60 bal toplayaraq yüksək peşəkarlıq nümayiş etdirib. Xatırladaq ki, dünənki rest imtahanına ümumilikdə 7096 nəfər müəllim dəvət olunub.

Sabirabadda ağır qəza: 2 gənc, 1 yeniyetmə öldü

Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında üç nəfər ölüb. Sozcu.az xəbər verir ki, hərəkətdə olan yük maşını QAZ-2410 markalı avtomobillə toqquşub. Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri 2000-ci il təvəllüdlü Fərid Amil oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Cəmil Vüqar oğlu Məmmədli və 2010-cu il təvəllüdlü Nihad Mahir oğlu Məmmədli ölüblər. Faktla bağlı araşdırma aparılır.

Hərbi hissənin maşını qaya daşlarına dəydi, hərbçimiz öldü

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib. Hərbi qulluqçunun dəfn mərasimində qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib. Qeyd edək ki, ötən gün Daşkəsəndə 1986-cı il təvəllüdlü Sadiq Əsgərovun içərisində olduğu hərbi hissənin avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Nəticədə hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub. Sadiq Əsgərov ailəli olub, 3 övlad atası idi.

Baqrat Qalstanyan həbs edildi

Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. Arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məhkəmə Qarabağdan qovulan separatçı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da iki aylıq həbs qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib. Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib. Qeyd edək ki, ötən gün Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyası üzvlərinin evlərində axtarışlar aparıb. Ermənistan İstintaq Komitəsi Keşiş Baqratı və digərlərini hakimiyyəti zorla ələ keçirmə cəhdində, o cümlədən teraktlar hazırlamaqda ittiham edir.

Aeroport yolunda qəza: ölən var

Ötən gün 23:00-da Suraxanı rayonu, aeroport şosesində ölümlə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, qəza nəticəsində KİA markalı, 77 YF 704 dövlət nömrə nişanlı minik avtomobili "Kamaz”la (11 BE 212) toqquşub. Nəticədə KİA-nın sürücüsü və bir sərnişin xəsarət alıb, digər sərnişin isə hadisə yerində həlak olub.

Kimya müəllimlərindən Emin Əmrullayevə etiraz - imtahan yenidən keçirilsin

Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanı ilə bağlı sosial şəbəkələrdə narazılıq artır. Müəllimlər imtahanın məzmununun kimya fənninə uyğun olmadığını, sualların əsasən riyazi yönümlü olduğunu bildirirlər. Sozcu.az xəbər verir ki, kimya müəllimləri onlar üçün sertifikasiya imtahanının yenidən təşkil edilməsini tələb edirlər. Kimya müəlliməsi Sara Huseyn bildirib ki, onlar kimyadan yox, riyaziyyatdan imtshan veriblər: “Kimya adı altında riyaziyyatdan imtahan verdik. Biz məktəbdə kimya fənnini tədris edirik, riyaziyyat yox. Suallar vaxt aparan və mərhələliydi, 2 saat bu suallar üçün az vaxtdır. Kimyadan maksimum nəticə yoxdur. 49 balla imtahandan keçdim, amma 50+ olması üçün vaxtım çatmadı. Eyni gündə imtahan verən kimya və biologiya arasında ayrı-seçkilik oldu.” Digər bir müəllim – Afaq Cəbrayıllova isə imtahanda düşən sualların ümumiyyətlə kimya elminə uyğun gəlmədiyini qeyd edir: “Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanında salınan suallar heç də kimya elminə uyğun olmayan suallar idi. Mən kimya müəllimi olaraq bilmədim kimyadan, yoxsa riyaziyyatdan imtahan verdim. 48 bal toplasam və imtahanın test mərhələsindən keçsəm də, mən bu sualların təhlil olunmasını tələb edirəm. Yeni kimya müəllimləri bu qədərmi aciz və savadsız oldular ki, bu sualların öhdəsindən çoxluq olaraq gələ bilmədilər?” Şərifə Nəcəf Məmmədova isə sualların fənlər üzrə qeyri-bərabər səviyyədə tərtib olunmasından narazıdır: “Nəyə görə suallar salınanda bütün fənlərdə səviyyələr eyni olmur? Biologiya asan, kimya çətin salınıb. Kimya müəllimlərinin imtahanı riyaziyyat imtahanı kimi çox vaxt aparan olub. Müəllimlər haqlıdır – onlar riyaziyyat yox, kimyadan imtahan verirdilər.” Narazılıq edən müəllimlərin bununla baölı sosial şəbəkələrdə yazdıqlarını təqdim edirik: Tribunainfo.az

Trampdan Zelenski ilə görüş barədə ilk açıqlama

Prezident Vladimir Zelenski ilə Ukraynada atəşkəs məsələsini müzakirə etməmişik. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə Haaqada keçirilən görüşü şərh edərkən deyib. Qeyd edək ki, bu gün liderlər arasında keçirilən görüş 40 dəqiqədən çox davam edib.