Putinlə 2-3 həftə ərzində görüşmək olar - Tramp

ABŞ prezidenti Donald Tramp 2-3 həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İlham Əliyev Koşta və Leyenlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüşü olub. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rəsmi məlumatda deyilir: 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır. Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tiflisdə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib. Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Türkiyə, ABŞ və Suriya arasında Ankarada görüş keçirildi

Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Türkiyə, ABŞ və Suriya xarici siyasət idarələrinin rəhbərləri arasında üçtərəfli görüş baş tutub. Sozcu.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mark Rubio, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsəd əş-Şeybani arasında danışıqlar Belek rayonundakı NEST Konqres Mərkəzində keçirilib. Hakan Fidan Dəməşqə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılmasına və Suriyada sabitliyin pozulmasına yol verilməməsinə çağırıb.

Vüsal Məmmədov işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Vüsal Ələkbər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət...

"Desəm öldürərlər, deməsəm ölləm". Şair necə də düzgün yazıb bu misraları... Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət... Məlumdur ki, Azərbaycanda sosial-iqtisadi vəziyyəti aşağı olan, ağır durumda yaşayan yüzlərlə vətəndaşın mənzili yoxdur. Həmin vətəndaşlar məcburiyyət qarşısında qalaraq, ailə üzvlərilə birlikdə soyuq yarımtikililərdə, daxmalarda, zirzəmilərdə, eləcə də kommunal şəraiti olmayan "ev"lərdə səfalət içində kirayədə yaşayırlar.  Çox qəribədir ki, zəngin ölkədə yaşayan vətəndaşların mənzili niyə olmasın ki? Şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, neft-qaz ölkəsi olan milyonlar səltənəti Azərbaycanda aztəminatlı və çoxuşaqlı ailələrin mənzili nə üçün yoxdur axı? Azərbaycan saysız-hesabsız təbii sərvətlərə malik olduğu halda, belə bir zəngin məmləkətin vətəndaşlarının mənzili nəyə görə olmalı deyil? Görəsən bunun səbəbi nədir? Yəni yüksək vəzifəli məmurlar bu sualın cavabını bilmir? Əslində bu sualların ən düzgün cavabını məmurlar daha yaxşı bilir. Hörmətli oxucular, bəs sizlər necə, bilirsinizmi bu sualların cavabını?  Sizcə, bunun səbəbləri nədədir? Bu haqda düşünmüsünüzmü nə vaxtsa? Yoxsa bu haqda düşünməyi hələ bu vaxta qədər ağlınızdan keçirməmisiniz? Axı hansı səbəblər baxımından Azərbaycan adlı məmləkətdə məmurlar təmtəraqlı, möhtəşəm, bər-bəzəkli villada yaşayır, kasıblar isə daxmaya bənzər kirayə "ev"lərdə, (ev demək mümkünsə) min bir çətinlik içində, əzab-əziyyətlə dilənçi günündə yaşayır?  Bu yedə sual yaranır. Bu məmləkətin çoxlu sayda təbii sərvətlərindən, eləcə də neftdən gələn milyonlar, milyardlar hanı bəs? Zəngin ölkə olan Azərbaycanın yerüstü və yeraltı sərvətlərindən büdcəyə daxil olan maliyyə vəsaiti hara və necə xərclənir?  Necə bilirsiniz, bu pul-para korrupsioner məmurların cibinə dolurmu? Əgər belədirsə, haqq-ədalət budurmu? Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Azərbaycanda "Son zəng"lə bağlı ciddi QADAĞA

“Son zəng” tədbirinin təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağan edilib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib. O bildirib ki, bu, məntiq çərçivəsində keçirilməli bir tədbirdir: "Biz cəmiyyət olaraq öyrənə-öyrənə gedirik. İnanıram ki, valideyn-müəllim asosiassiyasının da vəsaitləri daha yaxşı şeylərə sərf olunmalıdır. Tədbirin təmtərağına yox, onun yadda qalmağının, özününkü olmağına yönəlməlidir". Vəfa Yaqublu qeyd edib ki, “Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir: "Bu o deməkdir ki, “Mən bu məktəbin bir hissəsiyəm. Bu məktəb də mənim üçündür”. O bildirib ki, uşaqlar “Son zəng” günündə məktəbli forması ilə də sağollaşırlar. Hər bir fəaliyyətin bir mənası olmalıdır: “Onlarla “Son zəng” tədbirində olmuşam. Bu tədbirlər emosional tədbirdir və uşaqlar öz emosiyalarını, fikirlərini səmimi şəkildə göstərməlidirlər. Məktəb ictimai qurumdur. Burada müxtəlif sosial rifah səviyyəsində olan insanlar təhsil alırlar. Bu cür tədbirlər o qədər ziyalıcasına, həssas qurulmalıdır ki, hər bir uşaq orada özünü komfort hiss etsin. 150 manatı verənin yanında o biri uşaq özünü piss hiss etməsin. Mən uşaqların səlahiyyətləndirilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Məşhur sosioloq-pedaqoq var – Rocer Hard. “Rocer Hardın nərdivanı” adlı nəzəriyyə var, orada uşaqların səlahiyyətləndirilməsini səkkiz pilləyə bölür. Ən aşağı pillənin adını “imitasiya-monipulyasiya” qoyub, ən yuxarı səkkizinci pillə isə uşaqların özlərinin tədbiri təşkil etməsi və böyüklərdən kömək istəməsidir. Bizim halımız “imitasiya-monipulyasiya” səviyyəsindədir. Hamısı bir-birinin təkrarı olan tədbirlərdə məzunlar emosiyaları sözlə ifadə etmək imkanından məhrum olurlar. Uşaq orada emosional zövq almır”.bakupost)

ABŞ rəsmiləri: Rusiya Ukraynada yeni hücum üçün qüvvə toplayır

ABŞ rəsmiləri hesab edir ki, Rusiya yaxın vaxtlarda Ukrayna ərazisində yeni hücum əməliyyatlarına başlaya bilər. Bu barədə CNN telekanalı məlumat yayıb. Amerikalı rəsmilər jurnalistlərə bildiriblər ki, Ukrayna və Rusiya nümayəndələri Türkiyədə mümkün görüşə hazırlaşdıqları bir vaxtda, Rusiya cəbhə bölgələrində hərbi qüvvələrini artırır. Bu hazırlıqlar, onların fikrincə, yeni ərazilərin işğalına yönəlmiş hücum planlarının göstəricisidir. CNN-ə danışan mənbə qeyd edib: “Putin Kiyev ətraflarınadək istənilən ərazini ələ keçirməyə çalışacaq. Ruslar əldə edə biləcəkləri hər şeyi almaq üçün bütün səylərini səfərbər edəcəklər”. Rəsmilər bu cür hərbi hazırlığın, eyni zamanda sülh danışıqlarına dair çağırışlarla paralel aparılmasının Moskvanın səmimiyyətinə dair ciddi suallar yaratdığını bildirirlər.

Alimenti ödəməyən 2298 nəfərin ölkədən çıxışına qadağa...

Ötən il alimenti ödəməyən 2 298 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2024-cü il ərzində 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib, 4 974 iş üzrə ödəniş edilməyib. Nazirlikdən verilən məlumata görə, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. 2025-ci ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115 265 nəfər, ödəməyənlərin sayı 5731 nəfər olub. 2025-ci ilin birinci rübündə aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb.

Danışıqlar bu gün və ya sabah baş tuta bilər - Zelenski

Ukrayna İstanbulda danışıqların vaxtı ilə bağlı ABŞ və Türkiyədən aydın siqnallar gözləyir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bildirib. "Danışıqlar bu gün və ya sabah baş tuta bilər", - Zelenski qeyd edib.

Rusiya İstanbul görüşünə ciddi yanaşmır - Zelenski

Rusiya tərəfi İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.

Yevlaxda 15 yaşlı qız əməliyyat zamanı öldü - Cinayət işi açıldı

Şəxsin cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Yevlax rayon prokurorluğunun məlumatında deyilir. Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

İlham Əliyev daha iki fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: 1.2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi; 1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti; 1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddində dəyişiklik edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789, № 12 (I kitab), maddə 1292) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.8-ci, 5-1.9-cu” sözləri “5-2.8-ci, 5-2.9-cu” sözləri ilə əvəz olunsun və həmin bəndə “13.3-1-ci,” sözlərindən sonra “14-1.1-ci maddələrində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində, 14-1.6-cı,” sözləri əlavə edilsin; 3.2. 2.4.1-ci yarımbənddə “ölkələrin” sözü “dövlətlərin” sözü ilə əvəz edilsin; 3.3. 2.5-ci bənddə “5-1.4-cü” sözləri “5-2.4-cü” sözləri ilə, “5-1.6-cı” sözləri “5-2.6-cı” sözləri ilə əvəz edilsin; 3.4. 2.5-1-ci bənddə “5-1.1-ci” sözləri “5-2.1-ci” sözləri ilə, “5-1.9-cu” sözləri “5-2.9-cu” sözləri ilə əvəz edilsin; 3.5. 2.9-1-ci bənddə “5-1.8-ci” sözləri “5-2.8-ci” sözləri ilə əvəz edilsin; 3.6. aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilsin: “2.13-2. həmin Qanunun 14-1.1-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 14-1.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 14-1.5-ci maddəsinin birinci cümləsində və 14-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur: 2.13-2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi; 2.13-2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti; 2.13-2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;”. 4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-2-ci yarımbənd əlavə edilsin: “3.1.16-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları yoxlamaq;”. *** Prezident İlham Əliyev “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1541 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 1. 1-ci hissədə, 2.1-ci və 2.2-ci bəndlərdə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin. 2. 4-cü hissə üzrə: 2.1. 4.1-ci bənddə “növü” sözü “istiqaməti” sözü ilə əvəz edilsin; 2.2. 4.2-ci bənd ləğv edilsin; 2.3. 4.3-cü bənddə “və yenidənhazırlanma növləri” sözləri “istiqaməti” sözü ilə əvəz edilsin.

Bakıda körpü uçdu, yol bağlandı

Bakının Qaradağ rayonunun Umbakı qəsəbəsində avtomobil körpüsü uçub. Sozcu.az Milli.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində yol bağlanıb. Yolun bərpası istiqamətində müvəqqəti işlərin görülməsinə başlanılıb.

Axşam Bakıya leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Daha 5 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 5 itkin-şəhid dəfn ediləcək.  Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Aytacdan sonra daha bir meyit tapıldı

Tiflisdə Kür çayının suyunun azaldılmasından sonra aparılan axtarışlar nəticəsində daha bir naməlum meyit aşkarlanıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, məlumatı Fövqəladə Halların İdarəetməsi Xİdməti yayıb. Bildirilib ki, axtarışlar nəticəsində mayın 14-də baş vermiş avtomobil qəzası ilə əlaqəli olmayan daha bir meyit aşkarlanıb. Xilasedicilər çaya düşmüş avtomobilin 2 sərnişinin meyitlərini də tapıblar. Qeyd edək ki, xilasedicilər ötən gün axtarışlar zamanı Ortaçala SES yaxınlığında naməlum qadın meyiti aşkarlayıblar. Tibbi ekspertiza nəticəsində onun Qardabani rayonunun Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın olduğu məlum olub. Avtomobil qəzası nəticəsində itkin düşmüş daha bir şəxsin axtarışları davam etdirilir.

Xaçmazda maşın 11-ci sinif şagirdini vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətlər alan piyada ölüb. Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu. Faktla bağlı araşdırma aparılır. 

Müəllimlərin sertifikasiya imtahanlarının dəqiq TARİXLƏRİ

İnsan Resursları Mərkəzi müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yeni məlumat yayıb. Sozcu.az xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. İnsan Resursları Mərkəzindən bildirilib ki, test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz: //youtu.be/lpLKFasQtm4 Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

“Georgi lenti” taxan yeni sədr - FOTO

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad olunub. Onun tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi Saleh Səmədova baha başa gəlib. Sozcu.az-ın məlumatına görə, S.Səmədovun vəzifəsindən azad edilməsindən sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq sədrin birinci müavini Vahid Tağıyevə həvalə olunub. Ancaq maraqlıdır ki, Vahid Tağıyev də Saleh Səmədovdan geri qalmır. Belə ki, Vahid Tağıyev də qalmaqala səbəb olan tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatılıb. Qeyd edək ki, S.Səmədovun atdığı addım Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Qurumun bu dəfə Vahid Tağıyevin sinəsindəki “Georgi lenti”nə necə reaksiya verəcəyi maraqla gözlənilir.bakupost)

"Kim müəyyən edəcək ki, həkim vicdanlı, yaxud vicdansız hərəkət edib?"

“Tibb işçilərinin fəaliyyəti bu cür tək-tük təsadüfi qaydalar, yaxud mənəvi prinsiplərlə deyil, konkret meyarlrla müəyyən edilməlidir. Bütün dünyada həkim etikası kodeksi var. Həmin kodeksdə aydın göstərilir ki, həkimin xəstəyə münasibətdə səhlənkarlıq elementləri nədən ibarətdir”. Sozcu.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, Milli Məclisdə tibb işçilərinin "vicdansız və laqeyd yanaşama"sına əsasən əlavə və düzəlişlərlə müqayisədə beynəlxalq standartlar mövcuddur: “İkinci tərəfdən, müayinə, müalicə, diaqnostika prosesləri zamanı səhlənkarlığın, tibbi səhvlərin yol verilməsinin çeyrları da sözügedən kodeksdə göstərilib. Bundan başqa klinik protokollar mövcuddur. Necə biləcəyik ki, müalicə düz aparılıb, ya yox? Bu yalnız standartlar əsasında müəyyən edilə bilər ki, müalicə-diaqnostika prosesində hansı yanlışlıqlar olub. Ona görə də, təcili klinik protokolların tətbiqinə və həkim etikası kodeksi adlı qanunun tətbiqinə başlamalıyıq. Nəinki bu cür əndrəbadi qaydalar, qanunlar qəbul etməyə...”  A. Qeybulla qeyd edib ki, tibb işçilərinin vicdanlı, yaxud vicdansız hərəkətinin müəyyən edilməsi üçün xüsusi tibbi komissiyaları olmalıdır: “Ortaya bir sual ortaya çıxır: kim müəyyən edəcək ki, həkim vicdanlı, yaxud vicdansız hərəkət edib? Bunu hüquq-mühafizə orqanları müəyyən edə bilməzlər. Bunun üçün xüsusi tibbi komissiyalar olmalıdır. Komissiyanın, yaxud komissiyaların işi üçün isə müəyyən meyarlar ehtiyac var. Məhz klinik protokollar əsasında. Ona görə də klinik protokolların tətbiqi, həkim etikası kodeksində bu məsələnin təsbit edilməsi, ayrı-ayrı vaxtlarda hüquqi məsuliyyət prosedurunun müəyyən edilməsi məhz bu amillərdən asılıdır”.

4 uşaq anası xəstəxanada müayinə zamanı öldü

Gəncədə müayinə üçün xəstəxanaya gələn 4 uşaq anası orada ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada baş verib. Şəhər sakini, 1966-cı il təvəllüdlü Ramilə Bayramova qan təzyiqi ilə bağlı xəstəxananın təcili yardım şöbəsinə müraciət edib. Müayinə edilərkən qadının təzyiqi qəfil yüksəlib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın müayinə otağında dünyasını dəyişib.

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir. Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb. Faktla bağlı araşdırma aparılır.

“Putin gəlməsə, bu, onun məğlubiyyəti kimi görünəcək” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi təqdirdə atəşkəs və bütün əsirlərin mübadiləsini müzakirə etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, Zelenski bu barədə “Liberation”a müsahibəsində deyib. “Əgər mən onunla görüşsəm, siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün əsirlərin bütün əsirlərə dəyişdirilməsi...”, - Zelenski deyib. O qeyd edib ki, ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etməyəcək. Ukrayna prezidentinin sözlərinə görə, bütün razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər zəmanət verə bilər. Zelenski müharibənin hər iki tərəfinin hörmətinə səbəb olacaq etibarlı və balanslaşdırılmış vasitəçiliyin vacibliyini vurğulayıb. Prezident ABŞ-ı mümkün qarant kimi göstərib. Ukrayna prezidentinin fikrincə, Donald Trampın da iştirakı Putini sabah İstanbulda keçiriləcək görüşə gəlməyə həvəsləndirə bilər: “Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”. Bundan əlavə, Zelenski ABŞ və Avropa İttifaqını Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Münaqişənin müddəti ilə bağlı suala cavabında Zelenski bunları deyib: "Bunun nə qədər davam edəcəyini heç kim bilmir. Amma 10 il yox. Ukrayna dözə bilməyəcək... Bu, hamı üçün pisdir, nəinki dostlar, həm də düşmənlər üçün də", - o deyib.