Mənzil bazarında xaos: “Şəhərsalma və Arxitektura Komitəsi yeni layihələrə icazə vermədikcə qiymətlər daha da bahalaşacaq”

2021-ci ildən etibarən daşınmaz əmlak bazarında kəskin qiymət artımı müşahidə olunur. Bu, əsasən inşaat materiallarının bahalaşması ilə bağlıdır. Ən çox bahalaşan materiallardan biri armatur olub. Qarabağ iqtisadi zonasında başlayan kütləvi tikinti işləri nəticəsində inşaat materiallarının qiyməti bahalaşdı. Xüsusilə armaturun bir tonunun qiyməti 784 manatdan 1250 manata qədər yüksəlib. Bunun nəticəsində tikinti şirkətləri də tədricən qiymətləri artırmağa başlayıblar”. Bunu Moderator.az-a açıqlamasında  daşınmaz əmlak eksperti Elnur  Azadov bildirib. Ekspertin sözlərinə görə, hazırda  tikinti sahəsində rəqabətin azalması və yeni tikinti layihələrinin sayının aşağı düşməsi müşahidə olunur:  “Hazırda 10 il əvvəlki dövrlə müqayisədə bu sahədə ən azı 4-5 dəfə azalma var. Rəqabətin zəifləməsi qiymət artımına səbəb olmağa davam edir. Eyni zamanda, vətəndaşların yığım kapitalı onların əmlak ala bilməsinə imkan vermir. Hər il təxminən  10-15 faiz civarında olan bahalaşma vətəndaşları ipoteka kreditlərinə daha çox müraciət etməyə vadar edir. Bazarda təklifin kəskin azalması qiymət artımını dayanmadan davam etdirir və bu prosesin ilin sonuna qədər sürəcəyi gözlənilir. Əmlak bazarında sabitləşmə üçün tikinti şirkətlərinə yeni icazələrin verilməsi vacibdir. Lakin Şəhərsalma Komitəsi bu məsələdə maraqlı olmadığı müddətcə, bazara genişmiqyaslı inşaat layihələri daxil olmayacaq və tikinti aktivliyi artmayacaq. Bu səbəbdən qiymət artımı hələ də davam edəcək. Qiymətlərin nə vaxt azalacağı barədə isə dəqiq fikir bildirmək çətindir. Ən azı yaxın vaxtlarda əmlak almaq istəyənlər üçün indiki dövr münasib sayılır, çünki qiymət artımının dayanacağı gözlənilmir. Tikinti sektorunda aktivliyin başlaması isə ən yaxşı halda bir ildən sonra mümkün ola bilər. Hazırda ölkə üzrə 194 bina qəzalı vəziyyətdədir. Əgər Bakı şəhərində bu binaların şəffaf şəkildə sökülməsi və yenidən tikilməsi prosesi başlanarsa, həmçinin tikinti şirkətlərinin əvvəldən təqdim etdiyi müraciətlərə komitə tərəfindən müsbət cavab verilərsə, təxminən bir ildən sonra bazarda qiymətlərin stabilləşməsi mümkün ola bilər”.

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda "Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. “Elektroenergetika haqqında” qanuna dəyişikliyə əsasən isə sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edilir. Layihədə, həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənir. Hər iki qanunla bağlı mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələr aparılıb. Bəziləri qanunların qüvvəyə minməsindən sonra qaz və işıqla bağlı limitlərin ləğv ediləcəyini iddia edir. Modern.az-a açıqlamasında enerji məsələri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, dünyada belə bir təcrübə mövcuddur: “Xüsusilə də, Qərbi Avropa ölkələrində çoxdan belə praktika özünü göstərir. Azərbaycan üçün də bu yad bir şey deyil. İnsanlar bunu şok kimi qəbul edirlər. Amma bu belə deyil. Ölkəmiz XXI əsrə qədəm qoyandan və yeni tikililər inşa edilməyə başlayandan 99% MTK-lar evdə yaşayıb-yaşamamağından asılı olmayaraq kirayə haqqı alırlar. Bunu bir ili üçün "Xruşşovka" və doqquz mərtəbəlilərdə yaşayan insanlar 35-40 manat illik mənzil kommunal təsərrüfatına pul ödəyirdisə, 1 ayına 30-100 manatı ürəklə verirdilər. Digər yandan deyirdilər ki, yaxşı yaşamaq istəyirsənsə, ödə. Qurtardı, getdi. Bu məsələnin əsas hissəsi ondan ibarət olacaq ki, sabit tariflər hansı baxışla tətbiq ediləcək, bu evin kvadratındanmı, otaq sayındanmı asılı olacaq? Yaxud mənzillərin ümumi sayına bölünüb əmsal çıxarılacaq? Çünki hər bir binanın transformator, qaz paylacı sistemi var. Ona görə buna normal yanaşmaq lazımdır, faciə kimi yox". Ekspert söyləyib ki, yeni qanun layihələrinin işıq və qaza tətbiq olunan limitlə bağlılığı yoxdur: "30-50 manat sabit tarif verilməyəcək ki, onun içərisində hansı həddə istəyirsən istifadə et. Haradasa bunun qiyməti 1-2 manat olacaq. Kiçik bir şeydir. Xəttə qoşulmaq, abonent kimi saxlanılma haqqıdır. Onun istifadəyə heç bir dəxli yoxdur".

Qəzzada həlak olanların sayı 55 mini ÖTÜB

İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında 55,104 nəfər həlak olub, 127,394 nəfər isə yaralanıb. Sozcu.az-ın Qəzza Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ölənlərin yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Ən yüksək balı onlar topladı - FOTO

Məlum olduğu kimi, II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib. Sozcu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb. Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.

“Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?”

İyunun 10-da Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihələri vətəndaşlar arasında xeyli suallar doğurub. Anlaşılmazlıq təkcə "sabit tarif" anlayışı iə bğlı deyil. "Yeni Sabah"a müsahibəsində iqtisadçı Allahverdi Aydın bir sıra vacib məqamlara izah verib. - Dövlət qurumlarının qaz və işıqla bağlı tariflərin dəyişdirilməsi ilə bağlı təşəbbüs yəqin ki birdən-birə yaranmayıb, bu nədən qaynaqlanır? - Əhali indidən yeni tarifləri xeyli narazılıqla qarşıladı. Dünya praktikasında və qonşu ölkələrin nümunəsində kommunal xidmətlərlə bağlı tariflər, ümumiyyətlə, aşağı-yuxarı eyni məntiqə söykənir. Misal üçün, elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifi tətbiq olunur. Türkiyə, Gürcüstan və Ermənistanda hazırda tətbiq edilən tarif məhz budur. Təbii qazla bağlı isə yay-qış, yəni havanın temperaturuna görə tariflər tətbiq olunur. Dünyanın hər yerində şirkətlər kommunal tarifləri bu cür həyata keçirir. Azərbaycanda kommunal xidmətlərlə bağlı diferensial tarif tətbiq edilir. Bu yanlış üsuldur. Qlobal təcrübədə artıq diferensial tarif tətbiq olunmur. Dediyim kimi, ya gecə-gündüz, ya da temperatura görə tariflər tətbiq edilir. Fikrimcə, yeni tariflər kommunal xidmət göstərən qurumların özləri üçün də sərfəli olmayacaq. - Yeni qanun layihələrində geniş kütlə üçün ən anlaşılmaz məqam qaz tariflərinin 8 növə bölünməsidir. Sıravi vətəndaş bunu başa düşmür. Əksəriyyətin fikrincə, bu, sadəcə qazın qiymətini rtırmaq məqsədi daşıyır. Həm də belə məlum olur ki, qazın qiymətini tənzimləyəcək qurum dəyişir. Tarif Şurasından başqa hansısa qurumun belə bir səlahiyyəti varmı? -  Azərbaycanda fiziki və hüquqi şəxslərə fərqli kommunal tariflər tətbiq olunur. Düşünürəm ki, bu da yanlış bir şeydir. Mövcud dünya praktikasında belə tarif bölgüsü artıq tətbiq olunmur. Bunun heç bir məntiqi əsası yoxdur. Biz mağazaya girib çörək alanda satıcı çörək alanın kim olduğunu soruşmur. Məhsulun bir qiyməti olar və həmin qiymətdən satılar. Burada ədalətsizlik ortaya çıxır. Əhali də eyni məhsuldan istifadə edir, şirkətlər də. Ekspertlər dəfələrlə təklif etmişdi ki, bu fərqli tarif qiymətlərini ortadan qaldırmaq lazımdır. Növbəti çoxsayılı tariflərin tətbiq edilməsi də yanlış bir siyasətdir. Bu sahibkarlara, şirkətlərə əlavə problem və yük gətirəcək. Bu həm də sui-istifadə hallarına da şərait yaradacaq. Məsələn, əhali kateqoriyasında qeydiyyatdan keçib hansısa müəssisə işlədənlər olacaq. İndiki halda, sabit tariflər yanlış qərardır. Bir məhsulu ortaya çıxaran maya dəyəri və satış qiyməti var. Hər kəsə eyni satış qiyməti ilə təklif olunmalıdır. Ola bilsin ki, dövlət sabit tarifləri tətbiq etməklə, sabit gəlirləri sığortalamaq istəyir. Yanlış qərardır! Digər tərəfdən, Azərbaycanda kommunal xidmətlər sahəsində rəqabətlilik yoxdur. Dövlət qurumlarına alternativ şirkətlər mövcud deyil. Xidmətləri və onların tairflərini də dövlət şirkətləri tənzimləyir. Dəfələrlə demişəm ki, kommunal xidmət qurumları mütləq şəkildə özəlləşdirilməlidir. Bazarda hər sahə üzrə alternativ ən azı 2 şirkət fəaliyyət göstərməlidir. - Sakini olmayan və enerji sərfiyyatı olmayan mənzilə görə sahibinin aylıq 5 manat ödəməsi xüssusiıə çoxlu sual və narazılıq doğurur... - Açığı, bu qanun layihəsində məntiqli bir şey görmürəm. İndiki halda, belə bir addımın həm sosial, həm də iqtisadi əsaslandırması yoxdur. Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?! Sayğacın təmiri, texniki baxımı qarşılıqlı müqavilə ilə tənzimlənməlidir. Vətəndaşa sayğac gətirib qoyurlar və deyirlər ki, bu qiymətədir. Şirkətlərin alternativi olmadığı kimi, təmir servislərinin də alternativi yoxdur. Bu gün hansısa vətəndaşın evində sayğac xarab olursa, mütləq rəsmi dövlət qurumuna müraciət etməlidir. Azərbaycanda uzun illərdir ki, kommunal xidmət sektoru birbaşa dövlət inhisarındadır. Bütün hallarda vətəndaşların kommunal xidmətlərlə bağlı alternativ seçim şansı olmalıdır. Vətədaşın narazı olduğu xidmətdən imtina etmək hüququ olmalıdır. Lakin imtina etdikdən sonra üz tutacağı alternativ yoxdur. Problemin kökü, qaynağı buradadır.

"Türküstan" - Sözlə qalxan bir Turan Bayrağı

Tarixdən silinməyən izlər, millətlərin ruhuna çevrilən dəyərlər və xalqı bir amal ətrafında birləşdirən sözlər vardır. Bu sözlər bəzən bir şairin misrasında, bəzən də bir qəzetin səhifəsində millət yaddaşına hopar. “Türküstan” qəzeti məhz belə bir missiyanı daşıyan mətbuat orqanıdır. On doqquz ildir ki, bu qəzet yalnız xəbərlər yayımlamır, eyni zamanda bir ideologiyanın da daşıyıcısı kimi fəaliyyət göstərir: türkçülük, Bütöv Azərbaycan və Turan ideologiyası. “Türküstan” sadəcə mətbuat vasitəsi deyil, milli düşüncənin tribunasıdır. Onun səhifələrində əks olunan hər yazı, hər fikir, hər çağırış bir amalın təntənəsidir. Türkçülük ideyası bu qəzetin nəfəsində, ruhundadır. Burada yayımlanan yazılar gənclərə kimliyini tanıdır, köklərini xatırladır, millət ruhunu dirildir. Qəzetin əsas ideoloji sütunlarından biri də Bütöv Azərbaycan anlayışıdır. “Türküstan” parçalanmış Azərbaycanın yalnız xəritə üzərində deyil, düşüncələrdə və ürəklərdə də birləşməsi uğrunda mübarizə aparır. Güney Azərbaycan mövzusu qəzetin əsas prioritetlərindən biridir və bu sahədə verdiyi ideoloji töhfə gözardı edilə bilməz. Turan ideyası isə “Türküstan” qəzetinin daha geniş coğrafiyaya baxışını əks etdirir. Qəzetin səhifələrində Türk Dünyasının müxtəlif bölgələrindən yazılar yer alır – Qazaxıstandan, Qırğızıstandan, Türkiyədən, Uyğur ellərindən. Buradakı məqsəd bir ideyanın canlı qalmasını təmin etməkdir: Turan – Türk xalqlarının birlik məkanı. On doqquz il – bu, bir qəzet üçün sadəcə zaman deyil. Bu, mücadilə, davamlılıq və amal deməkdir. “Türküstan” qəzeti bu illər ərzində yüzlərlə yazarın səsini çatdırıb, minlərlə oxucunun düşüncəsinə yön verib, vətənsevərlik, milli şüur, türk birliyi uğrunda yorulmadan fəaliyyət göstərib. Bu gün “Türküstan” sadəcə bir qəzet deyil, bir məktəb, bir məfkurə, bir yoldur. On doqquz illik bu yol, gələcəyə uzanan Turan yoludur. Yolunuz uğurlu olsun! "Sözcü.az" saytının kollektivi

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sozcu.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək. Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Simonyan II Qarageni bu sözlərlə hədələdi

Erməni Apostol Kilsəsinin yeni katolikosu olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. “Bu gün özlərini “eşşək” kimi aparan və yüksək dəyərlərdən, müqəddəsliklərdən, hətta kainatdan danışan, birdən-birə subaylıq şəraitində dayı arvadı və ya uşağı ilə bağlı suala cavab verməmək və qorunması mümkün olmayan şeyi qorumağa çalışan bütün kilsə xadimləri, şəxslər yeni reallıqla üzləşəcək və ya köhnəsi ilə birlikdə gedəcəklər. Ən yaxşısı susmaqdır”, - deyə Simonyan özünün Teleqram kanalında yazıb. Onun sözlərinə görə, Eçmiədzində kiməsə “təhlükə keçənə qədər mağaralarda gizlənmək” taktikası nəyisə dəyişəcək kimi gəlirsə, səhv edir. “Əgər bu dairələrdə qanunsuz hərəkətlərin edilməsinin bir həll yolu olduğuna və qara keşiş paltarının qanun qarşısında məsuliyyətdən azad edəcəyinə inanan biri varsa, o, daha da çox yanılır. Ona görə də nə qədər tez reallıqla üzləşsəniz, hamınız üçün bir o qədər asan olacaq”, - deyə Simonyan bildirib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bütün ertmənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda və övlad sahibi olmaqda ittiham edib. Bundan əvvəl isə yepiskopun öz dayısının arvadı ilə intim münasibətdə olduğu haqda senzuradankənar statusu ilə gündəm yaratmışdı.

Rusiyanın itkiləri 1 milyona yaxınlaşır

Ukrayna müharibənin 1204-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 999 200 hərbçi, 10 927 ədəd tank, 22 783 ədəd zirehli döyüş maşını, 29 016 ədəd artilleriya sistemi, 1 413 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 183 hava hücumundan müdafiə sistemi, 416 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 51 579 ədəd avtomobil texnikası, 40 297 ədəd PUA, 3 337 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 914 xüsusi avadanlıq itirib.

Şəmkirdə ağır qəza: ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Rusiyanın Qara dənizdəki yeganə sualtı qayığı da getdi

“Kolpino” Rusiya Qara Dəniz Donanmasının döyüş tapşırıqlarını yerinə yetirə bilən yeganə sualtı qayığı idi. Digər sualtı qayıqlar ya daimi olaraq təmir üçün zavodda qalır və ya təlim üçün istifadə edilir. Sozcu.az xəbər verir ki, bu barədə “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb. “Ancaq indi həm “Kolpino”, həm də “Velikiy Novqorod” planlı yoxlamadan sonra yüksək komandanlıq tərəfindən naviqasiya təmirinə göndərilib. Buna görə də Qara dənizdəki sualtı donanmanın döyüş qabiliyyəti haqqında çox uzun danışmaq olar”, - məlumatda qeyd olunub.

Tramp sülh gündəliyinə sadiqdir - Pentaqon rəhbəri

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə yardım etmək öhdəliyinə sadiqdir. Sozcu.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Vaşinqton və Kiyev arasında hərbi sahə də daxil olmaqla əlaqələrin gücləndirilməsi çağırışına cavab olaraq bildirib. "Hazırkı prezident sülhə sadiqdir. O, qan tökülməsini dayandırmağa sadiqdir",- deyə Heqset söyləyib. Heqsed bu arada Ukraynaya səfər etmək istəmədiyini də açıqlayıb.

Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırma aparılıb

Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, araşdırma çərçivəsində müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib. Xatırladaq ki, mayın 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin ibtidai sinif müəlliminin 1-ci sinif şagirdlərinin ağzını "skoç"ladığını əks etdirən görüntüləri paylaşılmışdı.

Qəzzada humanitar mərkəzə hücum: 36 ölü, 208 yaralı

İsrailin Qəzza zolağında humanitar yardım paylama mərkəzində fələstinlilərə hücumu nəticəsində ölənlərin sayı 36-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə anklav hökumətinin mətbuat xidməti məlumat yayıb. "İsrailin yeni cinayətləri nəticəsində ABŞ-İsrail humanitar yardım paylama mərkəzlərində çərşənbə axşamı səhər saatlarından etibarən ölənlərin sayı 36-ya yüksəlib, 208-dən çox yaralı var", - bəyanatda deyilir.

Zelenski Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın bir sıra hüquqi və fiziki şəxslərinə yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat yayılıb. Bildirilib ki, sanksiya siyahısına 9 hüquqi və 50 fiziki şəxsin adı əlavə edilib.

Bu həftəsonu 3 gün İŞ OLMAYACAQ

Milli Qurtuluş Günü ilə əlaqədar 3 gün iş olmayacaq. APA-nın xəbərinə görə, bu il Milli Qurtuluş Günü - 15 iyun bazar gününə təsadüf edir. Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq. Bu il 14 iyun şənbə gününə təsadüf edir. Beləliklə, 14, 15 və 16 iyun qeyri-iş günləri olacaq.

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

Bakıda qətl hadisəsi olub. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, əldə etdiyi məlumata görə, hadisə bayram günlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Gənc qız küçədə naməlum səbəbdən 61 yaşlı Məmmdəov Hikmət Abbas oğlu öldürüb. Məlumata görə, qətli törədən şəxs ruhi xəstə olub. Faktla bağlı araşdırma aparılır.

Baqdasaryandan II Qareginə: Kilsədən rədd ol!

Bu adamda ən iyrənc şey bilirsinizmi nədir? Xalqın ona necə nifrət etdiyini bilə-bilə 25 ildir ki, Rusiya FTX-nin göstərişi ilə katolikos rolunu oynamağa davam edir. Sozcu.az xəbər verir ki, bunu tanınmış erməni bloger Roman Baqdasaryan Feysbuk səhifəsində erməni katolikosu II Qareginin şəklini paylaşaraq yazıb. “Bu bir canavardır, katolikos deyil! Söhbət Paşinyanın bu cinayətkar haqqında söylədiyi sözlərdən getmir! Söhbət onun özündən gedir! Qoy hər kəs özünə sual versin: “Bütün xalq sizə nifrət edirsə, “bütün ermənilərin” katolikosu olmağa davam edəcəksiniz?” Varlığınızla ölkədə gərginlik yaradıb, cinsi qalmaqallarla xalqınızı rüsvay edəcəksiniz? Siz cavabı bilirsiniz və indi nəticəyə gələ bilərsiniz, qarşımızda katolikos qiyafəsində şeytan var. Kilsədən rədd ol!”, - o bildirib.

Bakıda gənc qız zəhərlənərək vəfat etdi

Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib. Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib. D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib. Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır.

İyulun 1-də bu şəxslər əsgərliyə aparılacaq - SİYAHI

İyulun 1-dən Azərbaycanda hərbi xidmətə yeni çağırış başlayır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikliyə əsasən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilib. Qanun bu ilin yanvar ayının 1-dən qüvvədədir. Sozcu.az-ın məlumatına görə, bu səbəbdən iyul ayının çağırışında 30 yaşdan yuxarı müddətli həqiqi xidmətdə olmayan şəxslər əsgərliyə cəlb olunmayacaq. Prezident İlham Əliyevin ötən ay imzaladığı sərəncam əsasən aşağıdakı şəxslər  iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar: - 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan şəxslər -1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları.

Azərbaycanda qızılcaya neçə nəfər yoluxub? - Rəsmi cavab

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir. Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.

Ermənistan baş nazirinə qarşı impiçment prosesi uğursuzluğa düçar olacaq...”

“Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının Ermənistan baş nazirinə başlatdığı impiçment prosesi böyük ehtimalla uğursuzluğa düçar olacaq”.  Sozcu.az xəbər verir ki, bunu  səhər saatlarında “Hraparak” nəşri yazıb. “Xatırladaq ki, Ermənistan Respublika Partiyasının təklifi ilə “Şərəf duyuram” fraksiyası Masis şəhərinin meri Davit Hambartsumyanın baş nazirliyə namizəd kimi irəli sürülməsinə qərar verib və fraksiya yekdilliklə bu qərarı dəstəkləmək qərarına gəlib, digər müxalifət deputatlarını da onların təşəbbüslərinə qoşulmağa çağırıb”, - deyə davamında erməni saytı yazır. Məlumata görə, “Hayastan” fraksiyasının rəhbəri, Xocalı canisi Seyran Ohanyan dünən məsələyə belə münasibət bildirib:  “Hayastan” fraksiyası bundan əvvəl verdiyi bəyanata sadiq qalaraq, Milli Məclisdə impiçment prosesinə başlamaq üçün ağlabatan müddət ərzində çatışmayan 28 deputatın imzalarını təmin etməyə hazır olduğunu təsdiqləyir. Bu o deməkdir ki, “Şərəf duyuram” fraksiyasının 6 üzvünə 2  “Vətəndaş sazişi” deputatı qoşulmayana qədər proses davam edə bilməz. Təbii ki, “VS”-dən xaric edilən Akop Aslanyan və Ovik Ağazaryanın da qoşulma ehtimalı daha yüksək idi, lakin hər ikisi imza atmayacaqlarını açıqlayıblar. Sualımıza cavab olaraq Ağazaryan dünən bir daha xatırladıb ki, onlar artıq impiçment təşəbbüsü ilə çıxış ediblər və Edmon Marukyanın namizədliyini irəli sürüblər və onların mövqeyini dəyişib başqa namizədi dəstəkləyəcək yeni hallar yaranmayıb. Aydınlaşdırıcı sualımıza: Küçə mübarizəsi başlasa, fors-major vəziyyət yaranarsa, bunu yeni hal kimi qiymətləndirəcəklərmi, Ağazaryan cavab vermək istəmədi”, - davamında nəşr bildirir.

Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi Cavad İsgəndərlinin ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən sürücülər hakim qarşısına çıxarılıb. Hadisə Binəqədi rayonunda, Şövkət Məmmədova küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində baş verib. “Prius”la “Tufan M50” markalı moped toqquşub. Qəza zamanı mopeddə olan sərnişin Cavad İsgəndərli dünyasını dəyişib. Cavadın olduğu mopedi tələbə yoldaşı idarə edirmiş. “Prius”un sürücüsü isə A.Şıxcanov olub. Qəzaya səbəb Şıxcanovun işıqforun qırmızı işığında yola davam etməsi olub. Qəza zamanı dünyasını dəyişən Cavadın anası sürücülərin heç birindən şikayətçi olmayıb. Lakin hər iki şəxsin onlara və ailəsinə qarşı diqqətindən gileylənib: “Baş daşı üçün bizə 5 min manat yardım edilib. Heç biri qəzadan sonra mənəvi olaraq da yanımızda olmadı. Bir il keçib, amma heç bir dəstəklərini görmədik. Buna baxmayaraq onları bağışlayıram”. Məhkəmə “Prius” sürücüsü Şıxcanov barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Moped sürücüsü isə Cinayət Məcəlləsinin 267.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə bəraət alıb. Məhkəmə araşdırması zamanı moped sürücüsünün heç bir təqsirinin olmadığı, “Prius” sürücüsünün qırmızı işıqda keçəsi nəticəsində qəza baş verdiyi sübuta yetirilib.(Musavat.com)

Ədalətsiz cəmiyyət ağrılı-acılı olur... Hər bir insan demokratik düşüncəli olmalıdı!

Tarixdən məlumdur ki, hansısa Xalq uzun illər çətin, ağır, dözülməz, məşəqqətli sosial durumdadırsa, səfalət içindədirsə, dilənçi günündə yaşayırsa, deməli o XALQ düzgün düşünə bilmir, düşüncələri yanlışdır.  Yəni öz hüquqlarını qoruya bilməyən XALQlar səfalətdə, kasıblıq içərisində, yoxsulluq məngənəsində yaşamağa məhkum olur.   Çünki o XALQlar və o cəmiyyətlər doğru düşünməyi bacarmır. Həqiqəti dərk edə bilməyən Xalqın, cəmiyyətin düşüncələri təbii ki, düzgünlükdən uzaq olur. Bu, birmənalı olaraq belədir. Şair-jurnalist kimi düşünürəm ki, düşüncənin insan həyatında doğrudan da çox-çox böyük rolu var.  Yəni cəmiyyətin düşüncəsi doğru olarsa, o cəmiyyət demokratiyanın nə olduğunu çox gözəl və çox düzgün anlaya bilər.  Əlbəttə, o halda cəmiyyət ədalətli olar və XALQ da qanunların işlədiyi cəmiyyətdə yaşayar.  Doğru düşüncələr ədalətsiz cəmiyyətdə yaşayan vətəndaşların taleyini bir anın içində dəyişə bilər. Xalq, cəmiyyət doğru-düzgün düşünməyi bacarmasa, o XALQın taleyi əzab-əziyyətə, çətinliklərə haqsızlığa, ən başlıcası isə ədalətsizliyə uğrayır. Qanunların hökm etdiyi cəmiyyətdə XALQlar xoşbəxt olur... Dünyada qəbul edilmiş belə bir fikir var: Qanun ŞAHdı,  ŞAH, qanun deyil. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist